Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə yunan
yazıçısı Nikos Kazantsakisin "Zorba" (1946)
romanı əsasında çəkilən eyniadlı filmi təqdim
edirik
Romanın
süjeti: Əhvalat gənc yazıçının dilindən
nəql olunur. Yaxın bir dostu ilə yolları
ayrıldığı üçün özünü tənha
hiss edən yazıçı həyatında dəyişiklik
eləmək istəyir. O, Krit adasına, atasından qalma ərazidə,
çoxdan bağlanmış şaxtanı yenidən
açmaq üçün gedir. Yolda 60 yaşlarında bir
kişi ilə tanış olur. Özünü Aleksis Zorba
kimi təqdim edən kişi gənc adamdan ona iş verməyi
xahiş edir. Rumıniyada doğulan Zorba aşpaz,
şaxtaçı işləyə biləcəyini, hər
cür iş bacardığını, sənturda (toxmaqla
çalınan musiqi aləti) ifa edə bildiyini deyir. Onun ifadəli
manerası, maraqlı danışığı gəncin diqqətini
çəkir. O, Zorbanı işə götürməyi qərara
alır.
Adaya
çatanda onlar madam Qortenziyanın mehmanxanasına baş
çəkirlər və onun sahib olduğu komalardan birində
yaşayırlar. Madam Qortenziya qonaqlarla isnişir,
özünün keçmişindən, kurtizan həyatından
danışır. Zorba qadını əzizləyərək
Bubilina (1821-ci ildə
yunanların Osmanlı imperiyasından azad olmaq
üçün başladıqları mübarizədə qəhrəmanlıq
göstərən Laskarina Bubilina nəzərdə tutulur)
adlandırır.
Ertəsi
gün şaxta açılır. İş başlayır.
Sosialist baxışlarına malik yazıçıya Zorba xəbərdarlıq
edir ki, işçiləri ilə arasında məsafə
saxlasın. "İnsan heyvandır. Əgər sən onlarla
kobud olsan, qorxacaq və hörmət
edəcəklər. Xeyirxah olsan gözlərini
çıxaracaqlar". Zorba özü isə bütün
günü işləyir, yazıçı ilə müxtəlif
mövzularda söhbət edir. Zorbanın həyat,
ölüm, vətən, Tanrı və s. haqda maraqlı,
özünəməxsus dərin fikirləri, həyat təcrübəsi
gəncə təsir göstərir.
Yazıçının
kənddə gənc və gözəl dul qadınla eşq
macərası başlayır. Bu isə sərt əxlaq
qaydaları olan kənd sakinləri tərəfindən
çox pis qarşılanır. Dul qadını sevən bir kənd
cavanının sevgisi cavabsız qaldığından o, intihar
edir. Və onun atası dul qadını öldürür.
Hadisələrin
sonrakı gedişatında Zorba ilə
yazıçının yolları ayrılır. Buna baxmayaraq
onlar tez-tez məktublaşırlar.
Finalda
yazıçı sonradan Sebiyaya yerləşən Zorbanın
ölüm xəbərini alır. Arvadı ərinin sənturunu
ondan götürmək üçün Serbiyaya dəvət
edir.
...1883-cü
ildə doğulan Kazantzakis
Afinada hüquq təhsili alıb, sonra isə Parisdə fəlsəfəni
öyrənib. Yunanıstana qayıtdıqdan sonra fəlsəfi
əsərləri tərcümə edib. Ayrı-ayrı illərdə
dünyanın müxtəlif ölkələrində jurnalist
kimi çalışıb.
1957-ci ildə
vəfat edən yazıçının məzarında bu
sözlər yazılıb: "Heç nəyə ümid
etmirəm. Heç nədən qorxmuram. Mən azadam".
Qeyd edim
ki, Zorbanın prototipi Makedoniyadan olan şaxtaçı Yorgis
Zorbadır (1867-1941). Çoban
işləyən Zorba sonradan Yunanıstanın şimal-şərqində
yerləşən Xalkidikiyə gedir. Burada şaxtaçı
işləyir. Ustasının qızı ilə evlənir və
8 uşağı olur. Türklərlə müharibədə
ailəsi ağır zərbələr alır, sonra həyat
yoldaşı vəfat edir. 1915-ci ildə o, rahib olmağı
qərara alır və Afona - Müqəddəs Dağa
(Yunanıstanda yarımada) yola düşür. Və burada
Kazantzakislə tanış olaraq dostlaşır.
Yazıçı sonradan onun hekayətini qələmə
alır.
Romanın
əvvəlində Nikos Kazantsakisin Zorba haqqındakı fikirləri
yer alır: "Həyatda ən etibarlı dayağım səyahətlərim
və arzularım olub. Yaşayan və ölən insanlar
arasında isə yalnız bir neçə nəfər olub
ki, mənə axtarışlarımda kömək
edib. Qəlbimdə dərin iz buraxan dördünü
xüsusi qeyd edərdim: Homer, Berqson, Nitsşe və Zorba. Zorba
mənə həyatı sevməyi və ölümdən
qorxmamağı öyrətdi".
Roman hind
mistiki Oşoya əhəmiyyətli təsir göstərib.
Oşo Zorba - Buddanı özünə ideal sayır. Onun bu
idealı özündə Zorbaya məxsus cizgilərlə
Buddanın mənəvi dünyasını birləşdirirdi.
Oşo Zorbanın cəhənnəmdən qorxmamasını,
cənnətə can atmamasını, həyatı
bütün yaşaya bilməsini, həyatın
xırdalıqlarından zövq ala biməsini dəyərləndirirdi.
1964-cü
ildə yunan rejissoru Mixails Kakoyanis roman əsasında
"Zorba" filmini çəkdi. Bu, rejissorun ən məşhur
ekran işi sayılır.
Zorbanın
monoloqları romanı dinamikləşdirir və ona xüsusi
rəng qatır. Romanda olduğu kimi, filmdə də parlaq
obraz Zorbadır və bütün əhvalat onun fəlsəfi,
dərin fikirlərinin üstündə qurulub. Real hekayəyə
əsaslanan bu əsər önəmli olan bir məqamı
vurğulayır ki, intellektuallıq, bilgili olmaq heç də
yaşamağa kömək eləmir, həyatı
asanlaşdırmır. Və üstəlik, intellekt dərinlik
anlamına gəlmir. Yığılan həyat təcrübəsi,
onun insanın həyatında buraxdığı iz, baş
vermiş dəyişikliklər və bütün bunlara fərdin
necə bir baxış bucağından yanaşması önəmlidir.
İlk
epizodlarda yüngül, bəsit, fırıldaqçı adam
təəssüratı yaradan Zorbanın (Entoni Kuinn)
yazıçı Bezillə (Alan Beyts) dialoqunda bir fikri,
tamaşaçıda onun haqqında kəskin dönüş
yaradır. Bezil onu işə götürəndə şərt
kəsir: "Mən sizə pul ödyəcəyəm və
siz sənturda ifa edəcəksiz". Bunu eşidəndə
Zorbanın üzü dəyişir: "İşdə tamamilə
sizə tabeyəm. İfa edəndə və oxuyanda isə mən
tamamilə özüməməxsus oluram. Mən
azadlığı nəzərdə tuturam".
Və
onun müdrikliyi, çox vaxt insanların görmədiyi sadə
həqiqətləri vurğulaması, ən adi şeyləri
mənalandırması, ondan zövq alması
tamaşaçıya da həyatına yenidən baxmağa,
onu yenidən dəyərləndirməyə sövq edir.
Zorba ətalətin
yox, fəaliyyətin tərəfdarıdır, çünki
onsuz da qəbirdə bizi sükut gözləyir və onun
düşüncəsinə görə, insan çox
ağıllı olanda azad ola bilmir.
Zorbanın
haqqında danışmaq istəmədiyi dərin yaraları
var. Müharibədə itirdiyi ailəsindən danışmaq
onun üçün çətindir. Zorbanın rəqsi əhvalatın
dramaturgiyasında xüsusi yer tutur. Onun ifasında, bu, sadəcə
rəqs deyil, azadlığının ifadəsidir.
Filmdə
daha bir maraqlı epizod, türklərlə müharibədə
iştirak etmiş Zorbanın buna münasibətidir: "Mən
ölkəm üçün çox şey etmişəm.
Öldürmüşəm, kəndləri
yandırmışam, qadınları zorlamışam. Niyə?
Çünki onlar türk idi. Mən belə səfeh
olmuşam".
...Kritə
yola düşəndə dənizin
yırğaladığı gəmidə sərnişinlərin
ləngər vurmasını musiqi sədaları altında
verilməsi maraqlı, özünəməxsus rəqs təəssüratı
yaradır. Real qadın, kişi portretləri, küçələr,
sadə, qədimi evlər filmin koloritini artırır.
Əhvalatın
yan xətlərindən biri Bezil ilə dul qadının
(İren Papas) ilk görüşmə səhnəsini rejissor,
sanki təsadüfi epizod kimi poetik-realist üslubda həll
edib. Küləyin dalğalandırdığı döşəkağılarının
arxasında qarapaltarlı zərif qadın görünür.
Onun sərilən ağlar arasından oğrun gözləri
yeni gələn qonağa dikilir. Dul qadında bütün kənd
kişilərinin gözü olsa da, o, kimsəyə əhəmiyyət
vermir. Bir epziodda, onu aşağılamaq üçün
keçisini kənd kafesində gizlədən acgöz, həris
kişi üzləri təmkinlə iri planda verilir və guya sərt
əxlaq qaydalarına riayət edən bu kişilərin həqiqi
mahiyyəti aydın görünür. Yalnız Zorbanın
araya girməsi ilə qadın onların heyvani
baxışlarından qurtulur.
Dul
qadını sevən və ondan qarşılıq almayan kənd
cavanı, onun Bezillə münasibətini biləndə intihar
eləyir. Qadının yazıçıyla eşq macərasının,
kənd kişilərinin oğlana xəbər verilməsi səhnəsi,
sanki həbsdə işgəncəverilmə kimi təsvir
olunur. Bundan sonra əllərinə bəhanə düşən
kənd kişiləri dul qadını təhqir edir, sonda gəncin
atası onu öldürür. Dul qadının gözəlliyinə
həsəd aparan qadınlar isə onun təhqir
olunmasından zövq alırlar. Və onlar üçün əlçatmaz
olan bu gözəl qadını öldürməklə kənd
əhlinin üzərindən ağır yük
götürülür.
Ən təsirli
epizodlarından biri madam Qortenziyanın (Lilya Kedrova)
ölümüdür. O, kəndin adət-ənənələri
ilə uymayan sərbəst həyatı sürür, rəngli,
müasir tərzdə geyinir. Qortenziya öləndə qara
geymiş kənq qadınları onun evinə doluşaraq əşyalarını,
geyimlərini götürür və rəqs edirlər.
Madamın meyitinin bos evin fonunda təsviri fanilik hissi
aşılayır.
Zorbanın
oynadığı rəqs Yunanıstanda məşhur
olmayıb, bu filmdən sonra yayılıb. Entoni Kuinn
ayağı sındığından, ssenaridə nəzərdə
tutulduğu kimi rəqs zamanı tullana bilmir. Aktyor bu səhnə haqda deyir:
"Və
mən rəqs edirdim. Ayağımı qaldıra və
aşağı sala bilmirdim, ağrı dözülməz
idi, amma başa düşdüm ki, onu diskomfort olmadan da
sürüyə bilərəm.
Ona görə addımlarımı qeyri-adi şəkildə
sürüşdürən rəqsi fikirləşib
tapdım. Mən ənənəvi yunan mahnılarında
olduğu kimi, əllərimi uzadır və qumla
yeriyirdim".
Rejissor bu
rəqsin necə alındığını soruşanda aktyor
cavab verib ki, bu onun yerli sakinlərdən öyrəndiyi xalq rəqsidir.
Beləliklə, Yunanıstanda populyar olan Sirtaki (mənası
toxunma, təmas deməkdir) rəqsi belə yaranıb.
Amerika,
İngiltərə və Yunanıstanın birgə
istehsalı olan film üç Oskar mükafatına layiq
görülüb: "ən yaxşı ikinci plan qadın
roluna" (Lilya Kedrova), operator və quruluşçu rəssam
işinə görə.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 13
aprel.- S.31.