"...gedin şəkil çəkdirin"

 

Hərdən mənə elə gəlir ki, Qəşəmin işi-gücü yaddaş güzgüsünün sınmış parçalarını, qırıntılarını poetik təxəyyülünün gücü ilə birləşdirməkdir. Hər predmet keçmişin, xatirələrin tutqun aynasıdır. Ömür üfüqündə "ağaran" predmetləri tutub saxlamasa canı dinclik tapmaz.

Göz-baxış bir-birini əvəz edən, sürüşən yaddaşdakı obrazları oxumaqla məşğuldur. İstənilən detal hardasa unutduğu bir  hadisənin adıdır.

 

Gəncə unutduğum vaxtdı,

Yolu avtobusdu - qırmızı

İnstitutu - dördillik

Fontanı - bir axşamlıq

Davası bir küçəlik...

 

Qəşəmin qorxduğu bircə zaman var, o da keçmişdir. Keçmiş varlığının təsdiqidir. Şeirinin ünvanı da başqasının yaddaşıdır. Həmişə sevdiklərinin keçmişi xatırlamasını istəyir.

 

Yadımdadı,

Stolunun üstə açarlar

Açarların ağzında qapılar,

Qapılar ağzında

Səni unutmağa gələn

Adamlar.

 

Bəlkə ona görə uşaq vaxtı köç yolunda adını daşlara, qayalara yazırmış?!. Tabəs xanımın bir zəngindən təsirlənirsə, deməli, onu yoxlayan, axtarıb-arayan var, yada salan var.

 

Evə qayıdıram uşaqlar yatıb,

Sənin gözündən yuxu sürüşüb.

Adımı əlinin içinə yazmaq

Görəsən, hayandan yadına düşüb?

 

Öz keçmişini, başqasının, xüsusən övladlarının gözü ilə xatırlatmaqdır. Bəlkə, ona görə oğlanlarına xitabən onlara uşaqlığını yada salması bu üzdəndir. "Yadıma salardım o mənim, o mənim beşiyimin kəndirini necə mismarlamışdı".

Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Q.Nəcəfzadənin bədii dünyası poetik mətndə eposla postmodernist oyun arasında estetik sərhəddə yerləşir, obyektiv gerçəkliklə təxəyyülün yaratdığı gerçəkliyin axtarışı arasındadır. Səs obrazları ilə əşyavi obrazların arasındadır. Məsələn, Sərvaz Hüseynoğluna həsr etdiyi şeirində misranı xatırlayıram - bircə detal dostluğa verilən dəyərə dönür.

 

Mən dərman atdım,

Sərvaz udqundu...

 

O, sözlərdən çox, səslərə etibar edir. Səsin məna gücünə, halallığına güvənir. "Barış" kitabının annotasiyasında bu həqiqəti dilə gətirir: "Dillər səsə çevriləndə biz bir-birimizi gözəl başa düşəcəyik".

Şairi şairdən fərqləndirən səsdir. Əlbəttə, şeir öncə səs sənətidir, səslənmədir. Şeir poetik intonasiyadır tələffüz edilməsə, onu qətiyyən təsəvvür edə bilməzsən. Poeziyanın səsdən doğulmasını  səthi mənada anlamaq lazım deyil. Səs Qəşəmdə həmişə iki statusa malikdir. Bir tərəfdən, mənanın maddi daşıyıcısıdır, digər tərəfdən, nəyinsə varlığını ifadə edir. Şeirlərindəki səs sırası ilə özünü görmək eşitmək istəyir (Təəssüf ki, qəzet yazıçının həcmi geniş təhlilə nümunələrə imkan vermir).

Q.Nəcəfzadə kimi istedadlı şairlər poeziyanı səs vibrasiyasından törənmə mexanizmi kimi təqdim edə bilirlər.

Qəşəm şeirlərinin süjetini yaddaşında yazıda da səslənmə halında təsəvvür edir. Şeir yazıda səslənməsə, obraz görünmür. Sözün effektli səslənmə zonasını ustalıqla müəyyənləşdirir. Qəşəm yalnız təkrirlərdən, aliterasiyadan istifadə etsəydi belə, yenə obrazı görümlü edər...

Bir janrı söküb yenidən toxumaq-hörmək effekti onun mətnlərində sınanılmış üsuldur. Ənənəvi janrı söküb yaddaş detallarını obrazlarını, itib-batan nöqtələri anları assosiativ sırada toxumaqla tutub saxlayır.  Bu zaman Q.Nəcəfzadənin poetik təhkiyəsi konkret bir vəznin ölçü məhdudiyyəti ilə bağlı olmayan xüsusi bir ritm yaradır. Şeir məkanını ritmin ehtiraslı enerjisi ilə doldurur. Hecadan, əruzdan sərbəst, ya da əksinə, keçid çox rahat baş verir. Bununla da poetik janr formalarının azadlığına (məsələn, "Gəraylı" "Qoşma", "Bayatı", "Çöl müxəmməsi" şeirlərində) yaradır.

Sözə mütləq zaman lazımdır. Bunu fotoşəkil çəkdirmək kontekstində daha aydın təsvir edir. Şəkil ona xatırlamaq, unutmamaq, unudulmamaq üçün gərəkdir. Vəsiyyət ruhlu "Ata" şeirində atanın oğlanlarından istəyi budur: "Alnı nədi, heç qoymazdım şəkilləri qırışlana". Özünün, uşaqlarının, Müşfiqin şəkilləri baxışını kənarda yerləşdirmək üçündür. Kənar baxış isə "gələcəyi" "keçmişi" bir araya gətirir. Şair üçün şeir yazmaqdan sonra ən maraqlı ömrün hadisəsi şəkil çəkdirməkdir.

Foto həm susmaqla unudulmaqla bağlıdır. Susmaqda bir anlama etiraf varsa, unudulmaq isə susmaqdır, yoxluqdur.

Şəkil çəkdirmək keçmişlə təmas effektidir, insanlarla, əşyalarla əlaqəni hiss etmə imkanıdır. Şəkil çəkdirmək insanın özündən uzaqlaşmasıdır. Oğlundan umduğu da budur:

 

Əllərimi sənə açsam,

Səndən bir xatirə dilənsəm,

Atanın bir şəklini səndən istəsəm.

Sən o şəkli tapa bilməsən,

Kəramət.

 

Hər dəfə şəkildəki Qəşəmi tanımaq istəyir. fəhmi müdrikliyi ilə yaxşı bilir ki, şəkildəki (güzgüdə olduğu kimi!) həmin Qəşəm olmayacaq... 

Bəlkə ona görə Qəşəm Nəcəfzadə bütün personajları uzaqdan çağırır. Şəkillər uzaqlığın xatirəsidir: "Adama yaxınlarda yox, Uzaqlarda şəkil çəkdirər".

Uzaqlıq onun sevdiyi məkan ölçüsüdür. "Uzaqlıq" artıq yadlaşma, unudulma ərəfəsidir. "Onsuz da çəkdirdiyiniz bütün şəkillər bir azdan uzaq olacaq". Elə şairin ümidsizliyi bu üzdəndir.

Bircə ümid yeri var - "o uşaq" Ömrün o tayında qoyduğu, sabah görmək istədiyi, şəklini çəkən o uşaq. "O uşağın mavi gözləri çəkdi şəklimi", yaxud: "O uşaq taxta tarın - Çalır mənim xətrimə".

 

Rüstəm Kamal

 

Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.11.