Şlyapa macəram və çapı
müşkül şeirlər
Yeni il öncəsi tələbəlik illərimin
dostları ilə məclis qurmuşduq. Ötənləri
xatırlayır,
macəralarımızı bölüşür,
zarafatlaşır, deyişib-gülüşürdük. Dostlarımdan biri, AMEA Şərqşünaslıq
İnstitutunun şöbə müdiri Fərda Əsədov
birdən xatırlatdı ki, "yadımdadır, sənin o
zaman bir şlyapan vardı, şlyapana şeir də həsr
etmişdin". Təsdiqlədim,
uşaqlar da gülüşdülər.
Fərda ilk gənclik şıltaqlıqlarımın
birinə işarə edirdi. Yaşıdlarımdan
başına şlyapa qoyan yox idi. Çoxları
bilmirdi və bilə də bilməzdi ki, xarici
görünüşcə fərqlənmək
şıltaqlığım, gülməli də olsa, sovetlərə
öz aləmimdə səssiz etirazın əlaməti idi.
Həmin şlyapamın təsvirini təxminən belə
verim ki, bu, ingilislərdə "Homburq" adlanan,
Çörçilin gəzdirdiyinə bənzəyirdi, amma
dairəvi altlığı nisbətən böyük, kənarları
azacıq yuxarı qatlanılı, ön yanları bir az batıq idi.
Zahiri görünüşlə etirazçı xislətdə
fərqlənmənin müəyyən ənənəsi o
zaman artıq bir qədər gəlişmişdi. Bizdən əvvəlki illərdə
Avropa gənclərinin hippi hərəkatının xəfif
bir dalğası Bakıya gəlib
çatmışdı və
oğlanlarımız onları yamsılayaraq
saçlarını qız saçları kimi uzadır,
xaricdən gətirilən dar cins şalvarlar geyinirdilər. Məlumatımız vardı ki, Bakı hippilərinin
bir qrupu isti yay günlərinin birində əllərində
kefir şüşələrilə indiki Azadlıq
meydanına tərəf yürüşə cəhd göstəribmişlər.
Məqsədləri o ərazidəki fontanın
ətrafında yerə sərələnərək oturmaq, gəlib-gedənlərin
diqqətini özlərinə çəkmək imiş.
Cəhdləri alınmamışdı, sovet milisi onları tutub
saçlarını dibindən kəsdirəndən sonra
buraxmışdı. Ümumilikdə isə gənclərimizin
əksəriyyəti üçün hippisayaq görkəm
avropalılardan fərqli olaraq ictimai məzmun-filan
daşımırdı, bunu sadəcə dəb bilirdilər.
Hippi hərəkatı arxada qalmışdısa da, uzun
saç saxlamaq ənənəsi xeyli davam etdi. Uzunsaçlılardan ciddi
bir antisovetizm görmədiyimdən qərara gəlmişdim mən
də onlardan fərqlənməliyəm: tələbəlik
dövrümün ikinci ilində ictimaiyyət içinə
yaşıma heç uyğun gəlməyən şlyapamla
çıxırdım. Bəzən
qınayıcı nəzərlərə tuş gəlirdim,
ancaq etiraf edim ki, təbəssüm və təəccüblə
baxanlar daha çox idi. Sonuncuların
içində Qasım Qasımzadə də var idi deyə,
daha kimdən çəkinəcəkdim ki. Hər halda diqqəti cəlb edə bilmişdim.
Qalırdı bu görünüşə
"antisovet" məzmun qazandırmaq. Fikrimdən
keçirirdim antisovet şeirlər yazım. Yazmağa
başlamışdım da zatən...
Bir
haşiyə çıxıb, yeri gəlmişkən, istərdim
ilk gəncliyimdə keçirdiyim və yalnız yaxınlarımın
çevrəsində büruzə verdiyim "antisovetizm"
ovqatının səbəblərinə aydınlıq gətirirəm.
Bunlar mahiyyətcə Qasım müəllimin
şüuraltıma özü də duymadan yeritdiklərilə
əlaqəli idi. Şeirlərini mənə
oxuyandan sonra bəzi misraların üstünə
qayıdıb soruşurdu: "bildinmi burada nəyi nəzərdə
tutmuşam?". Məsələn,
"Maralın öz yolu var" başlıqlı bir
şeirində əvvəl-əvvəl təbiətin
qorunması mənasında dağlara yol çəkməyin fəsadlarına
diqqət çəkərək belə ifadələr işlədir:
"həyalı bulaqların üstünə yol çəkməyin";
"barı bura dəyməsin naməhrəmlər
ayağı"; "çeşməmizin gözünə
tökməsinlər arağı"; "sərxoşların
xorunda zümzümələr itməsin"; "kabab çəkilən
yerə konservlər getməsin…"; "dağlara yol çəkməyin,
yollara dağ çəkməyin" və s. Deyirdi
"bildin də "araq", "konserv", "sərxoşlar"
deyəndə nə demək istəmişəm?!". İzah edirdi sovetləri-gəlmələri nəzərdə
tutur, amma bu qəbildən yazılarını təbiət
şeirləri kimi senzuradan keçirə bilir. "Yollara dağ çəkməyin"i də belə
anladırdı ki, yolumuzu-məsləkimizi qorumalıyıq.
Bəzən babası Şahsuvar bəydən
şirin-şirin söhbətlər edir, bununla da ulu
babamın kimliyi uşaq beynimə sovet düşməni kimi həkk
olunurdu. Qasım müəllimin məişət
davranışındakı bir detalı da yazım. Kartofla bişən xörəyi heç
xoşlamazdı, biz övladlarının isə, əksinə,
xüsusən kartof qızartmasından xoşumuz gəlirdi.
Anam Tamara xanım yemək masasına içində
bişmiş kartof olan boşqabı gətirəndə təbəssümlə
"eh, yenə də mənim bu sinfi düşmənim gəlib
çıxdı qabağıma" - deyirdi. Gülüşürdük.
Nəyi nəzərdə tutduğunu bilirdik.
Sovet dövründə Lenin haqqında təbliğat
yazılarında "rəhbər"in məişətdə
sadə davranışlarından, eləcə də guya kartofu
sevdiyindən dəm vururdular. Əlbəttə,
o zamanlar ən ucuz qidalanma kartofla başa gəlirdi deyə,
bunu belə qələmə verirmişlər ki, kasıb
"zəhmətkeşlər"də Leninə rəğbət
oyatsınlar.
Ata nə bilsin ki, bütün bunlar təsirsiz
ötüşməyəcək və övladının
beynində hansı romantik təlatümlər yaradacaq.
1971-ci il idi, 14 yaşım vardı, 132 saylı məktəbdə
oxuyurdum, yaxın bildiyim sinif yoldaşlarıma Azərbaycanın
müstəqilliyi ilə bağlı söhbətlər
edirdim. Bir gün uşaq sadəlövhlüyü ilə
özümə yaxın bildiyim bir neçə dostuma dedim:
"Bu milləti azadlığa çıxarmaq biz gənclərin
öhdəsinə düşür, bundan ötrü gizli təşkilat
yaratmalıyıq". Məktəbdə əlaçı,
həm də, yəqin, müəyyən qədər xarizmatik
olduğumdan sözlərimə ciddi yanaşdılar.
Dedim: "İndi gücümüz çatmaz, amma buna indidən
hazırlaşmalıyıq, çalışmalıyıq hər
birimiz yaxın gələcəkdə hakimiyyət dairələrində
mühüm vəzifələr tutsun və bu vəzifələrdə
də Azərbaycanın gələcək müstəqilliyi
üçün işləyək". Uşaqlar etiraz etmədilər,
təşkilatın hələlik bizim bir neçə nəfərimizdən
ibarət olduğunu elan edib onlara dedim, Allaha and içsinlər
ki, sirrimizi gizli saxlayacaqlar. Hamımız and
içdik. Bir dəfə, necə deyərlər, gələcəyi
gözləməyə hövsələm çatmadı, yenə
həmin uşaqlarla söhbətdə dedim: "Nəsə
etməliyik, gəlin yoxlayaq görək Azərbaycanın
müstəqillik məsələsinə adamların
reaksiyası necədir". Təklif etdim bir vərəqə
"Rədd olsun rus imperiyası, yaşasın azad, müstəqil
Azərbaycan!" yazıb müəyyən yerlərə yapışdıraq,
görək camaat necə reaksiya verir. Axşam
danışdığımız yerə heç kim gəlmədi. Azneft
küçəsindəki telefon-avtomat köşklərinin
birindən onlara zəng etdim, hərəsi bir işinin
olduğunu bəhanə gətirdi. Hiss etdim qorxublar. Qərara gəldim bu gizli aksiyanı təkbaşıma
həyata keçirim. Rusca "Doloy
rossiyskaya imperiya, da zdravstvuyet svobodnıy, nezavisimıy
Azerbaydjan!" yazdığım vərəqlərin bir
nüsxəsini "Azneft" meydanı
yaxınlığındakı 6 saylı məktəbin
divarına yapışdırdım. Ertəsi
günü gəlib baxdım kağız yerində yoxdur.
Sonra gəzə-gəzə keçmiş
Qubernator bağına çatdım. Çantamdan
eyni mətnin yazıldığı kağız
parçasını çıxarıb arxasını
yapışqanladım, irigövdəli ağaca
yapışdırdım və dərhal da üzüyuxarı
qaçdım ki, bilim arxamca gələn var, ya yox. Əmin olanda ki, izləyən-filan yox,
qayıtdım həmin yerə. Yaxınlıqdakı
skamyada əyləşdim. Çantamdan bir
kitab çıxardım. Guya kitab oxuyuram,
amma gözüm ağacdakı kağızda və
ötüb-keçən adamlardadır. Bir
müddət sonra gördüm bəziləri
kağızı oxuyub gedir. Bir nəfər orta
yaşlı, qarayanız kişi isə
kağızda yazılanı oxuyub dayandı, vərəqin
ağac gövdəsinə yapışmamış ucundan
dartıb cırdı. "Əşi, oxu,
çıx get də, daha niyə cırırsan vərəqi"
- deyə hirslənmişdim. Kişinin bu hərəkəti,
bir yandan da öz uşaqlarımızın qorxması məndə,
sözün açığı, ruh
düşkünlüyü yaratdı, düşündüm
ki, insanlarımızda müstəqil Azərbaycan ideyasına
hazırlıq yoxdur, bunun vaxtına hələ çox
qalıb…
Söhbətin axarına qayıdıb qeyd edim ki, tələbəliyim
Şərqşünaslığın rus bölməsində
idi və etirazçı məzmunda bir neçə şeiri
rusca da yazmışdım. Bir dəfə
bunları Qasım müəllimə göstərdim. Yeri gəlmişkən onu da deyim, öz dilimizdə
yazdıqlarımı birdən bəyənməz-filan qorxusu
ilə ona göstərməkdən çəkinirdim. Şeirə tələbkarlığını bilir,
sözün üstündə necə işlədiyini
görür və utanırdım ki, yazdıqlarım onda, necə
deyərlər, "bezdarnı şeir" təəssüratı
yaradar, pərt olaram. Rusca
yazdıqlarıma isə daxili bir bicliklə əmin idim, irad
tuta bilməz. Tutsa da uzaqbaşı deyərəm, "sənin
rus dilindən nə başın çıxır axı?!".
Elə yazdıqlarımdan birini (heyif ki, əlyazması
qalmır, marksist-leninçi ideologiyanı nəzərdə
tutan kitablara aid "Makulatura materialı"
başlıqlı şeir idi, çox sonradan bu məzmunda
beynimdə ilişib qalanları öz dilimizdə də
yazdım) oxumuşdu ki, gördüm üzündə təbəssüm
qarışıq bir narahatlıq ifadəsi var. Soruşdu bu
şeiri yaymışam, ya yox. Mən də "əvvəlcə
de görüm necədir?" soruşdum. Dedi "əla".
Məmnuncasına şeiri dostum Dimaya (rəhmətlik
Əfrasiyab Bədəlbəylinin oğulluğu idi) verdiyimi,
bir nüsxəsinin onda qaldığını dedim. "Nə qədər kqb-nin əlinə keçməyib
ondan geri al və bu məsələlərdə diqqətli ol,
xaricə çıxışların bağlanar" deyə,
narahatlığını açıq bildirdi. Dimadan tam arxayın idim, əlbəttə. Amma şeiri bəyənmişdi, mənə
demişdi üzərində işləyib, o da öz əlavələrini
edəcək, sözsüz ki, ehtiyatsızlıq edib yaya bilərdi.
Hər ehtimala qarşı Qasım müəllimin
dediyini etdim. O zaman bizim başqa fakültələrin tələbələrindən
bir üstünlüyümüz, əslində, xaricə
çıxış imkanlarımızın olması idi,
4-cü kursdan sonra təcrübə üçün ərəb
ölkələrində işləməyə göndərilirdik,
yüksək maaşımız-filan olurdu.
Həmin o şeiri bəyənəndən sonra cəsarətlənib
öz dilimizdə yazdıqlarımı da Qasım müəllimə
göstərməyə başladım. Bir tövsiyəsi də
oldu ki, yazanda bir az
üstüörtülü, sətiraltı mənalara
üstünlük verərək yazım ki, qlavlitdən
keçsin, çap oluna bilim.
Ancaq çap məsələsi, həqiqətən,
düyünə düşmüşdü. Nə
yazırdımsa, necə yazırdımsa, aylarla, illərlə
redaksiyalarda ilişib qalırdı.
Bu arada şlyapam başımdan əskik deyildi. Bir dəfə
düşündüm, şlyapam mənə belə xidmət
göstərirsə, ona da bir şeir həsr edim, dostlarıma
oxuyub onları əyləndirim. Fərdanın Yeni il öncəsi xatırlatdığı həmin
şeir bu idi:
Broju s
toboö po Baku ə,
Kayf po jizni tak smakuə.
İ
tı baldeeşğ, xotə poroy
Qlədət
na tebə s ukoroy.
Miley tebə, koneçno, netu.
Drujok moy, poşli vs¸ k çertu.
Ne stoit
volnovatğsə vovse,
Delo v
şləpe i vo vkuse.
Bu sətirlərdə gənclik ədalı bir nikbinlik
var, "delo v şləpe" hər şey
qaydasındadır deməkdir. Dostlarımızla keçirdiyimiz əyləncəli
günlərimizin, şən əhvalımızın
şlyapa adına zarafatyana ifadəsidir. Tənhalığa çəkiləndə isə əhvalımı
pozan məsələ yazılarımın çapı ilə
əlaqədar müşküllər idi. Bir
işimiz çətinə düşəndə buna ironik
münasibətimizi belə ifadə edirik ki, "vəziyyət
ruscadır". Düşünürdüm,
vəziyyət belədirsə, elə rusca yazmağım məsləhətdir,
bizimkilər çap etmirlər etməsinlər, ruslar
çap edərlər. Fikrimi Qasım
müəllimə deyirəm, gülür, deyir
"yazdıqlarını ver Zaytsevə göstərim".
Rəhmətlik "Literaturnıy Azerbaydjan" jurnalında poeziya
şöbəsinin müdiri idi. Qasım müəllim
şeirlərimi Zaytsevə göstərir, onun da sözü
bu olur: "normalğno, pustğ pişet i ne volnuetsə,
koneçno, budet peçatatğsə".
Ruhlanıram. Gedirəm yanına ki,
yazılarımı jurnalda dərc etdirsin. Şeirlərimi oxuyur, poetik ovqatımın
tündlüyünə irad bildirib məsləhət verir ki,
elə yazmalıyam çap problemi yaranmasın. Etiraz edirəm, axı, bunlar Yevtuşenkonun
yazdıqlarından ki, tünd deyil. "Emu
mojno, on izvestnıy pogt vne üenzurı, znaet kak i çto
pişet, a vam molodım nado pisatğ tak, çtobı doroqu vam
ne perekrıli". Görür dilxoram,
öz dilimizdə də yazıb-yazmadığımı
soruşur və deyir sətri tərcümələrimi gətirim
baxsın. Deyirəm, "poçti takje pişu i na rodnom". "Ne volnuysə, ə
porabotaö nad nimi i sdelaö ix
priqodnımi dlə peçati" - deyə könlümü
almağa çalışır.
Həvəslənirəm. Azərbaycan dilində
çap olunmayan şeirlərimdən bir qisminin sətri tərcümələrini
gətirib ona təqdim edirəm. Qasım
müəllimin məsləhətilə "barıtı az
olanları" seçmişəm. Azərbaycandilli qəzetlərin
birində ekologiya mövzusunda "Xəzər"ə həsr
etdiyim və "Literaturnıy Azerbaydjan"a təqdim etdiyim
şeirdə bu sətirlərdən ürkmüşdülər:
Neçə-neçə
polad dirək
sancılıbdır kürəyinə,
qara
qanmı neft ləkəsi
yayılıbdır köynəyinə.
Bu və digər şeirlərim Zaytsevin tərcüməsində
jurnalın ilk səhifəsindəcə dərc edildi.
Yenə həvəslənib haqqında
yazdığım şlyapa başımda
düşmüşəm Azərbaycandilli redaksiyaların
canına ki, şeirlərimi ruslar dərc edib, siz də edin. Poeziya
şöbələri yazılarımı qəbul edir,
qovluqlarda saxlayır, amma çap edən yox.
Zəngəzurda,
Qarabağda xatirəsi əziz tutulan ulu babam Şahsuvar bəyi
"Atlananda at bağrı çatladardı, düşəndə
düşmən bağrı" deyə öyərək
yazdığım şeiri belə bir ruh
düşkünlüyü ilə bitirirəm:
Ondan
neçə il sonra
şeir
yazıram çapı müşkül,
dərd
çəkirəm tabı müşkül.
Dərdimin
nə gündüzü var, nə gecəsi,
Beləcə
acizdi
Şahsuvar bəyin nəticəsi.
...Çiskinli-yağmurlu
payız günü idi. Şeir dolu qovluğumu
qoltuğuma vurub romantik əhvalda gəlmişdim
redaksiyaların birinə. Əhvalatı o zaman olduğu
kimi nəzmə çəkmişəm:
Yenə də
gəlmişdim redaksiyaya
yığıb bir qovluğa şeirlərimi.
İstəyim
xalqımla bölüşmək idi
illərlə qalanmış fikirlərimi.
Suallı
nəzərlər yağdı üstümə
son bahar
gününün yağışı kimi.
Baxışlar
dikildi boz şlyapama
dəvənin nalbəndə baxışı kimi.
Görkəmim
"avropasayağı" idi -
başımda şlyapa, əlimdə çətir.
Biri
süzüb məni başdan ayağa
soruşdu nəçiyəm, yazdığım nədir.
Utana-utana
dedim şeirdir,
bəlkə, çap edəsiz, layiq bilsəniz.
Söylədi
üzürük şeir axınında,
şairlər bir dəniz, şeir bir dəniz.
Tapmaq
müşkül olub istedadları,
hər
cür imkanımız məhdudlaşıbdır,
yazıb
doğrayırlar elə bir ucdan -
şeirlər yeşikdə aşıb-daşıbdır...
Naümid
qayıtdım o gün evimə,
bir
qovluq şeirimlə mən təkbətəkdim.
Gözümdən
getmədi payız dumanı,
sınmışdı ürəyim, hönkürəcəkdim...
Qasım
müəllim əhvalımı qaldırmaq üçün
mənimlə zarafatlaşır, "sən yazmağında
ol, çap edərlər də, nə
qaçhaqaçdır", - deyib gülür. Deyirəm "sən gülürsən, amma ən
gülməlisi Azərbaycanın ən "bezdarnı"
şairi olan həmin o tipajın heç şeirlərimə
nəzər salmadan, sadəcə, üst-başıma
baxıb məni yola salmasıdır". "Sən də
gərək hökmən elə o şlyapanla gedəydin də
ora?", - deyə Qasım müəllim
zarafatından qalmır.
Əslində, məni çap etməyənlərin
hamısı Qasım müəllimin tanışları idi. Məni, sadəcə,
tanımırdılar, yəni onun oğlu olduğumu bilmirdilər.
Düşündüm qoy bir dəfə də
tanışlıq verim, yəni bu variantı da sınayım
bəlkə, təsiri oldu. Şlyapadan
imtinadan isə söhbət gedə bilməzdi.
Məşhur şotland yazıçısı Müriel
Sparkın "Saat" başlıqlı bir hekayəsini
ingiliscədən tərcümə edib vermişdim
"Ulduz" jurnalına. Tərcümə redaksiyanın
arxivində iki-üç il idi yatıb
qalırdı. Yusif Səmədoğluna da rəğbətli
idim. Getdim jurnalın Xaqani küçəsində
yerləşən redaksiyasına. Baş
redaktorun qapısını ehmalca taqqıldadıb içəri
girirəm. "Buyurun, buyurun" deyib dəvət
edir ki, əyləşim. Kabinetdəki redaktor masasına
perpendikulyar qoyulu stol arxasına keçib
otururam. Bir mənə baxır, bir də
başımdan çıxarıb nümayişkəranə
şəkildə stolun üstünə sərdiyim
şlyapama. "Buyurun, sizi dinləyirəm"
- deyir. İngiliscədən etdiyim hekayə tərcüməsinin
dərc edilmədiyindən şikayətlənirəm,
"narahat olmayın, baxarıq", - deyə məni yola verməyə
çalışır. Nə hekayə müəllifi,
nə mənim kimliyimlə maraqlanmadığından
anlayıram ki, hekayə dərc ediləsi deyil. Elə əsl yeridir tanışlıq verim.
Kimliyimi, redaksiyaya məni Qasım müəllimin göndərdiyini
deyəndə Yusif Səmədoğlunun üzündəki
bütün qırışlar qəfil təbəssümlə
açılır: "a, Qasımın oğlusan?!" Təəccübündən və birdən-birə
göstərdiyi xüsusi mehribanlığından anlayıram
ki, bu şlyapalı görkəm və davranış onu əvvəl-əvvəl
çaşdırıbmış, amma indi ona ləzzət
edib. Tanışlıq verməmişdən
öncə mənimlə "siz"lə
danışırdı, indi "sən"lə. Arxayınam ki, tərcüməm mütləq dərc
ediləcək. Elə də olur, hekayə
növbəti saydaca işıq üzü görür. Beləcə, aramızda mehribanlıq yaranır.
Sonralar şeirlərimin dərci jurnalda nə zaman ləngiyirdisə,
Yusif Səmədoğlunun özünə müraciət
edirdim, məsələni təxirsiz yoluna qoyurdu. Bir dəfə münasibətimizdən
sui-istifadə halına da yol vermişdim. Poeziya
bölməsində bir-iki şeirimi məzmununa görə
"podborka"dan ixtisar etmək istəyirdilər. Gəldim yanına. Dedim "jurnalınız şeirlərimi dərc etmək
istəmir". Səbəbini soruşanda şişirdərək
"antisovet olduğuna görə" dedim. Bu
sözü elə məhrəmliklə ancaq ona demək
olardı. Başqa redaktora desəydin, qorxudan
səni heç yaxına da buraxmazdı. Redaktorlardan
biri, hətta yenidənqurma dövründə
aşağıdakı misralarıma etirazla demişdi ki, mənə
görə özünü xataya sala bilməz:
"Əs,
gözünə döndüyüm,
qaldır
dünyanı yerindən vur yerə -
şumlansın torpağımız,
çiçək açsın mavi-mavi,
yarpaq
açsın yaşıl-yaşıl,
bar gətirsin
al-qırmızı
torpağa basdırılan bayrağımız..."
Yusif Səmədoğlu
isə "podborka"ya heç baxmadan elə dediyimi eşidən
kimi şeirlərin dərci barədə dərhal göstəriş
verdi.
Sonralar
şlyapa şıltaqlığına artıq ehtiyac
qalmamışdı, çünki "delo bılo v şləpe":
həm yaşımın üstünə yaş gəlmişdi,
həm də sovetlərə ciddi etirazın poetik ifadəsi
üçün yollar açılmaqda idi...
Nəriman
QASIMOĞLU
Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.10-11.