Qaş düzəldən yerdə
hekayə
Dekabr ayının sonuncu cüməsi idi. Beşmərtəbəli
binanın sakinləri həyətdə öz əlləri ilə
tikdikləri xeyir-şər evində domino oynayırdılar.
Növbəyə duran çox idi. Səs-küydən qulaq tutulurdu. Uduzan cütlük oyunu tərk edir, yerinə
başqa cütlük daxil olurdu. Səhv gedişlər
olanda ara daha da qızışır,
mübahisə son həddə çatırdı. Dominonun daşlarını elə qeyzlə
çırpırdılar ki, səsi yaxınlıqdakı mənzillərdə
də eşidilirdi.
Burada hamı bərabər idi. Heç kim
bir-birindən üstün deyildi. Müəllimi
də, alimi də, fəhləsi də eyni adı
daşıyırdı - qonşu. İndi
onları bir araya gətirən domino idi. Ümumilikdə
götürəndə pis qonşu deyildilər. Xeyir işlərdə tam olmasa da, yas mərasimlərində
hamılıqla bir-birinə həyan olur, yaxından köməklik
edirdilər.
Dekabr ayı olsa da, içəri isti idi. Bir tərəfdə
odun peçi yanır, o biri tərəfdə samovar
qaynayırdı. Uduzan tərəf masadan
qalxandan sonra həm də çayları təzələməyə
borclu idi.
Sıra
şirkət rəhbəri işləyən Cəbrayıl
müəllimə çatanda səs-küy bir qədər səngidi,
oyuna böyük nüfuzu olan adam
qoşulduğu üçün zarafatlar, deyib-gülmələr
də kəsildi. Cəbrayıl müəllim yerini
rahatlayıb cütdaşına dedi:
- Bəhlul,
qonşu, bir az diqqətli ol ki,
ogünkü məğlubiyyətin əvəzini
çıxaq.
- Baş
üstə, - deyə həyətdəki marketdə gözətçi
işləyən qapıbir qonşusu Bəhlul kişi
cavab verdi.
Məhəllədə Cəbrayıl-Bəhlul
cütlüyü ən güclü komanda
sayılırdı. Hər ikisi İqtisad Universitetini
bitirmişdi. Gedişləri sonacan
hesablayır və oyunu əzbər bilirdilər.
İlk oyun maraqlı keçdi. Cəbrayıl müəllimgil
qalib gəlib keçən dəfəki məğlubiyyətin
qisasını ala bildilər. Ancaq növbəti
oyunda əlləri gətirmədi. Oturmaqları
ilə durmaqları bir oldu.
Meydan bərk qızışmışdı. Nə
çay istəyən vardı, nə də çay gətirən.
Bəhlul kişi qanı hədsiz qaralan Cəbrayıl
müəllimin bayıra çıxdığını
görüb, ''Heç bu uduzmaq yerinə düşmədi'',
- deyə düşündü. Amma fürsəti
də fövtə vermək olmazdı, Cəbrayıl müəllim
bir də haçan rastına çıxacaqdı? Tez onun dalınca yüyürdü. Və
qonşusuna çatan kimi də üzrxahlıqla söhbətə
başladı:
- Siz
Allah, üzrlü sayın, mən əlimdən gələni
elədim. Nəsə bizimki gətirmədi...
- Boş
ver, əşşi, adam udar da, uduzar da, -
deyə Cəbrayıl müəllim cavab verdi.
Bəhlul
kişi aralarındakı mehriban münasibətdən
istifadə edib üzünə üz bağladı:
- Cəbrayıl
müəllim, demişdiz, münasib iş olsa, məni
götürəcəksiz.
-
Yadımdadı, qonşu, - Cəbrayıl müəllim dedi, -
Hələ ki boş yer yoxdu. Bir az səbirli
ol. Mən sözümə əməl edən
adamam.
- Bilirəm,
qardaş. Allah sizi bizlərə çox görməsin, - deyə
Bəhlul kişi minnətdarlığını
bildirdi.
İçərinin istisindən sonra çöldə
dayanmaq heç də xoş deyildi. Soyuq külək
adamın üzünü qarsayırdı. Bəhlul kişi qonşusunu çox narahat etməsin deyə,
sağollaşıb getmək istəyirdi. Amma bu vaxt Cəbrayıl
müəllim nə fikirləşdisə, üzünü Bəhlul
kişiyə çevirib dedi:
-
Qonşu, sabah, birigün nə iş
görəcəksən?
- Necə
ki, qağa? Uşağa deyərəm, əvəzimnən
marketdə dayanar. Nə əmriniz varsa, buyurun. Mən
hazır.
- Yox, əşşi.
Əmrim-zadım yoxdu. Çoxdandı kənara
çıxa bilmirəm. Sabah arvadı da
götürüb Qubaya getmək istəyirəm, Qəçrəşdə
istirahət etməyə. İstəsən, sən də
arvadı
götürüb bizə yoldaş ola bilərsən.
Kampaniya ilə getmək daha maraqlı olur.
Bəhlul
kişi bu gözlənilməz təklifdən
çox sevindi. Cəbrayıl müəllimlə
birlikdə yola çıxmaq onun üçün
böyük şərəf idi. Odur ki, fikirləşmədən
dedi:
- Nə
deyirəm, qonşu. Böyük məmnuniyyətlə.
Ancaq bir xahişim olacaq, gərək inciməyəsən.
- Buyur.
- Bizim xərcimizi
özüm çəkəcəm.
-
Əşşi, rəhmətliyin oğlu, orada nə xərc
var ki, sən çəkəsən, - deyə Cəbrayıl
müəllim cavab verdi.
Bəhlul
kişi tez dedi:
- Yox, yox.
Elə deməyin, başınıza dönüm. Əlimi
cibimə salmalıyam. Yoxsa rahat olammaram.
Səhər saat doqquzda qonşular evlərinin
kandarında çantaları əllərində hazır vəziyyətdə
idilər. Cəbrayıl
müəllim çox təkid etdisə də, Bəhlul kişi onların təzə "Jeep"
maşınına oturmaq istəmədi. "Adama üz verəndə
astar da istəməz ki…" - deyə Bəhlul kişi
düşündü. Və üzünü Cəbrayıl
müəllimə tutub dedi:
-
Qonşu, siz narahat olmayın e. Uzaq yol deyil ki. Ayrı-ayrı
getsək, yerimiz də rahat olar. Üstəlik, mənim
"Jiquli"min də eyni bir az açılar. Hələ
indiyə kimi onu şəhərdən qırağa sürməmişəm.
Cəbrayıl müəllim maşını sürətlə
sürməyi sevməzdi. Həmişə deyərdi ki, qoy
beş dəqiqə gec çataq, ancaq salamatçılıq
olsun. Onun bu xüsusiyyəti Bəhlul kişinin xeyrinə idi.
Çünki maşını çox köhnə idi. Bununla belə, salamat idi. Hələ
indiyə kimi bir dəfə də olsun sahibini yolda
qoymamışdı. Bəhlul kişi
Allaha yalvardı ki, yolda maşınına bir şey
olmasın. Yoxsa Cəbrayıl müəllimi məyus
etmiş olar.
Qonşular Qəçrəşə çatandan sonra
asfalt yoldan çıxıb maşınları sıx meşə
qatı ilə örtülü olan dağın üstündəki
"Ulduz" hotelinə sürdülər. İşçilər
qonaqları görən kimi qabağa yüyürdülər.
Cəbrayıl müəllim əl verib onlarla
görüşdü:
- İşlər necədi, qoçaqlar?
- Sağ
olun, müəllim, - deyə öndə olan oğlan cavab
verdi. - Hər şey qaydasındadı. Otaqlarınız
da hazırdı.
Bəhlul
kişi anladı ki, Cəbrayıl müəllim
yola çıxmazdan əvvəl zəng edib yerləri sifariş
verib.
İki mehriban ailə hoteldə də qonşu
düşdü. İntəhası şəhərdəki
evlərindən fərqli olaraq, burada qapıları üzbəüz
deyil, yanaşı idi. Qonşular
otaqlarına keçib rahatlandılar. Təxminən
bir saat sonra Cəbrayıl müəllim dəhlizə
çıxıb qonşusunun qapısını yavaşca
döydü. Elə bil Bəhlul kişi
qapının arxasında dayanmışdı. Qapının
döyülməsi ilə açılması bir oldu.
- Buyurun,
qağa, eşidirəm, - deyə Bəhlul kişi
tez dilləndi.
Cəbrayıl
müəllim dedi:
-
Qonşu, vaxtdır. Gedəyin, bir tikə
çörək yeyəyin. Bunların yaxşı
kababları olur.
-
Qağa, and olsun Allaha, aclığımız yoxdu, - deyə Bəhlul
kişi tez cavab verdi. - Səhər evdən
tələsik çıxmışdıq deyə, yemək
yeyə bilməmişdik. Bura çatan kimi gupadıq getdi.
Nuşi-canınız olsun, siz gedin yeyin.
Cəbrayıl
müəllim qonşusu ilə razılaşmaq istəmədi:
- A kişi, sən nə danışırsan? Hər
gün kabab yemirik ki! Bir tikə kababla heç nə
olmaz. Yığışın, gedəyin. Mən qonaq eləyirəm.
- Üz
vurmayın, ay qağa. Başınıza dönərəm.
Utanmırıq ki. Ac olsaq, gedərdik.
Qar yağmasa da, hava əməlli-başlı soyuq idi. Cəbrayıl müəllimlə
həyat yoldaşı hotelin yan tərəfində yerləşən
restoranın geniş, işıqlı salonunda oturub yemək
yeyirdi. Ər-arvad ətrafa nəzər salır, nəyi isə
müzakirə edir, deyib-gülürdü.
Cəbrayıl müəllimin işi çox
olduğundan şəhərdən kənara çıxıb
istirahət etməyə heç cür vaxt tapa bilmirdi. Odur ki, bugünkü səfərindən
o qədər məmnun idi ki, heç olmayan kimi. Şəhərin
səs-küyündən uzaqlaşmış, mobil telefonunu da
söndürmüşdü. Baş-beyni dincəldikcə
canında bir rahatlıq hiss edirdi. Bəhlul
kişini yol yoldaşı seçmişdi ki, darıxıb-eləsə,
arada onunla söhbətləşib fikrini dağıtsın.
Amma Bəhlul kişinin də keçməyəsən
bu xasiyyətindən. Heç kampaniya
adamı deyilmiş. İndi qonşusunu
öz həyat yoldaşı Ləman xanım əvəz
edirdi.
Bəhlul kişigil otaqda nə edirdilər, bilən yox
idi. Axşama kimi bir dəfə də olsun
qapıları açılmadı. Nə
otaqdan çölə çıxan oldu, nə də içəri
girən. Şam yeməyinin vaxtı
çatanda Cəbrayıl müəllim yenidən
qonşularının qapısını döydü.
Heç iki saniyə keçməmiş Bəhlul kişi qapını açdı:
- Buyurun,
qardaş. Xoş gəlmisiz, keçin içəri.
- Yox,
keçmirəm. Bu gün heç çölə
çıxmadın. Dedim, görüm, neyniyirsən.
- Sizin
sağlığınız. İçəridə arvadla
özümüz üçün mırt vururduq, - deyə Bəhlul
kişi cavab verdi.
Cəbrayıl
müəllim məsləhətindən qalmadı:
- A kişi, çıxın bir təbiətə,
görün nə var, nə yox. Bu havadan
Bakıda tapmıyacaqsız. Söhbəti
evdə də edərsiz də.
-
Düzü, qorxduq xəstələnib-eliyək, ona görə
çıxmadıq. Bilirsiz də, dərmanlar od
qiymətinədi.
Cəbrayıl
müəllim başını bulayıb mövzunu dəyişdi:
- Di yaxşı,
hazırlaşın, gedək şam yeməyinə. Naharda da qoşulmadız bizə.
Bəhlul
kişi tez qonşusunun qolundan
yapışıb cavab verdi:
- Müəllim,
bəlkə, siz bizə qonaq olasız? Arvad yaxşı dolma
bişirib gətirib. Kələm dolması.
Cəbrayıl
müəllim hiss etdi ki, qonşuları onlara heç nədə
yük olmaq istəmirlər deyə, yoldaşlıqları baş
tutmayacaq. Odur ki, söhbəti
çox uzatmadı:
- Bəhlul,
biz kabab yemək istəyirik. Hinduşka kababı. Sizi də dəvət
edirəm. İstəsəniz, gələrsiz.
***
Artıq
axşam geridə qalmışdı. Başqa müsafirlər
kimi, qonşular da öz isti otaqlarına çəkilib gecəni
rahatca uyudular. Yuxudan ayılanda isə gözlərinə
inana bilmədilər. Səhərə qədər
yağan aramsız qar hər tərəfi ağ
örpəyə bürümüşdü.
Bəhlul
kişinin kefi tamam pozuldu: "Evim yıxıldı! Bu zıppıltıda maşını necə
çıxaracam, Bakıya necə gedəcəm?" - deyə qarnını ovuşdurmağa
başladı.
Cəbrayıl
müəllimsə qarı görüb uşaq kimi sevindi:
- Bəxtimizi
görürsən, arvad? Heç ağlına gələrdimi
belə zərif, belə gözəl qar görəcəyik?
- Yox, gəlməzdi,
- həyat yoldaşı Ləman xanım sevincək halda cavab verdi. Və
zarafatından da qalmadı, - Bilsəydim, evdən termos gətirərdim,
uşaqlara da qar aparardıq.
Bu dəfə Cəbrayıl müəllimgilin
qapısı döyüldü.
-
Qağa, hər tərəfi qar basıb, burdan necə
çıxacayıq? - deyə Bəhlul
kişi həyəcanlı halda soruşdu.
Cəbrayıl
müəllim ona təsəlli verərək dedi:
- Narahat
olma, qonşu. Bir çarə tapılar.
Saat on
ikiyə az qalırdı. Qar
hələ də yağmaqda davam edirdi. Bəhlul
kişini fikir aparmışdı. Arvadı Səhnə
xanım ərinin təşviş içində olduğunu
görüb dedi:
-
Kişi, niyə narahat olursan? Məcbur deyilsən
ki, maşını minib çapasan. Yavaş-yavaş
sürərsən, gedərik də.
- Sən
nə danışırsan, ay arvad?! Qəpik-qəpik
artırıb iyirmi ilə köhnə bir maşın
almışıq, deyirsən, onu da dərələrə yem
eləyək? Keçəl təkərlərlə
bu yoxuşu enməkmi olar? Maşın
sürüşüb ağaclara, dağa-daşa dəysə,
əzilib şil-küt olmazmı? Necə
təmir edərik, artıq pulumuz var?!
- Bəs
onda neyniyək? - arvadı soruşdu.
-
Heç nə. Piyada aşağı enib yol
maşınları ilə gedərik. Qar əriyənnən
sonra gəlib maşını apararam.
Cəbrayıl müəllimgil də yola düşməyə
hazırlaşırdı. Ləman xanım dedi:
- Cəbi,
yollar buz
bağlayıb. Bəlkə, maşın
qalsın, piyada enək? Aşağıdan
bir maşın tutub gedərik.
- Sən
nə danışırsan, ay arvad? - Cəbrayıl müəllim
narahat oldu. - Deyirsən, yıxılaq, qol-qabırğamız
sınsın? Maşındı da, əzilir, əzilsin. Təki
canımıza xətər dəyməsin.
Otaqlarının pulunu gizlində
gedib ödəyərək Cəbrayıl müəllimi xeyli
dilxor edən Bəhlul kişi çox
çalışsa da, Cəbrayıl müəllimin
maşınıyla getmək təklifini poza bilmədi.
...Qonşular
gəlib sağ-salamat çatdılar evlərinə.
Bəhlul
kişi heç özündə deyildi,
fikri maşınının yanında qalmışdı.
Cəbrayıl müəllim, kefi kök olsa belə,
qonşusunun nigarançılığını görüb
bu işdə özünü günahkar sayır, Qəçrəş
səfərinin peşmançılığını da
yüngülcə yaşayırdı.
***
Bəhlul
kişinin səbri tamam tükənmişdi. İki həftə
idi ki, maşını dağın üstündə onu
gözləyirdi. Qaldıqları hotelə zəng edib
oradakı vəziyyətlə hər gün
maraqlanırdı. Qar isə ərimək bilmirdi ki bilmirdi.
Gözləmək lazım idi, başqa çarə
qalmamışdı. Daha bir həftə
keçdi. Amma qar ərimək əvəzinə
yenidən və daha çox yağdı.
Növbəti
domino oyununda Bəhlul kişinin hədsiz
qanqaraçılığını görən Cəbrayıl
müəllim gözlənilməz bir təklif etdi:
-
Qonşu, bu rəqiblər keçən dəfə bizə
qan uddurublar. Bax, yaxşı oynasan, onları
udsaq, maşınını Qəçrəşdən
evakuatorla gətizdirmək mənim boynuma.
Təklifdən Bəhlul kişinin çiçəyi
çırtladı. Özünü ələ alıb tam
toparlandı. Sanki adi domino oyununa deyil,
ölüm-dirim savaşına çıxacaqdı.
Aləm Kəngərli
Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.28.