Cəlil Məmmədquluzadə və milli
dil məsələsi
...Türk kütlələri
üçün ədəbi dilə və ümumi imlaya
çox böyük ehtiyac vardır.
Və etiqadımız da bundadır
ki,
bir belə dil gec-tez vücuda gələcəkdir...".
Cəlil Məmmədquluzadə
Cəlil Məmmədquluzadə yaradıcılığı
ilə Azərbaycan mədəniyyəti və ictimai fikir
tarixində əbədiyaşarlıq qazanmış görkəmli
və böyük şəxsiyyətlərdən biridir. Əlbəttə
o, bu zirvəyə əbədiyaşarlığın təminatçısı,
novatorluğun ən bariz nümunəsi kimi meydana
çıxan yaradıcılığında - istər ədəbi,
istərsə də ictimai fəaliyyətində bir çox
ilklərə imza atması ilə ucalmışdır.
Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin və
ilk satirik mətbu orqanın ("Molla Nəsrəddin") əsasının
qoyulması, milli dramaturgiyamızda tragikomediyanın, ilk alleqorik
mənzum dramın yaradılması və s. yeniliklər bu
böyük sənətkarın adı ilə
bağlıdır. Ədibin ədəbi-ictimai
fəaliyyətinə nəzər yetirdikdə bir daha əmin
olursan ki, bu çoxşaxəli fəaliyyətin arxasında
vətən, millət sevgisi, xalqına, onun milli dilinə
böyük məhəbbət və sədaqət dayanır.
Qeyd etmək lazımdır ki, ədib
yaradıcılığının bütün sahələrində
ana dili (milli dil - E.İ.) məsələsinə xüsusi
diqqət ayırmışdır. Görkəmli alim Mir Cəlal
Paşayev bu barədə belə yazır: "Cəlil Məmmədquluzadə
cəsarətlə danışıq dilini, canlı dili, azərbaycanlıların
şirin, əlvan, ahəngdar, məzəli, səlis, sərbəst
danışığını yazıya, kitaba, hətta bədii
əsərə gətirmişdir".
Azərbaycanda
XIX əsrin II yarısında ana dilimizin saflığı
uğrunda və əlifba məsələsi ilə
bağlı Mirzə Fətəli Axundzadə, Həsən bəy
Zərdabi, Firidun bəy Köçərli və Ömər
Faiq Nemanzadə tərəfindən aparılan mübarizəni
XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə
və naşiri olduğu "Molla Nəsrəddin"
jurnalı davam etdirmişdir.
Cəlil Məmmədquluzadə öz müsəlman-türk
qardaş və bacılarını ana dilində
danışmağa dəvət etmiş, qulağını
bağlayanların qulağına həqiqəti söyləmiş,
gözünü yumanların gözünü açmaq istəmişdir.
"Molla Nəsrəddin" jurnalına gülənləri
şaqraq gülüşləri ilə ayıltmış,
sözün həqiqi mənasında tərbiyə
etmişdir. Cəlil
Məmmədquluzadə müsəlman-türk dünyasına
"Molla Nəsrəddin" jurnalı vasitəsilə
"Sizi deyib gəlmişəm" deyirdi və bunun
açıqlamasını da belə bəyan edirdi: "Ey mənim
müsəlman qardaşlarım! Əgər bilmək
istəsəniz ki, kimin üstünə
gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı
və diqqətlə baxınız camalınıza.
Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni
gərək bağışlayasınız, ey mənim
türk qardaşlarım ki, mən sizlə türkün
açıq ana dili ilə danışıram. Mən
onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin
elminin azlığına dəlalət edir. Amma hərdənbir
keçmiş günləri yad etmək lazımdır:
salınız yadınıza o günləri ki, ananız sizi
beşikdə yırğalaya-yırğalaya sizə türk
dilində layla deyirdi və siz qulaq ağrısı səbəbinə
sakit olmurdunuz". Hərdənbir ana dilini danışmaqda
keçmişdəki gözəl günləri yad etməyin
nə eybi var?!".
Məhz müsəlman-türk dünyasının
ağrı və acısını C.Məmmədquluzadə
daha dərindən duyur və dərk edirdi. O, türk-müsəlman
dünyasının nə ilə nəfəs
aldığını da çoxlarından qat-qat artıq
bilirdi və görürdü. Axı o, müsəlman-türk
dünyasını yazdığı "Lisan bəlası"
ilə ayıltmaq istəyirdi: "Ey dil, dəxi dinmə və
sükut et, səni tarı, Lal ol və
danışma! Sal başını aşağa və heç
baxma yuxarı, Mal ol danışma!". Axı o, müsəlman-türk xalqlarının
problemlərinə biganə qalmırdı. Müsəlman-türk xalqlarının hər birini
düşündürmək istəyirdi. Onların
hər birinə bir ziyalı kimi canı yanırdı.
O, "Ana dili" felyetonunda dediyindən artıq nə deməliydi?!
"Ana dili" felyetonunda yazırdı: "Tatarlar ana dilində
yazdığı qəzetləri oxuyanda Qafqaz cavanlarının
ana dili danışmaqları yada düşür".
XX əsrin əvvəllərində Azərbaycanda və
bütün türk dünyasında əlifba hərəkatı
(əlifbanın islah edilməsi) geniş vüsət
almışdı. Məhz bu məqsədlə qurulan "Yeni Əlifba
Komitəsi"nin 1924-cü ildə
yaratdığı heyətdə C.Məmmədquluzadə də
vardı. Əlbəttə, böyük ədibin
burada olması heç də təsadüfi deyildi.
1924-cü il sentyabr ayının 7-də bu
heyət Bakıdan Krım-Türküstan (Krıma, türk
ellərinə) ellərinə səfər edir. Bu
səfər haqqında Xalid Səid Xocayev "Yeni əlifba
yollarında əski xatirə və duyğularım"
kitabında geniş yazmışdı. Bəli,
C.Məmmədquluzadə bu heyətə təsadüfi
düşməmişdi. O, ərəb əlifbasının
qarışıqlığını (çətinliyini) görən və
qəbul edən yazıçı-publisist, ədib və
böyük bir mətbu orqanın redaktoru idi. Eyni zamanda bu səfərə
qədər 25 illik redaktorluq təcrübəsi olmaqla dil, əlifba,
yazı, mədəniyyət və s. məsələlərlə
müntəzəm məşğul olmuş, millətin tərəqqisi
üçün əlindən gələni əsirgəməmişdir.
Əlbəttə, belə bir ədibin "Yeni Əlifba Komitəsi"nin yaratdığı heyətin tərkibində
Krım-Türküstan ellərinə səfər etməsini "Komitə"nin müsəlman-türk
dünyasının problemlərini bilən bir ədibə,
publisistə, redaktora, ziyalıya olan ehtiyacı kimi dəyərləndirməliyik.
Həqiqətən də, "Yeni Əlifba Komitəsi"nin Krım-Türküstan ellərində həll
edəcəyi məsələləri (xüsusilə latın
qrafikalı yeni əlifba məsələsini) C.Məmmədquluzadə
qədər dərindən bilən və onun praktik həlli
istiqamətində iş görə bilən, fəallıq
göstərən şəxslər çox az idi. Təkcə Azərbaycanda deyil, digər türk ellərində
də Cəlil Məmmədquluzadə kimi ədiblər
barmaqla sayılacaq qədər idi.
Mirzə
Cəlil xalqın maariflənməsi uğrunda illərlə
apardığı mübarizə ilə elmə, təhsilə, mədəniyyətə
və tərəqqiyə böyük dəyər verməsi
ilə tanınmışdı. "Yeni Əlifba Komitəsi"nin də məhz C.Məmmədquluzadə kimi təhsilli,
bilikli, dünyagörüşlü və uzaqgörən,
xalqın dərdini anlayan, problemin kökünü dərk edən
bir xalq ziyalısına ehtiyacı vardı. Cəlil
Məmmədquluzadə kamilliyi elə bir zirvəyə
yüksəldi ki, o, millətin taleyi ilə bağlı
bütün problemlərin həllinə öncülük etməyə
başladı.
Dil, əlifba məsələsinə gəldikdə isə
C.Məmmədquluzadə kimi bu məsələni tutarlı və
dəqiq izah edən yox idi. Cəlil Məmmədquluzadə bu
problemin həlli yollarını bir çox ziyalılardan fərqli
olaraq xalqın arı, duru dilində səsləndirirdi. Ona görə də əlifba islahatı tərəfdarlarının
çoxundan fərqli olaraq Cəlil Məmmədquluzadənin
mövqeyi, fikri kütləyə daha tez çatırdı.
Onun anlaşıqlı və asan üslubu ilə
kütləni daha tez ayıltmaq olurdu. Dil, əlifba
məsələlərinə həsr etdiyi felyetonlarda işlətdiyi
aydın və sadə üslub mətləbini açıq
şəkildə ortaya qoyurdu.
"Yeni
Əlifba Komitəsi"nin əsas məqsədi
müsəlman-türk dünyasının vahid əlifba (ortaq
əlifba - E.İ.) ətrafında birləşməsinə,
vahid əlifbadan istifadə etməsinə nail olmaq idi. Komitə bu birliyi müsəlman-türk dünyasının
inkişafı üçün mühüm amillərdən
hesab edirdi. Vahid əqidə, məfkurə
ətrafında birləşmək C.Məmmədquluzadənin
də amalıydı. Ona görə də
Komitənin mövqeyi ilə C.Məmmədquluzadənin
mövqeyi üst-üstə düşürdü. Digər
tərəfdən də C.Məmmədquluzadə bu ziyalı
mövqeyini "Yeni Əlifba Komitəsi"nin
yaranmasından çox-çox əvvəl ortaya qoymuşdu. C.Məmmədquluzadə
hesab edirdi ki, yazmaq, oxumaq, təlim və tərbiyə
işləri doğma ana dilində aparılmalıdır. Onların milli maraqları üzərində
qurulmalıdır. Bir az dərindən yanaşsaq,
görürük ki, "Yeni Əlifba Komitəsi"nin əsas
məramı, məqsədi bir mənada C.Məmmədquluzadənin
əqidəsindən
ilham alırdı.
Cəlil
Məmmədquluzadə "Təzə təlim kitabı"
felyetonunda yazırdı: "Məlum şeydir ki, məktəblərdə
təzə üsulla dərs vermək üçün kitablar
lazımdır. Bu səbəbdən millət, vətən
adına bir qulluq eləmək niyyəti ilə
yoldaşlarım "Mozolan", "Hop-hop",
"Lağlağı" və "Hərdəmxəyal"la
himmət edib və köməkləşib bir hesab kitabı cəm
etmək fikrinə düşdük". ("Molla Nəsrəddin",
9 iyun və 23 iyun 1906, ¹10 və 12).
Cəlil Məmmədquluzadənin təhsillə
bağlı mövqeyi 1926-cı ildə Bakıda keçirilən
Birinci Türkoloji Qurultayda türkoloqların təlim və təhsillə
bağlı qəbul etdikləri qərarlardan qabağa gedir. Bakıda
keçirilən Birinci Türkoloji Qurultayda əlifba,
imla-orfoqrafiya problemi, tədris-metodika və ümumi
terminologiya məsələləri də geniş müzakirə
obyekti olmuşdur. Halbuki bu məsələlər
qurultaya qədər nəsr və dramaturgiya sahəsində əvəzsiz
əsərlərlə təmsil olunan Mirzə Cəlil
yaradıcılığının ana xəttini təşkil
edirdi.
Cəlil
Məmmədquluzadə "Molla Nəsrəddin"in
üslubuna uyğun şəkildə ərəb, fars kəlmələrinin
türk dillərində geniş işlənməsinin (və ya "meydan
sulaması"nın) səbəblərini
açıqlayır, həm də onun həllinin vacib
olduğunu oxucu kütləsinə çatdırırdı. Məhz Cəlil Məmmədquluzadə belə bir
maarifləndirici yolu tutaraq türkoloji düşüncənin
formalaşmasında və inkişafında vətəndaş-ziyalı
mövqeyini ortalığa qoyurdu. Təhsil, maarif sahəsində
irəli getmək üçün əlifbanın
böyük önəm daşıdığını əhəmiyyətli
bir iş sayırdı. Mirzə Cəlil "Yeni Əlifba Komitəsi" və
Türkoloji Qurultaydan xeyli əvvəl əlifba məsələsini
XX əsrin əvvəllərində müzakirə obyektinə
çevirmişdi. Əslində, Cəlil Məmmədquluzadə
"Yeni Əlifba Komitəsi"nin
üzvlərini, fəallarını əlifba məsələsində
də hərəkətə gətirmiş, yardımçı
rol oynamışdır. O, XX əsrin əvvəllərində
bu məsələni dəfələrlə felyetonlarında
müzakirə obyektinə çevirmişdir.
Cəlil Məmmədquluzadə 1913-cü ildə
yazdığı "Əlifba" felyetonunda əlifba ilə
bağlı oxucu kütləsini maarifləndirir, onları
düşünüb-daşınmağa, papaqlarını
qabaqlarına qoyub fikirləşməyə
çağırırdı. Ən çətin və
elmi məsələləri sadə dillə başa salmaq,
anlatmaq Cəlil Məmmədquluzadənin yolu, üslubu idi.
Bu mənada o, "Əlifba" felyetonunda yazırdı:
"Lazımdır avam camaatı başa salmaq, yoxsa birdən-birə
desən ki, "bu Balkan davası bizim əlifbamızın
davasıdır", əlbəttə, bu sözlər damnan
düşmə sözə bənzəyəcək; dəxi
heç kəsin qulağına girməyəcək. Sözü lazımdır ehmalca demək,
"pişiyim-pişiyimnən" demək. O demişkən,
"söz var ki, dağa çıxardar, söz var dağdan
endirər". Yoxsa avam camaat nə sənin məqaləni
oxuyar, nə də oxusa, təsdiq eləyər; qalarsan meydanda
tək-tənha. Bir də səndən də savayı qəzetçi
var: kimdir əlifba sözünü danışan?
Sözün var, - söz de! Davadan yazırsan,
topdan-tüfəngdən danış; Balkan hara, əlifba hara?
Bəlkə eşitmiş olarsınız, Albaniya
tayfasını ki, osmanlılar arnavud deyirlər, - bunlar həmin
millətdirlər ki, miqdarı ikicə milyon ola-ola
yapışıb osmanlıların yaxasından və deyir ki,
"gərək izn verəsən biz ərəb
hürufatı (əlifbası) əvəzinə latın hürufatı qəbul edək, ya da
ki, xəncəri əldən yerə qoymayacağıq".
Cəlil Məmmədquluzadə bu cür uzaqdan
başlamaqla əsas hədəfə doğru gəlməyi
bir üslub kimi seçmişdir. Əlbəttə, onun
əsas hədəfi türk xalqlarının ortaq bir əlifbadan
istifadə etməsi məsələsi idi. O, bu əlifbanın
çətinliklərini başa düşdüyü
üçün onun yeni əlifba ilə əvəz edilməsini
istəyirdi. Ancaq sözə bir az uzaqdan -
arnavudların tələbindən misal çəkərək
başlayırdı.
Cəlil
Məmmədquluzadə "Əlifba" felyetonunun növbəti sətirlərində yazırdı: "Budur mənim
sözüm, əzizim ta niyə
atılıb-düşürsən: ya gərək tarixə
belin bağlı ola, ya da ki, yeri-göyü yox yerdən xəlq
eləyən bir Allaha ki, arnaud kimi bir bic milləti yaradıb,
ötürüb bu dilsiz-ağızsız Osmanlının
üstünə; deyir ki, mənə azadlıq ver, məni
idarə eləməyə sənin ləyaqətin yoxdur, sənin
şalvarın gendir, nə bilim zehnin dardır, özün
kobudsan, mənə dil lazım, mətbuat lazımdır, yoxsa
bu ərəb heroqlifləri bizi bir yana çıxartmaz, bu
hürufata biz layiq deyilik; buna layiqdir müqəddəs ərəblər,
farslar, naxçıvanlılar, kitaylılar, yəcuclar. Pəh,
pəh, pəh! Sözə bax sən, Allah! Dilin lal olsun
söz danışan! Axırda da nə bilim həştad
neçə il bundan qabaq Osmanlının bir Rəşid
paşası gedib arnaudların qanlarını sel kimi
axıtdı, anlarını ağlatdı, amma arnaudlar əl
çəkmədilər və axırı o yerə yetirdilər
ki, indiki Rəşid paşa Londonda yalvarıb-yaxarır ki, hər
kəs nə istəyir götürsün, barı İstanbula
dəyməsinlər. Əgər sən müsəlmansan, gərək
etiqadın ona ola ki, Allah-Taala qadirdir və
sükutda durmaqdan savayı özgə bir təklifimiz
yoxdur". ("Molla Nəsrəddin", 13 yanvar 1913, ¹1).
Əlifba ilə bağlı əsl həqiqəti daha
necə deyəsən? Hər halda mümkün olanı C.Məmmədquluzadə
deyirdi və onun dedikləri, yazdıqları türkoloji
düşüncənin formalaşmasında və
inkişafında qaynaq, mənbə rolunu oynayırdı.
Bu da əsas verir deyək ki, C.Məmmədquluzadə
türkoloji düşüncənin formalaşmasına və
inkişafına əvəzsiz xidmət göstərmişdir.
Onun xidməti avam kütləyə maariflənməyi,
təhsil almağı, doğma ana dilində yazı
savadına yiyələnməyi başa salmaqdan ibarət idi.
Milli mənliyi, kimliyi, hansı dinə xidmət
etməsi, hansı vətənin, məmləkətin
övladı olmasını anlatmaq idi. O bunu
bacarırdı və hətta avam kütləni də
düşünməyə məcbur edirdi.
Cəlil
Məmmədquluzadə 1914-cü ildə "Dili tutulub"
felyetonunda yazırdı: "Budur ki, rus məktəbində
oxuyub qurtaran cavanlarımız axırda oxuyub-yazmaq bilmirlər;
çünki hər bir insanın xəlq olub sonra ölməyi
də bu qanun üzrə əmələ gəlir:
görürsən ki, bir şəxs yaşayır,
yaşayır axırda əcəli tamam olur. Mərəz
də bir bəhanədir. Həmin mərəz məsələsini
oxşatmaq olar cənab Zəkəriyya kimi ayı beş manatlıq bir müəllimə ki, Allah
tərəfindən təyin olunubdur əcəli tamam olan
şəxs ana dili öyrətsin. Əcəli müəllim
ayda beş manatdıq dərsini deyəndən
sonra görür ki, naxoşun dili tutulub. Həmin bu fəqərə
əcəlin tamam olmağının əlamətidir ki, ərəbcə
buna deyirlər ki, "fatihə"... Necə ki, insan
ölüb torpaq olur, bu torpaqdan ot, meyvə
və çörək bitir və insanlar yeyir və insanlardan
yenə dübarə övlad törəyir və yenə
ölür və yenə dirilir və belə-belə yenə
min-min illər keçir və yenə əflak dolanır,
habelə Göyçayda, Tiflisdə, Bakıda oxunan dilimiz. Əcəl ki, tamam oldu, millətin dili yox olur; yəni
tutulur. Nə eybi var, müsəlman olmasın, rus olsun,
firəng olsun, axırda yenə hamı öləcək və
bunların yerinə təzə millətlər dünyaya gələcəklər...". ("Molla Nəsrəddin", 12 may 1914, ¹17).
Cəlil Məmmədquluzadə dəfələrlə əlifba
məsələsini təhlil, müzakirə obyektinə
çevirmişdir. "Yeni Əlifba Komitəsi"nin
Krım-Türküstan ellərinə səfərindən
beş ay qabaq "Təzə əlifba" adlı felyetonunda
bir daha öz mövqeyini ortaya qoyurdu. Bu məqalə
də bir daha təsdiq edir ki, Cəlil Məmmədquluzadə
"Yeni Əlifba Komitəsi" əməli fəaliyyətə
başlayana qədər öz məqalələri ilə
faydalı işlər görmüşdür. Açıq şəkildə qeyd etmişdir ki, yeni
əlifbanı "hazırlayan, bişirən və
ortalığa çıxaran" vardır. Əlbəttə, yeni əlifbanı "bişirən"
və ortaya qoyanlardan biri də Cəlil Məmmədquluzadə
idi. "Təzə əlifba" felyetonunda
yazırdı:
"Adam
bir çanax dadlı aşı
qabağına qoyub yeyəndə gərək bilə ki, bu
aş harada bişib və kim bişirib. İnsafdan
uzaqdı ki, qaşığı götürüb
başını aşağı salasan və
maçhamaç ilə yeyəsən və xalqı da
şişirdəsən. Amma heç
soruşmayasan ki, görəsən, bu aşı bişirən
kimdi".
Cəlil
Məmmədquluzadə "Adam bir çanax dadlı
aşı qabağına qoyub yeyəndə gərək bilə
ki, bu aş harada bişib və kim bişirib" deyəndə
"Təzə əlifba"nı da
bişirib ortalığa qoyanın kimlər olduğunu, daha
doğrusu, yeni əlifba uğrunda min bir əziyyətə
qatlanıb, onu ərsəyə gətirənləri yada
salırdı. O cümlədən
o yada düşənlər içərisində onun da zəhməti
əvəzsiz idi.
Cəlil
Məmmədquluzadə yeni əlifba tərəfdarlarının
bir vaxtlar "vətən xaini" damğası ilə
damğalandığını, indi isə müştərilərinin
artdığını da qeyd edirdi:
"Söhbət bu təzə latın əlifbası
üstündədir. Bir vaxt var idi ki, yeni hürufatçıları az qalırdılar adam içindən qovub
çıxardalar. "Budu, gəldi səfahətin
kanı". Bir vaxt var idi ki, yeni
hürufatçıların adını vətən xaini
qoymuşdular. Amma indi gəl, gör.
Bu yeni əlifbanın üstünə indi o qədər
müştəri tökülüb ki, heç bilmirsən
bişirən kimdi, düşürən kimdi. Hərə əlinə bir qaşıb alıb,
hücum çəkiblər bir nimçə dadlı yeni əlifba
aşının üstünə".
Cəlil Məmmədquluzadə yeni əlifbanın
müştərilərinin sayı artandan sonra onu
"bişirib ortaya gətirənlərə" macal verilmədiyini
də istehza ilə qeyd edirdi. Həmin macal verilməyənlərdən
biri də Mirzə Cəlilin özü idi. Buna işarə edirdi:
"Hətta dünən küçə ilə keçərkən
gördüm təzə qonaqların bir neçəsi
qollarını çırmayıb, düşüblər
nimçənin üstünə. Aşı
bişirənlərin biri aşağıdan yuxarı elə
hey haray təpirdi ki, ay nainsaflar, axır bir mənə də
macal verin. Qolları çırmaqlı
cavanlar heç qulaq asmırlar. Axır atalar deyiblər
ki, bir nimçə ləzzətli aşı
ki, qoydular qabağına, insafdan uzaqdı ki, onu yeyəndə
soruşamayasan ki, bu aşı bişirən kimdi,
düşürən kimdi? Bu adəti gözləməyin
heç eybi yoxdur". ("Molla Nəsrəddin", 13
aprel 1924, ¹6).
Cəlil Məmmədquluzadə ərəb əlifbasını
mətbuat və milli ədəbiyyatın inkişafı
yolunda ən böyük maneələrdən biri hesab edirdi. Ədib ərəb əlifbasının
latın əlifbası ilə əvəz
olunmasının zəruriliyi haqqında Mirzə Fətəli
Axundovun fikirlərini davam etdirmişdir. Ərəb əlifbası
ilə yazmağın və oxumağın çox
müşkül bir iş olduğunu nəzərə
çatdırmışdır. Ərəb əlifbası ilə
savad almağın çətinliyi haqqında C.Məmmədquluzadə
belə deyirdi: "Bunu hamı bilir ki, müsəlmanca oxumaq və
qanmaq bir hünərdir. Əvvələn, o
hürufat ki, biz yazırıq, onu oxumaq çətin bir məsələdir.
Bu barədə çox
danışmışıq. Hazır bu
yazdığım "danışmışıq" kəlməsinin
on beş nöqtəsinin biri artıq-əskik düşsə,
oxumağı çətin olacaq, vay bizim halımıza, vay
mürəttiblərin gününə, heyif
oxucularımızın gözlərinin
işığına".
Cəlil
Məmmədquluzadə "Yeni yol" qəzetinin latın hürufatına keçməsini
alqışlayırdı: "Min şükürlər olsun
ki, türklər üçün maarif bə mədəniyyət
yolu göstərildi, dünyada qeyri millətlərtək tərəqqi
etməyə geniş bir meydan açıldı. Şükürlər olsun ki, islam aləminin
qol-qanadını indiyədək səriyən iplərdən
azad olduq ki, o iplərin adı ərəb hürufatı
olsun".
Böyük
Azərbaycan ədibi "Molla Nəsrəddin"in yaradıcısı
Cəlil Məmmədquluzadə yazırdı ki: "...bizim
dilçilərimiz ədəbi, fənni akademik dili
axtarınca "Molla Nəsrəddin" açıq və
sadə türk dili (milli dil - E.İ.) ilə vurdu nəinki tək
bircə Kürü və Arazı keçdi, bəlkə, Xəzər
və Qara dəryaları da vurub Türkiyəyə və
Türküstana və Gilana keçdi və uça-uça
Qafqaz dağlarını aşıb, Qafqaza və Krıma və
sair türk ölkələrinə keçdi və bu sözə
də sübutumuz budur ki, birinci nömrəmiz türk
dünyasına dağılan kimi tək bircə həftənin
içində hər bir yerdən yazdığımız
suallara haman aydın "Molla Nəsrəddin" dilində hədsiz
cavablar idarəmizə gəlməyə başladı".
7 aprel
1906-cı ildə ilk nömrəsi çıxan "Molla Nəsrəddin"
jurnalının naşiri bu gün bütün türk
dünyası üçün aktual olan problem barəsində
yazırdı: "Həm tək bircə Qafqaz türkləri
üçün ümumi bir dil məsələsinin həlli
hələ səhldir, pəs Osmanlı türkləri, pəs
Krım və Qazan tatarları, pəs Türküstan və
Özbəkistan, pəs İran azərbaycanlıları? Pəs biz bunu etiraf edirik ki, əvvəl-axır
türk kütlələri üçün ədəbi dilə
və ümumi imlaya çox böyük ehtiyac vardır.
Və etiqadımız da bundadır ki, bir belə
dil gec-tez vücuda gələcəkdir".
Böyük ədib Mirzə Cəlilin 1906-cı ildəki
fikri belədir ki, gec-tez türklər üçün bir
vahid ədəbi (ortaq ünsiyyət dili) dil vücuda gələcək.
Elçin İBRAHİMOV
Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.22.