Cəvahirləl Nehru adına Hindistan Dövlət

Universitetində «Azərbaycanşünaslıq” mərkəzinin

yaradılması haqqında müqaviləsi imzalanıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Cəvahirləl Nehru adına Hindistan Dövlət Universitetinin dəvəti ilə bu ölkədə səfərdə olub.

Azərbaycan Respublikasının Hindistandakı səfiri Əşrəf Şıxəliyevlə görüşlərdə Azərbaycan-Hindistan əlaqələrinin aktual məsələləri müzakirə edilib. Cəvahirləl Nehru adına Hindistan Dövlət Universitetinin vitse-kansleri, professor M.Caqadeş ilə görüş zamanı bu elmi-tədqiqat və ali təhsil qurumu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə Cəvahirləl Nehru adına Hindistan Dövlət Universitetində Azərbaycanşünaslıq, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda isə Hindistanşünaslıq mərkəzlərinin yaradılması, Cəvahirləl Nehru Universitetində yeni açılmış “Türk dili və ədəbiyyatı” ixtisasında “Azərbaycan dili və ədəbiyyatı” fənninin proqrama daxil edilməsi və tədrisi, birgə elmi konfransların keçirilməsi, elmi jurnalların mübadiləsi və sair məsələlər nəzərdə tutulur. Cəvahirləl Nehru Universitetinin rektoru, professor Çintamani Mahapata və Beynəlxalq Münasibətlər İnstitutunun Baş direktoru, professor Çita Bamezai ilə keçirilmiş görüşlərdə isə ikitərəfli elmi əməkdaşlığın həyata keçirilməsi haqqında müzakirələr aparılıb.

Akademik İsa Həbibbəyli Cəvahirləl Nehru Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda “Azərbaycan-Hindistan ədəbi-mədəni əlaqələri” mövzusunda mühazirə oxuyub. O, eyni zamandaTürk dili və ədəbiyyatı” ixtisasının professor-müəllim heyəti və tələbə kollektivi qarşısında “Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri və əsas yaradıcıları” mövzusunda dərs keçib. Cəvahirləl Nehru Universitetində təşkil olunmuş Novruz konfransında da akademik İsa Həbibbəylinin çıxışı maraqla qarşılanıb.

Cəvahirləl Nehru Universitetinin vitse-kansleri, professor M. Caqadeş Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna dəvət olunub. Hindistan Mədəniyyət Fondunun əməkdaşı Doqra və Cəvahirləl Nehru UniversitetininTürk dili və ədəbiyyatı” kafedrasının müdiri, professor Gous Mashkoor Khan səfərin təşkilində yaxından iştirak ediblər.

Səfər çərçivəsində akademik İsa Həbibbəyli görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin Hindistanda ən böyük davamçısı, hind ədəbiyyatının klassiki Əmir Xosrov Dəhləvinin məzarını və məşhur Tac Mahal məbədgahı kompleksini ziyarət edib.

 

Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.24.