Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Stendalın
"Qırmızı və qara" romanı əsasında
çəkilmiş eyniadlı filmi təqdim edirik.
Romanın süjeti: Fransada yerləşən bir şəhərciyin meri, özündənrazı və lovğa de Renal arvadı Luizaya xəbər verir ki, övladlarına mürəbbi götürməyə qərar verib. Bu, dülgər oğlu 18 yaşlı Jülyen Soreldir. O, bir neçə ildir ki, ilahiyyatı öyrənir və latıncanı əla bilir.
Napoleonun hərbi əməliyyatlarının iştirakçısı olmuş polk həkimi vaxtilə ona latınca və tarixi öyrədibmiş. Onun təsiri ilə Sorel Napoleona pərəstiş edir. O düşünür ki, Napoleon dövründə karyera qurmaq və məşhurlaşmaq onun üçün ən doğru yol olardı. Amma mövcud dönəmdə Sorel ona yol açacaq tək peşənin - keşişliyin olduğunu düşünür. O, şöhrətpərəst olsa da, cəmiyyətdə irəliləmək üçün hər şeyə dözməyi gözə alır.
Luiza ərinin mürəbbi götürmək fikri ilə əvvəl razılaşmasa da, Sorellə tanışlıq zamanı onun yaraşığından və bədbəxt görünüşündən təsirlənir. Tezliklə evdə hamı ona hörmətlə yanaşır. Özəlliklə, Sorelin latıncanı bilməsi hamıda heyranlıq doğurur. Arzusu Parisi fəth etmək olan Sorel öz məqsədlərini bacarıqla gizlədir. Luizanın qulluqçusu Eliza gənc adama vurulsa da, Sorel ona laqeyddir.
Zaman keçdikcə Luiza Sorelə aşiq olur. Sorel də
onun hisslərinə qarşılıq verir. Bununla belə,
qadının qəlbini fəth etmək Sorel üçün
hər şeydən əvvəl bir özünütəsdiqdir,
nəinki sevgi...
Eliza onların sevgi münasibətləri haqda de Renala xəbər
versə də, Luiza ərini günahsızlığına
inandıra bilir.
Sonradan Sorel abbat Şelanın məsləhətilə
Bezansona, seminariyaya gəlir. Burada o, abbat Pirar ilə
yaxınlaşır. Tezliklə Pirar Soreli, ona himayədarlıq
edən markiz de La Molun köməkçisi işinə
düzəldir. İşgüzarlığına
görə markiz Soreli ordenlə təltif edir. Amma qızı Matilda ilə Sorelin evlənməsinə
qarşıdır. Bununla belə,
qızının təkidi ilə evliliyə razı olur.
Və markiz Sorel haqda məlumat toplamaq üçün
de Renala yazır. Luiza cavab məktubunda onun karyerist
olduğunu, məqsədinə çatmaq üçün hər
vasitədən istifadə etdiyini qeyd edir. Bu
məktubdan sonra markiz qətiyyətlə nikahın əleyhinə
çıxır. Karyerası bitən
Sorel Luizanı öldürməyə cəhd etsə də,
qadın sağ qalır. Məhkəmə
ona ölüm cəzası kəsir. Sorelə
həbsxanada baş çəkən Luiza bu məktubun ona
keşişin yazdırdığını deyir. Sorel anlayır ki, Luiza onun sevə biləcəyi
yeganə qadındır. O, edam olunur.
Bir neçə gün sonra isə Luiza ölür...
1830-cu ildə
yayımlanan romanın əsas qəhrəmanı Sorel
Stendalın alter eqosudur. Əsl adı Mari Anri
Beyl olan yazıçı Stendal adıyla əsərlərini
çap etdirir. O da Sorel kimi, anasını
itirir, himayəsində qaldığı atası ilə
münasibətləri alınmır. Babasını isə
çox sevən yazıçı onun sayəsində
Didronun, Volterin yaradıcılığı ilə tanış olur. Uşaqlıqda
zorla "İncil"i oxutduqlarına görə, o da qəhrəmanı
kimi din xadimlərinə, klerikalizmə nifrət edirdi. Stendal da latını yaxşı bilirdi. Napoleona rəğbəti olan yazıçı hərbidə
xidmət eləmişdi. Müəyyən
müddət İtaliyada yaşayanda general arvadı Matildaya
vurulmuşdu. Erkən ölən bu
qadın onun ürəyində dərin iz qoymuşdu.
Romanın süjetini isə Stendal qəzetdə çap
olunan kriminal xronikadan götürmüşdü. Antuan Berte
adlı cavan oğlan törətdiyi qətli inkar etmir. Kənd
dəmirçisinin oğlu olan, dini təhsil alan
Berte varlı bir adamın övladlarına mürəbbilik
edirmiş. Berte ilə həmin zəngin
adamın xanımı arasında nə baş verdiyi dəqiq
bilinmir. Sonda Berte də edam olunur. Aşağı sinifdən olan gənc fransız
kişilərin yüksək təbəqəyə malik
qadınların məşuqu olması və ya onlarla evlənməsi
nəticəsində sosial pillələrlə yüksəlməsi
o dövr üçün tipik hal idi. Mənfəət
üzərində qurulmuş münasibətlər sonradan
konfliktli vəziyyətlərə səbəb olurdu. Və bu səbəbdən qaynaqlanan məhkəmə
prosesləri həmin dövrdə geniş
yayılmışdı.
Üç
il sonra Stendal "Qırmızı və
qara" romanını yazır. Roman daha çox
yazıçının ölümündən sonra məşhurlaşır...
"Qırmızı və qara" psixoloji romanın ən
yaxşı ilk nümunələrindən sayılır. Roman fərdin
daxili aləminin araşdırılması, psixoloji təhlili
ilə fərqlənir.
İlk dəfə bu əsər 1920-ci ildə italyan
rejissoru Mario Bonnard tərəfindən
ekranlaşdırılıb. İkinci dəfə əsəri
yenə italyan rejissoru Cennaro Riqelli 1928-ci ildə çəkib.
Amma filmi Almaniyanın kino şirkəti istehsal
edib. Romanla o qədər də səslənməyən
film təsvirlərinə görə kino mütəxəssisləri
tərəfindən yüksək qiymətləndirilib.
Riqelli filmi yenidən bu dəfə İtaliyada lentə
alır. Qeyd edim ki, adını çəkdiyim ilk iki film səssiz
kino dönəminə aiddi. Riqellinin 1947-ci
ildə çəkdiyi ekran əsəri isə romanın ilk səsli
film versiyasıdır. Ancaq bu filmlər
internetdə yerləşdirilmədiyindən onlar haqda məlumat
verə bilməyəcəyik.
Ümumiyyətlə, "Qırmızı və
qara" romanı daha çox televiziya filmi formatında
çəkilib. 1976-cı ildə Sovetlər
İttifaqında ekranlara çıxan eyniadlı,
beşseriyalı televiziya filminin rejissoru Sergey Gerasimov idi.
1961- ci ildə fransız Pyer Kardinal,
1993-cü ildə ingilis Ben Bolt roman əsasında televiziya
filmi çəkiblər. Roman sonuncu dəfə,
1998-ci ildə hələ ki fransız rejissoru Jan Danie Veraj tərəfindən
ekranlaşdırılıb. Sadaladığım
əsərlər televiziya filmi kimi çəkilib. Yəni televiziyanın texniki imkanlarını nəzərə
alaraq çəkilir. Layihədə isə
bir qayda olaraq, böyük ekran üçün nəzərdə
tutulmuş filmə üstünlük verdiyimizdən, fransız
rejissoru Klod Otan Laranın 1954-cü ildə çəkdiyi
eyniadlı versiyasından danışacağıq.
Stendal romanda Napoleondan sonrakı dövrün hərtərəfli
mənzərəsini yaradır. Rejissor isə əsasən
Sorelin sevgi hekayələrinə fokuslanır. Və bu hekayələr fonunda onun xarakterini, kimliyini
açmağa çalışır.
Film
Sorelin məhkəmə prosesi ilə başlayır və
fleşbək metoduyla onun hekayəsini əvvəldən izləyirik.
Sorelin (Jerar Filip) ən böyük problemi onun sevgisizlikdən
əziyyət çəkməsidir. Əslində, onun
şöhrətpərəstliyinin, sinikcə sosial statusunun
yüksəltməyə, seçilməyə
çalışmasının kökündə sevgisizlik
dayanır. Sevgi
çatışmazlığına səbəb isə onun
uşaqlıqdan atasından aldığı travma,
anasını erkən itirməsi, qayğıdan məhrum
omasıdır. Bu mənada romanda olduğu
kimi, filmdə də freydsit motivlər əksini tapır.
Çünki ana nəvazişi,
qayğısı axtaran Sorelin Luizaya (Daniel Daryo) aşiq
olması anasızlığının sublimasiyası idi.
Onun səmimi sevgiyə, sevilməyə
ehtiyacı şöhrətpərəstlikdən, hər
hansı sosial statusdan daha vacib idi. Məhz
buna görə də Luizanın məktubu nəticəsində
karyerasının məhv olmasına rəğmən Sorel
qadının onu sevdiyini biləndə xoşbəxt olur.
Və onu gözləyən edamı daha mətanətlə
qarşılayır. Beləliklə,
kübar cəmiyyətdə tanınmaq, yüksək ad-san
naminə hər cür hiyləgərlik etsə belə, əslində,
Sorelin hekayəsinin paradiqmatik qatında təmənnasız
sevgiyə ehtiyac dayanırdı.
Sorelin məhkəməsi, ölümqabağı əfv
diləməməsi, keşişi qəbul etməməsi,
tövbədən imtina etməsi, məhkəmənin ona
ölüm cəzası kəsməsini törətdiyi cinayətlə
yox, məhz aşağı təbəqədən olması
ilə əsaslandırması - Kamyunun "Yad" əsərini,
onun baş qəhrəmanı Mersonu xatırladır.
Amma Sorelin könüllü olaraq həyatdan
imtinasının kökündə sinfi, sosial, mövcud
quruluşa etiraz dayanır. Mersonun etirazı isə
ekzistensionallıqdan doğur, onun üçün həyat,
din, Tanrı anlam daşımır, ondan ötrü dünya həbsxanadır
və o, absolyut azadlığa can atır.
"Yad" absurdizm fəlsəfi düşüncəsi
müstəvisində işlənibsə,
"Qırmızı və qara" psixoloji realist
romandır.
Stendal
kimi, rejissor da nəqlində sevgini önə çəkir:
Sorelə yalnız Luizanın təmiz, təmənnasız
sevgisi güc verir, onu mənəvi cəhətdən təmizləyir.
Başqa bir maraqlı obraz Matildadır (Antonella Lualdi). Romanda
olduğu kimi, ekran versiyasında da Matilda obrazı mahiyyətində
bir növ mazoxizmin əlamətlərini daşıyır.
O, çılğın, əzablı bir eşq yaşamaq istəyir.
Bunun üçün isə o, yalnız yoxsul təbəqədən
çıxmış bir adamı sevə bilərdi. O,
atasına qarşı gedir, bu nikaha iddia edir. Üstəlik,
Sorelin ona qəzəbini görəndə onun ayaqlarına
yıxılır. O, Soreli sonadək tərk eləmir,
çünki əzablarından, Sorelə görə cəmiyyət
qarşısında rüsvayçılığından həzz
alır.
Qeyd edim
ki, roman yazıldığı dövrdə,
yaradıcılığı sayəsində ədəbiyyata,
incəsənətə, psixiatriya elminə mazoxizm
anlayışının daxil olduğu Leopold fon
Zaxer-Mazox hələ doğulmamışdı.
..."Qırmızı və qara" filmi romanın
fonu, bədii gücü ilə müqayisədə çox
sönükdür. Rejissor filmdə öz
"Qırmızı və qara"sını, bu əsərə
fərqli bir baxışını təqdim edə bilmir.
O, yalnız romanı üzdən, səthi şəkildə
ekrana köçürüb. Ümumilikdə isə
Klod Otan Lara kinoda aktyorlardan keyfiyyətli nəticə
almasına, rəng həllinə, kinematoqrafik nəqlinə
görə parlaq simalardan biri olub. Amma
"Yeni fransız" dalğasının meydana gəlməsi
ilə onun avtoriteti azaldı və əsasən kommersiya filmləri
çəkməyə başladı.
Romanın
adına gəlincə, ənənəvi
olaraq belə hesab olunur ki, qırmızı və qara rənglər,
personajın seçimini simvolizə edir. Yəni
Sorelin karyera seçimində kilsə (ruhanilərin qara
geyimini) və ordunu (zabitlərin qırmızı mundirini) nəzərdə
tutur. Ümumiyyətlə isə
romanın adı ilə bağlı müxtəlif ehtimallar irəli
sürülsə də, son nəticədə ədəbiyyatşünaslıqda
bu barədə birmənalı fikir formalaşmayıb.
Maraqlı bir faktı qeyd edim ki, Klod Otan Lara 1980-ci illərin
sonunda Avropa Parlamentinin üzvü olub. Amma radikal millətçi
baxışlarına görə qalmaqallı şəkildə
istefa verib. Bundan başqa, o, vitse-prezidenti
olduğu Fransa İncəsənət Akademiyasından siyasi
baxışlarına görə çıxarılıb.
Rejissor 2000-ci ildə vəfat edib.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.31.