“Mən həmişə çalışmışam ki,

tərəf-müqabili üçün oynayım”

 

"Dördüncü divar" layihəsinin qonağı - Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafael Dadaşovdur

 

- Rafael müəllim, sizi öz fakturasından, yaraşığından ağıllı formada istifadə edən aktyor kimi qiymətləndirirlər. Bu fikirlə nə qədər razısınız?

- Mən bunu özüm də etiraf edirəm. Teatra qəddi-qamətimlə, zahiri görünüşümlə gəldim. "Azdrama"ya gözəl, peşəkar aktyor kimi gəlməmişəm. İndi başlasam ki, belə aktyor idim, elə aktyor idim düz çıxmaz. Çünki haqq-ədalət adamıyam. Sadəcə, görünüşüm çox baxımlı idi. İndi Allah-Taala belə yaradıb da. Nə qədər həqiqətə uyğun olub-olmadığını deyə bilmərəm, amma cavanlıqda Alen Delon deyirdilər. Həmin vaxt teatrın baş rejissoru olan Tofiq Kazımov məni "Don Juan" əsərinə dəvət elədi. Mən indi Don Juanın atasını oynayıramsa, teatra gəlişimlə Don Juanın özünü oynamışam.

- Səhnədə özünüzü hansı aktrisalarla daha rahat hiss etmisiniz?

- Vallah, hamısı ilə uğurlu tandemlərimiz olub. İstəmirəm kiminsə ünvanına deyim ki, filankəs zəif aktrisadır. Bilirsiniz, bəlkə də, mən yaxşı tərəf-müqabili olmuşam ki, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Bəsti Cəfərova, Zemfira Nərimanova ilə səhnələrimiz yaxşı alınıb, tamaşaçı bizə inanıb. Eyni zamanda da kişi aktyorlarımızla uğurlu səhnə işlərimiz olub. Mənim səhnə prinsipim həmişə bundan ibarət olub: Sən çalış, yaxşı ol. İstər indiki nəsillə, istərsə də əvvəlki nəsillə səhnədə həmişə yaxşı olmuşam. İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli, Nəcibə Məlikova ilə müxtəlif tamaşalarda iştirak etmişik. Həmişə yaxşı olmağa çalışmışam.

- Bəs Hökümə Qurbanova ilə necə, bir səhnəni bölüşmüsünüz?

- Yox, açığı, Hökümə Qurbanova ilə mən səhnədə olmadım. Onun vaxtında teatrda olmuşam. Görüşürdük, salamlaşırdıq, amma bir tamaşada iştirak etmək qismət olmadı. Qızı Vəfa xanımla "Göz həkimi" tamaşasında çox yaxşı tandemimiz alınıb. Vəfa xanım rəhmətlik yaxşı aktrisa idi.

Mənim ilk səhnə işim olan "Ümid" tamaşasından sonra rəhmətlik İsmayıl Osmanlı mənə dedi: "Oğlum, hələ çiysən, hələ səhnə hərəkətini, texnikasını tapmamısan, amma sənin təbiiliyin məni valeh elədi, ürəyimə daxil ola bildin. Ülvi Rəcəbdən sonra bu teatrda ikinci elə təbii aktyor sənsən".

- Və aradan bu qədər zaman keçsə də, sizin təbiiliyiniz itmədi...

- Elədir. Görünür, bu da mənə genlərim vasitəsilə ötürülüb, nənəmdən də gəlir. Mənim ana nənəm Xədicə xanım milliyyətcə Kazan tatarı olub. O, Naxçıvana gələndən sonra azərbaycanlı hərbçi ilə, yəni mənim babamla ailə qurub və Naxçıvan Teatrında işləməyə başlayıb. O, olduqca gözəl və təbii aktrisa olub. Anamdan çox, onun yanında olmuşam. Çünki məni nənəm böyüdüb. Təbii ki, atam Məlik Dadaşov faktoru da var. Anam Sofa xanım, həmişə deyirdi ki, oğlum, baxıram sənə heç nə etmirsən, amma təbiiliyinə vuruluram.

- Ananız Naxçıvanda yaşayırdı. Sizin tamaşalarınızı səhnədən izləmək imkanı olurdu?

- Sofa xanımı bütün tamaşalarıma dəvət etmişəm. O da mənim bütün tamaşalarıma gəlib ön sırada əyləşib izləyərdi. Çox həssas qadın və aktrisa idi. Güclü duyumu vardı. Bir dəfə Anarın "Şəhərin yay günləri" əsəri əsasında hazırlanan tamaşada mənim oğlum qəza törədir və bunu gəlib xəbər verir. Oğlum rolunu rəhmətlik Telman Adıgözəlov ifa edirdi. Amma o, həmişə tamaşadan əvvəl mənə deyirdi, həmin səhnə məndə alınmayacaq. Onun bu narahatlığı da başa düşülən idi. Çünki komik aktyor idi. Bir dəfə də belə deyəndə dedim Telman, qorxma, sən öz sözlərini deyəndə ancaq mənim gözlərimə baxarsan.

Həmin səhnə başlananda mən stulda oturub heç nə etmədən əllərimi sıxıram. Və həyəcandan əllərim ağappaq ağarır. Anam mənim həyəcanımı əllərimin ağarmasından tutmuşdu. Sonra o mənə dedi ki, bala, sənin barmaqların qırılmadı? Çox təsirli səhnə alınmışdı. Telman kimi komik aktyor həmin səhnədə ağladı, bütün zal da ona qoşulub ağlayırdı. Yəni sözümü ona gətirirəm ki, təbiilik həm də səhnədə heç nə etmədən tamaşaçını inandırmadır. Bunları, bu xırdalıqları universitetdə keçmirlər. Təcrübə vasitəsilə qazanırlar. Stanislavski sistemi nəzəriyyədir. Təcrübə isə səhnədə əxz olunur. Məlik Dadaşov da tədris teatrında tələbələrinə təcrübəni göstərəndə yıxıldı və öldü...

- Tamaşa üzərində iş prosesindən söhbət düşəndə aktyor və rejissor vəhdətindən söhbət açılır. Bəs, sizcə, dramaturq aktyor vəhdəti nə qədər vacibdir?

- Heç bir şəkildə vacib deyil. Sadəcə olaraq, çox vaxt dramaturqun müdaxiləsi mane olur. Ola bilər hansısa məqamda dramaturq rejissorun, aktyorun tapa bilmədiyi sətiraltı cəhəti, incəliyi açıb deyə bilər ki, bu da məşqlərin gedişatına nələrdəsə kömək edə bilər. Amma ümumilikdə, dramaturqun müdaxiləsi düzgün deyil. Belə olsa, onda dramaturq da çevrilib olur rejissor.

- Siz yazıçı-dramaturq İlyas Əfəndiyevin xeyli əsərində baş rolları ifa etmisiniz. Bildiyimə görə, İlyas müəllim öz əsərlərinə qarşı çox həssas və mühafizəkar olub...

- İlyas müəllimin əsərlərində özbaşınalıq etmək, onun bir sözünü iki eləmək olmazdı. O, tamaşanı təhvil verənə qədər məşqlərdə iştirak edirdi. Hətta mətnlərin ilk oxunuşunda belə gəlirdi. Biz də bu kimi hallarda əsərə müəyyən bir ciddiyyətlə yanaşırdıq. Bir dəfə "Büllur sarayda" tamaşasında sevgilim tərəfindən təhqir olunuram. Onda mətndə olmaya-olmaya birdən qayıdıb dedim ki, ay qız, bəs sən həmişə mənə "moy lyubimıy Alen Delon" deyirdin. Nə oldu indi məndən zəhlən getdi? Bu sözlərdən sonra zalda gülüş partlayışı baş verdi. Bunu İlyas müəllimə çatdırmışdılar. Tamaşadan sonra mənə zəng vurub dedi ki, o nədi ə, özbaşınalıq edib zarubejni artistləri propaqanda edirsən? Mən elə sözlər yazmamışam, demə.

Dedim - axı İlyas müəllim, siz bunların hamısını həyatdan götürürsünüz də. Həyatda bir qız bir oğlana mənim Koroğlum, Babəkim, Alen Delonum deyir axı. Ondan sonra dedi ki, həə, heç mən bunu fikirləşməmişdim. Yaxşı, bundan sonra deyərsən.

Tək İlyas müəllim yox, mən eşitdiyimə görə, Cəfər Cabbarlı da həmişə əsərlərinin məşqində iştirak edib. Amma nə qədər müdaxiləsi olub deyə bilmərəm.

- Atanız Məlik Dadaşovun vaxtilə "Nişanlı qız", "Cehizsiz qız" və "Ölülər" tamaşasındakı Camal, Paratov və Şeyx Nəsrullah rollarını sonralar siz də teatr səhnəsində ifa etmisiniz. Bu obrazlar üzərində işləyərkən atanızın ifasından nələrsə əxz etmisiniz?

- Məsələ burasındadır ki, mən bu barədə çox vaxt danışmamışam. Müəyyən ştrixlərdə, baxışından, duruşundan istifadə etmişəm. Məlik Dadaşov "Cehizsiz qız" tamaşasında Paratovu ifa edəndə mən də orda Vojevatov rolunu ifa edirdim. Sonra atam xəstələndi. Onun sağalması, səhnəyə qayıtması tam məlum olmadığından Ələsgər Şərifov atamın rolunu mənə tapşırdı. Mən, sözün düzü, əvvəl imtina elədim. Amma rejissor dedi ki, Məlikdən sonra bu rolu ancaq sən ifa edə bilərsən. Həm də mən Məlik Dadaşovun Paratovunu yaxından izlədiyim üçün tamaşa və obrazlarla xeyli tanışlığım vardı. Ona görə də mən öz Paratovumu ifa edəndə Məlik Dadaşovun Larisaya necə yaxınlaşmasını, əlindən tutmasını, ətrafında fırlanmasını yadıma salırdım və yaxşı mənada müəyyən şeyləri öz ifama daxil edirdim. Bütün bunlar da məndə alınırdı, çünki Məlik Dadaşovun qanı mənim damarlarımda axır. Mən səhnədə Paratovu ifa edəndə deyirdilər ki, elə bil Məlikdir. Nəcibə xanım sonradan atama demişdi ki, Məlik, oğlun Paratovu yarada bildi. Əstəğfürullah mən demirəm ki, atamdan yaxşı ifa etmişəm. Amma mən də Paratovu yaxşı ifa etdim. Şeyx Nəsrullah obrazında isə atamla mənim Nəsrullahım tamam fərqlidir. 1964-cü ildə Tofiq müəllimin hazırladığı "Ölülər"dəki Nəsrullah elə bil ingilis agenti idi. Surtukda və baboçkada səhnəyə çıxırdı. Hətta mənim yadıma gəlir ki, Tofiq müəllimi o tamaşaya görə bir balaca tənqid də etmişdilər. Amma o da öz Şeyxini elə görmüşdü, elə həll eləmişdi. Yəni mənim əbalı, rübəndli Şeyx Nəsrullahımda atamdan heç nə yoxdur. Bəlkə, bir az danışıq tərzimiz bir-birinə bənzəyə bilər. Qaldı ki, "Nişanlı qız" tamaşasına, burada da Məlik Dadaşovluq heç nə yoxdur. Onun iştirak etdiyi "Nişanlı qız" tamaşası 50-ci illərin əvvələrində repertuarda olub. Tərəf-müqabili isə Hökümə Qurbanova olub. Mən, açığı, heç həmin tamaşanı görməmişəm. Amma deyilənə görə, çox gözəl tamaşaymış. Mənim iştirakımla olan tamaşanın rejissoru isə atam idi. Və bizim tamaşamız daha müasir, şən əhval-ruhiyyədə hazırlanmışdı. Bəsti Cəfərova ilə də duetimiz çox yaxşı alınmışdı. Biz o tamaşa ilə Gürcüstanda qastrolda olanda tamaşa haqqında orda qəzetdə yazmışdılar və ikimizin adını xüsusi qeyd etmişdilər.

- Sənət dostlarınız sizin haqqınızda "o, heç vaxt tərəf-müqabilindən ehtiyat etməyib, başqa aktyorun kölgəsində qalmaq problemi yaşamayıb" kimi fikirlər də səsləndirirlər...

- Düzdür. Mən, hətta bir az da artıq deyim ki, həmişə tərəf-müqabilinə dəstək olmaq üçün çalışmışam. Öz ifamla istəmişəm ki, tərəf-müqabilimə ürək-dirək verim, o, məndən qidalansın. Çox vaxt özüm üçün yox, qarşı tərəfdəki aktyor üçün oynamışam. Çünki qarşı tərəf inanmalıdır ki, obraz ona nifrət edir, yoxsa sevir. Bu bir aktyor kimi mənim işimdir. Buna sübut kimi sizə bir əhvalat danışım. Mərahim Fərzəlibəyov 1986-cı ildə İlyas Əfəndiyevin "Şeyx Xiyabani" pyesini hazırlayırdı. İlyas Əfəndiyev də həmişə obrazlarına çox gözəl adlar seçirdi. Orda mənim adım Araz, sevgilimin adı isə Səhər idi. Tamaşa nümayiş olunan gün televiziyadan çəkiliş də gəlir. Mənim tərəf-müqabilimi ifa edən aktrisa isə xəstələnir. Rejissor həmin aktrisanın rolunu başqa aktrisaya verir, hansı ki, həmin aktrisa o rolun öhdəsindən gələ bilməzdi. Digər tərəfdən isə o biri aktrisa xəstələnsə də, neçə vaxtdır mənimlə bərabər öz rolunun zəhmətini çəkmişdi. Ancaq həmin gün çəkiliş olacaqdı və tarixə o yox, birgünlük aktrisa düşəcəkdi. Onda Mərahimə dedim ki, belə eləmə. Mən o qızı səhnədə sevə bilmərəm, ona Səhər deyə bilmərəm! Amma xəstələnən o biri aktrisa ilə səhnədə sevgi dialoqlarım alınıb. Bununla isə alınmayacaq. Rejissor mənimlə razılaşmadı. Çəkiliş oldu, mən isə səhnədə şikəst bir adam obrazını ifa etdim. Həmin əsərdə həm də Amaliya xanımın ifa etdiyi rolunun sevgilisiydim. Rəhmətlik Amaliya xanım mənə dedi ki, "sən mənim sevgilimsən, niyə şikəst kimi gəzirsən?". Mən isə dedim ki, "Amaliya, incisən də, inciməsən də mən rejissorun acığına bu tamaşanı sona qədər belə şikəst ifa edəcəm".

- Yəni özünüz bilərəkdən etdiniz?

- Bəli, bilərəkdən, qəsdən tamaşanı korladım. Həmin tamaşa bu günə qədər heç bir yerdə yoxdur. Çünki bu, haqsızlıq idi. Yəni sözümü ona gətirirəm ki, mən həmişə çalışmışam, tərəf-müqabili üçün oynayım. İstəmişəm ki, tərəf-müqabilləri bir-birinə yaraşsın. Misal üçün, bizim Bəsti Cəfərova ilə tandemlərimiz həmişə ona görə uğurlu olub ki, biz bir-birimizə yaraşmışıq.

- Rafael müəllim, şeir yazmaq ehtiyacınız nədən yarandı?

- Daha çox qızım Səidəyə kömək məqsədi ilə şeirlər yazdım. Xüsusi musiqilər olurdu ki, onlara sözlər yazırdım, Səidə də ifa edirdi. Bu da təxminən iyirmi il əvvələ təsadüf edir. Uzun illər Novruz Aslanın musiqilərinə yazdım. Onda Səidə "Qızıl Açar" mahnı müsabiqəsində laureat da oldu. Sırf özüm üçün yazdığım şeirlərim də var.

- Qızınıza qarşı çox həssassınız?

- Balamdır axı, başqa cür ola bilməz. O biri övladlarımı da çox istəyirəm. Amma Səidəyə sənət baxımından dəstək olmaq istəmişəm. İndi də oluram, konsertlərinə gedirəm, iştirak edirəm ki, özünü arxalı hiss edə bilsin. Bilirsiniz, ata, ana adı bir tituldur. Bunu qazanmaq lazımdır. Əgər valideyn uşağının əziyyətini çəkmirsə, ona görə yuxusuz qalmırsa, istiyə, soyuğa düşmürsə, onda o nə ata, ana olur?! Axı uşaqlar həmişə balaca qalmırlar. Böyüyürlər, böyüdükcə də böyük problemləri ortalığa çıxır. Valideyn hamı ola bilir, amma ata-ana olmaq çətin məsələdir. Ata-ana akademiyasını keçmək lazımdır. Çünki bu akademiyanı insan yox, həyat yaradıb.

 

Söhbətləşdi: Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.29.