Ağır çəkili alim  

 

Bu yazının başlığı ola bilər ki, bir çox oxuculara qəribə görünər. Hətta qınayıcı təbəssüm də doğura bilər. Amma nahaq yerə. Bunu müstəqim mənada yox, məcazi mənada anlamaq  lazımdır. Belə ifadə xalqımızın öz dilində vardır. Deyirlər ki, filankəs ağır çəkili adamdır. Yəni, oturub-duruşunu bilən, ağıllı, nüfuzlu, el içində hörmət qazanmış şəxsdir. Mən Nizami Cəfərov barəsində düşünəndə yadıma həmin xalq ifadəsi düşür. Hazırda altmış illiyini qeyd edəcəyimiz zamanda onun gənclik illərindən bəri özünü abırlı, ağır aparması gözlərim önündə canlanır.

Mən otuz ilə yaxındır  ki, Nizamini tanıyıram. Lap ilk yazılarından geniş düşüncə və təfəkkürünə bələdəm. Boş, səthi yazılarına rast gəlməmişəm. Arabir olur ki, müəyyən güzəştlərə gedir. Hərdən üzgörənlikləri də olur. Bu da onun ürək genişliyindən, xeyirxahlıqdan irəli gəlir.

Yetmiş ildən artıqdır ki, mən ədəbi aləmdəyəm. Çox tənqidçilər, ədəbiyyatşünaslar görmüşəm. Onların böyük əksəriyyəti elmi əsər müdafiə edib alimlik dərəcəsi alandan sonra qələmi yerə qoyur, mətbuat səhifələrində imzaları görünmür. Ədəbiyyat məsələlərinə nadir hallarda qoşulurlar.Nizami isə onların tam əksinədir.Elmlər doktorudur, professordur, hazırda isə akademikdir. Ancaq qələmi yerə qoymur. Qəzet səhifələrində, radio və televiziya çıxışlarında dil və ədəbiyyat məsələlərindən ətraflı, analitik təhlilli yazılar yazır və çıxışlar edir. Oxucuları, tamaşaçı və dinləyiciləri dərin düşüncəli mülahizələri ilə razı salır.

Nizami Cəfərov ixtisasca dilçidir, yəni dil məsələləri ilə məşğuldur. Alimlik dərəcələrini də bu sahə üzrə qazanmışdır. Ancaq bir çox məşhur dilçi alimlərimiz- dən fərqli olaraq  ədəbiyyat məsələlərinə istedadla qarışa bilir. İlhamlı yazıçılarımızın diqqətəlayiq əsərləri onun nəzərindən  yayınmır. Geniş mənali təhlillər aparir. Şəxsən mənim nir neçə əsərim haqqında da fikir söyləmişdir. Xüsusilə "Vicdan susanda" romanım barəsində böyük, analitik təhlilli məqalə çap etdirmişdir. Bu əsər haqqında bir neçə tənqidçilər, ədəbiyyatşünaslar müsbət rəy yazmışlar. Bir müəllif kimi onların hər birinə minnətdaram. Nizamiyə isə təşəkkürüm daha artıqdır. Çünki o,  əsərdə qoyulan məsələləri daha yaxşı qabarda  bilmişdir. Əsərin bədii keyfiyyətlərini üzə çıxartmışdır. Bir sözlə, məsələlərin dərinliyinə varmağı başqalarından artıq bacarmışdır.

Əzizimiz Nizami bir insan kimi də nümunəvidir. Dost-tanış harayına, el-oba çağırışına hay verəndir. Bu qədər titulları olmasına baxmayaraq, özünü çəkmir, təvazökar davranır. Yoldaşlığa, dostluğa sədaqətlidir. Nəcib anadan halal süd əmib.

Məlumatıma görə bu yaxın aylarda o, altmış yaşını tamamlayacaqdır. Arzu edirəm ki, bundan çox-çox sonralar da qələmi yerə qoymasın, ədəbiyyatımızın inkişafı naminə səy və bacarığını əsirgəməsin. Uzun və sağlam ömür yaşayıb ədəbiyyatçılarımıza nümunə olaraq yaddaşlarda qayım-qədim qalsın.

Eşq olsun sənə, ağırçəkili alimimiz - üzü nurlu akademikimiz! Altıncı onilliyin mübarək!

 

10.03.2019

 

Vidadi Babanlı

 

Ədəbiyyat qəzeti.- 2019.-13 aprel.- S.13.