Dilçiliyə səyahət
Kamal Abdullanın "Dilçiliyə
səyahət" kitabı üzərinə
Yayğın
olan ümumi prinsiplərdən birinə görə dil fikrin
quludur. Gəlin, təhlil
edək. Dil gerçəkdənmi fikrin quludur, yoxsa onu
azadlığa çıxardan ağadır? Yaxud, belə də
düşünə bilərik: dil və fikir arasında
heç bir ağalıq-qulluq münasibətləri mövcud
deyil. Onlar arasındakı bağlılıq və əlaqə,
tutaq ki, bir silahın tətiyi və gülləsi arasında
olan əlaqə kimi ilk baxışdan nəzərə
çarpmır. Bu əlaqə mövcuddur, lakin birbaşa
deyil, dolayısı ilə. Silahda güllə yoxdursa, o
açılmayacaq, yaxud tətik xarabdırsa, darağın
güllə ilə dolu olması heç bir işə
yaramayacaq. Bu mənada, fikir və dil arasındakı
substansional əlaqə misalda göstərilən vəziyyətlə
izah oluna bilər.
Bu
yaxında professor Kamal Abdullanın "Dilçiliyə səyahət"
adlı kitabını oxudum.
Hələlik
kiçik bir tarixi xatırlatma edək, sonra kitab barədə
fikirlərimizi daha aydın bildirəcəyik.
Məşhur
türkiyəli linqvist Özcan Başçı Avropada
dilçilik elminin tarixi mərhələlərini dörd əsas
dövrə bölür:
1.
Şifahi dil
2. Klassik
dillər dövrü
3.
Dünya dilləri dövrü
4. Elmilik
dövrü
İlkin
dövr dilin şifahi inkişafı: mifologiya, əfsanə, rəvayət
və dastanlar dövrü hesab edilir. İkinci dövr fəlsəfi
fikrin yüksəlişi ilə xarakterizə olunur. Qədim yunanlarda naturfəlsəfənin
yaranması və s.
Üçüncü
dövr yunan və latın dillərinin boyunduruğundan xilas olma,
xristianların qutsal kitabı olan İncilin bütün
xalqların öz dillərində oxuyub başa düşməsi
cəhdləri, bunun üçün passiv yerli dillərin
dirçəldilməsi, dördüncü dövr isə
müasir dilçiliyin yaranması ilə başlayan
dilşünaslıq elmi dövrüdür.
Müasir
dilçiliyin inkişafı bir çox ölü dillərin
ortaya çıxmasına, elm tərəfindən
araşdırılmayan bəzi aborigen xalq və tayfaların
dilllərinin kəşfinə, tədqiqat predmetinə
çevrilməsinə səbəb olub. Məsələn, tədqiqatçı
dilçilər Bopp və Qrimm,
Hind-Avropa dilləri ailəsinə daxil olan bir çox
dil qruplarının varlığını ortaya
çıxarıb. Qrimm həmin dillər arasındakı
oxşarlıq və fərqlilikləri araşdırıb.
Müasir
dilçiliyin XX əsrin əvvəllərində
İsveçrəli linqvist alim F. Sössürlə
başlayan mərhələsi dilşünaslıqda
mühüm dönüş nöqtəsinə
çevrilib. Sössür
dilçiliyə dair bütün sahələri birləşdirərək,
onu xüsusi elm sahəsi kimi sistemləşdirib.
Sössürün islahatından sonra Avropa dilçilik elmində
Kopenhagen, Praqa və amerikan məktəbləri kimi
güclü linqvistika institutları fəaliyyətə
başlayıb.
Tarixə
bu kiçik səyahətimizin məqsədi diqqətli
oxucularımıza dilin, dilçiliyin, ümumən dil
fenomeninin sıradan bir hadisə olmadığını, onun
elm ocaqlarında çoxcəhətli mürəkkəb
struktura malik bir orqanizm kimi tədqiq edildiyini diqqətə
çatdırmaqdır.
Professor
Kamal Abdulla "Dilçiliyə səyahət" əsərində
qeyd etdiyimiz nüanslara oxucunu yormamaq üçün çox
incə metodlarla toxunub.
Əsər
maraqlı bədii kompozisiya üzərində qurulub: müəllif
kapitan, kitab isə bir gəmidir. Kapitan tez-tez gəmidəki sərnişinlərə,
yəni oxuculara və Əhməd ilə Zalxa adında iki gəncə
müraciət edir. Əhməd və Zalxanın taleyi üzərində
biz dilin həyatını öyrənirik. Bəli, düz oxudunuz,
DİLİN HƏYATINI!
Dil nədir,
necə doğulur, necə yaşayır, necə oluşur, necə
qocalır, necə ölür...
Əhmədlərin "ölməsi"
və "dirilməsi"
Mətndə
elmi-fəlsəfi mülahizələrin gedişatı boyu
Əhmədin və Zalxanın diri, canlı obrazı tez-tez
gözə dəyir. Onların problemləri, düşüncələri
üzərində dil hadisələrinin inikası verilir.
Müəllif
müzakirələrin ən qızğın məqamlarında
oxucunu Sokrat, Platon, Şleyxer, Sössür, Rassel kimi nəhənglərin çəkişdiyi
hay-küylü məclisdən qəfil çıxarıb,
Zalxa adlı sadə bir qızın həyatına gətirir.
Bizim
başımız dilin mənşəyi haqda hansısa nəzəriyyənin
təhlilinə qarışıb, gah Platonu müdafiə
edirik, gah Xomskiyə etiraz edirik, bu anda
dartışdığımız dil hadisəsi Zalxanın
taleyində, düşüncəsində,
danışığında peyda olur, və biz dilin
bütün bu elmi-nəzəri strukturundan xəbərsiz olan
real insanın yaratdığı, can verdiyi dilin üzərinə
qayıdırıq.
Aydındır
ki, elmi-publisistik əsərdə bədii süjet quraraq, hər
iki xətti biri-birinə maneə olmadan paralel inkişaf etdirmək
müəllifdən professional yazıçılıqla
yanaşı, geniş intellektual baza da tələb edir. Kamal
Abdulla bu çətin üslubu öz fərdi yazı stili ilə
yüngülləşdirir və
dolğunlaşdırır. Onun yazı metodikası, mətnlə
rəftarı, yazıdakı idarəçiliyi əsasən postmodern mətnlər yazmağa
iddialı olan yazarlara parlaq örnəkdir.
Dilçilik
aləminə səyahətə
çıxdığımız bu gəmidə bizimlə
yoldaşlıq edən gənc oğlanı müəllif
Əhməd adlandırır. Qəhrəmanın
adının nə üçün "Əhməd"
olması haqqında izahat belədir:
Dilçiliklə
bağlı ali və orta məktəb dərsliklərində,
mühazirələrdə, elmi işlərdə, məqalələlərdə,
hətta şifahi nitqdə belə misal çəkdiyimiz
"Əhməd filan şeyi filan elədi" misalından
bezən mərhum akademik Məmmədağa Şirəliyev
dilçiliyə həsr edilmiş hansısa tədbirdə
çıxış edən məruzəçinin dilindən
"Əhməd"li cümlə tutduqdan sonra,
çıxışı yarımçıq saxlayır və
"Əhməd"dən sitat gətirməyi qadağan
edir. Kamal Abdullanın təbirincə desək, M. Şirəliyev
"Əhməd"i öldürür.
Sonralar bu
çıxışın təsiri dərs vəsaitlərində
də özünü göstərir. Artıq, dilçilikdə
"Əhməd"in yerini Aynur, Ülkər, Aydın... və
digərləri tutur.
Maraqlıdır,
bəs, Kamal Abdulla Şirəliyevin dəfn etdiyi Əhmədi
niyə dirildir? Əhməd niyə leksikonumuza qayıdır?
Aha, diqqətli
oxucu artıq hiss edir ki, bu, postmodernizmə xas
reinkarnasiyadır, ölünün yeni obrazda dirilməsi,
yeninin inkarı, bir sözlə, inkarın inkarı.
(Çünki, yeni, köhnənin inkarı idi.)
Üstəlik,
burada inkarın inkarı, daha yeni bir məfhumun hesabına
baş vermir, iş burasındadır ki, yeninin inkarı
köhnənin (keçmişin) qayıdışı üzərinə
tamamlanır.
Müəllifin
geniş yaradıcı-intellektual bazası mətndə
işarələri, sözləri, hətta ideyaları dəfələrlə
dekonstruksiya etmə imkanlarına şərait yaradır.
Konstruktor
idarəçi-yazıçı mətnə müəllif müdaxiləçiliyindən
bacardıqca qaçır, bəzən oxucu onun
varlığını belə, hiss etmir. Postmodern qavramda bu
metod "görünməyən əl" (unknown hand)
adlanır.
Lakin bu,
müəllif idarəçiliyinin olmadığı
anlamına gəlmir, O var, lakin gözə görünmür,
Onu duyursan, amma görmürsən, O, istiqamətləndirir,
lakin diqtə etmir. Yəni, O, bütün mənalarda sənə
(oxucuya) istədiyin azadlığı bəxş edir. Bu
müəllif tipi deizmin tanrı anlayışına
yaxındır, lakin O, deist Dekartın "dünyanı
yaradıb, onun işlərinə qarışmayan"
tanrısı kimi məsuliyyətdən kənar və soyuqqanlı
da deyil. Əksinə, Kamal müəllimin müəllif idarəetməsi
humanist və demokratikdır.
Təbii,
mətnin içində özünü gözəgörünməz
idarəçi kimi aparma qabiliyyəti hər müəllifə
nəsib olan iş deyil. Bu mənada, mətndə
özünü hər cür subyektivlikdən qoruya bilən yazıçı
dünyada çox azdır. Kamal Abdulla bir yazıçı
kimi çoxstrukturlu mətnin bütün mürəkkəb ədəbi, fəlsəfi,
linqvistik labirintləri azmadan keçə bilən səyyahlardandı.
Kamal
Abdulla sözügedən kitabında"Əhməd"in
timsalında bütün əhməd aqibətlilərin ikinci həyatını
dildə, şüurda, bilincaltında, sözdə
canlandırır. Oxucu artıq
bu Əhmədə dünənki "Əhməd" kimi
baxmır, bu "Əhməd" yenidir, dünyaya indicə gəlib.
O, böyüyəcək, qocalacaq, öləcək və
yenidən doğulacaq. Əhməd -
bizim danışdığımız,
yazdığımız, yaşatdığımız dilin
insaniləşmiş simvoludu. "Hər bir söz yenidən
ifadə olunduqda, həm də yenidən doğulur"
teoreminin müəllifi Kamal Abdulla belə deyir...
"Dilçiliyə səyahət"i
niyə oxumalı
1.
Kitabın dili son dərəcə səlis və
aydındı. Burada oxucunu
vaqonlarına çoxlu terminlər yüklənmiş
ağır cümlə qatarları gözləmir.
2.
Kitabın yazılışında müəllif
üçün ağır,
oxucu üçün isə bir o qədər əyləncəli
olan evristik metoddan istifadə olunub. (Müəllif əsərdə,
təxminən, moderator rolunu oynayır, istənilən mürəkkəb
hadisənin müzakirəsində oxucu ilə birbaşa əlaqə
yarada, onu polemikaya cəlb edə bilir.)
3. Əsərin
tematikası ümumən, dil məsələlərinə
həsr olunsa da, müəllif elmi üslubun quru dilindən
mümkün qədər qaça bilib. Nəticədə,
istənilən oxucu təbəqəsinin zövqünü
oxşayacaq, üslub və forma kəşfləri ilə zəngin
maraqlı bir səyahət kitabı ortaya çıxıb.
4. Kitab əslində,
ixtisasca dilçi olmayanlar üçün nəzərdə
tutulub. Amma zehni itiləyən bol bilgili bu əsərə eyni
zamanda dilçilərin də ehtiyacı olmamış deyil.
5.
Kitabı linqvistik-semiotik istiqamətdə yazılmış əsərlərdən
fərqləndirən ən önəmli cəhət, burada
dil və dilçilik problemlərinə elmilikdən daha
çox fəlsəfi, ədəbi, psixoloji yanaşmaların
yer almasıdır.
6. Əsərdə
şifahi və yazılı dil fenomeni - şüurlu,
ağıllı, hissiyyatlı bir məxluq kimi analiz edilir.
Buna görə də Pifaqor riyaziyyatı "ədədlərin
fəlsəfəsi" adlandırdığı kimi, Kamal
Abdullanın da bu əsərini "Dilin fəlsəfəsi"
adlandırmaq olar.
7. Nəhayət,
bu kitab SÖZü sevməyi öyrədir.
Günümüzün
söz ustalarının, bənnalarının, fəhlələrinin,
qarovulçularının isə buna həddən artıq
ehtiyacı var.
Kamal Abdullanın SÖZü
Kamal
Abdullaya görə "hər şeydən öncə
söz olub" deyənlər yanılmır, lakin "ən
axırda da söz olub" - bunu da Kamal müəllim deyir.
Hətta
bu, belə olmasa da Kamal Abdulla belə olmasını istəyir.
Dilçiliyə səyahətindən də
göründüyü kimi o, SÖZ dəryasının dərinliklərində
üzməyi yaxşı bacarır.
Üzməyi
bacaransa diri qalacaq.
Şəlalə Göytürk
Ədəbiyyat qəzeti.- 2019.- 13
aprel.- S.7.