Dövrün xəyali mənzərəsi, yaxud

"İrşad"ın hekayə qəhrəmanları

 

"İrşad" qəzeti  (1905-1908) ictimai-siyasi iğtişaşların, inqilab coşqusunun yüksəldiyi, milli münaqişə alovlarının hələ səngimədiyi bir vaxtda mətbuat meydanına qədəm qoydu. Qəzetin fəaliyyətə başlamasından doğan sevinc və ümid hissləri redaksiyaya ünvanlanan təbrik teleqramlarında, məqalələrdə ifadəsini tapdı. Eyni duyğular bir sıra ədəbi-bədii nümunələrdə də əks olundu. Həmin səpkidə qələmə alınmış ən maraqlı əsərdən biri qəzetin nəşrinin ilk ilində, 3-cü sayında dərc olunmuş "Vaqeə (Yuxu)" hekayəsidir. Əsərdə bir demokratik mətbuat orqanının millət üçün nə dərəcədə əhəmiyyətli olduğu diqqətə çatdırılmışdır. Hekayə belə maraqlı təsvirlə başlayır: "Gözümi açıb özümü bir qaranlıq yerdə gördüm. Gözlərimə nə qədər səy etdim isə nurdan bir nişanə görə bilmədim. Qalxdım ayağə və əllərimi kor kimi qabaqə verib ayaqlarimə güc verdim. Bir müddət bu tövr gəzdim və lakin nə bir qapu tapdım və nə də əlimə bir şey dəgdi...".

Əvvəla, hekayə qəhrəmanının təsvir etdiyi qaranlığa diqqət yetirək. Bu, dövrün böyük vətənpərvərlərinin çoxunun yazısında göstərdiyi millətin gələcəyinə gedən yolu qərq etmiş zülmətdir. Cəlil Məmmədquluzadə bu qaranlığı belə təsvir edirdi: "Gözümü açıb dünyanı qaranlıq gördüm". Firidun Köçərli "İrşad"da dərc olunan, geniş müzakirələrin mövzusuna çevrilən məqaləsinə verdiyi adda - "Qaranlıqda qalanlarımız"da məhz həmin qaranlıqdan bəhs edirdi.

"İrşad"ın "Qəzetəmizin məsləki (yolu)" adlı proqram-məqaləsində yumruqlar sayəsində yuxuya gedib uzun illər qaranlıq mağarada qalmış bir toplumun oyanıb karvanı getmiş görərək öz aqibətini düşündüyündən bəhs edilir. "Vaqeə (Yuxu)"da isə qəhrəman zülmət içərisində çıxış yolu axtarır...

Ədəbiyyatşünas alim Nadir Vəlixanov haqlı olaraq yazır ki, ""Vaqeə"də 1905-ci il inqilabının təsiri ilə əlaqədar olaraq, xalqı qəflət, cəhalət yuxusundan oyatmağa qüvvətli bir çağırış görürük. Ədib rəmz üsulundan məharətlə istifadə edərək göstərir ki, elmsizlik xalqın şüurunda ətalət yaradıb. Bunu qabarıq şəkildə nəzərə çatdırmaq üçün o, hətta bir neçə yerdə təbiət aləmini durğun vəziyyətdə əks etdirir". Zülmətdən qurtuluş, cəhalətdən xilas yolu axtaran, çıxış yolunu maarifdə, elmdə görən müəllif fədakarlıqla fəaliyyətə başlamış "İrşad"a böyük ümidlər bəsləyirdi. Qəzet sonrakı sayları ilə də onun inamını doğrultdu. "İrşad" bütün fəaliyyəti boyunca  milləti işıqlı gələcəyə aparan doğru yolu göstərdi.

S.S.Axundov "İrşad" qəzetinin açılması münasibətilə qələmə aldığı bu əsəri xəyali hekayə adlandıraraq yazırdı: "Mollalar bu hekayədə əqidə pozğunluğu görürdülər. Onlar, ancaq şəriət insanlara nicat verib, işıqlığa çıxarır, deyə məni tənqid və təfkirə başladılar. Digər "Qonaqlıq" hekayəm də ağaların, Bakı milyonerlərinin, ruhanilər, alimlər və hərbi məmurların xoşuna gəlməmişdi, çünki orada mən kəndli və işçi tərəfini saxlamışdım".

N.Vəlixanovun fikrincə, S.S.Axundovun əsəri "xəyali hekayə" adlandırmasının izahı belədir: "Xəyali" dedikdə o, hekayənin üslubunda romantika çalarını diqqət mərkəzinə çəkir. C.Xəndan doğru deyir ki, "S.S.Axundovun ilk hekayələrinin üslubunda romantika da mühüm yer tutur".

S.S.Axundovun "Qonaqlıq" adlandırdığı hekayəyə gəlincə, bu əsər ilk dəfə "İrşad" qəzetində 1906-cı ilin 28-ci sayında "Bəhs" adı ilə dərc olunmuşdu. S.S.Axundovun 1936-cı ildə nəşr olunan əsərlərinin külliyyatına hekayə "Qonaqlıq" adı ilə daxil edildi. Əsərlə tanışlıqdan sonra N.Vəlixanovun bu fikirlərinə haqq qazandırmamaq mümkün deyil: ""Bəhs" sərlövhəsi hekayənin ideya və məzmununa daha uyğundur. Çünki əsərdə əsas məsələ imtiyazlı şəxslərin verdikləri qonaqlıq deyil, onların mühüm ictimai-siyasi problem barədə etdikləri mübahisədir".

"Bəhs" "İrşad" qəzetində Qərib imzası ilə dərc olunmuşdur. S.S.Axundovun bu imzadan istifadə etdiyi məlumdur. "Vaqeə (Yuxu)" hekayəsi isə bu qəzetdə Ə.S.M. imzası ilə təqdim olunmuşdur. Bu gizli imzadan S.S.Axundovun istifadə etməsi barədə isə nə müəllifin öz yazılarında, nə yaxın qohumu və araşdırıcısı Nadir Vəlixanovun tədqiqatlarında, nə də Qulam Məmmədlinin "İmzalar" kitabında heç bir məlumata rast gəlmədik.

"İrşad"ın ədəbi-bədii qəhrəmanlarının əksəriyyəti həyatın dibində yaşayan, sosial problemlərin məngənəsində çapalayan sadə insanlardır. Dövrün acı reallığı S.M. imzası ilə verilmiş "Məşhədi İsmayıl" adlı hekayədə də əks olunmuşdur. Əvvəlcə, diqqətə çatdıraq ki, bu imzadan Sultanməcid Əfəndiyev istifadə edirdi. Hekayənin mövzusu, üslubu, dili də müəllifinin məhz S.M.Əfəndiyev olduğunu söyləməyə əsas verir. Əsərdə göstərilirdi ki, XX əsrin əvvəllərində neftin Bakıya gətirdiyi şöhrət, təmtəraq mədənlərdə çalışan fəhlələrin həyatını nəinki yüngülləşdirmir, varlanmaq istəkləri bitməyən sahibkarların sayəsində daha da ağırlaşdırır, özlərini və ailələrini fəlakətlərə düçar edirdi. "Məşhədi İsmayıl" hekayəsində də Balaxanı neft mədənlərindən birində işləyən fəhlənin və onun ailəsinin olduqca ağır güzəranından bəhs edilir. Müəllif əsərdə cərəyan edən hadisələrin başlanğıcından sonunadək peyzajdan məharətlə istifadə etmiş, təbiətlə qəhrəmanlarının ovqatı, başlarına gələn müsibətlər arasında bənzərlik yaratmağa müvəffəq olmuşdur. Hadisələr qışın şaxtasının şiddətləndiyi, Bakının dəlibaş xəzrisinin Balaxanı mədənlərində meydan suladığı bir axşam baş verir. Orda-burda vışkaların üstündən taxta paralarını şimal yeli qoparıb atır. Maraqlıdır ki, hekayədə özü ilə bəlalar gətirən şiddətli küləyin, tufanın şimaldan gəldiyi yazılır. Adətən, ədəbiyyatımızda "şimal küləyi" ifadəsi ilə Rusiya imeriyasına işarə vurulur.

Hekayədə təbiətin kədərli mənzərəsi faciəli hadisə boyu davam edir və olduqca kədərli, ümidsiz sonluqla bitir. Qeyd edək ki, Məşhədi İsmayıl ümumiləşdirilmiş obrazdır. Müəllif onun timsalında XX əsrin əvvəllərində Bakı neft mədənlərində çalışan fəhlələrin və onların ailələrinin çarəsizliyini diqqətə çatdırırdı. O, qəhrəmanlarının real vəziyyətindən, problemlərlə dolu həyat hekayətindən xəbərdar idi, onların halına acıyır, bu biçarə insanlara kömək edə bilmədiyinə kədərlənir və səmimiyyətini oxucusuna hiss etdirə bilir.

Üzeyir imzası ilə "İrşad"da dərc olunmuş "Pristav ağa" satirik hekayəsində də sadə insanların acınacaqlı həyatı təsvir edilir. Lakin satiranın tələblərinə uyğun olaraq müəllif oxucusunu göz yaşlarına boğmur, onu güldürərək düşündürür.

Əsərdə XX əsrin başlanğıcında Azərbaycan kəndi təsvir edilir. Müəllif - Ü.Hacıbəyli sosial ədalətsizlik, ictimai gerilik və s. kimi bir çox problemlərə toxunur. Əsərin ilk cümlələrində M... kəndi əhalisinin xof, vahimə ilə bir-bir komalarından çıxaraq küçədə toplaşmasını, "Allah özü sovuşdursun" deyə təlaşa düşməsini təsvir edən müəllif bunun səbəbini öyrənmək istəyən oxucusunu çox intizarda saxlamır. Məlum olur ki, dünən "strajnik "bəy" kəndə gəlib, qabağına çıxan ağsaqqalları xubunca döyüb-söyəndən sonra, "sabah pristav ağa gələcək" - deyib və döydüyü ağsaqqalların birinin evində gecələyib, səhər atını minib geri qayıdıb. Həm də onun kəndə gələndə cibində olan beş-altı qəpik pulu bir gecənin içində beş-altı manata qalxıb". Müəllif yazırdı ki,  bu "möcüzə"nin sirri ev sahibi ilə cib sahibinə məlum idi. Döyülən, söyülən, rüşvət vermək məcburiyyətində qalan kəndliləri isə yalnız bir sual, pristav ağanın hansı səbəbdən gələcəyi düşündürürdü.

Axşamçağı camaatın intizarına son qoyulur. Təmtəraq, təntənə, dəbdəbə ilə qarşılanan pristav özünü M... kəndində keçmiş padşahlar kimi aparır, o, strajnikdən daha zalım davranaraq kəndlilərin hərəsini bir növ ilə döydürür. "Bu drama səhərdən günortayadək imtidad çəkdi ki, ondan sonra pristav ağa bu qədər zəhmətdən artıq yorulub, girdi otağa və kənd mollasının evində şərəfinə goşidə edilmiş ziyafətdə (ziyafətdə pristavdan savayı bir də Kərbalayi Bünyadəli var idi) mükəmməl surətdə bir nahar edib, istirahət üçün bir-iki saat şirin yuxuya mastəqriq oldu..." .

"İrşad" qəzetinin təqdim etdiyi ədəbi-bədii əsərlərin mövzusu, əsasən, dövrün real hadisələrindən götürülmüşdür. Azərbaycanlıların sosial həyatı, ağır güzəranı müxtəlif hadisələrin fonunda öz əksini tapmışdır. "İrşad"da yer verilmiş hekayələrin qəhrəmanları yaş, məkan və digər fərqlərlə diqqəti cəlb etsələr də, ictimai gerilik, sosial ədalətsizlik onların hər birinin həyatına ağır təsir göstərmişdi.

 

Zöhrə FƏRƏCOVA

 

Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.24.