Yad qadın, quduz itlər və...
Yazıçı Həmid Piriyevə
Avqustun
azğın bürküsü müftə yal
görmüş it kimi dil çıxarıb bədənini
yalayırdı...
Kənddən çıxhaçıxda, gilavar duzlu
havanı tərli sifətinə çırpanda bildi ki, dəniz
beşaddımlıqdadı. Yolqırağı,
cod salxımlarını suyu qurumuş arxın
boşluğuna səpələmiş söyüdün qoca
gövdəsinin başına dolaşan şanapipiyi
görüb dayandı, quşu ürkütməmək
üçün çömbəldi, gözlərinə
işıq doldu - bu gözəlliyə uşaq kimi sevindi.
Az qala qışqıracaqdı, yadına
düşdü ki, hamı yasdadı, özünü
saxladı. Şanapipik öz cazibəsindən məmnun
xoşbəxtliklə bozumtul quru otların arasında gəzişirdi...
Ötən il, Çopur Kərimin toy
axşamında Miri kişi demişdi ki, şəhər
camaatı buralarda basırıq yaradandan köçüb gedəndi
şanapipiklər. Azadlığı, sərbəstliyi
sevən quşdu, yurd-yuva da qurmazlar. Kəsəsi, kefnəquludular...
Bu gün meyxanaçı Həzinin yeddisidi, şəhərdən
VİP çadır, mikrofonlu molla gətiriblər. Məşhur
olmaq belədi də, gəlib-gedənin indiyəcən
arası kəsilmir. Xarici maşınlar
küçə-dalanlara qarışqa kimi daraşıb.
Demək olar, yeddi gündü bütün kənd
Həzinin xeyratından dadır; evdə qazan asan yox,
küçədə-tində başıpapaqlı görməzsən.
Heç başıləçəkli də.
Tünlük sevmədiyindən camaatın gözündən
yayınıb kənddən çıxmışdı. Fikirləşdi ki, fürsətdi,
şeytanın qıçını sındırım, yoxsa
qulağının dibində bu boyda dəniz ola,
bir yön içinə girməyəsən? Kimə
desən inanmaz.
Əslində, o, dənizdən qorxurdu. Adını eşidib
üzünü görmədiyi dənizdən... (Adam nədənsə qorxmalıdı da). Görməkdənsə, eşitdiklərinə
inanırdı. Deyirdilər, kəndin
çox kişisini aparıb dəniz. Demək
olardı, hər evdən birini. Xəzəri
Abşeron boyda əjdahaya bənzədir, yaxınına
düşmürdü. Evlərindən görsənmirdi,
amma ətri gəlirdi, səsi eşidilirdi; bəzən həzin
nəğməli, bəzən dəli hayqırtılı, bəzən
də quzu kimi həlim olurdu dəniz, amma çəkmirdi onu
özünə, heç çəkmirdi...
Can verən
də, can alan da o idi...
Allaha and olsun, meyxana dəbə düşməsəydi,
bu neçə ildə evlərə babat qazanc gətirməsəydi,
yəqin ki, kənddə başıpapaqlı qalmayacaqdı. Zarafatsız! Day
dənizə üz tutmağın axmaqlıq olduğunu
hamı başa düşmüşdü. Demə,
bütün kənd anadan şair doğulubmuş, bilən
yox! Kənd uşaqlarındakı bu bacarığı kim duyub adam içinə
çıxarmışdı, bir Allah bilir. Kimi
deyir quzu otaranda, kimi hamamda, kimi də deyir yuxuda verilib vergisi.
"Yox bir, yuxudan durğuzublar ki, bala, yatma, dur şeir de, bu
gündən çörəyin şeirdən
çıxacaq, al, bu da qafiyə... Day nə deyəsən, bu
da qismətdi, al, ye...".
"A
kişi, iki günə 300 səhifəlik kitabı oxuyan mən,
rəhmətlik Hüqonu, Folkneri, Tolstoyu tanıyan mən,
gör kimlərə vergi verir də Allah... Bular heç Sabiri
düz-əməlli tanımır... Demə, kitab üzü
açmadan, məktəb qapısı tanımadan da şair
olarmışlar...".
İnsafən, Allah ondan da vergisini əskiltməmişdi;
onun da şairliyi vardı, yazırdı, amma toyluq, məclislik
deyildi yazdıqları. Axı pulu çırtmaya uyuşan şeirə verirdilər...
Əvvəlcə
şap-şuplarını çıxarıb qoltuğuna
vurdu, əyildi, əyildi ki, şalvarının enli
balağını çırmalasın, düz dizinəcən...
Köynəyinin qabağını
açdı, ətəyini göbəyinin üstündə
düyünlədi - canına sərinlik gəldi. Bir balaca azadlıq duydu, ciyəri açıldı.
Bu sərbəstlik ona elə ləzzət elədi ki!.. Kənddə belə gəzə bilməzdi,
heç vaxt! Kimin həddi vardı qıllı
qılçalarını, sinəsini açıb
küçəyə, ya tinə çıxa?! Pis baxırlar. Dədəsi
ahıl kişidi, hələ onun evdə maykayla oturduğunu
görən olmayıb. Dədə-babadan
bu bir əxlaq göstəricisidi. Kənddə belə
qaydalar çoxdu, lap çox, Mendeleyevin dövri cədvəli
boyda... Dözməyən qaçır kənddən.
Gərək tab gətirəsən...
İki
addım atmışdı, qızmar qum
ayağının altını daladı. Bir az
dabanüstü addımladı, bir az pəncəsində
tullana-tullana, keçi kimi... Eşitmişdi,
buralar sakitlik olur, təpədən enəndə başa
düşdü niyə. "Hansı
gic... bura gələr? Fuuu, zibillikdi ki, bura?!".
Qamışlığın tən ortası
yağış suları yığılan, üstünü
yosun basmış gölməçəydi. Yaxınlaşanda iy elə
vurdu, az qala ödü ağzına gəlsin...
Gün vurmuş qurbağalar tənbəl-tənbəl
quruldayırdı. "Yəqin, sərin
düşən kimi qurultuları qulaq batıracaq". Yastı bir qəmbər götürüb gölməçəyə
vıyıllatdı.
"Xırp", olan-qalan səslərini kəsdilər...
İt hürdü. Sərçələr
dəstəylə "pırrrr" eləyib havaya qalxdı.
Ürkmüşdü sərçələr...
Zibillik
bitən yerdə bir topa qağayı, beş-altı boz
qarğa cənnətin yeganə sakinləri kimi
qayğısız, dərd-sərsiz şellənirdi...
Gün təpəsini qızdırdı. İsti
adamı "əridirdi". Əlini
alnına tutub ətrafa nəzər saldı. Həndəvərdə kimsə yox idi. Dəliliyi tutdu. Əynindəkilərini
bir-bir çıxardı, oldu anadangəlmə.
Paltarlarını qum təpəciyinə
qoydu, şap-şuplarını da üstünə. Sanki ağır yükdən xilas olmuşdu. Yüngül gilavar bədənini qucdu.
Cumdu dənizə. Yadına düşdü ki, üzməyi
bacarmır axı? Bəs çapalamaq, əl-qol
atıb dənizin duzlu suyunu şappıldatmaq? Buna ki
qeyri-adi bacarıq gərək deyildi...
Suya girən
kimi hər şeyi unutdu: kəndi, dənizdə batan
balıqçıları, Mendeleyev cədvəli boyda
qaydaları, Həzinin yeddisini, lüt olduğunu...
Təkcə şanapipiyi unuda bilmirdi. "İndi gəl,
inandır camaatı... Yaqub əmioğlu kimi
meyxanaçı-zad olsaydım, mənim də ayfonum
olardı, çəkərdim şanapipiyi, qoyardım vidyonu
yutuba... Heyif...".
Heyifsilənə-heyifsilənə suyu
şappıldatdı. Hirslə, hikkəylə...
...Birdən
yadına düşdü ki, ay dadi-bidad, evdən
çıxanda küçə qapısını cəftələyib,
tərs kimi açarı da həmişəki kimi
daşın altına qoymayıb, anası dərman atmaq
üçün yasdan tez qayıtsa, küçədə
qalacaq, xəstə arvaddı, hirslənəcək, şəkəri
qalxacaq, "xəbərsiz çıxdığımı da
dədəm bilsə dərimə saman dürtəcəy...".
Tələm-tələsik üz-gözünə ilıq sudan çırpışdırıb sahilə
cumdu.
Çıxhaçıxda gördü ki, köhnə
bağlar tərəfdən tozanaq qalxıb. Deyəsən,
qara maşın idi. Bilmək olmurdu, toz maşını
qovurdu, ya maşın tozu... "Yəqin, farmazon şəhər
uşaqlarıdı, xəlvət yer gəzillər," -
fikirləşib paltarına tərəf cumdu, tələsik
geyindi ki, yaxınlaşsalar, onu bu halda görməsinlər,
ayıbdı...
Ancaq maşın qəfil yerindəcə dönüb
üzü bağlara sarı dayandı. "Deyəsən,
qayıdır axı?". Nə
baş verdiyini görə bilmirdi. Toz
yatanacan maşın xeyli hərəkətsiz qaldı.
Mühərriki işləyirdi, səsboğandan
çıxan qaramtıl tüstüdən hiss olurdu ki, ya
yanacağı zaydı, ya da motoru yağ
"yeyir". Qara maşının içini
qara pərdələr görünməz etmişdi.
Güman ki, pəncərəsi açıq idi, içəridən
kobud kişi səsləri eşidilirdi. Zibilli sahilə gələn şübhəli
qonaqlara marağı artsa da, səssizcə nə baş verəcəyini
gözlədi. Gözə dəyməmək
üçün qamışlığın sıx yerinə
soxuldu. Xəta-bəladan uzaq durmağı
əmisindən öyrənmişdi. Məhəllədə
dava-dalaş düşə, lap qan su yerinə axa, kişi dayanıb baxar, "nəyimə gərək"
deyib baş qoşmazdı. "Ac
başım-dinc başım" - kommunist
şüarıydı əmisinin.
Qəfildən arxa qapı açıldı, elə
açılmağıyla da bir qadın arxası üstə
yerə sərələndi. Maşındakı
qadını yumruğuyla hədələyərək pis
söyüş söydü, əvvəlcə
çantasını tulladı, dalısıycan nəsə
atıb qapını çırpdı. Maşın
tozanaqlayıb yerindən götürüləndə qadın
da ürəkləndi, onların arxasınca oğlanın
ömründə eşitmədiyi bir qucaq söyüş
göndərdi.
Ürəyindən keçdi ki, yerindən tərpənməsin,
gözləsin görək neyləyəcək. "Küçə
qadınıdı, yüz faiz, vid-fasonundan bəlli.
Söyüş də söyür... Qəhbələrin
canı bərk olur... Duranda baxacaq ki, dərəbəylikdi
buralar... Tozun içindədi, bəlkə soyunub dənizə
də girdi?.. Soyunar görəsən?
Niyə də yox?! Ətdi-qanlıdı...
Ufff... Hayıf, ayfonum yoxdu, çəkərdim vidyosun,
qoyardım...".
Xəyaldan onu səs ayırdı. Deyəsən,
qadını görən tək o deyildi axı? Maşın tərpənən kimi bağlar
sarıda zibillikdə vurnuxan üç kaftarabənzər it
qadına tərəf şığıdı, onu hərəkətsiz
görüb, ağızlarının seliyini axıda-axıda
dayanıb xeyli hürdülər. Qadın, - yəqin ki,
gözlərinə qum dolmuşdu, - harda
olduğunu anlamayan kor kimi havaya əl-qol atdı,
canının hayına qalmaqdan, sürünə-sürünə
böyrünə düşən çantasını
qapıb sinəsinə basdı. Bir neçə
ağız "ay it!" - qışqırdı.
Səsi xırıltılıydı. İtlər qırmızı gözlərini
qadına zilləyib mır-mır mırıldayır, elə
bil onu didişdirmək üçün məqam gözləyirdi.
Yad qadını əlacsız görüb dayana bilmədi. Əmisinin
şüarını unudub qamışlıqdan
çıxdı. Yararsız tikinti materialları
qalaqlanmış təpəcikdən sanballı bir paya
tapıb götürdü, çürük
olmadığına əmin olub itlərin üstünə cumdu.
-
İtilün!.. Cəhənnəm olun!.. Hə, nə baxursuz, əl çəkün
dəə!..
Paya itin birini bərk tutdu. Zingildəyib kənara
çəkilsə də, qaçmadı. O birisi
üstünə atılmaq istədi ki, birini də ona
çırpdı. Özü öz fərasətinə
heyran qalmışdı.
- Gələ!.. Al payıvı, yaramaz köpəy!.. Bu da sənün!.. Bu
da...
İtlər fısıldadılar, mırıldayıb
hürdülər, daha bir-iki kötək yeyəndən sonra
zingildəyib aralandılar. Qadın hələ də
sərildiyi yerdən tərpənmirdi. Əlindən
yapışıb qalxmağına kömək elədi. İtlər hələ uzaqlaşmamışdı,
payanı qadına verib, "tut," - dedi, - "üstüvə
gəlsə, vur". Özü isə ətrafda əlinə
keçən daş-kəsəkdən itlərə
tulladı:
-
Qırılasuz elə! Cəhənnəm olun!..
Qorxma day, - Bunu çönüb qadına dedi. Qadın
saymazyana payanı yerə tulladı, çantasını dizlərinin
arasında sıxaraq, üst-başını
çırpdı, narazı-narazı mızıldadı:
- Bular
maşındakılardan qiryətdidi.
- Kim?
- İtləri
deyirəm... o kişilərdən qiryətdidi... Verdikləri
pula bax...
İndi
fikir verdi ki, yerdə beş-altı əzik
onluq var, yəqin, dalınca atdıqlarıydı -
gördüyü "işin" məzənnəsi... Qadın narazı olsa da, əyilib bir-bir dənlədi
onluqları, götürdüyü kimi də
çantasına dürtüşdürdü, elə bil bayaq
maşından söyülüb qovulan bu deyildi.
Fikirləşdi
ki, əmisi düz eləyirmiş, gərək bu zəmanədə
heç kəsin işinə burun soxmayasan... "Belə də
gijdiy olar, özüvi qancığ itə yem eliyəsən,
quruca "sağ ol" da demiyələr?!".
İncidiyni, əlbəttə, üzə vurmadı. Onsuz da pərt olan deyildi,
bir söz tapıb ürəyini yumşaldacaq - belələrini
oxuduğu kitablardan tanıyırdı...
İtlər görünmürdü. Qurbağalar
da susmuşdu. Günəş isə
yandırıb-yaxırdı.
-
Tanışlarındı? - Maşın gedən səmtə
çönüb soruşdu.
- Kim?
Əşi yoo-ox... Yoldan ötən...
- Həə.
- "Trasda durursan?" - soruşmaq istədi, dilini güclə
ağzında boğdu. - Üstünü yaxşı
çırp... Qolun da sıyrılıb deyəsən,
get yuyun... dənizdə.
Qadın dodağını büzüb ufuldadı,
"eybi yox, öyrəncəliyəm" - deyib ətli
qolunun sıyrılmış yerinə baxdı,
çantasından nəm salfetka çıxardıb ehtiyatla
sildi. "Adını kişi qoyub, oğraş!"
- maşındakıların qarasıyca
deyinə-deyinə oğlana baxdı. - Səni də yolunnan elədim.
Bağışla...
Oğlan başını tərpətdi, söz demədi.
- Yaxşı,
mən gedim, - qadın dedi. Səsindəki
soyuqluq havanı nəmləndirdi. Könülsüz demək
istədi ki, yolacan ötürüm bəlkə, amma fikrini dəyişdi:
"Görən olar".
Yeriyə bilmir, büdrəyirdi. Dayandı, arxaya
çevrilib oğlana baxdı, gülümsəyə-gülümsəyə
əyilib dikdaban tuflilərini soyunandan sonra nə fikirləşdisə,
çantasını açıb xeyli eşələdi, nəhayət
"vizitka"ya bənzər əzik kağız
parçasını çıxardıb geri döndü,
kağızı oğlana uzatdı.
- Adım
Rənadı, - dedi. - Havaxt şəhərə yolun
düşsə, gəl... Zarafatsız...
Oğlan tərəddüdlə kağızı
götürüb köynəyinin cibinə qoydu.
- Pulum
olanda gələrəm. - Bic-bic gülümsəyərək
kəndə üz tutdu. Beş addım atmamışdı ki,
qadın onu harayladı:
-
Oğlan!.. Oğlan, dayan
görüm... İtlər ordadı, qorxuram,
yaxşısı budu, səninlə gedim... yolacan. Olar?
Qadın qıvraq idi, irəlidə, iri dalını
yırğalaya-yırğalaya addımlayır,
çantasını gah sağ, gah sol çiyninə
aşırırdı. Kürəyinin tən ortasında
puçur-puçur tər gilələnirdi. Nədənsə, oğlanın ona yazığı
gəldi.
Qadın yolayrıcına çatanda əcinnə
görübmüş kimi dayanıb qışqırdı. Əliylə
asfaltın qırağındakı yastı kolluğu göstərib
içini çəkə-çəkə kəkələdi.
"Q-quş... O... o can verir..." - deyə bildi. Oğlan cəld irəli atıldı, qanadları,
sinəsi qan içində kola ilişib çapalayan
şanapipiyi gördü. Kövrəldi.
Asta-asta quşcuğazı ovcuna alıb sinəsinə
basdı. Gözləri doldu. Quş uzun əyri dimdiyini elə
açıb-yumurdu, sanki Allah bəndəsindən imdad istəyirdi.
- Gözəl
quşdu... Yəqin... yolu keçən
maşın vurub. - Qadın heyifsilənərək
pıçıldadı.
Oğlan:
- Can
verir, yazıq, - dedi. - Sən yolundan qalma... Mal həkiminə
görsədim, bəlkə...
Qadın
ayaqlarının qumunu çırpıb tuflilərini geyindi,
narahat baxışla oğlanı süzdü:
-
Özünü çox üzmə, - dedi, - quşdu da,
sağalar... Şəhərə də mütləq
gələrsən. Pulu dərd eləmə...
Təkrar-təkrar:
"Eşidirsən? Pul lazım deyil!"
- deməyini eşitməsə də, boyası solmuş
dodaqlarını açıb-yumaraq öpüş göndərdiyini,
sonra da şəhərə gedən maşını
saxlatdırıb mindiyini görməsə də, feldşer
Gülağanın doqqazınacan təngnəfəs
qaçan oğlan əmin idi ki, ovcunda can verən məsum, tənha
şanapipiyin də bu həyatda yaşamağa haqqı var!
Ən azından Rəna qədər...
Abşeron, Xırdalan şəhəri. 2019 yanvar
Yaşar Bünyad
Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.30.