Nizami Xudiyev ömrü
N. Xudiyevin həyat və
yaradıcılıq yolu
Qayğısız uşaqlıq və
məktəb illəri
Həyat hər bir insana verilmiş mükafatdır. Bu
mükafatın müqabilində hər bir kəs
özünü, daha doğrusu, həyatını layiqli bir
işə həsr etməli, fəaliyyət göstərməli,
bütün ömrü boyu əzab-əziyyətdən,
çətinlikdən qorxmamalıdır. Əzab-əziyyətin,
zəhmətin sonunda insanı mükafat gözləyir. Mükafatı əldə etmək üçün
dözmək və yenə də dözmək lazımdır.
Ən böyük mükafat sahibləri öz
işlərinin peşəkarı olub, bir peşəkar kimi
bütün çətinliklərə dözüblər.
Bu məqamda Amerika yazıçısı, Nobel
mükafatı laureatı Uilyam Folknerin Nobel nitqindəki bir
detal yerinə düşür: "Mən başa
düşürəm ki, bu mükafat mənə deyil, mənim
əməyimə - şan-şöhrət üçün
yox, heç mənfəət
üçün də deyil, yalnız insan ruhunun
materialları əsasında bu günədək mövcud
olmayan bir şeyi yaratmaq naminə bütün həyatım
boyu qan-tər və min bir əzab-əziyyət içərisində
gördüyüm işə verilib. Buna görə
də mən bu mükafatı onu almağa vəkil olunmuş
şəxs kimi qəbul edirəm". Bax
burada qeyd olunduğu kimi, Nizami Xudiyev bu həyatı bir
mükafat olaraq qəbul etdi, həyat mükafatının vəkili
oldu.
İnsan həyatı möcüzələrlə dolu
gerçək bir romandır. Həyatın hər bir
anı, hər bir dövrü, hər bir mərhələsi
böyük bir romanın bölünməz hissəsi və
parçasıdır. İnsan həyatının
romanı yazılan romanlardan heç də təsirsiz və
gücsüz deyil. Əksinə, bəlkə də,
yazılan romanlardan daha
təsirli, daha güclüdür. İnsanların
öz həyat romanlarının müəllifləri özləridir.
Bəlkə, ona görədir ki, insanların həyat
romanları daha təbii, daha olduğu kimidir. Ancaq roman müəlliflərinin yazdığı
romanlar müəllifin istək və arzusundan qidalanır.
Müəllifin romana əlavə etdiyi istək
və arzular isə hər şeyin təbii tərəflərinə
istər-istəməz təsir edir. Belə
olduğundan müəllifin (ona yazıçı demək
daha dəqiq olar) yaratdığı roman hər bir insanın
öz həyat romanından həqiqəti əks etdirmək,
gerçəkliyi təsvir etmək, olub keçənləri
və baş verənləri təbii bir təməl üzərində
qurmaq baxımından geridir. Ola bilsin ki, təmtəraqlı,
bərbəzəkli, ölçülü-biçili nə
varsa, onların hər biri müəllifin yazdığı
romanda yerli-yerindədir. Ancaq yenə də
insanların öz həyat romanlarındakı təbiilik,
qeyri-adi özünəməxsusluq yazıçının
yazdığı romanda çatmır. Bəlkə,
elə buna görədir ki, insanlar təkcə yazılanlardan
öyrənmir, həm də bir-birindən, bir-birinin həyat
təcrübəsindən, tərcümeyi-halından,
dünyagörüşündən, başqalarına olan
münasibətindən daha çox öyrənirlər.
Bir sözlə, ancaq yazıçının
yazdığı romanı oxumaqla mənəvi qida almaq
mümkün olmur. İnsana həm də ən
böyük mənəvi qidanı o insanın
tanıdığı insanların həyat romanları verir.
Əsas mətləbdən uzaqlaşmadan öz həyat
romanını yaradan
və yaşadan, ömrünün ixtiyar
çağında yaşayan Nizami
Manaf oğlu Xudiyevin həyat və yaradıcılıq
yoluna, roman ömrünə bir işıq salmaq istərdik. Nizami Manaf
oğlu Xudiyev 1949-cu ilin aprel ayının 1-də
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda
dünyaya gəlmişdir. Bütün
uşaqlar kimi, o da ata-anasının qayğısını, məhəbbət
dolu nəfəsini hiss etmiş, uşaqlıq illərini nəvaziş,
diqqət, sevgi, bir sözlə, xoşbəxtliklə
keçirmişdir. O, ailənin ilk oğlu olduğundan
daha çox nəvaziş və qayğının əhatəsində
(həm valideynlərinin, həm də qohumlarının)
boya-başa çatmışdır. Onun
uşaqlıq illəri özünün də qeyd etdiyi kimi,
görkəmli şairimiz Məhəmmədhüseyn Şəhriyarın
keçirdiyi uşaqlıq illərinə bənzəyir.
Məhəmmədhüseyn Şəhriyarın
duyduqlarını, gördüklərini,
yaşadıqlarını hər bir uşaq kimi, o da
duymuş, görmüş və yaşamışdır.
O da uşaqlar kimi, ağac budağını at kimi minmiş,
"Dirədöymə", "Yoldaş, səni kim apardı?" oyunlarını
oynamış, nənələrin və anaların
çaldığı laylaya, nağıla qulaq asmış,
beləcə uşaqlıq illərini
yaşamışdır. O, şuluq uşaq olsa da, ərköyünlükdən
uzaq, deyilənlərə diqqətli, əyləncəli və
idman oyunlarına həvəsli olmuşdur. Əyləncəli
və idman oyunlarında zəif oyun nümayiş etdirməyi,
uduzmağı heç vaxt özünə
bağışlamamışdır. Uşaqlıqdan
həmişə qalib gəlməyi, həmişə qalib
olmağı bacarmışdır. Onun həyatdakı
gələcək uğurlarının təməli bax beləcə
uşaqlıqdan başlamışdır. Öz
borcunu başa düşmək, məsuliyyətini dərk etmək
hissləri uşaqlıqdan onun mənəvi
dünyasının kredosu olmuşdur. Fiziki və əqli
cəhətdən sağlam olmaqla yanaşı,
dünyanın ən gözəl guşələrindən
biri olan Şahbuzda anadan olmaq Nizami Xudiyevin mənəvi aləminin
zənginləşməsində heç də az
rol oynamamışdır. Onun vətənə
olan sevgi hissləri Şahbuzdan, Şahbuzun Badamlı kəndindən,
Şahbuzun əsrarəngiz təbiətindən
başlayıb. Zaman keçdikcə bu hisslər Azərbaycanın dilbər
və qədim tarixə malik guşələrindən biri olan
Naxçıvan adlı məkana, daha sonra Azərbaycana boy
veribdir. Naxçıvandakı Gəmiqaya abidələri, dəniz
səviyyəsindən 1907 metr yüksəklikdə olan
Qapıcıq zirvəsi və bu zirvənin cənub-qərb
yamaclarındakı Nəbiyurdu, Camışölən,
Qaranquş yaylaqları onun doğma yurd yerlərinə məhəbbətini
daha da artırıbdır. Dünyanı sevmək üçün birinci
növbədə öz vətənini, ata-baba yurd yerini,
dünyaya göz açdığın məkanı sevməlisən.
Dünyaya göz açdığın məkanın
tarixi, mədəniyyəti, özünəməxsusluğu
dünya, kainat haqqında fikrin, düşüncənin
formalaşmasında mühüm rol oynayır. Nizami
Xudiyevin Azərbaycana sevgisi və dünyəviliyi Əshabi-Kəhfin,
Nuh Nəbi xatirəli İlandağın,
Ağrıdağın, türk-oğuz düşüncəli
Gəmiqayanın, Oğlanqalanın, Qorqudların, Babəklərin,
Atabəylərin, Əcəmilərin, Nəimilərin ruhu ilə
silahlanıbdır. Hüseyn Caviddən, Məmməd Səid
Ordubadidən, Cəlil Məmmədquluzadədən, Məmməd
Arazdan və digər görkəmli şəxsiyyətlərdən,
ulu öndər Heydər Əliyevdən güc alıbdır.
Nizami Xudiyev bütün körpələr kimi körpəlik
illərini toranlıqla xatırlasa da, uşaqlıq və
yeniyetməlik illərini çox yaxşı xatırlayır
və bu illərlə bağlı xatirələri hafizəsində
yaşadır.
Ailəsi çox sadə, təmiz,
başqalarından o qədər də fərqlənməyən
bir həyat tərzi keçirib. Atası müəllim, anası isə
ailəsinə, qohum-əqrəbasına möhkəm tellərlə
bağlı olan, kirpiyi ilə qor götürən, əzab-əziyyətə
qatlaşan xanım-xatın bir qadın olubdur. Atası Manaf Xudiyevin İkinci Dünya
müharibəsindən qayıtdıqdan sonra "Sosializm
maldarlığı" qəzetinə redaktor təyin edilməsi,
sonra Bakıda Partiya Məktəbini bitirən kimi Şahbuz
rayon partiya komitəsinin ikinci katibi seçilməsi, daha sonra
Naxçıvanda çıxan "Şərq
qapısı" qəzetinə redaktor təyin olunması
onun böyük nüfuza malik olmasından və
işgüzarlığından
irəli gəlirdi. Nüfuz və işgüzarlıq Manaf
Xudiyevi həmişə
etimad sahibi etmişdir. Bu etimadın sayəsində
onun evi, ocağı həmişə qonaq-qaralı
olmuşdur. Respublikamızın ən
görkəmli alimləri, şairləri,
yazıçıları, dövlət xadimləri tez-tez onun
qonağı olmuş, ocağının başına
toplaşmışlar. Məhz Nizami Xudiyev
qonaq-qaralı bir evdə çox maraqlı söhbətlərin
şahidi olmuş, uşaqlıq xatirələrində dərin
iz buraxmış hadisələri indiyə qədər qəlbində
yaşatmışdır. Onun evlərində
gördüyü və qarşılaşdığı
insanlardan öyrəndikləri sonradan həyat yoluna
işıq salmaqda heç də az rol
oynamamışdır. Nizami Xudiyev Rəsul Rzanı, Cəfər
Xəndanı, Süleyman Rəhimovu, Əli Vəliyevi, Mehdi
Hüseyni, Əbdülhəsəni, Osman Sarıvəllini,
İslam Səfərlini, Məmmədsəlim Tahirlini, Fərhad
Fərhadovu, Cavad Bağırovu (Mirzə Cavadı) və digərlərini
ilk dəfə doğma ata-baba ocağında
görmüş, onların söhbətlərinə qulaq
asmış, suallarına cavablar vermiş, bir-birindən mənalı
xatirələri isə indiyə qədər müqəddəs
xatirələr kimi hafizəsində yaşatmışdır.
Nizami Xudiyev birinci sinfə oxumağa gedənə
qədər mənsub olduğu ailədə böyük bir məktəb
keçmişdir. 1-ci sinifdən V sinif də
daxil olmaqla Naxçıvan şəhərindəki 1 nömrəli
məktəbdə, altıncı sinfi 2 nömrəli məktəbdə
oxumuşdur. Sonrakı illərdə o, orta
təhsilini Şahbuzda almışdır. Atasının
uzun müddət partiya işi sahəsində məsul vəzifələrdə
çalışması onun orta təhsilinin müxtəlif məktəblərdə
almasına səbəb olmuşdur. Yeri gəlmişkən
qeyd edək ki, Nizami Xudiyevdə Azərbaycan dili və ədəbiyyatı
müəllimliyinə məhəbbəti atası
yaratmışdır. Onun atası Manaf Xudiyev ixtisasca Azərbaycan
dili və ədəbiyyat müəllimi olmuşdur. Manaf
Xudiyev bir partiya işçisi kimi, Naxçıvanda
böyük hörmət və nüfuz sahibi olmaqla, öz
ixtisasına da sadiq qalmış, oğlu Nizamiyə də Azərbaycan
dili və ədəbiyyat fənninə marağı, həvəsi,
məhəbbəti aşılamışdır. Ümumiyyətlə, Manaf müəllim
oğlunun orta məktəbdə mükəmməl təhsil
alması üçün əlindən gələni əsirgəməmişdir.
Təsadüfi deyil ki, çox-çox sonralar, 60 yaşı
tamam olandan sonra Nizami Xudiyev borclu olduğu atası və orta məktəb
müəllimləri barədə demişdir:
"Bütün bunlara görə mən ilk növbədə
atama borcluyam, sonra böyük qayğılarını bizdən
əsirgəməmiş orta məktəb müəllimlərimə:
Əbülhəsən Cəlilova, Camal Məmmədova, Məmməd
Nəcəfova, Gülü İbrahimovaya, Elman müəllimə,
Leyli Gəncəliyə, Abdulla müəllimə, Rəhim
müəllimə, Ceyran müəllimə...".
Manaf Xudiyev ədəbiyyatın, poeziyanın vurğunu
olmuş, yaratdığı zəngin kitabxanasında
çoxlu sayda kitablar toplamışdır. Onun
kitabxanasından qonum-qonşu, qohum əqrəba, yaxın-uzaq
hər bir kəs istifadə etmiş, oradakı kitablardan kifayət
qədər bəhrələnmişlər. Nizami Xudiyev belə bir mühitdə orta məktəbdə
oxumuşdur. Onun ailədə və orta məktəbdə
öyrəndikləri bir-birini tamamlamışdır. O,
Məhəmməd Füzulini, Şah İsmayıl Xətaini,
Mirzə Fətəli Axundzadəni, Mirzə Ələkbər
Sabiri, Cəlil Məmmədquluzadəni, Hüseyn Cavidi, Səməd
Vurğunu, Məhəmmədhüseyn Şəhriyarı və
digərlərini həm ailədə, həm də orta məktəbdə
öyrənmişdir. Bir sözlə, ailədə
atasından, orta məktəbdə müəllimlərindən
dərs almışdır. Bu yolla Mirzə Fətəli
Axundzadənin görkəmli rus şairi Aleksandr Puşkinin
ölümü münasibətilə yazdığı
"Şərq poeması"nı, Səməd
Vurğunun "Şair, nə tez qocaldın sən?"
şeirini, Məhəmmədhüseyn Şəhriyarın
"Heydərbabaya salam" poemasını, Cəfər
Cabbarlının "Ana" şeirini əzbər öyrənmişdir.
O, Qərb ədəbiyyatından Uilyam Şekspiri, Viktor
Hüqonu və digərlərini sevə-sevə oxumuş,
atasının məsləhəti və nəzarəti ilə
dünya ədəbiyyatına bələd olmuşdur. Azərbaycan və dünya ədəbiyyatını
oxuya-oxuya vətənə, el-obaya bağlılıq, məhəbbət,
sevgi hissləri formalaşmışdır. Məmməd Arazın şeirləri Nizami Xudiyevdə
Azərbaycanın dağlarını, düzlərini, meşələrini,
çaylarını, yamaclarını sevməkdə müəllim
rolunda olubdur. Məmməd Arazın bu şeiri indi də
onun qulağında səslənir:
Azərbaycan,
mayası nur, qayəsi nur ki,
Hər daşından
alov dilli ox ola bilər.
Azərbaycan
deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Nizami Xudiyevin orta məktəb illəri ilə
bağlı bir çox etirafları içərisində bir
etirafın da özünəməxsus yeri var. Bu da ondan ibarətdir
ki, onun elmi-pedaqoji fəaliyyətinin təməli məhz orta
məktəbdə qoyulub. O bu dövrlə bağlı xatirələrini
belə yada salır: "Əldə etdiyim uğurlara görə
mən həm də o unudulmaz məktəb illərinə
borcluyam. Əgər məktəb illərinin təməli
möhkəm olmasaydı, məncə, heç nə əldə
etmək mümkün olmazdı. Buna
görə həmişə özüm üçün kumir
saydığım ata-anamın, həmçinin, mənim
üçün əllərindən gələni əsirgəməyən
ibtidai və orta məktəb müəllimlərimin zəhmətini
minnətdarlıqla xatırlayıram. Onların
mənimçün çəkdikləri hədsiz zəhmətlər,
nəvaziş və qayğıları mənim əla qiymətlərlə
oxumağıma səbəb olub".
Tələbəlik illəri
Ədəbiyyat
üzrə Nobel mükafatçısı Uilyam Folkner Nobel
nitqində deyirdi: "Mən buna inanıram ki, insan nəinki
axıracan dözəcək, o, həm də zəfər
çalacaq. İnsan ona görə
ölümsüz deyil ki, onun səsi heç zaman tükənməyəcək,
ona görə ölümsüzdür ki, onun öz təbiəti
etibarı ilə acımaya, qurban getməyə, yenilməzliyə
qadir qəlbi, ruhu var". Doğrudan da,
yenilməzliyə qadir qəlb, ruh insanı bütün məqsədlərini
çin etməyə doğru aparır.
Nizami
Xudiyev 1966-cı ildə Cəlil Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbini
bitirdikdən sonra sənədlərini V.İ.Lenin adına Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya
fakültəsinə təqdim edir. O, tələbə
adını qazanır. Qrup komsomol təşkilatının katibi
seçilir. 1968-ci ildə fakültə
komsomol təşkilatının katibi olur. Əla qiymətlərlə
oxuduğu üçün 1969-cu ildə "Nizami" adına təqaüdə layiq
görülür. Sov. İKP
üzvü namizədliyinə qəbul olunur. 1970-ci ildə filologiya fakültəsinin məzunu
olur. O, tələbəlik illərində görkəmli
alim-müəllimlərdən dərs alır, bilik öyrənir,
onların gərəkli həyat təcrübələrini, məsləhətlərini
əxz etməkdən çəkinmir. Əbdüləzəl
Dəmirçizadədən, Məmmədhüseyn Təhmasibdən,
Feyzulla Qasımzadədən, Ağamməd Abdullayevdən, Fərhad
Fərhadovdan, Cavad Bağırovdan, Afad Qurbanovdan,
İsmayıl Şıxlıdan, Əhəd Hüseynovdan, Azər
Hüseynovdan, Əbdül Əlizadədən, Həsən
Mirzəyevdən, Paşa Əfəndiyevdən, Xeyrulla Məmmədovdan
və digərlərindən aldığı mükəmməl
bilik, məsləhət, təcrübə həmişə
ona dayaq olur. O, bu görkəmli alimlərin, müəllimlərin
ona dərs deməsini bəxtinin gətirməsi, Allahın ona
verdiyi şans kimi qəbul edir. Bu müəllimlərin, alimlərin
hər biri barədə onun hafizəsində tələbəlik
illərindən xoş xatirələr yaşayır. Həmin xatirələri tələbəlik illərinin
xoş xatirələri kimi yada salır, danışır və
gənc nəslə bir örnək kimi çatdırır.
Nizami Xudiyev tələbəlik illəri ilə
bağlı xatirələrinin birində yazır ki, tələbkarlığı
və ciddiliyi ilə ad çıxarmış Həmid Əfəndiyev
IV kursda "Elmi kommunizm"dən dərs deyirmiş. Olduqca zəhmli olan Həmid Əfəndiyev, demək
olar ki, bütün tələbələrin gözünün
odunu alıbmış. Nizami Xudiyev müəlliminin
(Həmid Əfəndiyevin) etimadını qazanmaq
üçün tələbə yoldaşı Rafiqə
(şair Rafiq Yusifoğluna) deyir ki, Həmid müəllimin
ağzından çıxan bütün sözləri yazaq.
Ona görə də mühazirəni tam şəkildə
yazmaq üçün cümlələrin birini sən, birini
də mən yazım. Beləliklə, onun
mühazirədə dediklərini olduğu kimi seminarda Həmid
müəllimə danışır. Həmid
müəllim ondan soruşur ki, sən orta məktəbi harada
bitirmisən? O cavab verir ki, Naxçıvanda. Bu zaman Həmid Əfəndiyev ciddi şəkildə
deyir ki, sizinkilər bizim predmeti yaxşı bilir. Və beləliklə, Nizami Xudiyev bir tələbə
kimi müəllimi Həmid Əfəndiyevin etimadını
qazanır.
Nizami
Xudiyev professor Əbdüləzəl Dəmirçizadədən
"Tarixi qrammatika", "Azərbaycan ədəbi dilinin
tarixi" fənlərinin, Feyzulla Qasımzadədən
"XIX əsr Azərbaycan ədəbiyyatı", Zeynal
Tağızadədən "Müasir Azərbaycan dili" fənninin,
Məmmədhüseyn Təhmasibdən folklorun, İsmayıl
Şıxlıdan xarici ölkələr ədəbiyyatının
sirlərini öyrənmişdir. O bu görkəmli alim-müəllimlərdən
rəftar, davranış, fədakarlıq, prinsipiallıq və
digər çoxlu müsbət keyfiyyətlər əxz
etmişdir.
Nizami
Xudiyev tələbəlik illəri barədə yazır:
"Tələbəlik illəri həqiqətən
ömrümüzün ən əziz və unudulmaz bir
parçasıdır. Bu zaman kəsiyində nə
baş verirdisə, hamısı mənim üçün
doğmadır. O illəri xatırladıqca istər-istəməz
onları bir daha yaşamaq arzulayırsan. Amma
heyif ki, o illəri bir daha geri qaytarmaq olmur. Bu, ilahi təbiətin yazdığı qanundur, onu
pozmaq insanın qüvvəsi xaricindədir". Ancaq yerində saymaq olmur, həyat öz axarında
davam edir. Nizami Xudiyevin də axarlı həyatı
tələbəlik illərindən sonra elmə, elmi-pedaqoji fəaliyyətə
yön alır.
Elmə gedən yol belə
başladı
Elm öyrənmək birinci növbədə həyat və
cəmiyyət haqqında əsl həqiqəti öyrənməkdir. Ədəbiyyat üzrə
Nobel mükafatçısı, Böyük britaniyalı
Harold Pinter ona təqdim olunan Nobel mükafatının təqdimat
mərasimində deyirdi: "Düşünürəm ki,
mövcud nəhəng fikir ayrılığına baxmayaraq, vətəndaşların
möhkəm, sarsılmaz və ehtiraslı intellektual qərarı
həyat və cəmiyyət haqqında əsl həqiqəti
öyrənməkdir; bu bizim üçün son dərəcə
vacibdir. Faktiki olaraq bu bizim borcumuzdur".
Nizami Xudiyev filologiya fakültəsini fərqlənmə
diplomu ilə 1970-ci ildə bitirir. İnstitut Elmi
Şurasının qərarı ilə "Azərbaycan
dilçiliyi" kafedrasında müəllim vəzifəsində
saxlanılır. Hələ tələbəlik
dövründən professor Əbdüləzəl Dəmirçizadənin
etimadını qazanmış Nizami Xudiyev onun məsləhəti
ilə "Qədim türk yazılı abidələri",
"Müasir Azərbaycan dili",
"Dialektologiya", "Dilçiliyə
giriş", "Üslubiyyat", "Azərbaycan ədəbi
dil tarixi" fənlərindən dərs deyir. Ancaq
qarşıda onu hərbi xidmət gözləyir. O,
1972-1973-cü illərdə Tiflis və Xankəndidə hərbi
xidmətdə olur. 1977-ci ildə ailə qurur,
1978-ci ildə "Abdulla Şaiqin nəsr dili"
mövzusunda namizədlik dissertasiyasını uğurla
müdafiə edir. O, elmi-pedaqoji fəaliyyətinin
imkanlarından daha səmərəli istifadə edir. "Azərbaycan ədəbi dili lüğət tərkibinin
inkişaf qanunauyğunluqları (Sovet dövrü)"
mövzusunda doktorluq dissertasiyası Koordinasiya Şurasında
təsdiq olunur. 1979-cu ildə yekdilliklə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Həmkarlar
İttifaqı Komitəsinin sədri seçilir. Bu seçkili vəzifədə 1991-ci ilə kimi fəaliyyət
göstərir. 1990-cı ildə doktorluq
dissertasiyasını müdafiə edir və bir müddətdən
sonra professor vəzifəsinə layiq görülür. Doktorluq dissertasiyasının müdafiəsindən
sonra onun məsuliyyəti birə-beş qat artır. O,
dilçiliyin az işlənmiş sahələrini,
problemlərini tədqiq edir. Müntəzəm olaraq bir-birinin
ardınca "Azərbaycan ədəbi dili lüğət tərkibinin
inkişafı", "Azərbaycan ədəbi dilinin zənginləşmə
yolları", "Yazıçı dili və
üslubu", "Azərbaycan ədəbi dilinin sovet
dövrü", "Tərcümə ədəbiyyatı və
ədəbi dilimiz", "Azərbaycan ədəbi dilinin təşəkkülü",
"XIII-XVI əsrlər Azərbaycan ədəbi dili",
"XV-XVI əsrlər Azərbaycan ədəbi dili",
"Azərbaycan milli ədəbi dilinin yaranması və
inkişafı", "XX əsr Azərbaycan ədəbi
dili" və s. kitablarını çap etdirir. Moskva, Nalçik,
Bişkek, Ufa, Aşqabad, Daşkənd, Alma-Ata, Ankara,
İstanbul, İzmir, Adana, Konya və başqa şəhərlərdə
keçirilən qurultay və simpoziumlarda nümayəndə
kimi iştirak edir, məruzələrlə
çıxış edir. Nizami Xudiyev 1991-1994-cü illərdə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (indiki ADPU-nun ) birinci prorektoru, 1994-1996-cı illərdə
isə həmin universitetin rektoru vəzifəsində işləyir.
1993-cü ildə ulu öndər Heydər Əliyevin
hakimiyyətə gəlişi bir zərurət və tələbat
kimi tarixi reallığa çevrildi. Ulu öndərin silahdaşı
olmaq Nizami Xudiyevin də qisməti, bəxt yazısı oldu.
O, 1996-cı ildə Heydər Əliyevin fərmanı ilə
məsul bir dövlət vəzifəsinə - Dövlət
Teleradio Verilişləri Şirkətinin sədri vəzifəsinə
təyin olundu. Düz on il o, ölkəmizin
bir nömrəli ideoloji mərkəzinə rəhbərlik
etdi. Onun rəhbərliyi dövründə "Turan",
"Azərbaycan dili", "Vətəndaş",
"Türk elləri", "Yallı", "Qala",
"Karvan", "Buta", "Qobustan", "Səhər"
proqramları ən populyar proqramlar olmaqla geniş ictimaiyyətin
maraq dairəsinə çevrildi.
Nizami Xudiyev 60-dan çox monoqrafiyanın, dərslik və
dərs vəsaitinin, 400-dən çox elmi məqalənin,
50-dən çox sənədli televiziya filminin ssenari müəllifidir. Onun
elmi-pedaqoji fəaliyyəti ən yüksək mükafatlarla
qiymətləndirilib. Azərbaycan Ali Sovetinin fəxri fərmanı
(1982), "Araz" (1992), "Nailiyyət" (1995),
"Akademik Yusif Məmmədəliyev adına medal və
mükafat" (1996), "İnam" (1997), "Vətən"
(1998), "Qızıl Qələm" (2001), "Abdulla
Şaiq" (2001), "Həsən bəy Zərdabi"
(2004), Respublika "Vektor" Beynəlxalq Elm Mərkəzinin "İlin
ziyalısı" Beynəlxalq diplomu (2004), "Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi"
döş nişanı (2012), "Türk dilinə xidmət"
ödülü (2004) və sair mükafatlara layiq
görülübdür.
Millət vəkili Nizami Xudiyev
İnsan övladı həqiqəti görməyi
bacarmalıdır. Nəzərə almalıdır ki, həyatda
zərgər dəqiqliyi ilə ölçüb-biçənlər
siyasətdə də irəli gedə bilirlər. Vaxtilə
ədəbiyyat üzrə Nobel mükafatçısı
Harold Pinter deyirdi: "Güzgüyə baxanda elə
düşünürük ki, qarşımızda peyda olan
obraz dəqiqdir. Lakin bircə millimetr yayınan
kimi obraz da dəyişir. Əslində,
biz əkslərin bitib-tükənməz, sonsuz səfini
görürük. Lakin hərdən
güzgünü sındırmağa dəyər -
çünki o üzdən bizə həqiqət
baxır".
Nizami
Xudiyev görkəmli mütəfəkkir alim Nəsirəddin
Tusinin bu fikrini həyat və fəaliyyətində uca tutub:
"İnsanı dörd şey hörmətli edər:
doğruçuluq, ədəblilik, elmlilik və xoşxasiyyətlilik".
O bu dörd elementi vəhdət halında həyat və fəaliyyətinin,
eləcə də prinsiplərinin kredosuna çeviribdir. Millət vəkili-xalq elçisi adının məsuliyyətini
və bunun bütün rütbələrdən, vəzifələrdən,
təltiflərdən ən yüksəkdə dayanan bir ad
olduğunu yaxşı bilibdir. Odur ki,
1995-ci ildən 2010-cu ilədək, üç
çağırış millət vəkili kimi fəaliyyət
göstərib. Azərbaycan Respublikası
Milli Məclisinə iki çağırış
Naxçıvanın Şərur-Babək seçki dairəsindən
seçilib. Üçüncü dəfə
millət vəkili seçilməsi Azərbaycanın
"Şimal Qapı"sında yerləşən
Xaçmaz rayonundan olubdur. O, uzun müddətlik
deputatlıq fəaliyyəti dövründə üzərinə
düşən çətin, ancaq son dərəcə şərəfli
vəzifənin öhdəsindən layiqincə gəlməyə
çalışıbdır. Milli Məclisin Elm və Təhsil
Komitəsinin üzvü olarkən "Təhsil haqqında
qanun"un hazırlanmasında, onun müzakirəsində,
komitənin səlahiyyətinə aid olan məsələlərin
həllində fəal iştirak edibdir. O, Milli Məclisin
yanındakı Toponimika Komitəsinin iclaslarında şəhər,
kənd və qəsəbə adlarının dəyişdirilməsi,
onlara yeni adların verilməsi, adların dəyişdirilməsində
tarixi haqsızlıqların aradan qaldırılması
işində yaxından iştirak etmiş, əlindən gələn
köməyi əsirgəməmişdir. O, millət vəkili
kimi, Azərbaycanın müxtəlif dövlətlərlə
münasibətlərinin inkişafında, əlaqələrin
möhkəmlənməsində və genişlənməsində
fəal iştirak etmiş, tez-tez xarici səfərlərdə
olmuşdur. Azərbaycan-Amerika Birləşmiş
Ştatları, Azərbaycan-Belarus, Azərbaycan-Böyük
Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə
parlametlərarası əlaqələr üzrə
işçi qrupunun üzvü kimi ölkəmizin həmin
dövlətlərlə əlaqələrinin möhkəmlənməsində və
inkişafında fəal rol oynamışdır.
Nizami Xudiyev
hal-hazırda...
Nizami Xudiyev bu gün vaxtilə professor Bəkir Çobanzadənin, professor Əbdüləzəl Dəmirçizadənin, professor Afad Qurbanovun rəhbərlik etdikləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışır. Tələbələrinin elmi biliklərə yiyələnməsində böyük şövqlə işləyir, mühazirə və seminarlarını aparır, doktorant və dissertantlarını yetişdirir. Özünün də etiraf etdiyi kimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti onun üçün ziyarət etdiyi Məkkə, Mədinə və Kərbəladan sonra ikinci qibləgahıdır. Bu qibləgahda o, müəllimlərindən, xalqımızın görkəmli alimlərindən çox şeylər öyrənmiş, öz elmini, təcrübəsini təkmilləşdirmiş və inkişaf etdirmiş, müxtəlif vəzifələrdə çalışmışdır. Nizami Xudiyev üçün Azərbaycan Dövlət Pedaqoji Universiteti həm də ona görə əzizdir ki, onun atası, əmisi, dayısı, bacısı bu universitetin məzunu olmuşdur. Ona yüz yaşın ərəfəsində olan bu qocaman elm və təhsil ocağında 52 il oxumaq, işləmək səadəti verilibdir.
Nizami Xudiyev ictimai-siyasi mövqeyi və fəallığı
da əbədidir, dönməzdir. O, ölkəmizin əsas və
aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının və İdarə Heyətinin
üzvüdür. "Mətbuat və ictimai əlaqələr"
komissiyasının sədridir. Respublikamızın ictimai-siyasi həyatında fəal
iştirak edir. Bir sözlə, həyat davam edir.
İnanırıq ki, 70 yaşlı Nizami Xudiyevin gözəl
və mənalı günləri hələ
qarşıdadır. Hər şey Tanrının əlindədir.
Tanrı köməyiniz, 70 yaşınız mübarək
olsun.
Buludxan Xəlilov
Ədəbiyyat qəzeti.-2019.- 6 aprel.- S.12-13.