Minacat
Sona Vəliyevanın "Dünya
Tanrı biçimdədir" kitabı haqqında
Sona Vəliyeva ilə ilk dəfə 1988-ci ilin fevralında, İncəsənət İnstitutunun tələbə heyəti ilə qastrola gedərkən Naxçıvanda qarşılaşmışdım. O vaxt Sona xanım ali təhsilini bir neçə il əvvəl başa vurub musiqi məktəbində işləyirdi. Sonrakı illərdə onun şeirləri, müxtəlif mövzulu yazıları, ümumiyyətlə, ictimai fəaliyyəti və milli mətbuatımızdakı xidmətləri ilə maraqlanır, açığı, qürur duyurdum, çünki Sona Vəliyeva İncəsənət İnstitutunu bitirmiş Adil Babayev, Əli Vəkil, Əli Kərim, Sabir Sarvan kimi istedadlı yazarların sırasını davam etdirir. Həmin ali təhsil ocağının məzunu olduğum üçün qürur duyurdum. Növbəti dəfə Sona xanımla təxminən 30 il sonra, 2017-ci ilin mayında, Muğam Mərkəzində, "Qızıl Kəlmə" mükafatının təqdimatında üz-üzə gəldim. O vaxt ayrı nominasiyalarda ikimiz də bu mötəbər mükafata layiq görülmüşdük. Bir-birimizi təbrik etməklə keçindik. Səhv etmirəmsə, "Dünya Tanrı biçimdədir" kitabı da məhz həmin ərəfədə çapdan çıxmışdı. Sonra bir müddət kitab yazı masamda qaldı, redaktədən, tərcümədən yorulanda oxudum oradakı şeirləri. Minacat kimi ruhuma toxtaqlıq verdi, dua kimi pıçıldadım...
Ömrüm özüm biçimdə,
Sevgim, duam içimdə,
Yol başladım içimdən,
Qapına gəldim, İlahi!
Bu kitabda dua kimi şeirlər çoxdur. Bu kitabda bəzən pıçıltıyla, bəzən də ucadan, hayqıraraq oxunacaq şeirlər də çoxdur, amma bu kitab başdan-başa İlahi Eşqin tərənnümünə həsr olunub.
Şeytan
min hiylə qurdu
bu ayrılığa...
İlahi, tək bir bəhanə göndər
təzədən rastlaşmağa,
təzədən qovuşmağa!
Şeirdən söz düşəndə tez-tez Federiko Qarsia Lorkanın "Poetik obraz hər zaman mənanı ifadə edir" fikirlərini xatırlayıram. Şeir mənanı dolğun ifadə edə bildiyi zaman ürəyə yol tapır. Təsadüfi deyil ki, insanlar sitat gətirmək, fikirlərini dolğun ifadə etmək üçün dahi şairlərin - Nizaminin, Şekspirin, Puşkinin - misralarına müraciət edirlər və mən qətiyyətlə deyə bilərəm ki, "Dünya Tanrı biçimdədir" kitabında oxucuya fikri dolğun ifadə edə bilmək üçün geniş meydan açılıb.
Bəxt yazısın yazan varmış,
Çox istəyən azdan olmuş,
Ömür almasız nağılmış,
Gəlmişik qulaq asmağa...
İçimdə söz-söz də mənəm,
"Ol"dan əvvəlki sözdənəm,
Söz ölməsə, mən ölmərəm,
Gəldim sözlə sağ qalmağa.
Sona Vəliyevanın şeirlərində təsvir yaratmaq ustalığı açıq-aydın hiss olunur. Belə məqamlarda sözlə rəsm çəkmək ifadəsi son dərəcə yerinə düşür, bəzən sözlərin səsini eşitmək olur. Kitabda mövzu qıtlığı yoxdur, rəngarənglik, sərbəstlik, peşəkarlıq adamı alıb aparır. Məsələn, üzərinə şeh qonmuş ağac aşağıdakı kimi təsvir olunur:
Qurumur gözünün yaşı,
Necə ovudum kirisin?
Üz-gözünü şeh yuyubmuş,
Ağlamağı bilinməsin,
və burada, oxucu bir anlıq dünyadakı şehli budaqların, çiçəklərin, otların hönkürtüsünü eşidir. Yaxud "Yallı" şeiri:
"Yallı" çalınır.
Yaddaş oyanır.
Bu, oyun deyil,
təvafdır, təvaf.
"Ya Allah, ya Allah...".
Təvaf Həcc ziyarəti zamanı Kəbə evi ətrafında saat əqrəbinin əks istiqamətinə dövrə vurmaqdır. Bu ayin müsəlmanlığın ən
izdihamlı imitasiya məqamıdır. Şeiri oxuyarkən
həm gözlərim
önündə yallı
gedən insanları gördüm, həm musiqi eşitdim, həm də mənə elə gəldi ki, insanlar əl-ələ verib yallı gedərkən kütləvi
şəkildə Allaha
doğru dartınırlar.
Bəlkə də,
"Yallı" əcdadlarımızın
bizə miras qoyduğu kütləvi imitasiya formalarından biridir, kim
bilir...
Sona xanımın
şeirlərində qadın
mövzusu mühüm
yerlərdən birini tutur və bu
da təbiidir. O, həm
bir ictimai fəal, həm mətbuat adamı və həm də bir qadın,
bir ana kimi
qadın problemlərini
gözəl bilir. Ona görə də kitabda yer almış
bu səpkili şeirlərdə olan ağrı-əzab - sevgi-sevinc
paralelləri son dərəcə
səmimi, dolğun və inandırıcıdır.
Qadın mövzusu Sona xanımın yaradıcılığında özünü azad hiss edir, özünü çəkinmədən, sərbəst,
inamla ifadə edir.
Göz yaşların gecələr
ömrünü yudu,
səhərlər bəxtəvər
görünəsən deyə,
göz yaşının
parıltısını -
dözüm mükafatını
qulağından, boynundan
asdın,
göz yaşının
nəmi
kiflətdi bəxtini...
ya da:
Asılır ümiddən aldanan
qadın,
Göz yaşı
taleyin fəryadın çəkir.
Yalan sevdaların ağır yükünü
Min kişi çəkməzdi,
bir qadın çəkir.
Ümumiyyətlə, hər bir ziyalı, hər bir yaradıcı
adam həm
də ictimai mühitin bir parçası, cəmiyyətin
mühüm fiquru hesab edilir. Bu baxımdam şair və yazıçıların
üzərinə daha
ağır yük düşür, çünki
insanlar çətinə,
dara düşdükdə
çıxış yolunu
birbaşa xalqın, millətin ziyalısında,
ən çox da qələm adamlarında axtarırlar.
İşlər düz getməyəndə
daha çox yazarlar qınaq obyekti olur, hətta
cəmiyyətdəki əksər
neqativ hallara görə insanlar şair və yazıçılardan küsür,
inciyir. Yəni şairlər (məşhur
olub olması fərq etmir, bu proses, hətta
ailə içində,
qohum içində, ən qapalı mühitdə belə, işləkdir) hər zaman üzərlərində
ictimai nəzarət
hiss edən fərdlərdir.
Aktyor, müğənni (təbii
ki, hamısına aid etmək olmaz) əxlaq normalarını,
davranış qaydalarını
pozsa belə, cəmiyyət çox vaxt buna ya
adi qınaqla reaksiya göstərir, ya da ümumiyyətlə,
üstündən sükutla
ötüb-keçir. Lakin qələm adamlarının
belə bir şansı yoxdur, hətta ailə içində nəsə
bir yanlış edirsənsə, o anda sənin ziyalılığın,
yazarlığın tərəziyə
qoyulur. Bu mənada Sona Vəliyevanın üzərinə
çox ağır yük düşür və o, bu yükün
mahiyyətini dərk etdiyi üçün bu gün olduğu
yerdə son dərəcə
sadə və səmimi görünür.
Sona xanımın
ictimai mövzulu şeirləri içərisində
"Qardaşım Kefli
İsgəndərə birinci
məktub" və
"...ikinci məktub"
adlı şeirləri
öz ictimai ağırlığına görə
xüsusilə seçilir.
...Əziz qardaş, xəbərin var?
Xudayar bəy kəndxudalıqdan
milyoner olub.
Neylədi, latın əlifbasını
öyrənə bilmədi,
indi kitab yazdırıb
professor
olmaq eşqinə düşüb.
Dərd
elə köhnə dərddi...
ya da:
Deyirlər, o gün pirdə
o kəndin qadınları
nəzir paylayıb
dua edirmişlər:
"Allah,
balalarımız yazıqdır,
bizim kişilərə
bir də
çox pul vermə".
Bu parçalarda Mirzə
Cəlil harayını,
Sabir ironiyasını
duymamaq mümkün deyil. Sona xanım
"dərd elə köhnə dərddi"
deməklə yüz illər boyu xilas ola
bilmədiymiz dərdlərə
güzgü tutur. Qarabağ harayı və şəhidlik zirvəsi "Qaçqın
yataqxanası" şeirində
ürək sızladan
ağrı ilə verilir. "Gözəl
Qarabağdan, görmədiyi
yerlərdən inşa
yazacaq, görəsən,
neçə alacaq"
kimi sətirlər xəncəl kimi adamın ürəyinə
saplanır.
"Dünya Tanrı
biçimdədir" kitabındakı
şeirlərin ruhunda,
mayasında olan səmimiyyəti bütövlükdə
dua və minacat toplusu adlandırmaq olar. Bu şeirlər
ruhu oxşamaqla yanaşı, həm də düşündürür,
düşündürdükcə dünyanı adamın gözündə saflaşdırır,
saflaşdırdıqca adam mənən təmizlənir, durulur və sadəcə, dua etmək istəyir.
Qalacaq ruhumun yükü sözümdə,
O məndən doymadı, doymadım ondan.
Mən
"Ol"la gəlmişəm,
"Ol"la gedirəm,
Yaşamaq ümidim başlayır
sondan,
- deyən şairin, yazıçının, mətbuat
fədaisinin və çiynində ağır
ictimai yük daşıyan bir qadının, ananın kövrək pıçıltıları,
layla kimi nəğmələri, harayı,
üsyanı ilə baş-başa qalmaq üçün "Dünya
Tanrı biçimdədir"
kitabının səhifələrinə
dalın, yazarla birlikdə minacat edin. Təsadüfi deyil ki, haqqında
söz açdığım
kitab artıq bir neçə dilə tərcümə olunub. Mənsə kitab haqqında fikirlərimi öz ənənəvi duamla bitirirəm: "Eşqlər
və uğurlar!".
25 mart 2019
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2019.-
13 aprel.- S.15.