Günəşə gedən qatar
Buradan qatar yolu
keçir. Göylərin hansısa qatından
gəlir, yol üstə durub gözləyən ana kimi üfüqdən boylanan günəşə
doğru gedir. Bir yatağın başından, bir qəbrin ayağından, bir yolun ortasından,
bir kəndin içindən, bir qadının gözündən,
bir kişinin dodağından, bir sözün altından keçir o qatar
yolu.
Qatar yolu varıymış
Sözdən yatağa kimi.
Bilet tapa bilmirəm -
Çatıb, yazmağa kimi.
Qatar yolu gələcək
qatarın müjdəçisidir. Bir az yağış
gətirəcək o qatar,
bir az duman.
Şüşələrində günəşin şəfəqlərini, üzt-başında
yolların yorğunluğunu
gətirəcək. Yola salan
darıxa-darıxa həsrətini
göndərəcək.
Qatarın arxasınca darıxa-darıxa
baxan adam öz təkliyini, tənhalığını uzaqda,
hardasa yatağına girib gözləri tavanda sabahı gözləyən adama özündən bir parca pay göndərəcək.
Heykələm, daşam, nəyəm;
Toxunub-dəyən yoxdu.
Şəhərin heç yerində
Məni
gözləyən yoxdu
Darıxıram...
Qatarı gözləyənin ümidi
nar çiçəklərinə
dönəcək, qovuşacaq
həsrətinə. Ürəyi gələn
qatarın dəmir çarxlarında döyünəcək.
Sabaha arzular qatarı
gedir,
Ağrısı içimdə polad relslərin.
Səsini
tutmağa dalğa tapmadım
Dünənki qatara bilet gözlədim.
Qatar gəlir, vaqonları
misra-misra, bənd-bənd. Dəmir çarxlarında
qafiyələnir səsi.
Qatar gəlir! Dolanıb dünyanın
başına, bir qəbrin ayağından sükutla keçir.
Səni
də torpağın qurd ağzı uddu,
Eldə yerin qaldı, könüldə izin.
Bizi də taleyin qapazı tutdu,
Sevinci nazildi evlərimizin.
Qatar gəlir! Nə nizamı pozulur
dolu-dolu vaqonlarının,
nə də qafiyəsi qırılır
polad dəmirlərin altında. Üzündə günəş gülən,
yanağını yağış
yuyan pəncərələrindən
bir uşaq dabanını qaldırıb
kəndinə boylanar.
Hər geçə yuxumda kəndə dönürəm,
Yenə də aldanım şirin yalana.
Beş-altı uşağa qoşulub
bu dəm,
Xəlvəti qaçırıq dəmiryoluna.
Qatar gəlir, bir
axşam ilhamın şairə gətirdiyi şeir kimi.
Gecənin bağrına səs-səda
düşər;
"Ay bala, hardasan, ay uşaq, harda?"
Bir azca əylənib dönərik evə,
Qalar xəyalımız
gedən qatarda.
Qatar getdikcə pəncərədəki
uşaq da ünvan-ünvan boy atar, əvvəl dabanı çatar yerə, sonra çənəsi pəncərədən qalxar. Kolların arasından
ilan kimi sürünüb keçən
cığırlar gözünü
aparır, cığırlar
qıvrıldıqca, uzandıqca
böyüyər, enlənər
yollara qarışar.
Yolların başında bir
göz pəncərədən
bir qadın əl sallayar.
Gözümdə həsrətin şaxtası
yatır,
Qəlbin arzusuna bir dəfə
gəldin.
Ömrümün yarısın yollar
apardı,
Qalan yarısına
bir dəfə gəldin.
Qatar o qadının əllərinə
çatana qədər
uşaq böyüyər. Şəhərdə
ünvanın azmış
qonaq kimi başında suallar təlaşla dolaşar:
Gecənin lal şəkili,
Gündüzün daş diliyəm.
Ötür dayanacaqlar,
Hansında düşməliyəm?
Kədərini, niskilini, ehtiyacını, azını, çoxunu bulud xurcununa doldurub yükü çiynində düşdü
qatardan. Dünyanın ortasında dayandı.
Nə gələn var, nə gedən,
Tən ortada durmuşam.
Ürəyin boşluğuna
Bir yelkən
qaldırmışam.
Darıxıram...
Dənizdən torunu çəkən balıqçı kimi o da dünyadan darıxa-darıxa gün çəkdi, güzəran
çəkdi özünə.
Bir mən tərəfə də boylan,
Mənə də əl yetir, Allah!
Bəxtin
"arxa" qapısından
Yaşamağa ötür, Allah!
Taleh ona qatar
yollarını verdi. Bəxtinə qatar
düşdü. Həmişə qarşıladı, həmişə
ötürdü. Gah intizarla
gözlədi, gah da sevinclə yola saldı. Polad yollar kimi paralel
uzandı sevinci də, kədəri də. O polad qollar kimi çox
vaxt əli əlinə çatmadı.
Üzüldüm, üzdüm dünyanı,
Can deyildim, gəzdim canı,
Tərsinə sevdin Rizvanı,
Tilsim nə qədər çəkəcək?
Bəlkə də, Rizvan o qatar yollarının
tilsiminə düşüb.
Ömrü boyu bir qatar
yolu izləyir onu. Kənddə Nəsib kişinin
balaca oğlundan ədəbiyyatda şair Rizvan Nəsiboğluna kimi, evdən işə, səhərdən
axşama kimi, dodaqdan gözə, dostdan düşmənə
kimi izləyir. Ədəbiyyata qatarla gəlib
şair Rizvan Nəsiboğlu. Polad relslərə
çevirdiyi sözlərinin
üstündən keçən
ruh qatarıyla, duyğular-hisslər vaqonunda
bir mühacir kimi gəlib.
Onun poeziyasında
səslər çığırmır,
bağırmır, pıçıldayır. Bu pıçıltı
bütün səslərin
içindən seçilir,
qatar səsi
kimi. Bilinir ki, bu, Rizvan Nəsiboğlunun hənirtisidi, pıçıltısıdı.
Bu pıçıltılar
dağı, daşı
tərpədə bilməz
təbii ki, amma o dağı ovcuna alacaq ürəyi
titrədib yerindən
oynada bilər. O
hənirti gecənin çarəsizliyində qalmış
birinə qəfil qeybdən gəlmiş bir ümiddir, hayandır.
Rizvan Nəsiboğlu
seçdiyi ünvana qatardan düşdüyü
o gündən bu günə qədər qayəsi, məqsədi, amalı o hənirtini diri saxlamaqdır, o pıçıltını eşitdirməkdir.
Vüsal Nuru
Ədəbiyyat qəzeti.- 2019.-
13 aprel.- S.13.