Yenidən qovuşmaq üçün
"Bizi kim apardı"
şeirində oyun estetikası
Faiq İsmayılovun "Bizi kim apardı"
şeiri müəmma,
sirr estetikasına əsaslanır. Hər misra axtarışdır.
Kəşf olunmaq istəyidir.
Faiq dostu Azər Turana müraciət edir və cavab
axtarır. Həmişə dərin və mənalı cavablar sükutla qarşılanan sualların
bətnində gizlənir.
Şeirin sonuncu bəndindəki "Dostum, bizi kim
apardı?" sualı
bir ömrün, taleyin və münasibətlərin cavabı
kimi yaranır. Faiqin ömrü ilə Azər Turanın həyatının... kəsişən
və bir daha qopmayan ardıcıllıq
tezliyində əbədiyyət
illüziyasına qapı
açılır. Əbədiyyən var olmaq çabası
şeirin gözəllik
duyumunda və təsəlli axtarışında
davam edir. Keçmişdən (davamedici
zamandan) bu günə və gələcəyə doğru
bir hədiyyədir
bu şeir. "Bizi kim
apardı" Azər
Turanın və Faiqin bitməyən münasibətidir:
Uca-uca dağ başından,
anan, atan, qardaşından,
qohumundan, tanışından
dostum, səni kim apardı.
Sakit axan çayqırağı,
çayın daşı,
çay balığı,
qonşumuzun gül yanağı,
səni saxlaya bilmədi, -
dostum, səni kim apardı?
"Bizi kim
apardı" şeiri
"Yoldaş, səni
kim aparır?" oyunu ilə oxşardır. "Yoldaş,
səni kim
aparır?" mütəhərrik
oyundur. Qrup şəklində oynanılır. Gözləri dəsmal ilə bağlanan qrupun üzvlərini digər komandadan iki nəfər aparır.
Aparılan şəxsləri
yoldaşları səsləyir:
"Yoldaş, səni
kim aparır?". Doğru tapsa mükafat,
yanlış desə cəza gözləyir onları. Faiq dünyasını dəyişsə də, hələ də Azər Turan onunla sirr və
dərd yoldaşıdır.
Mükafatın adı:
Faiq hələ də yaşayır, yaşadılır.
"Dostum, bizi kim apardı?" ritorik, bədii sualdır. Həmçinin təxtəlşüur hadisəsidir. Həsrətdir. Qovuşmaqdır. Ayrılıqdır. Yenidən qovuşmaqdır. Bu dəfə virtual görüş yeridir.
İnterpsixoloji məqamdır. "Ölüm süvarisi"
suala cavab verir: Biz səfərdəyik.
Yoxluq və varlığın sərhədlərində dayanan
bir yoldayıq. O
yolu keçib gəlmişik. Heç nə və heç kəs özünə çəkə
bilmədi bizi... Məni də, səni də, bizi də
sevgi apardı, aparır, aparacaq. Ernest Breleurun "Arzusu müəmma" tablosunu yenidən xatırlayıram. İnsanın arzusu yaşamaq, mövcud olmaq qovğası deyilmiş.
Sevgiymiş. Müəmmaya, naməlumluğa bürünüb bizdən
uzaqlaşan sevgi.
Və Faiq sənətlərarası əlaqə
və qısa ömrü intervalında
"Ölüm süvarisi"dir.
Ancaq kosmos və xaosu birləşdirən
şeir sənətində
və bitməyən dostluq
tezliyində sevgi süvarisidir. Çünki:
Aya baxdım, Ay çəkmədi,
suya baxdım, su çəkmədi.
Sən gedən yollara baxdım,
yollar yaman çəkdi məni, -
dostum, bizi kim apardı?
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2019.-
13 aprel.- S.17.