Ümid Nəccari – yaralarından
qaranlığa danışan adam
Çağın ədəbiyyatında ən
son addımı ifadə
edən imzalardandır
Ümid Nəccari. Daim oxuduğum,
izlədiyim müəlliflərdəndir.
Həm də inandığım.
Bu günlərdə şeir
kitabı çapdan çıxdı: "Qaranlığın
fotosu". Kitab müəllif haqqında
söz deməyə daha yaxşı imkanlar açır, adətən. Onun poetik
kredosunu, estetik müəyyənliyini bütöv
duyub anlamağa şərait yaradır.
Əvvəlcə bunu deyim. Ümidin şeirləri
həzin bir səssizlik içindədir.
Səssizlik yeganə ünsiyyət
vasitəsidir bu şeirlərdə. Burada sözdən
çox təsvirlər
danışır. Əbəs yerə
qaranlığın fotosu
adlandırmayıb ki,
mətnlərini. Kədər,
hüzn, nisgil, sıxıntı, tənhalıq,
darıxmaq adına
nə varsa, daim müəllif obyektivinin fokusundadır. Amma onların səssizliyini şərtləndirən amil
yalnız bununla bağlı deyil. Bu şeirlərin poetik duyumunu hiss etmək üçün zamanı
bir anlıq saxlamalısan özün üçün. Saxlamadınsa,
hansısa misra quş kimi uçub
gedəcək, estetik bütövlük itəcək,
şüuraltındakı poetik
sistemin nizamı dağılacaq:
birisi var yer üzündə, səssiz ağlayır.
...O, bir daş kimi
darıxmır yollarda,
keçmir bulud kimi heç bir yer üzündən...
O danışır yaralarından
qaranlığa,
Allahlıq edir ürəyindəki
məktublara...
Ümidin şeirlərində göy
üzü kimi ənginlik sınırsızlığı
da var, quş,
qanad, lələk kimi fəza elementləri də, Tanrı və ruh kimi sakrallığı
bəlirtən anlayışlar
da. Amma nə üçünsə,
Ümidi ağrıların
əlindən almağa
onların heç birinin gücü yetmir. Ümid bədbinliyin, qaranlığın
şairi olaraq qalır. Onun şeirləri dekadans
ruhludur və bu dekadans havası
artıq dünyagörüş
məqamındadır, bədii
duyumun cövhərini
təşkil edir.
Misralar arasında kabus kimi, sərgərdan bir ruh dolaşır,
sanki. Lirik "mən" kölgə
kimi gah görünür, gah itir.
...Mənim yerimə bir az darıx,
darıx ayağı
bağlı ağaclar
üçün,
darıx mənim
kimi qanadsız quşlar üçün,
darıx yalnızlıq
üçün,
darıx...!
Ümidin şeirlərində qəribə
kontrastlarla rastlaşırıq. Bəzən bir
uğurlu misra bəs edir ki,
özlüyündə o qədər
də bütöv olmayan şeirə estetik yaşam həzzi bəxş etsin. Məsələn,
bəzi şeirlərdə
poetik mexanizm baxırıq ki, yetərincə deyil, amma "əgər aynada özümüzə
qanad rəsmi çəkməsək, / silinəcəyik
yağış damlalarıyla",
"bir ovuc göy üzü gizlənib quşların qanadında", "Bir məktub gözləyirik göy üzündən ki, / bir səhər
yuxudan duranda bizə tərəf bir əl uzansın",
- kimi misralar şeirə zəngin səciyyə qazandırmağa
nail olur. Bəzən də əksinə
olur. Yaxşı poetik təəssürat
yaradan şeir bir misranın güdazına gedir. Məsələn, "hisslərimin
ağıl dişi ağrıyır sən uzaqlaşdıqca", "unutdum
ürək çantamı
gözlərinin taksisində",
"həminki ac adamam,
ey gözləri çörək". Ümid onsuz
da fəlsəfi yozuma aludə şairdir. Amma bu aludəlik
zorla, süni formada yarananda qəbuledilməz olur,
"xaric səs" effekti doğurur. Ümid bu məqamlarda şeiri kosmik səviyyədən endirib
kosmetik detalçılığa
müncər edir.
Gərəkdir ki, fikir axarı öz təbiiliyində təzahür
etsin, poetik düşüncənin dərinlərindən
rəvac tapsın.
Yalnız bu zaman dünya mədəniyyəti
faktından, ona qarışmaq hadisəsindən
danışmaq mümkün
olar.
Dünya
poeziya mədəniyyətindən
söz düşmüşkən,
Ümid Nəccarinin şeirdə yolu, poetik yön ardıcıllığı hardadır,
kimlərdən keçir,
keçib də durulur, ön söz müəllifi Azər Turan bunun dəqiq koordinatlarını cızır:
Adonisin sürrealizmlə
qovuşmuş sufizmi,
Robert Desnosun sevgi önündə faniyə,
xəyala çevrilən
qəhrəmanı, habelə
"XX yüzil İran
və ərəb şeirinin - Sipehrinin, Füruğ Fərruxzadın, Əhməd
Şamlunun, Nəzar Qəbbaninin təsiri"...
Poetik fiqur, obraz, ideya bəhrələnməsi
baxımından
Ümid hara qədər özüdür,
ya özgədir, özünə çatır,
çatıb da durulur, özünü ötürmü kimi məsələlər ətrafında
uzun-uzadı danışmaq
olar, amma əsas olan budur ki, Ümidin
seçdiyi obraz üzərində düşüncələri
onu dünya fəlsəfəsinə aparır,
fəlsəfənin insan
qatına müncər
edir, bu yükü çəkən
imzaların sırasına
uğurla qoşula bilir. Niyə? Çünki büsbütün İnsanı görk edir. Bir əli göylərə açılı, nəzərləri
quş qanadına dikili olan bu
poeziya toxunduğu bütün mövzuları
mənəviləşdirir, ali hisslərin
cəzbində sınaqdan
çıxarır, ona
əbədiyyət intəhasızlığından
nəzər yetirir. O qədər ki, məsələn, sevgidən,
onun doğurduğu ağrılardan bəhs etdiyi məqamda "an"ı dondurur və buradan dünyanın sosial ədalətsizliyinə rəvan
keçidlər başlayır:
Salam, qarnı ac qaralar!
Afrikanı gecə yarısı yaratdı Tanrı.
və bir əl boyda çörək
oldu dünya...
Ayaqqabıların altındakı dəliyi
unut
və dəsmalını
çıxart,
sil utanan günəşin alın tərini.
Onun poetik yaşam təcrübəsində
romantik nəfəs genişliyini duymamaq olmur. Ümid bu mövzuda da fərqliliyə meyil edir, şeirin iç mənzərəsini
dəyişməyə çalışır.
Əsl
"sürrealizmlə qovuşmuş
sufizm" bu məqamda görünür,
məncə. Ümid sevgini
romantik haləsində
qəbul edir, onu ilahi və
ekstaz həddə qaldırıb layiq bildiyi ünvana çatdırır, sevdiyi
qadın obrazı hər cür ultramodern ölçülərdən arındırıb
mənəvi yaşam
tonallığında poetik
müstəviyə gətirir.
Səndən uzaq
gözlərinin orucunu tutmaq;
Səndən uzaq
əllərini daşdan
yonub üstünə
alın qoymaq,
şəklinin Kəbəsinə
yeddi dəfə dolanmaq
və sən gedən yola üz tutub
sevgi rükəti
qılmaq,
adını bir-bir təsbeh dənələrində
çevirmək,
göz yaşlarımla
dəstəmaz almaqdır
peşəm,
ey sevgi peyğəmbərim!
Ümid hisslərin metafizik qatına adlayır, kadrların dinamik növbələnməsi baş
verir, şeirdəki montaj yoluyla alınan bu rəngarənglik vizual görüntü yaradır.
Ümidin predmet seçdiyi bütün mövzular mütləq fəlsəfi
yozuma açılır. Lirik qəhrəman
konkretliyi ilə bahəm ilahi həqiqət və fəlsəfi məzmun daşıyan məna ümumiləşdirmələri ilə şeirə gətirilir.
Şeirlərinin poetik strukturu daha çox sərbəstə meyillidir. Bəzən
rast gəldiyimiz misra sınmaları, obrazlılıq tərzində
qəlibdən qaçınmaya
meyillər də olsun ki, Ümidin
iç fəlsəfəsinin
özündən doğur
və şair ruhunu bu formada
ifadə edir.
Ümidi,
ümumiyyətlə, cavan
şairləri, bəzən
elə içi özüm qarışıq
çox zaman qınayırıq: niyə
bu qədər
pessimist, bədbindirlər deyə.
Halbuki bu təbiidir. Poeziya yaşanılan hisslərin,
ruh halının təzahürüdür. Biz
ağrıyırıqsa, o da ağrımalıdır.
Ümid də bu mənada, özündə XXI əsrin
kataklizmlərinin hər
günü daha çox qanla açılan, savaş, müharibə xəbərləri
ilə alov saçan dünyanın adamı olmaq missiyasını daşıyır.
Gecə
yürüş edir şəhərə,
zülmət eyvanlardan
boylanır zülmlərə.
Qulaqlarımızla görürdük çocuqları...
Çocuqların velosipedləri - alov
güllələri,
Oyuncaqları-məhbus!
Çəkdiyi rəsmlərində günəş bumbuz...
Divarlar əsgər kimi ayaqüstə,
Divarlar - müharibə.
...Sevgililərin dodaqlarında
quraqlıq,
öpüşlər- məscidlərin
minbərində meyit.
Minarələrdə mina partlayışı,
kilsələrdə əlil
arabaları,
xalçalarda xəzan...
Küçənin qaranlığında bir it də itir...
Qapılar bir-birindən boşanır.
Evlər
yiyəsiz, evlər yetim...
Özün ya özgə,
fərq etməz!
Biz - gecə,
biz - əsgər,
biz - divar...
Heç
olmasa bir qarış pəncərə,
heç olmasa bir udum su
ol.
Günəş həbsdədir, məmləkət...!
Bu şeirdə Ümid
müharibənin, onun
dağıtdığı nə varsa hamısının
tablosunu yaradıb şeirin yaddaşına köçürür. Psixoloji
təsiri ictimai-sosial fonla əlaqələndirməyə
cəhd edir, detal planlardan, ekspressivliyi gücləndirən
rakurslardan istifadə ilə iç böhranının inikasını
verməyə nail olur.
Ümid
şeirlərində iki
hissin arasında var-gəl edir, deyir ki:
Hələ
ölümlə ümidin
arasındasan...
Dünyanın hər küncündə
bir ovuc torpaq olsan da
birinə məzarsan,
birisinə Vətən!
İki tayın arasında körpü olan, Şimallı, Cənublu Azərbaycanımızı simvolizə edən Ümid Nəccari! Şeirlərindəki nisgilin zəmin aldığı səbəbin biri də budur: ayrılmaq, parçalanmaq, ikiyə bölünmək acısı... Amma poeziya ayıran yox, birləşdirəndir axı, dünyanın harasında olursan-ol, içində daşıdığın Vətəndir. Ümidin şeirləri bu mənada vahid Vətən himninin yeni dalğasıdır.
Elnarə
AKİMOVA
Ədəbiyyat qəzeti.- 2019.- 6
aprel.- S.14.