Maşındakı
qız
hekayə
Sumqayıta
bir manatdan dörd adam aparan
sürücülər arasında qəsdən uzun
saqqallının köhnə "Mersedes"inə mindim...
Sələfilikdə bəzi şeyləri qəbul eləməsəm
də, şirk, bidət mövzusunda söhbətlərdən,
mübahisələrdən bəzən intellektual ləzzət
alırdım.
Məsələn, heç cürə onlara
başa salammırdım ki, paxlava və şəkərbura
İslamdan əvvəl bütpərəstlik simvolları olsa
belə, indi dad ləzzəti verən şirniyyatdan başqa
bir şey deyil. Günlərlə eyni melodiyanı beynində
səsləndirməkdən həzz alan
adamlar kimi, məhəlləmizdəki sələfilərlə
elədiyim söhbətləri tez-tez yadıma salıb,
küçədə gedə-gedə xəyalən onlarla
dialoqa girirdim.
Az sonra
iyirmi-iyirmi beş yaş arasında bir qız maşına
oturdu, oturan kimi yerlərimizi dəyişməyi xahiş elədi.
Bildim ki, istəmir yanında oturan kişi
olsa, qəsdən, ya bilmədən ayağıyla ona toxunsun. Keçdim arxaya. Dümağ dərili,
yaşılgözlü, yanbızlarını göstərən
uzun çəhrayı don geyinmiş bu qız (deyəsən,
Quba-Qusar tərəflərdəniydi) çox qəşəngiydi,
özümçün müəyyən edəmmirdim, bu
qızın geyimi ciddidi, yoxsa vulqar olmasa da,
açıq-saçığıydı. İki il idi boşanmışdım, istər-istəməz
"Görən, bundan mənə arvad olar?" sualı bir
anda beynimdə işıq kimi yanıb-söndü.
"Sumqayıta iki nəfər!" - sürücü
tez-tez müştəri çağırırdı. Düzü, istəmirdim başqaları ideoloji
söhbətlərimizə şahidlik etsin, qızsa bu cür
mövzulardan başı çıxmayan zərərsiz adama
oxşayırdı. "Ay qardaş, gəl sür gedək,
qalan iki adamın pulunu mən verərəm," - dedim.
Yola düşdük. Qayıdıb buna sual
verəsən, tutaq ki, mən qızdan qabaq düşdüm,
onda sənin naməhrəm, üstəlik, qabaqda oturan gözəl
bir qızla maşında lap on dəqiqə belə yol getməyin
nə qədər düzgündü? Sələfiyə
güzgüdən nəzər yetirib ünsiyyətə
meyilli olub-olmadığını bilmək istədim. Elə
hazırlaşırdım bayaqdan ağlımda tutduğum
böyük və kiçik şirk mövzusuna girişəm,
xanım qəfil dilləndi:
- Əxi, Suriyadakı cihad görən nə vaxt bitəcək?
Sürücü
də mənim kimi elə bil, diksinən kimi oldu, bir anda
içinə yığıldı, sanki ikimizi də təəccübləndirən
başaçıq, yaşılgözlü qızın "əxi"
deməsi, üstəlik, qəfil bu cür sual verməsiydi.
- Allahu a`ləm , - sürücü gizlətməyə
çalışdığı həyəcanla cavab verdi.
-
Orası elədi. Amma bir şey var ki... -
davamını demədi.
Sürücü heç nə demədən gülümsədi. Hiss olunurdu ki, qız nəsə
vacib bir şey demək istəyir, amma sonda güclə
özünü susmağa məcbur edirdi. Deyəsən,
ikisi də məndən ehtiyat edirdi.
- Qardaşım Suriyada cihaddadı, - axırı, istədiyini
deyib rahatlandı.
Sələfi eləcə başını tərpətdi,
mənə elə gəldi ki, bu jestiylə bir növ,
qızın qardaşının həqiqətən cihadda
olmasıyla razılaşdığını
çatdırdı ona. Eyni zamanda hələ də məndən
çəkinirdi deyə, danışmaq istəmirdi. Mənimsə əməlli-başlı
provokasiyalılığım tutmuşdu, artıq beynim
gicişirdi. Hə, onu deyim ki, mən siyasi
mövzularda saytlara məqalə yazıb qonorarla dolanan
ştatdankənar jurnalistəm. Tək
Suriyada yox, dünyada gedən prosesləri də gündəlik
izləyirəm.
-
Xanım, siz əminsiz ki, Suriyada hal-hazırda cihad gedir? - mədəni tonda sual verdim.
Qız qəfil çöndü, sələfi isə
ön güzgüdən "Yəni buna şübhən
var?" mənasında mənə baxdılar. "Yüz
faiz elə bilirlər mtn-çiyəm". Dəhşətli dərəcədə bunların
söhbət eləməyini istəyirdim, o biri tərəfdən
də yersiz sualımla işləri korladığıma
görə ürəyimdə özümü qınayırdım.
"Uff, indi bunlara necə başa salım ki, mənim
MTN-ə heç bir dəxlim yoxdu".
- Hələbdədi
qardaşım, axırıncı dəfə üç
gün əvvəl axşam səkkizə on beş
dəyqə qalmış vatsapda olub, neçə dəfə
yazmışıq, cavab yazmır. Zəng də
çatmır, - qız dilləndi.
Necəsə reaksiya vermək lazımdı durumuna
düşən sələfi yerində qurcuxdu, sükanı bərk-bərk
sıxdı, deyəsən, fikirləşdi ki, bir söz deməsə,
qızın gözündə qorxaq kimi görünəcək,
mənsə hələ də ona bir növ, mane olurdum. Axırı, gərginliyə
son qoymaqçün dillənəsi oldum:
- Bağışlayın,
xanım, bayaq o sualı verəndə, deyəsən, xətrinizə
dəydim. Məsələni tam izah eliyim ki, məni
düz başa düşəsiz. Deməli, mən iki min
on birinci ildən Suriyada gedən prosesləri izləyirəm,
gündə yalan olmasın, on-on beş
sayta girib xəbər, məqalə oxuyuram. Özüm
də bu mövzularda yazıram. Qalib Əhədov,
quqlda yazın, bütün məqalələrim
çıxacaq, yəni istəsəz oxuya bilərsiz.
Suriyada cihad məsələsiylə bağlı
tanınmış İslam alimləri belə o qədər
ziddiyyətli fətvalar verirlər, adam
çaş-baş qalır. Sözüm onda
deyil, qardaşınız təsadüfən Cəbhət-ən-Nusrada
vuruşmur?
Qıza
elə bil, tikan batırdılar, yerində dik atılıb mənə
tərəf döndü:
- Sən
hardan bilirsən?
"Sən" deməyi vecimə almadım, halbuki
başqa vaxt olsaydı, o dəqiqə deyərdim ki,
tanımadığınız adamla "sən" yox,
"siz"lə danışmaq lazımdır.
- Yox, yox,
mən qardaşınızı tanımıram, sadəcə,
indi saytların çoxunda yazırlar ki, burdan gedənlərin
əksəriyyəti cəbhətənnüsrəyə
qoşulur.
(Onda İŞİD təzə-təzə
yaranırdı, hələ "dəbdə" deyildi.) Sonra həvəslə
başladım Suriyada vuruşan qruplaşmalar, əsas da sələfilərlə
ixvanlar arasındakı ideoloji fərqlərdən
danışmağa. Hiss elədim ki, ikisinin də mənə
olan şübhələri yavaş-yavaş yox olur. Sələfi qızdan qardaşının
adını, soyadını, künyəsini soruşdu. Cavabı eşidən kimi, maşını yolun
sağına verib asta sürətlə sürməyə, eyni
zamanda tez-tez yola baxa-baxa telefonunda eşələnməyə
başladı. Tuk-tuk-tuk səslərindən
başa düşdüm ki, vatsapda kimləsə
yazışır. Səbirsizliklə məsələnin
sonunu gözləyirdim deyə, qəza-zad heç
ağlıma girmirdi.
Hardasa on dəqiqədən sonra sürücünün
vatsapına mesaj gəldi.
-
Bacı, qardaşınız Hələb döyüşlərində
şəhid olub inşaAllah, - sanki qəzetdən xəbər
oxudu.
- A kişi, nə danışırsan sən! - sağ çiynindən tutub silkələdim. -
O cür deyərlər heç?!
Hirslə əlimi çiynindən araladı,
maşını sağa verib əyləci basdı.
-
Düş maşından, sənin pulun mənə lazım
deyil, - bunu sakit deməyə çalışsa da, səsinin
titrəməsindən əsəbi olduğu bilindi.
-
Yaxşı, sür gedək, amma o cür deməzlər
axı. Bu qıza yazığın gəlmir?
- barışıq tonuna keçdim, - Yad
adam deyil axı, doğma qardaşıdı, başa
düşürsən?
-
Lazım deyil, mənə yazığın gəlməsin, -
qız çönüb hikkəylə mənə baxdı. -
Gah deyirsən Suriyada cihad yoxdu, gah da deyirsən, sələfi
alimlər başqa cür deyir. Cahil-cahil bilmədiyin
şeylərdən danışırsan.
Bunların söhbəti mənə o qədər
maraqlıydı ki, düşmək fikrim yox idi, qız məni
acılasa da, susmağı seçdim.
- Onsuz da
evdə hamımız bunu gözlüyürdük. Onsuz da
şəhadətin yanında hər şey mənasızdır...
Telefonu verərdiz baxım? - qız bunu elə tərzdə dedi, sanki
hansısa məşhur adamın şəklinə baxmaq istədi.
Sürücü
Samsunqunu ona verdi, başımı irəli
uzadıb tez telefonun ekranına baxdım. Yerə
uzadılmış saqqallı bir gəncin şəkliydi,
güllə, ya mərmi qəlpəsindən alnında yekə
bir dəlik əmələ gəlmişdi, bir
gözünün üstünü qan örtmüşdü,
o birisi isə yarıyumulu idi, dodaqlarında xəfif təbəssüm
varıydı. Şəklin altında
çox güman, adı, soyadı yazılmışdı.
Ağlamağı
bir yana, bacısı heç
doluxsunmadı da, telefonu sürücüyə qaytarıb pəncərədən
çölə tamaşa etməyə başladı. Arada oğrun-oğrun yan güzgüdən ona
baxırdım, həmin gözəllik, həmin sakit
yaşıl baxışlar, dərinin düm
ağlığı yerindəydi. Elə
bil, boz çöllüyə yox, meşəyə
baxırdı, elə bil, dünyanın heç bir yerində
müharibə getmirdi, ölüm-itim yox idi, hamı öz
gündəlik həyatını yaşayırdı. Elə bil, heç bu qızın qardaşı yox
idi. Ürək oxuyan aparat olsaydı, məmnuniyyətlə
düyməsini basardım və abırlı adam
olmağıma baxmayaraq, bu əcaib qızın fikirlərinə
qulaq asmaqda pis bir şey görməzdim.
Onun doğmaca qardaşının ölümünü
rahat qəbul etməsinə, eyni vaxtda soyuq başla və isti
ürəklə yanaşırdım. Soyuq baş deyirdi, bu adam
zombi-zad deyil, inanır ki, qardaşı cənnətə gedəcək,
büruzə verməsə də, bəlkə, buna hələ
sevinir də. Düzü, mən özüm də
axirətə, şəhadətə inanıram, amma onun ifrat
soyuqqanlılığı məni ürpədirdi. "Bu qədər də yox də". Elə ona görə isti ürək məni "Ay
qız, başa düşürəm, qədər, tale deyilən
şey var. Amma cavan qardaşın ölüb e!" sözlərini
dedizdirməyə çalışırdı.
-
Bacı, namaz qılırsız? - sələfinin
qəribə bir məhrəmliklə verdiyi sual məni fikirlərimdən
ayırdı.
- Hə,
qılıram.
"Bunlarınkı yaxşı tutar".
Üç manat verib "Qalatasaray" marketinin
yanında düşdüm. Heç biri boş yerlərə
verdiyim pula görə "sağ ol" demədi mənə...
Çox güman, sələfi indi ona hicabın
vacibliyindən danışırdı.
19 aprel,
2018, - 18 mart, 2019,
Bakı
Alpay Azər
Ədəbiyyat qəzeti.- 2019.- 13 aprel.- S.21.