"Poçt qutusu"ndan "Qəm pəncərəsi"nə
Hər bir azərbaycanlının
mütləq baxmalı
olduğu 3 filmdən biri "Qəm pəncərəsi"dir. Filmin
ssenarisini xalq yazıçısı Anar
yazıb, həm də filmin quruluşçu rejissorudur.
"Qəm pəncərəsi"
filmi əsasən Mirzə Cəlilin əsərləri əsasında
çəkilib. Bu film
xalqımızın müsbət
və mənfi cəhətlərini özündə
əks etdirir. Bəzən Azərbaycanın klassik yazıçılarını daha
bəşəri, daha
böyük miqyaslı
əsərlər yazmamaqda
günahlandırırlar. Məgər
Nobel mükafatçısı İvan Bunin rus kəndlisindən yazmırdımı?
Ancaq bir həqiqəti də danmaq olmaz ki, XIX əsr
Rusiya ədəbiyyatında,
həmçinin Fransa
ədəbiyyatında hadisələr
daha çox kübar ailələrdə
yaşanırdı. Bunun səbəblərindən
biri də həmin yazıçıların
yüksək təbəqə
nümayəndələri olması
idi. Onlar kübar ailələrdə
doğulmuş, elita tərbiyəsi görmüşdülər.
Biz Cek Londonun
"Martin İden" romanında,
Balzakın "Bəşəri
məzhəkə" epopeyasında
kübar cəmiyyətin
tənqidini görə
bilərik. Qərb yazıçıları
xilası daha çox elitadan gözlədiyi halda, biz Qurbanəli bəydən, Novruzəlidən yüksək
bacarıq, savad umuruq. Kim haqlıdır,
bizmi, onlarmı?
Axı zaman onların haqlı olduğunu sübut etdi. Biz Novruzəlidən intellekt tələb etdiyimiz və onu rus uşaqlarının
gözündə gülüş
obyektinə çevirdiyimiz
halda, Cek London bütün kübar ailələrinin saxtakarlığını
ifşa edən
"Martin İden"i yaratmışdı.
Axı Qoqol "Taras Bulba"nı
yazmışdı. O Taras Bulba ki,
düşmən qızını
sevən oğlunu
"səni mən yaratmışam, mən də öldürürəm"
deyərək qətlə
yetirir.
Yazıçını yazmadıqlarına görə
qınamaq olarmı? Ümumiyyətlə, klassikləri tənqid edə bilərikmi? Tənqid olunmaz şəxsiyyət yoxdur, heç kimi bütə çevirmək olmaz.
Amma kimisə tənqid edərkən ictimai-siyasi şərtlər, dövrün
siyasi mənzərəsi
mütləq mənada
nəzərə alınmalıdır.
Məncə, mövzudan çox
yayınmasam yaxşıdır.
"Qəm pəncərəsi"
filmində biz köhnə
fikirlə yeni düşüncə axını
arasında yaranmış
konfliktin şahidi oluruq. Köhnə nəsil ənənəvi
düşüncəni mühafizə
etmək tərəfdarı
olsa da, onların övladları,
nəvələri yenilik
tərəfdarıdır, onlar
Kefli İsgəndəri
qəhrəman sayırlar.
Bəs Kefli İsgəndər qəhrəman idimi? Mən deyəndə ki, Cəbiş müəllim,
Kefli İsgəndər
nümunəvi obraz deyil, məni qınayırlar. Cəbiş
müəllimə öz
arvadı inanmırdı,
arvadı qonşu kişi ilə
əlbir olub Cəbiş müəllimdən
sabun bişirməsini
istəyirdi. Bu fikirlərlə razılaşmayan
adamlar deyirlər ki, Kefli İsgəndərin,
Cəbiş müəllimin
günahı yoxdur, cəmiyyət onları o günə qoyub. Əgər cəmiyyət,
savadsız kütlə intellektə
qalib gəlirsə, demək ki, o intellektin həyatda qalmaq şansı yoxdur. Bütün xalqlar aydınlanma
mərhələsi keçir
və bütün xalqlar aydınlanma mərhələsini könülsüz
şəkildə keçir.
Məcburən, döyülərək, tənqid olunaraq. Bu mövzuda məni
tənqid edən adamlar Alfons de Lamartinin Hüqonun "Səfillər" əsəri
haqqında yazdığı
tənqidi oxumayıb.
Lamartin deyir ki, Hüqo
elə xalq kimi davranır, xalqda həmişə günahkar axtarır.
Lamartin yazır ki, Hüqo "Səfillər"dəki
obrazların əzablı
həyatına görə
bütün cəmiyyəti
günahkar çıxarır.
Lamartin Fantinanın saçlarını,
dişlərini satmasını
həddən artıq
pafoslu sayır. Lamartin yazır ki, bu səhnələrdəki
dramatiklik şişirdilmiş
səviyyədədir.
Mirzə Cəlil səmimi-qəlbdən
xalqımızın inkişafını
istəyirdi. Ən çətin zamanda,
ən çətin şərtlər altında
"Molla Nəsrəddin"i
yaratmışdı. Təbii ki,
tək yaratmamışdı.
Dostları, xüsusən də
Ömər Faiq Nemanzadə ona çox dəstək olurdu. Amma hər birimiz
ciddi mənada düşünməli və
bu suala cavab tapmalıyıq.
Novruzəli, Kefli İsgəndər
bizi inandıra bildimi? Axı şüurun qəbul etdiyi reallıqlar var. Uğursuz adamların dilində səslənən
həqiqəti heç
kim ciddiyə
almır. Kefli İsgəndər cəhalətlə savaşmaq,
insanları inandırmaq
üçün müxtəlif
variantlar düşünüb
tapmaq əvəzinə,
öz hücrəsinə
qapanırsa, ona inanan uşaqlar kimdən güc alsınlar, kimə inanıb təhsil almaq istəsinlər?
Əslində, Mirzə Cəlilin
"Poçt qutusu"
hekayəsini yazmaqda məqsədi Novruzəlini
və ya xalqı aşağılamaq
deyildi. Əslində, qutuya atılan
da məktub deyildi. Qutuya ana dilimiz və milli təfəkkürümüz
atılmışdı. Və həmin rus uşaqları da milli düşüncəmizdən,
ana dilimizdən uzaqlaşdığımıza, böyümək istəmədiyimizə
görə Novruzəliyə
- əslində, bizə
gülürdülər.
"Qəm pəncərəsi"
filmində ən çox ifadə olunan məsələlərdən
biri də qadın azadlığı
problemidir. "Danabaş
kəndinin əhvalatları"nda,
"Məhəmmədhəsən əminin eşşəyinin
itməkliyi"ndə bu
mövzular obrazlı şəkildə təsvir
olunub. Bu filmə baxarkən Mirzə Cəlilin yaşadığı iztirablar,
keçirdiyi ürək
ağrıları gözlərim
önündə canlandı
və kədərləndim.
Özümdən asılı olmadan
gözlərim doldu.
Üzeyir Hacıbəyov haqqında
yazılan xatirələri
oxuyarkən də beləcə kövrəlmişdim.
Biz bundan sonra
əzab çəkməsək
də olar. Üzeyir bəy hamımızın
yerinə əzab çəkib. Filmdə kəndlilərin
qudurğan Xudayar bəyə münasibəti
insanı dəhşətə
salır. Kəndlilər Xudayar bəyin şallaq zərbələrinə
sevinir. Bu filmdə biz kütlə psixologiyasının təsvirini
görürük. Ancaq film təkcə
mənfilərdən ibarət
deyil. Mirzə Cəlil bizə
bir ümid parıltısı, gələcəyə
inam qığılcımı
verdiyi kimi, onun həyat və yaradıcılığına
həsr olunmuş bu filmdə də Kefli İsgəndərin
ətrafına toplaşmış
kefsiz uşaqlar cəhalət girdabında
boğulan xalqın gələcəyinin parlaq
olacağına inam hissi yaradır.
Xudayar
bəyin özbaşınalığı o dövrün xanlarının, bəylərinin
rəiyyətə münasibətini
əks etdirir. Xudayar bəyin zalım hərəkətlərinə,
qəddar davranışına səbəb
kənd camaatının
avamlığıdır. Xudayar bəy
savadlı deyil. Sadəcə,
hiyləgərdir. Ancaq Xudayar
bəyin öz dostunun arvadına göz dikməsi o demək deyil ki, bu xüsusiyyət
bütünlükdə xalqımıza
məxsusdur.
Hər bir azərbaycanlı bu filmi izləməlidir. Bu film həm də bizim yaddaşımızı
səsləyir və bizi fəaliyyətə, faydalı işlər görməyə həvəsləndirir.
Nicat HƏŞİMZADƏ
Ədəbiyyat qəzeti.- 2019.- 13 aprel.- S.9.