Venesiyaya məktub
Birinci məktub
Bir az əsmər,
bir az günəş-şokolad
qız,
sən gedəli
Burda şirniyyatların
dadı qaçıb.
Venesiyanın suları
gecələr pıçıldayırmı
qulağına
Sumqayıtın yalnızlığını?
Heç
gördünmü
Eşqə qalxmışam desin
kimsə?
Hamı
düşdü,
düşdü.
Düşmək qalxmaqdı
necə ki, Yusifi endirdilər
qalxmasıyçün
Allahın eşq quyusuna.
Sən də mənim eşq quyumsan
balıqların Marian zirvəsi
kimi.
Ayaqlarımın addımlamağı
əllərimi aldatmaqdı
səcdə edir getdiyin yollara.
Üzümü hara tutum dua edəndə
Məkkəyə, Vatikana
Yoxsa Venesiyaya?
Bədənimdən ayrı düşən ayaqlarım,
"Axilles dabanı"msan.
Kişilər qadınsız yeriyə bilməz bu həyatı.
Günəşə həsrət mamırlar
ayağına dolanıb
yalvarırmı
getmə, qal, əsmər günəş-deyə?!
Üzük yerinə
öpsəmmi barmağından?!
...bəlkə də, bir itimiz olar,
adını Kio qoyarıq.
Sevgi dilində danışır
itlər-
elə mənim dilimdə.
Çox
yorulmuşam, şokolad
qız...
Bu həyatdan nə
doydum, nə də bezdim.
Yoruldum,
yoruldum, şokolad qız.
Aldadasan
hamını...
Elə özünü də
Tanrını da
Onun yazdığı 75 illik ömrü də
33 yaşında
atasan özünü
dənizin qolları
arasına.
Cırasan alın yazısının
qalan səhifələrini
balıqlar öpə
gözündən,
yosunlar anantək bələyə səni.
Allah da köks ötürüb
deyə:
"Bağışla.
Bağışla məni".
Mənim
gücüm çatan
iş deyil bu iş,
alın yazısında proqnozlarım
özünü doğrultmur
buralarda heç...
İkiəlli yapışıb tavandakı
ipdən
özünü asan gəncin kölgəsi.
Körpüdən ölümünə tərəf boylanan
bir başqasının
da kölgəsi
boğulub dənizdə
çoxdan...
Kölgəmiz cəsarətli çıxır
özümüzdən.
Yuxularımız necə
Onlar da yazılıb alın yerinə?!
Şeytan
Allahın,
gecə gündüzün,
yuxular həyatın
sən mənim kölgəmsən.
Emin PİRİ
Ədəbiyyat qəzeti.- 2019.-
13 aprel.- S.6.