ƏDƏBİYYAT ÜZRƏ
1995-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Şeymas
HİNİ
(İrlandiya)
İrland şairi, yazıçı, müəllim. 13 aprel 1939-cu ildə Şimali İrlandiyada, Derri qraflığının Kastldouson
kəndində dünyaya
gəlib. 1962-ci ildə Belfastdakı Kral Universitetini bitirib. 1976-1982-ci illərdə
Dublindəki Keristfort kollecində professor ali elmi dərəcəsi ilə dərs deyib. "Naturalistin ölümü"
(1966), "Qaranlığa boy verən ağac" (1969)
və "Qışın
sonu" (1972) şeirlər
kitabları ilə ədəbiyyata gələrək,
ölüm və torpaq haqqında poetik düşüncələrini
əks etdirib. Onun yaradıcılığındakı
torpaq - insan taleyinin simvolu, ilkinliyin başlanğıcıdır.
Doğma İrlandiyaya sevgi, tarix boyu
nəsildən-nəslə ötürülən qəhrəmanlıq
lövhələri, eşq,
sədaqət motivləri
şairin yaradıcılığında
əsas yeri tutur. Elə bu
xüsusiyyətlərinə və əsərlərindəki
lirik gözəlliyə,
poeziyanın etik dərinliyinə, keçmiş
və gələcəklə
bağlı qarşımıza
açdığı poetik
mənzərəyə görə
Şeymas Hini 1995-ci ildə ədəbiyyat üzrə növbəti
Nobel mükafatına layiq
görülüb. Şair
2013-cü il 30 avqustda, 74 yaşında Dublində vəfat edib.
"Ədəbiyyat
qəzeti" oxucularına
Şeymas Hininin bir neçə şeirini təqdim edirik.
Şimal
Ora qayıtmışam, orada körfəz
Nal kimi tapdayır bomboz havanı.
Dalğalar təmkinlə, səbirlə
döyür
Sinəsi ağappaq Atlantikanı.
Dikirəm gözümü çox
uzaqlara,
Hardadır İrlandiya? O qəmli sahil
Qəflətən boylanıb baxır
üzümə
Dərin okeandan qalxır elə bil.
Qədim
döyüşçülər, vəhşi atlılar,
Dublinin qumsallıq təpələrindən
-
Çıxıb qəbirlərdən gəlirlər, sanki
Gəlib
öc alırlar düşmənlərindən,
Durub dayanırlar çiyin-çiyinə,
Sıyrılmış qılınca oxşayır buzlar,
Qəzəbli baxışlar dikilir
yerə
Çayı qılınc kimi doğrayır sular.
Bu ölmüş vikinqlər,
bu əski adlar,
Gecikmiş kədərin dərin
sükutu,
Dumanın içindən dartınıb
gəlir,
Dayanır, üzünü bizlərə
tutur:
"Toranın qəzəbi ildırım saçır
Rüsvayçı şərəfdən
dəm vurur elə! -
Başı qarışdıqca can alverinə
Qisas təzələnir, qan dönür selə,
Riyakar şuranın hər bir üzvünün
Sifəti
yağ damır,
boynu dönməyir,
Qırğınlar, talanlar bitib-tükənmir,
Baxdıqca adamın içi göynəyir.
Sən ey nəğmə deyən, söylə nəğməni,
ya da gir qınına, oyalan bir az,
Əynindəki xəzdə rahatsan
demək,
Səni bu paltarda qorxma,
don vurmaz.
Sığın zülmətinə, qaranlıqda
yaz,
Orada kölgələr
yaşayır ancaq.
Qütb
parıltısı gözünə
düşsə,
Gözləmə nə vaxtsa sabah olacaq.
Döymə gözlərini, parlaq
işığa,
ya da gün sarısı gördünsə, qorxma.
Bir şeyi unutma, bu yerlərə sən
murdar gözlərinlə
boylanıb, baxma".
Herakl və Antey
Möhtəşəm, şahanə döyüşçüdür o,
həm ilanboğandır,
qəhrəman kimi,
Qızıl almalardır mükafatı
da
beləcə əbədi
yazıb ismini.
Herakl gücüylə qələbə
çalır,
ona güc göstərmək əbəsdir,
əbəs.
Bircə
əziz-xələf Anteydən
başqa
onunla döyüşə
bilməz ki, heç kəs.
O möhtəşəm gücü
sarsılsa bir an,
sanki öz ruhundan ayrı düşəcək.
Buluddan yapışar dikəlmək
üçün,
düşmənsə hiyləgər,
məkrli, alçaq.
İşıqdan güc almış
silahları da,
əlində cütdişli
nizəsi də var,
Doğuşdan alnına yazılıb
sınaq,
tale yazısıdır sirli yuxular.
Qaranlıq yer altda xatirələri,
körpəykən gördüyü
yuxular bir sirr.
Zülmət mağaralar məskəni
olub,
gücü, qüvvəsi
də oradan gəlir.
O əski zülmətlər
onun ruhunda
üsyantək kükrəyib,
daşıb hardasa.
Şair
göz yaşıyla vəsiyyətini
yazaraq sarsılıb, qərq olub yasa.
Əbəsdir, yerlərin dərin
qatından
qalxan iniltilər - yanan ocaqdır, -
Güclü qollarını qaldırsa
bir də,
Herakl qələbə
qazanacaqdır.
Yuxarı
qaldırar ağır
daş kimi,
ya da ucu şişli qaya misalı,
O nəhəng özü də bir daşa
dönüb
nəsildən-nəslə bu cür ad salıb.
Şeirlər ingilis dilindən
sətri tərcümə əsasında
işlənib.
Tərcümə etdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2019.-
6 aprel.- S.32.