Cəlil Məmmədquluzadəyə yenidən

qayıdış: imtina, yoxsa zərurət

 

Görkəmli Azərbaycan yazıçısı və böyük ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) çoxəsrlik tarixi inkişaf yoluna malik olan milli ədəbiyyatımızı yeni mərhələ səviyyəsinə çatdırmışdır. Cəlil Məmmədquluzadə mənsub olduğu xalqın ümummilli oyanışına və istiqlalına xidmət edən böyük ədəbiyyat yaratmaq missiyasını şərəflə yerinə yetirmişdir. Heç tərəddüd etmədən demək olar ki, Cəlil Məmmədquluzadə Azərbaycan milli istiqlal ədəbiyyatının sərkərdəsidir.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının və "Molla Nəsrəddin" ədəbi məktəbinin banisidir.

Böyük demokrat ədibin bütün əsərləri milli oyanış və dirçəlişə, azərbaycançılıq ideyalarına və istiqlala həsr olunmuşdur. Ədib 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" povesti ilə sadə, sıravi, "kiçik" insanı böyük ədəbiyyatın əsas qəhrəmanı səviyyəsinə qaldırmışdır. O vaxta qədər "kiçik adam" ədəbiyyatda epizodik obraz səviyyəsində təmsil olunmuşdur. Cəlil Məmmədquluzadə sadə adamların timsalında mənsub olduğu xalqın taleyini ədəbiyyata gətirmiş, onu axıradək müdafiə etmişdir. Yazıçı Məmmədhəsən əmi, Novruzəli, Usta Zeynal kimi insanların yanıqlı taleyini açıb göstərmiş, onların halına ürək ağrısı ilə yanaşmış, həmvətənlərinin hüquqlarını əlindən almış müstəmləkəçilik siyasətini tənqid etmişdir.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadıdır. Mirzə Cəlil Məmmədquluzadə tragikomediya janrının yaradıcısıdır. Yazıçının "Ölülər", "Dəli yığıncağı", "Anamın kitabı" tragikomediyaları bu janrın dünya ədəbiyyatındakı ən yaxşı nümunələrindən biri sayılmağa layiqdir. Böyük ədib "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi məqalələrdə satirik publisistikanın əsasını qoymuşdur. Ən əsası Cəlil Məmmədquluzadə ədəbiyyatda azərbaycançılıq idealının və milli istiqlal ideyasının ən qüdrətli carçısıdır. Xalqımızın müstəqil dövlətçiliyə hazırlanmasında Cəlil Məmmədquluzadənin misilsiz xidmətləri vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi haqqındakı 17 yanvar 2019-cu il tarixli Sərəncamı böyük sənətkarın Azərbaycan ədəbiyyatı və xalqımız qarşısındakı xidmətlərinə dövlət səviyyəsində göstərilən böyük ehtiramın əməli ifadəsidir.

Bütün bunlarla bərabər, Cəlil Məmmədquluzadə haqqında sosial şəbəkələrdə aparılan müzakirələr ciddi narahatlıq doğurur. Çox təəssüf edirəm ki, bir qrup cavan qələm sahibi Cəlil Məmmədquluzadəyə qarşı nahaqdan ağır ittihamlar irəli sürürlər. Bu, ilk növbədə, xalqımızın görkəmli şəxsiyyətlərini hörmətdən salmağa, keçmişimizə qara yaxmağa yönəldilmiş zərərli bir kampaniyadır. İkincisi isə irəli sürülən iradlar həm də Cəlil Məmmədquluzadənin yaradıcılığının özünəməxsusluğunu lazımınca bilməməkdən irəli gəlir. Çünki Cəlil Məmmədquluzadə ittihamlarda irəli sürüldüyü kimi, Məmmədhəsən əmini, Novruzəlini, yaxud Usta Zeynalı heç vaxt tənqid hədəfinə çevirməmişdir. Əksinə, diqqət edilərsə, görmək çətin olmaz ki, Cəlil Məmmədquluzadə "kiçik adamları" halal, zəhmətkeş, tox, mənəvi cəhətdən saf, səxavətli və sədaqətli insanlar kimi təqdim etmiş və onları müdafiə etmək vəzifəsini özünə borc bilmişdir. Misallara müraciət edək. "Danabaş kəndinin əhvalatları" povestindəki Məhəmmədhəsən əmi haqqında Mirzə Cəlilin fikri belədir: "Adam kasıb olanda nə olar, çox yaxşı adamdı Məhəmmədhəsən əmi... Bu kasıb vaxtında heç zaddan müzayiqə eləməz. Birisi gedə deyə "Məhəmmədhəsən əmi, mənə üç-dörd manat pul lazımdır", əgər özündə olsa, əlüstü çıxarıb verəcək, olmasa çalışacaq hər törnən olmuş olsa, özgəsindən tapsın, sənin işin düzəlsin... Məhəmmədhəsən əmi dünya malına əsla və qəta talib deyil... Amma nə demək, kasıblığın evi yıxılsın. İndiyə kimi yazıq kişinin qolunu-qıçını bağlayıb, qoymur bir yana tərpənsin".

"Usta Zeynal" hekayəsində Cəlil Məmmədquluzadə bu obrazı aşağıdakı kimi təqdim edir: "Usta Zeynal sözünün üstündə möhkəm adamdır, ...mömindir, Allah bəndəsidir, qeyrətlidir, sadiqdir, zirəkdir, ağıllıdır, artıq dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıbdır".

Cəlil Məmmədquluzadə mənəvi cəhətdən əsl insanlıq xüsusiyyətlərinə malik olan həmvətənlərinin cəmiyyətdən geri qalmasının səbəblərini də aydın surətdə göstərmişdir. "Poçt qutusu" hekayəsindəki aşağıdakı dialoqda yazıçı bunu belə ifadə etmişdir:

"Xan üzünü tutdu qonağa:

- Novruzəli, poçtxananı tanıyırsan?

- Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədir?

- Çox əcəb, nəçərnik divanxanasını ki tanıyırsan?

- Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram. Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katda çox incidir".

Cəlil Məmmədquluzadə çox yaxşı bilirdi ki, divanxananı tanıyıb, poçtxananı tanımamasının günahı Novruzəlidə yox, onu bu imkandan məhrum edən, "qolunu-qıçını bağlayan" müstəmləkə rejimində idi. "Erməni uşağı"nın poçtxanadan istifadə etməsini göstərməklə Cəlil Məmmədquluzadə mövcud rejimin xalqlara ikili standartla yanaşmasına diqqəti çəkmişdir. Cəlil Məmmədquluzadənin əsas tənqid hədəfi də eyni coğrafiyada yaşayan xalqlardan birinə divanxananı, digərinə isə poçtxananı tanıdan müstəmləkə üsul-idarəsidir. Böyük vətəndaş yazıçı mövcud reallığı ürək ağrısı ilə təsvir edərək xalqının gözünü açmağa, hüquqlarını başa salmağa, həmvətənlərini ayıltmağa çalışmış, onları müdafiə etmişdir. Mirzə Ələkbər Sabir də "əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyirik" - deyəndə mənsub olduğu xalqı tənqid etmək yox, ayıltmaq məqsədində olmuşdur.

Reallıq belə olduğu halda, sovet ədəbiyyatşünaslıq elmi Cəlil Məmmədquluzadənin "kiçik adam" obrazlarına ideoloji cəhətdən yanaşaraq, onlardan nadan, cahil adamlar qismində bəhs etmişdir. Bu mənada Mirzə Cəlilə qarşı olan ittihamlar və iftiralar sovet ideoloji sisteminin geniş mənada tənqidi realizm ədəbiyyatına, xüsusən də Cəlil Məmmədquluzadəyə qarşı səsləndirilən fikirlərdən uzağa gedə bilməyən, obyektiv reallıqdan çox uzaq olan yanlış mübahisələrdir.

İkincisi, erməni məsələsinə münasibətdə də Mirzə Cəlilin mövqeyi yanlış izah olunur. Əvvəla, geniş dünyagörüşə malik olan humanist bir yazıçı kimi bütün xalqlara və insanlığa ehtiram bəsləyən Cəlil Məmmədquluzadə radikal millətçi düşüncədən uzaq olmuşdur. Bununla belə, əsərlərini diqqətlə oxuyanlar yaxşı bilirlər ki, Cəlil Məmmədquluzadə o fikirdə idi ki, ermənilərin heç vaxt dövləti olmamışdır. Savadsız Usta Zeynalın dili ilə hələ 1905-ci ildə səsləndirdiyi "Xozeyin, niyə sizin padşahınız yoxdu" - sözləri ilə Cəlil Məmmədquluzadə ermənilərin dövlətə malik olmadıqlarını, Qafqaz coğrafiyasına gəlmə olduqlarını nəzərə çarpdırmışdır. Bundan başqa, yazıçı Azərbaycan xalqı ilə eyni mühitdə yaşayan, hər gün rastlaşdıqları ermənilərin etibarsız, hiyləgər, fəndgir olduğunu da yaxından görmüş   əsərlərində obyektiv olaraq, olduğu kimi təqdim etmişdir. Yenə "Usta Zeynal" hekayəsində Mirzə Cəlil sadə bir mükalimə ilə etibarsız qonşuların murdar sifətlərə malik olmalarından söz açmışdır. Eyni zamanda, Cəlil Məmmədquluzadə bu hiyləgər xalqın nankor nümayəndələri haqqında Usta Zeynalın dili ilə yazmışdı ki, "belə fərz elə, ermənilərin hamısı gəlib müsəlman oldu, onda cəhənnəmi Allah kimdən ötrü xəlq edib, ora kimləri göndərəcək?". Yazıçının mənsub olduğu xalqı maarifləndirmək baxımından hər hansı bir xalqın və ya ölkənin həyatından misal gətirməsi həmin xalqa rəğbətini deyil, konkret faktdan ədəbi priyom kimi istifadə etməklə ikili standartlara diqqət yetirmək və ayıq-sayıq olmağa çağırmaq, nəticə etibarilə irəliyə doğru inkişafa xidmət etməkdən ibarətdir. Cəlil Məmmədquluzadənin möhkəm qənaətinə görə, xalqının mövcud əsarətdən xilas olmasının yeganə yolu isə müstəmləkə rejiminin rişəsini kökündən kəsməkdir: "Sən gərək məsələni rişədən başlayasan. Əgər rişə bərk və möhkəm olsa, ağac möhkəm duracaq və qanad-budağını doğrasan da, yenə axırda onlar dübarə pöhrələnib təzələnəcəklər... Əgər rişəni baltalayıb, ona zərər yetirə bilsək, qol-qanad onsuz da öz-özünə quruyub məhv olacaq".

Müqəddəs Vətəninə və xalqına üz tutaraq "Sizi deyib gəlmişəm" andı ilə böyük mübarizə yoluna çıxan Cəlil Məmmədquluzadənin proqramı da özünün bəyan etdiyi kimi, "Vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət"dən başqa heç nə deyildi.  Böyük demokrat Cəlil Məmmədquluzadə şəxsi həyatı, dönməz məsləki və ölməz əsərləri ilə bütün ömrü boyu həmin müqəddəs ideallara şərəflə xidmət etmişdir. Bu gün Cəlil Məmmədquluzadəni bilərəkdən, ya bilməyərəkdən aşağılamaq, ona ləkə yaxmaq yazıçının günahı deyildir... Çarə yenə də Cəlil Məmmədquluzadənin ibrətamiz əsərlərini və "Molla Nəsrəddin" jurnalını daha dərindən, düşünə-düşünə oxumaqdan ibarətdir.

Onu da qeyd etməyi lazım bilirəm ki, sovet hakimiyyəti illərində Cəlil Məmmədquluzadənin ermənilərə münasibətindən narazı qalan Ermənistan tərəfi SSRİ və Azərbaycan rəhbərliyinə şikayət məktubları göndərərək, erməni xalqını təhqir etdiyi üçün "Usta Zeynal" hekayəsinin çapının qadağan olunmasını tələb etmişdir. Hətta rəsmi Moskva bu məsələ barəsində Azərbaycan rəhbərliyinə təlimati məktub da göndərmişdir.

Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərinin öz sağlığında çap olunmasının səbəbləri vardır. Tədqiqatçılar yaxşı bilirlər ki, Cəlil Məmmədquluzadə 1903-cü ildə İrəvanda işləyərkən "Danabaş kəndinin əhvalatları" povestini çap etdirmək istəmiş, lakin senzor buna icazə verməmişdir. Çap hökumətinin təyin etdiyi kəndxudanın, məhkəmə sisteminin əsərdə tənqid olunması dövrün senzorunu razı salmamışdır. Əsər isə əlyazma halında yayılaraq rəğbətlə qarşılanmışdır. Cəlil Məmmədquluzadə "Xatiratım" memuarında yazmışdı ki, "Məhəmmədhəsən əminin hekayəsi" (yəni "Danabaş kəndinin əhvalatları" povesti - İ.H.) onun yoldaşları arasında danışığa düşmüşdü. Yazıldığı vaxtdan uzun illər keçəndən sonra ədib 1921-ci ildə bir çox əsərləri ilə birlikdə "Danabaş kəndinin əhvalatları" da kitab halında nəşr etdirmək üçün yenidən Xalq Maarif Komissarlığının nəşriyyatına təqdim etmişdir. Lakin həmin vaxt da sovet dövlətinin Azərbaycandakı rəsmiləri Cəlil Məmmədquluzadəyə soyuq münasibət bəslədikləri üçün bu əlyazmanı it-bata salıb çapına mane olmuşdular. Çox güman ki, bu məqamda Təbrizdən Bakıya dəvət olunarkən Cəlil Məmmədquluzadəyə Maarif Komissarı vəzifəsinin vəd edilməsi də müəyyən rol oynamışdır. Ehtimal ki, Maarif Komissarlığının nəşriyyatı bu nazirliyə rəhbərlik etmək üçün dəvət olunmuş Cəlil Məmmədquluzadənin əlyazmalarını "itirməklə" mövcud rəhbərliyə "sədaqətini" ifadə etmişdir. Sonralar Cəlil Məmmədquluzadəyə sovet dövlətinin soyuq münasibəti daha da dərinləşdiyi üçün onun əsərləri çox az halda kitab halında çap edilmişdir. 1927-1928-ci illərdə nəşr etdirdiyi "Bəlkə də qaytardılar" hekayələr toplusundan başqa sağlığında onun sovet dövründə çap olunan ayrıca "Əsərləri" olmamışdır. Cəmi 4-5 hekayəsi ("Baqqal Məşədi Rəhim" (1925), "Molla Fəzləli" (1925), "Sirkə" (1925), "Şeir bülbülləri" (1925), "Konsulun arvadı" (1926) və "Ölülər" tragikomediyası ayrı-ayrı kitabça halında çap edilmiş, "Ölülər"in dili və üslubunda mətbəədə edilmiş yersiz "düzəlişlər" onu narazı salmışdır. Bütün bunlara görə "Əhvalatlar" povestinin əlyazması yazıçının vəfatından sonra 1936-cı ildə ilk dəfə Həbibulla Səmədzadə tərəfindən aşkara çıxarılmış və bir il sonra Cəlil Məmmədquluzadənin əsərləri ilə bir yerdə kitab halında nəşr olunmuşdur.

Gürcü yazıçısı Yekaterina Qabaşvilinin (1851-1938) "Maqdananın Lurçası" əsəri ilə Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povesti arasında bənzərlikdən bəhs edənlərin yazıçını plagiat hesab etməsi ədalətsizlikdir. Cəmi 7-8 səhifəlik həcmə malik olan bu hekayə gürcü dilində yazıldığı üçün Cəlil Məmmədquluzadə həmin dili bilmədiyinə görə bu hekayəni köçürə bilməzdi. İkincisi, Cəlil Məmmədquluzadənin 80 səhifəlik "Əhvalatlar" povestində "eşşəyin itməkliyi" süjeti tamamilə fərqlidir. Yekaterina Qabaşvilinin hekayəsində yoldan tapılmış yaralı uzunqulağın sağaldılması, ondan istifadə edilməsi və nəhayət, sahibi kömürçünün yolda onu tanımasından sonra məhkəmənin qərarı ilə eşşəyin ona qulluq göstərən Maqdanada qalması hadisəsindən bəhs olunur. "Danabaş kəndinin əhvalatları"nda isə məlum olduğu kimi, eşşəyin itməsi də, tapılması və alınması da tamam fərqlidir. Cəlil Məmmədquluzadədə "Eşşəyin itməkliyi"ndən dövrün ictimai ziddiyyətlərini göstərmək üçün, Yekaterina Qabaşvilidə isə insani münasibətləri izah etməkdən ötrü istifadə olunmuşdur. Axtarsaq, dünya ədəbiyyatında ev heyvanını (eşşəyini, atını, itini, inəyini) itirmiş onlarla başqa əsər də tapmaq mümkündür. "İtirilmə" və ya "tapılma" süjetlərindəki zahiri oxşarlığa əsaslanaraq bu əsərləri "plagiat" hesab etmək heç cür doğru hesab edilə bilməz. İtirilmə də, tapılma da yazıçı üçün dövrə, insanlara münasibətləri göstərmək üçün yaxşı mənada bəhanədir. Hər yazıçı fərqli mühiti və taleləri təsvir etmiş, tamam başqa mətləbləri izləmişdir. Göründüyü kimi, Yekaterina Qabaşvili və Cəlil Məmmədquluzadə öz əsərlərində bir-birinə bənzəməyən ictimai-mənəvi mühitdən söz açmışlar. Bundan başqa, Cəlil Məmmədquluzadədə Məhəmmədhəsən əmi uzunqulağın sahibi, Yekaterina Qabaşvilidə isə xanım Maqdana eşşəyi yoldan tapan adamdır. Obraz baxımından isə Məhəmmədhəsən əmi surəti daha çoxplanlı hadisələrin fonunda təsvir edilən ümumiləşdirilmiş kəndli obrazıdır. Maqdana isə kiçik ticarətlə - süd-qatıq satmaqla məşğul olan kəndlilərdən biridir. "Danabaş kəndinin əhvalatları"ndakı eşşəyi oğurlamış kəndxuda Xudayar bəylə "Maqdananın Lurcası" hekayəsindəki eşşəyin sahibi olan kömürçü obrazları da müqayisə edilməyəcək dərəcədə fərqli obrazlardır. "Maqdananın Lurcası"ndakı kömürçü ilə xırda alverçi Maqdana təxminən eyni taleyə malikdirlər. "Danabaş kəndinin əhvalatları"ndakı Xudayar bəy yalnız eşşək əhvalatı ilə əlaqədar olmayıb, kənddəki bütün ictimai ziddiyyətlərin mərkəzində dayanan mərkəzi simadır. Əsərdəki Xudayar bəy-Zeynəb-Vəliqulu-Ziba xətti, yaxud "siğə" əhvalatları "Maqdanın Lurcası" hekayəsində heç bir izi-tozu olmayan süjetlərdir. Beləliklə, Cəlil Məmmədquluzadənin və Yekaterina Qabaşvilinin əsərləri zahiri oxşarlıqdan başqa daha heç bir əlaməti ilə bir-birinə bənzəməyən fərqli əsərlərdir. Cəlil Məmmədquluzadə özü də vaxtilə "Əhvalatlar" povestində doğru olaraq yazmışdı ki, "hər kənddə, hər şəhərdə gün olmaz ki, eşşək itməsin. Amma xeyr, Məhəmmədhəsən əminin eşşəyinin özgə eşşəklərin itməkliyinə bir tük qədər də oxşarı yoxdur... Vallah, billah, Məhəmmədhəsən əminin eşşəyinin itməkliyi bir qəribə əhvalatdı ki, nağıl edim".

Cəlil Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"nın süjetini hər hansı bir yazıçının əsərindən deyil, real həyatdan almışdır. Yazıçı bunu "Xatiratım" memuarında aşağıdakı kimi bəyan etmişdir: "Miladın min səkkiz yüz doxsanıncı illərində Nehrəm kəndində müəllim olduğum vaxt kəndlərimizdə qəribə hallar görərdim və gördüklərimi yazıya götürərdim. "Danabaş kəndinin əhvalatları" sərlövhədə Məhəmmədhəsən əminin eşşəyinin itməyini birinci dəfə hekayə surətində yazdım".

Cəlil Məmmədquluzadənin kəşfi olan "Danabaş kəndi" ifadəsi geniş mənada ümumiyyətlə, Azərbaycan kəndində feodal-patriarxal münasibətlərinin yaratdığı ictimai-mədəni geriliyin ümumiləşdirilmiş təyinatıdır. Yekaterina Qabaşvilinin təsvir etdiyi Misiri kəndi isə "bərəkətsiz, quraq ərazidə yerləşdiyi" üçün əhalisi kasıb yaşayan sadəcə yaşayış məntəqəsidir.

Böyük ədib əsərlərində mövzusunu başqa müəlliflərdən aldığı məqamlarda bunu etiraf etməyi həmişə özünə borc bilmişdir.  Onun müxtəlif vaxtlarda Sokratdan, Nikolay Qoqoldan, Con Stüart Mildən bəhrələnməsi haqqındakı etirafları bunun sübutudur. Cəlil Məmmədquluzadənin Yekaterina Qabaşvili adında yazıçını heç vaxt tanıdığını qeyd etməmişdir. Cəlil Məmmədquluzadənin bütün yaradıcılığı boyu hər hansı bir süjeti və ya obrazı kimdənsə köçürməsindən danışmaq gülüncdür. Böyük və parlaq istedadı Cəlil Məmmədquluzadəyə istənilən mövzuda tam orijinal əsərlər yazmaq üçün bəs etmişdir.

Cəlil Məmmədquluzadəni plagiatlıqda ittiham edənlər bilməlidirlər ki, Mirzə Cəlilin süjetləri və obrazları, dili və üslubu o qədər orijinal, bənzərsiz bir sistemə malikdir ki, onun əsərlərinə heç nəyi calaq etmək mümkün deyildir. Yazıçının böyüklü-kiçikli bütün əsərləri onun öz fərdi üslubunda və bənzərsiz təhkiyəsi ilə yazılmışdır. Cəlil Məmmədquluzadənin yaradıcılığında yamaq kimi görünən nəinki bir əsər, heç bir abzas və ya bir cümlə də yoxdur. Böyük istedad sahibi olan Cəlil Məmmədquluzadənin əsərləri süjet-mövzu, dil-üslub, obrazlar sistemi baxımından tam orijinaldır. Qeyri-adi istedad sahibi olan Mirzə Cəlil Məmmədquluzadənin kimdənsə ehtiyacı olmamışdır.

Hazırda Cəlil Məmmədquluzadə ətrafında süni şəkildə kampaniya aparanlar böyük yazıçını, onun timsalında xalqımızın ədəbi keçmişini, görkəmli ədəbi şəxsiyyətlərimizi aşağılamağa hesablanmış xoşagəlməz bir aksiyanı həyata keçirirlər. Bu, demokratiya pərdəsi altında tariximizə, ədəbiyyatımıza, klassik yazıçılarımıza qarşı ünvanlanmış təhqirdən başqa bir şey deyildir. Cəlil Məmmədquluzadəni Novruzəlini aşağılamaqda ittiham edənlər xalqımızın görkəmli bir ədəbi simasını haqsız yerə təhqir edirlər. Belə çıxır ki, böyük bir sənətkarı təhqir etmək, aşağılamaq xalqa aid olmayan məsələdir. Halbuki xalqı təmsil edən yazıçı da, onun sıravi nümayəndəsi olan Novruzəli də bizim üçün eyni dərəcədə qiymətli və əhəmiyyətlidir. Cavan ədəbi nəsil istedadlarını keçmişimizi və şəxsiyyətlərimizi söyməkdə yox, heç olmasa Mirzə Cəlilin bir hekayəsinə bərabər əsər yazmaqda göstərərsə, daha faydalı olar. Çox təəssüf edirəm...

Qeyd etməyi lazım bilirəm ki, media müzakirələrində Cəlil Məmmədquluzadə-Həmidə xanım münasibətləri də yanlış mövqedən işıqlandırılır: Güya Cəlil Məmmədquluzadə varlı təbəqəyə malik olan Əhməd bəy Cavanşirin qızı Həmidə xanımla ona görə evlənib ki, onun iqtisadi imkanlarından "Molla Nəsrəddin" jurnalının nəşri üçün istifadə etsin. Hətta heç bir mənbə göstərmədən Mirzə Cəlilin Əhməd bəy Cavanşirin qızılları hesabına "Molla Nəsrəddin"i çap etdirdiyini də yazırlar. Reallıq isə heç də belə olmamışdır. Mirzə Cəlil-Həmidə xanım münasibətləri dərin ictimai-mənəvi dəyərlər üzərində qurulmuşdur. Həmidə xanım Cəlil Məmmədquluzadənin əqidə və məslək dostu, sadiq və vəfalı ömür-gün yoldaşı olmuşdur. O, Azərbaycanın görkəmli maarifçi qadın ziyalılarından biridir. Həmidə xanımın Mirzə Cəlil Məmmədquluzadə haqqında yazdığı "Xatirələr" Azərbaycan ədəbiyyatına böyük xidmətdir. Lakin onlar ailə qurduğu illərdə Həmidə xanımın "Molla Nəsrəddin"in nəşrinə maddi kömək etmək üçün heç bir imkanı olmamışdır. Bunu əyani şəkildə Həmidə xanım Məmmədquluzadə 11 noyabr 1936-cı il tarixli məktubunda aşağıdakı kimi etiraf etmişdir: "Özümə borc bilirəm qeyd edəm ki, ailə qurduğumuz vaxt mənim maddi imkanım heç də yaxşı deyildi... 1907-ci ildə bizim bölgədə qorxulu çəyirtkə məhsulları məhv etmişdi. Aclıq idi, tif xəstəliyi yayılmışdı. Erməni-türk davası da Qarabağa kasıblıq gətirmişdi. ...O zaman Mirzə Cəlilin jurnal işləri çox yaxşı gedirdi. Bundan başqa, onun himayəsində böyük bir ailə var idi. Mən və mənim birinci nikahdan olan iki uşağım mənim yox, Mirzə Cəlilin maddi vəsaiti hesabına yaşayırdıq. Yuxarıda qeyd etdiyim kimi, həmin dövrdə mənim heç bir gəlirim yox idi".

Belə olduğu halda Həmidə xanımın rolunu süni şəkildə şişirtmək, onu Mirzə Cəlillə qarşı-qarşıya qoymaq və hətta mətndə ona yaraşmayan sözlər işlətmək obyektivlikdən uzaq olan və etik normalara sığmayan təzahürlərdir.

Artıq bir aya yaxındır ki, Cəlil Məmmədquluzadəyə qarşı qarayaxma kampaniyası davam edir. Bir qrup əhli-qələmin böyük yazıçını alçaltmaq ehtirası sönmək bilmir. Çox təəssüf ki, ziyalı mühitimiz bu xoşagəlməz, zərərli hala seyrçi münasibət bəsləyir. "Dayanın!" demək istəyən belə görünmür. Əslində isə nəinki dayanmaq, dərindən düşünmək, Cəlil Məmmədquluzadələri, Cəfər Cabbarlıları, Nəriman Nərimanovları, Səməd Vurğunları söyməklə, aşağılamaqla nə qazandığımızın, nələri itirdiyimizin, bu yolun bizi hara apardığının fərqində olmaq vaxtıdır!

Cəlil Məmmədquluzadə bütün zamanlar üçün müasir olan əsərləri ilə daim xalqımızın və milli-mənəvi dəyərlərimizin keşiyində dayanan, daha böyük gələcəyə doğru inkişafımıza bələdçilik edən, əbədiyyət qazanmış qüdrətli sənətkardır.

Cəlil Məmmədquluzadə kimi böyük sənətkarlardan imtina etmək keçmişimizin mühüm bir dövrünü boş qoymaq, bu gün reallaşdırdığımız problemlərin fərqində olmamaq, gələcəyə gözübağlı getmək deməkdir. Cəlil Məmmədquluzadəyə yenidən qayıtmaq ədəbi-tarixi köklərimizi, ictimai-mənəvi təməllərimizi daha da möhkəmləndirmək və milli-mənəvi dərketmə proseslərini dərinləşdirmək, dostu və düşməni yaxından görmək və irəliyə doğru ayıq-sayıq getmək kimi mühüm mətləbləri ifadə edir.

Cəlil Məmmədquluzadənin bədii irsinə, böyük sənət ideallarına yenidən qayıtmaq geniş mənada dünyanı və ölkəni daha dərindən başa düşmək, milli taleyimizi dərk etmək, xalqımızı irəli aparmaq yollarına işıq salmaq deməkdir.

 

İsa HƏBİBBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2019.- 13 aprel.- S.10-11.