Nola...

 

Bilirsənmi bəxtdən niyə küsmüşəm? -

Səbəb birdi, səbəb birdi, səbəb bir...

Bu qismətdən əllərimi üzmüşəm,

İnsaf elə yuxumasa gəlib gir.

 

Sınıb qanadlarım, uça bilmirəm,

Sənli günlərimdən qaça bilmirəm,

Neynəyim, kimsəyə aça bilmirəm,

Necə sirdi, necə sirdi, necə sirr...

 

Günərdən baş açmaz hər dünyagörmüş,

Nədən dönük çıxdım sənə mən ölmüş?!

Misi qızıl edə, dəmiri gümüş -

Nola, ələ düşə biro iksir...

 

Hardayam

 

Yenə qəm buludu alıb üstümü,

Yenə də çətində, yenə dardayam,

Yanıram, görən yox gizli tüstünü,

Bilmirəm sən harda, özüm hardayam...

 

Ömrüm paramparça, dar qəfəsdəyəm,

Yetiş imdadıma, son nəfəsdəyəm,

Özümü aldadan boş həvəsdəyəm,

Bilmirəm sən harda, özüm hardayam...

 

Sönmüş ocaqmısan, külüyəmmi mən?

Bir həsrət dənizi, gölüyəmmi mən?

Gözəlim, sağ ikən ölüyəmmi mən? -

Bilmirəm sən harda, özüm hardayam...

 

Günər gün kimi batıbdı artıq,

Ömrünə zəhəri qatıbdı artıq.

Hesabat məqamı çatıbdı artıq;

Bilmirəm sən harda, özüm hardayam.

 

Peşman olmaram

 

Ömür köç eyləyir, ötür cavanlıq,

Pünhan dərdim ilə sevincli, xoşam.

Bir geri dönə nola o illər,

Bir dənizlərtək kükrəyəm, coşam...

 

Bir könül verəm, könül istəyəm,

Bir eşq yolunda görəm xəstəyəm...

Bir anlayam ki, səfər üstəyəm

Bir xatirənin ardınca qoşam...

 

Elə alışmışdım, çətin ki, sönəm,

Peşiman olmaram, bil, dönə-dönə

Bu sevda yolunda görəm ki, yenə

Ürəyi qübarlı, əlləri boşam...

 

Günər Əliyev

 

Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.20.