Yazıçının əsas işi
çörək
qazanmaq yox, yazmaq olmalıdır
Yazıçı Səfər
Alışarlı ilə müsahibə
- Səfər müəllim, bu
gün Azərbaycan nəsrinin vəziyyəti necədir?
-
Günümüzdə ədəbi nəsillərin müxtəlif
təmsilçiləri tərəfindən nəsr nümunələri
yaradılır. Bəzilərinin yüksək məhsuldarlığı
adamı şübhəyə salır, çünki dəyərli
bədii sözün və fikrin necə yaranması prinsipcə
bizim hamımıza bəllidir. Əksər hallarda sadəcə
qrafomaniyadan danışmaq lazımdır. Bəzən elə
təəssürat yaranır ki, sanki ədəbi proses
bütöv və canlı bir orqanizm olaraq heç kimi
maraqlandırmır. Sanki hər kəs öz
kitablarının hayındadır.
Mənim özümə gəldikdə isə deyə
bilərəm ki, əlimə düşən boş vaxtın
hamısını yaradıcılığa həsr etməyə
çalışıram. Problem ondadır ki, mən pinti adam deyiləm, nə məişətdə, nə
də düşüncədə. Ona görə
o steril vəziyyətin kompleksini həmişə yaratmaq, uzun
müddətə qoruyub saxlamaq bir qədər çətin
olur.
- Qonşu ölkələr - rus və
gürcü nəsri ilə müqayisədə Azərbaycan nəsri
necə görünür?
-
Gürcülərdən xəbərim yoxdur, rusların
qalın ədəbi jurnallarını oxumaq imkanım olur. Ədəbi axın qeyri-adi heç nə gətirmir
mənə. Məsələn,
"Novıy mir" jurnalının nömrələrini
mütəmadi oxuyuram, məni heyrətləndirən ciddi bir
şey görmürəm. Rus nəsrində
maraqla oxuduğum imza yenə də Tatyana Tolstaya olaraq
qalır. Onun nəsri, məsələn, Pelevin, Sorokin,
Bıkov, Limonov və bir çox başqalarının nəsri
kimi oxucu diqqəti və rəğbəti qazanmaq
üçün ekstravaqant ideyalarla özünü
dağa-daşa çırpmır, sakitcə, çox vaxt adi
məişət təsvirləri səviyyəsində
öz-özünə mızıldana-mızıldana
yaşayır. Oxuyursan və görürsən
ki, bu adamın nəbzi ətraf dünyanın nəbzi ilə
həmahəng döyünür, çox vaxt nəbzi
susmuşların da yerinə çalışmaqda davam edir.
Ağrıyır, amma bunu yox, onu yaradan psixoloji
mühiti, gərginliyi təsvir eləyə bilir. Keçən ilin nəsr mühitində Çin
yazıçısı xanım Şan Yunun (gərək ki,
adı beləydi) bir povesti məni heyrətləndirdi. "Zarubejnaya literatura" jurnalında oxudum. Təsəvvür eləyin, hamilə
qadınların sığınacağını, onları
doğuzdurub uşaqları adicə əmtəə kimi
satırlar. Bu bir ferma kimi fəaliyyət
göstərir, qanuni olanı da var, lisenziyasızı da.
Gözəl psixoloji təsvirlər vardı.
Ümumiyyətlə demək lazımdır ki, ədəbiyyat
özünün klassik anlamında bir qədər deqradasiyaya
uğrasa da, dünyanın insanlığa zidd
reallıqları ilə barışmayan, onları təkbaşına
dəyişmək istəyən güclü fərdlər
üçün yeganə özünüifadə vasitəsi
olaraq hələ uzun müddət yaşayacaq. Bu mənada,
mühitin təbəddülatlarından asılı olmayaraq,
mən həmkarlarıma ruhdan düşməməyi və
islahına ehtiyac duyduqları problemləri bütün kəskinliyi
ilə öz əsərlərində qabartmağı məsləhət
görərdim. Dağınıq ədəbi
mühitimizin içində işbazlara məxsus, xaricdən gətirilmiş
böyük kitab konveyerləri işləyir. Onların əsas məhsulu dünya klassik ədəbiyyatı,
eləcə də rusların və yəhudilərin piar
kampaniyasında şişirdilib dünyaya soxuşdurulmuş
adlardır. Əslində, onlar milli ədəbiyyatın
yaranma prosesini boğur. Bir-birindən məşhur
yazıçıların allı-güllü kitablarını
vitrində görən yetim, pulsuz, evsiz azərbaycanlı gənc
yazarın hansı acı hisslər keçirdiyini təsəvvür
etmək çətin deyil.
- Povest janrına münasibətiniz
necədir? Dünyada belə bir janr varmı, yoxsa bu, sovet
realizminin qalığıdır?
- Povest, əslində,
yaxşı janrdır. Romanla hekayənin
arasında möhkəm dayana bilən bir nəsr həcmidir.
Keçmiş sovet ədəbiyyatında povestlər
vardı ki, özünün yüksək bədii məziyyətləri
ilə indiki romanların çoxunun nəfəsini kəsərdi.
Məsələn, oxu - E.Heminquey "Qoca və dəniz",
Emmanuel Kazakeviç "Ulduz", "Çöldə iki nəfər",
Rasputin, Belov, Aytmatov və b. Məsələ
yazıçının əhatələdiyi həcmdə
deyil, onun istedadının kaliberindədi. Bütün
yazıçılar istedadlı deyil, ancaq yazmaq, şəxsi
təəssüratları və narahatlıqları insanlarla
bölüşmək arzusu çoxlarının ürəyində
baş qaldırır. Bu, bir az da ucuz
şöhrətpərəstlik cəngəlliyidir. Ona görə də bu gün azad nəşriyyat
sistemi şəraitində çap məhsulu çoxdur.
Bir sıra hallarda qrafomaniya həqiqi istedadı
üstələyib boğur.
Mənim fikrimcə, uzunmüddətli ciddi çərçivələr
məngənəsindən çıxmış bizim ədəbi
mühit müəyyən bir formada tənzimlənməlidir. Ədəbiyyat
publisistika kimi raqatka deyil, onun atdığı mərmilər
bir qayda olaraq gözlə birbaşa görünməyən
mövqelərdə hədəfləri vurur və hücum
istiqamətində arxa eşelonları zərərsizləşdirir.
İstedadlı ədəbiyyat xalqın milli mənafeləri
baxımından qurucu, möhkəmləndiricidir,
dağıdıcı deyil. Çünki həmişə
həyat həqiqətlərinə, haqqa istinad edir. İstedadsız ədəbiyyat isə, əksinə,
insan psixologiyasına yetərincə nüfuz edə bilmədiyindən
oxucunu ictimai avantürizmə,
dağıdıcılığa, mahiyyət etibarilə,
inqilablara sürükləyir. Bu baxımdan, zənn edirəm
ki, onilliklər boyu formalaşmasına pis ədəbiyyatın
da əmək sərf etdiyi, ən azı mənəvi dəstək
verdiyi həmin şey artıq A stansiyasından
yola çıxıb. İlk baxışdan,
sanki əks istiqamətdə gedən, hər gün
ultrapatriotik bəyanatlarla ürəklərə deyil, qulaqlara
təsir etməyə çalışan publisistika bu
qatarın gücü qarşısında acizdir.
- Moskvada, M.Qorki adına
Ədəbiyyat İnstitutunda təhsil almısınız. Bu
institut sizə nə verdi, oradan nə gətirdiniz
Azərbaycan ədəbiyyatına?
- Birinci
növbədə, Litinstitut Bakıda ədəbiyyatşünas
müəllimlər tərəfindən zorla təlqin edilən
sosrealizmi və onun yaradıcılıq prinsiplərini mənim
başımdan çıxardı. Mən o vaxtlar
xeyli sadəlövh idim, sosializmə də, onun
yaradıcılıq prinsiplərinə də inanırdım.
Bilirsiniz o prinsiplər hansılardı. Ədəbiyyat yaxşı ilə pisin mübarizəsini
deyil, yaxşı ilə ən yaxşının mübarizəsini
işıqlandırmalı, əsərin sonunda müsbət qəhrəman
mütləq qalib gəlməli, özünün və
başqalarının həyatını daha da gözəlləşdirməlidir.
Təxminən belə. XIX əsr
tənqidi realizminin bizə dəxli yox idi, o köhnə
quruluşlarda baş vermişdi. Hələ
qəbul imtahanları verəndə Litinstitutun yataqxanasında
gördüm və anladım ki, burada hamı o prinsiplərə
tüpürür. Elələri vardı,
hətta ona da tənbəllik edib otaq yoldaşına deyirdi ki,
gedəndə onun da əvəzinə tüpürsün.
Moskva ilə Bakı arasında bu dərəcədə
böyük fərq mənim üçün ideoloji yox, ədəbi-estetik
kəşf idi. Həyat həqiqətləri
və bədii məntiqin diktəsi əsərin
başlıca yaradıcılıq meyarları və prinsipləridir.
Özlüyündə bu, kasıb bir kənddə həyatın
dibindən çıxmış gənc müəllif
üçün az deyildi. Üstəgəl,
klassik ədəbiyyata bələdçiliyim, mütaliəm
də vardı. Müəllimlər,
yaxşı yazıçılar, istedadlı tələbələr
vardı o dövrün Moskvasında. Ən
başlıcası, ədəbi mühit vardı. Mən bayaq "ədəbi mühit" ifadəsini
təsadüfən işlətmədim. O ədəbi
mühitin ən gözəl əsərləri
çürümüş və riyakarlaşmış sovet
gerçəkliyi ilə ideoloji ziddiyyət təşkil edirdi
və bunları bizə müəllimlərimiz Axundov
İnstitutunun müəllimlərindən fərqli avazla izah
edib başa salırdılar. Onlar
yazıçının azad yaradıcılıq
düşüncəsini partiya plenumunun qərarından
yüksəkdə görürdülər hər zaman. Brejnevin ədəbi fəaliyyətinə Lenin
mükafatının verilməsinə Kremlin 1 kilometrliyində
açıq rişxənd edirdilər. Bu
mənada şərtsiz demək olar ki, insandan üz
çevirib nomenklatura rejiminə çevrilmiş sovet hakimiyyətini
dağıdan əsas böyük qüvvələrdən
biri də ədəbiyyat idi.
- Müasir dövrdə
Ə.Haqverdiyev kimi hekayə ustası varmı? Niyə
hamı, xüsusən gənclər roman epidemiyasına yoluxub?
- Kəramət
Böyükçöl, Şərif Ağayar kimi maraqla oxunan
yazıçılarımız var. Heyif, Mövludu itirdik. Kim bilir, bəlkə, onlar da gələcəyin
Haqverdiyevləridir. Roman epidemiyası
haqqında mən yaxınlarda da qeyd etmişdim, sanki
"yazıçı" adlanmaq üçün AYB vəsiqəsinə
əlavə kimi lazımdır ki, şəxsin bir-iki
romanı da olsun. Dəyərli əsər
yazmaq böyük əziyyətə qatlaşmaqdır, cəmiyyətdə
bizim insanımızın özünü reallaşdırmaq
imkanları məhdud olduğu üçün camaat,
qadınlı-kişili, ədəbiyyata qurşanmağa məcbur
olub. Bu mövzuya aid olduğuna görə bir etiraf edim:
mən 50 ildən artıqdır Bakı şəhərində
yaşayıram, burada nazir müavinliyinə qədər
müxtəlif vəzifələrim də olub, amma on beş ildir çalışıram
özümə beş qəpik gəlir gətirə biləcək
bir iş quram - qura bilmirəm. Sabah
maaşım kəsilsə, yenə məcbur olacam ki, gedib
Rusiya çöllərində batraklıq eləyəm.
İndi bunu mən, bu şəhərin və ölkənin
bütün cikini-bikini bilən bir adam,
özümü biznes sahəsində, bir balaca da olsa, ifadə
edə bilmirəmsə, gör məndən aşağı
pillələrdə neçə yüz minlərlə adam
qalıb çölün düzündə və onların
da müəyyən hissəsi əlacsızlıqdan
sığınıb ədəbiyyata. Elə
belə getməyə üzü gəlmir, amma kitabını
götürüb düşür qapılara, beş-on manat
alıb ailəsinin məsrəfinə yönəldir. Məncə, müasir roman epidemiyasının əsas
hərəkətverici qüvvəsi budur.
- Roman yazmaq indi niyə bu qədər
asandı? Bəlkə, onun janr tələbləri, xüsusən
həcm, süjet və kompozisiya ünsürləri yetərincə
deyil?
- Roman
yazmaq heç zaman asan olmayıb. İndi də
asan deyil. Belə götürəndə,
roman kiçik və ya böyük hekayələrdən ibarət
bir nəsr tutumudur. Amma onun özünəməxsus
üslubu, təhkiyəsi, fraza ritmi, hadisələri əhatə
ölçüləri-filanı olmalıdır. Ona görə də hekayə yazmamış, yəni
bu janrda özünü təsdiq etməmiş müəlliflərin
romanında ciddi qüsurların olmaması mümkün deyil.
Müasir roman, ümumiyyətlə, müasir nəsr
süjet, fabula, kompozisiya və onlardan irəli gələn
klassik ölçü və parametrləri bir o qədər də
qəbul etmir. İndiki nəsrin əsas
qayəsi dərin, fəlsəfi fikir və onun orijinal ifadə
formasıdır. Qalan şeylər elə əhəmiyyət
daşımır. Biz çox vaxt deyirik
ki, nəsrimizdə milli istiqlal mübarizəsi və yaxud
Qarabağ müharibəsi öz əksini yetərincə
tapmayıb. Biz bunu klassik düşüncəmizin tələblərindən
çıxış edərək istəyirik ki, bizim də
"Sakit Don", "Uqryum çay",
"Buddenbroklar", "Sehrli dağ", "Hay-küy və
qəzəb" kimi epoxal dəyişiklikləri əks etdirən
və yaxud, sadəcə, bədii salnaməçi
Balzakımız, ya da Drayzerimiz olsun. Bunlar təfsilatçı
roman janrının keçmişidir. Müasir
roman -- müəllif və onun fəlsəfi düşüncə
amplitudasının dərinliyi, genişliyidir. Süjet, kompozisiya-filan bir sıra hallarda onu oxucuya həzm
etdirmək, mütaliə cazibəsində saxlamaq
üçün lazımdır. Yəni
diqqətli, səviyyəli oxucuya hesablanmış romanda bunlar
olmaya da bilər.
- Uzun müddət "Gənclik"
jurnalında işləmisiniz. Jurnal
yadınızda necə qalıb?
- Hə,
olub elə şeylər. Mən bu haqda vaxtilə
mətbuatda bir neçə dəfə yazmışam. Bizim ora yığılmağımız bir tərəfdən
tale işiydisə, o biri tərəfdən Məmməd
İsmayıl kimi sözə, həqiqətə və
dürüstlüyə sadiq bir ustad şairin xidməti idi.
O dövrün özü maraqlı idi. "Gənclik"
jurnalından sonra bizim hər birimiz ayrı-ayrılıqda və
birlikdə çox yeni qəzetlərdən-filandan
keçdik. Ancaq o jurnal
uğurlarını təkrar edə bilmədik. Azərbaycan xalqının böyük əksəriyyəti
o vaxtlar sivilizasiyanın qırağında, dağda-daşda
yaşayırdı. Bakıda yaşamaq,
bura pasport qeydiyyatına düşmək, burada işləmək
hər adamın bəxtinə düşən xoşbəxtlik
deyildi. Bu xalqın gözünü XIX əsrin
əvvəllərindən başlayaraq Rusiya imperiyası və
ona sədaqətlə xidmətə qalxmış yerli
feodallar necə qırmışdısa, hələm-hələm
oyanmırdı. İki yüz il
"mətbuat" adlanan o şey gecə-gündüz bunun
qabırğasına çoxlu yalan döşəmişdi və
bunu yalnız pambıq yığmağa
ruhlandırmışdı. Birdən-birə bu
iki yüz illik orkestr zırıltısının içində
ayrı bir cüyültünün peyda olması o zamankı gənclik
üçün çox gözlənilməz, eyni zamanda
maraqlı idi. Bu gənclik bircə ilin
içində bizim bütüm
çağırışlarımıza cavab verməyi
öyrəndi və jurnalın səhifələrindən
birbaşa meydana yüyürüb haqqını tələb
etməyə getdi. O mənada "Gənclik"
jurnalı zamanın mətbuat inqilabi missiyasının
böyük bir hissəsini yerinə yetirdi. A.Gertsenin "Zəng"i
dekabristləri oyatdığı kimi, bu jurnal da sovet bürokratiyasından
cana doymuş Azərbaycan gəncliyini
oyadıb ayağa qaldırdı.
- "Gənclik"
jurnalının ölkədə geniş şöhrət
qazanması və rus dilində də nəşr olunması mətnlərlə
bağlı idi, yoxsa zamanla?
-
Jurnalın ruscası da ölü deyildi, amma azərbaycancasına
nisbətdə bir az ütülənirdi. 20 Yanvar inqilabından sonra bizim redaksiyaya Moskvadan gəlmiş
bir nomenklatur adamı nəzarətçi göndərdilər.
Amma o da bizə ciddi maneçilik törədə
bilmirdi. 20 Yanvardan sonra bütün sahələrdə
olduğu kimi, mətbuat tariximizin də fərqli dövrü
başlandı. Jurnalın etik çərçivələri
bizə darlıq eləməyə başladı. Biz oxucumuzla birlikdə, sanki
böyümüşdük və köhnə
paltarlarımız daha əynimizə gəlmirdi. Biz, Məti Osmanoğlu, Akif Əhmədgil və mən
rəhbərliyi pis vəziyyətdə qoymamaq
üçün jurnalı tərk edib qeyri-leqal mətbuatın
yaradılması ilə məşğul olmağa getdik.
Burada imperiyaya qarşı ictimai-siyasi
ittihamları daha açıq və daha sərt xarakterlə
vermək mümkün idi. Moskvanın
Qarabağ məsələsinə yanaşmaları, dövlət
müstəqilliyi ilə bağlı imperiya siyasəti
açıq-aşkar ifşa edilməyə başlandı.
Rəsmi mətbuat məlum səbəblər
üzündən bu işləri görə bilmirdi. Amma
o iş zamanında görülməli idi və biz ora
başqa həmkarlarımızı da səfərbər etməklə
o işin uğuruna öz töhfələrimizi verə bildik.
1989-1991-ci illərdə ölkədə
çoxlu qeyri-leqal nəşrlər, qəzetlər çap
olunmağa başladı. Bu işin təşkilində
mühüm rol oynamış Ağamalı Sadiq Əfəndi,
Elçin Səlcuq, Azər Əbilbəyli və başqa
dostlarımızın adı XX əsr mətbuat tarixində
mütləq qeyd edilməlidir.
- Maliyyə imkanı olsa elə bir
jurnal nəşr eləmək istərdinizmi? Baxmayaraq ki, indi
"Vətəndaş cəmiyyəti" jurnalının
baş redaktorusunuz...
- Yox. İndi dövrün tələbləri və
problemləri bir qədər fərqlidir. İndi yenə
də gəncliyin enerjili fədakarlığına ehtiyac var.
Bizim torpaqlarımız işğal altındadır, dörd tərəfimiz
düşmənlə doludur, dünya Qarabağ məsələsində
üstümüzə gəlir, yəni gənc, müstəqil
dövlətimizə qarşı təhdidlər çox
güclüdür. Bu təkcə bizə
qarşı deyil, dünyanı idarə edən
yırtıcı qüvvələrin bütün
türk-müsəlman aləminə yönəlik çox
ciddi basqılarıdır. Hətta mən
deyərdim ki, ölüm-dirim savaşıdır. Onlar heç zaman bizim torpaqlarımızı
qaytarmayacaqlar. Onlar bizi mərhələ-mərhələ
Qafqazdan sıxışdırıb çıxarmaq və
bizim doğma torpaqlarımızda ermənilərdən ibarət
bufer dövlət yaratmaq planını həyata keçirirlər.
Bunun üçün onlara münaqişə,
münaqişə üçünsə bəhanə
lazımdır. Bunlar təkcə ruslar
deyil, bunlar Avropanın və ABŞ-ın maraqlarını əsas
götürən və o maraqlar üçün heç nəyin
qarşısında dayanmaq istəməyən hegemon dairələrdir.
Onlar türk dünyasının vahid qüvvə
mərkəzi ətrafında birləşməsinə imkan
vermək istəmirlər, bunun baş verməməsi
üçün əllərindən gələn hər
şeyi edirlər. Onlar XXI əsrdə
bizim minlərlə vətəndaşımızın erməni
əsirliyində qalmasına nəinki etiraz etmirlər, hətta
Ermənistanın bütün mənfur təşəbbüslərini
dəstəkləməklə buna rəvac verirlər. Rus xüsusi xidmətlərinin işğal
doktrinası əsasında gündə bir politoloqun
"Qarabağ Azərbaycan torpağıdır!" bəyanatını
vermək bizim başımızın altına yastıq
qoymaqdır. Əminəm ki, dövlət
adamlarımız bunu başa düşür və müvafiq
antisiyasətin həyata keçirilməsi üçün
addımlar atırlar. Biz bu siyasətə hərtərəfli
vətəndaş dəstəyini təmin etməklə
türk dünyasının tezliklə birləşməsinə
nail olmalıyıq.
- "Qasım" (hekayənizin
adı) adından göründüyü kimi, sizin
yaradıcılığınız əsasən kəndlə
bağlıdır. Mənə elə gəlir
ki, Qasım elə kəndin özüdür. Niyə
nəsr kəndə şəhərdən daha çox
yaxındır?
- "Qasım" hekayəsi 1981-ci ildə
yazılıb.
O zaman mən düşünürdüm ki, yazılan hər
bir yazı insanların real həyatına bu və ya digər
formada təsir etməlidir. O zaman buna ictimai tələbat
çox güclü idi. Sosial və siyasi ədalətsizlik
baş alıb gedirdi. İnsanın
özünü reallaşdırmasının yalnız bir yolu
vardı, o da raykomdam keçirdi. Ümumiyyətlə,
insanlar, sanki həyatın özünü yox, onun meyit təcəssümünü
yaşamağa məhkum edilmişdilər. Bunu mən Moskvadan Azərbaycana baxandan sonra daha
aydın gördüm. Azərbaycan kənddən
ibarət idi, Bakıda bizim Alatavalardan, Əhmədlidən və
Zeynəb Xanlarovadan başqa, demək olar ki, heç nəyimiz
yoxuydu. Ona görə mən o dövr
yazılarımda kəndi, kənd insanını real cizgilərlə,
bəzən naturalistcəsinə təsvir etməklə
insanlara hansı sosial-iqtisadi və mənəvi zülmət
içində yaşadıqlarını göstərmək
istəyirdim. Məqsədim bunu ədəbi
formada ifadə etmək idi, çünki başqa forma
qeyri-mümkün idi. Şükür,
sonra zaman dəyişdi, Azərbaycan böyük qanlar və ərazi
itkisi hesabına da olsa, öz dövlət müstəqilliyini
qazandı. Yəni Azərbaycan
insanlarını azad və rifahlı yaşatmağın,
öz milli identikliyini, dilini və mədəniyyətini
assimilyasiyadan qorumağın yalnız perspektivini əldə
etdi. Bu perspektiv bu gün də bizim hər
şeyimizdən, o cümlədən ədəbiyyatımızdan
üstün bir dəyərdir. Biz onu hər
cür düşməndən qorumağa borcluyuq.
Son otuz ildə bizin insanımız, onun təfəkkürü
xeyli dəyişdi, yəni şəhər sakini, şəhər
həyatı da kütləvi azərbaycanlı oxucu
üçün tipikləşməyə başladı. Mənim
üçün artıq bu insanı təsvir etməyin
zamanı gəlmişdi. Kənd insanı,
kənd mövzusu bunun fonunda bir qədər solğun və
cazibəsiz oldu. Çünki həyati əhəmiyyət
kəsb edən bütün hadisələr şəhərə,
paytaxta köçdü və onlarla bilavasitə bizim
xalqımızın təmsilçiləri məşğul
olmağa başladılar.
Əslində, yaxşı əsər insanın bu və
ya digər vəziyyətdə psixoloji xəritəsini
yaradır, onun üçün bu insanın sosial mənşəyi
şərti xarakter daşıyır. Ancaq əsərin
geniş anlamda prototiplərə, yerə, hadisəyə,
şəraitə bağlılıq əmsalları da var ki,
onlardan imtina etmək obrazın sxematikliyinə gətirib
çıxarır.
Burada bir daha qeyd etmək istərdim ki,
yazıçı əsərdən-əsərə kamilləşir,
təkamül yolu keçir, öz düşüncə səviyyəsində
bir pillə olsa da yüksəlir, onun üçün
özünü təkrarlamaq qətiyyən maraqlı deyil. Bu bizim bəzi
dəyərli yazıçılarımızda elə oldu.
Tutaq ki, "Teleqram"ı, "Şəppəli"ni,
"Məşhər"i yazmış İsa Hüseynov təzədən
qayıdıb "Saz"ı yaza bilməzdi. Odur ki, "İdeal"ı yaratdı. Kütləvi oxucu müəllifin keçdiyi təkamülü
keçmədiyi üçün onun sonuncu əsərlərini
qəbul edə bilmədi.
- Uzun müddət televiziyalarda məsul
vəzifələrdə işləmisiniz. Məsul vəzifədə
işləmək yazıçının qələmini
sındırır, yoxsa daha da kəsərli edir?
-
Yazıçı həyatında çox şeylər
görməlidir. Hər şeyi görmək, əlbəttə,
mümkün deyil. Yüksək vəzifə
yazıçıya ölkə və insanların həyatı
üçün vacib qərarların qəbul edilməsinin
sosial, siyasi, psixoloji mexanizmlərini, vəzifəli şəxslərin
davranış norma və prinsiplərini
göstərən bir alətdir. Həyata həmişə
aşağıdan-yuxarı baxmaq yazıçını
müəyyən mənada bəsitləşdirə bilər,
yazıçının reallığa və insanlara
yuxarıdan da baxmaq imkanının olması vacibdir. Yaxşı yazıçı vəzifədən ədəbiyyatın
xeyrinə çox şeylər öyrənir. Pis yazıçılar ən yüksək vəzifə
kreslosunda da mənasız əsərlər yaratmaqla ədəbiyyatı
nüfuzdan salmaqla məşğul olurlar. Bunları
biz, Məşədi İbad demişkən, çox
görmüşük.
O ki
qaldı televiziyaya, bu elektron informasiya vasitəsində işləməyi
yazıçı üçün "xarakiri"
adlandırmaq olar. TV yazıçı olmayan
jurnalistlərin belə içində dəyərli nə
varsa, sorub tükəndirir, ən incə hissləri istismar
edib onların yerini başqa şeylərlə doldurur, ədalət
duyumunu azaldır və bütün bunlardan sonra fərdi
lazımsız əşya kimi kənara tullayır. Bu
baxımdan TV-ni çox qəddar dost adlandırmaq olar.
Böyüklüyündən və kiçikliyindən
asılı olmayaraq, bütün vəzifələrin
icrası yazıçı üçün əlavə,
lazımsız yükdür. Yazıçının
əsas və başlıca işi çörək qazanmaq
yox, yazmaq olmalıdır. Biz həm
çörək qazanmağa, həm ailə
başçısı, həm də yazıçı
olmağa məhkumuq. Bugünkü
yazıçı qonorar almır. Belə
çıxır ki, cəmiyyətin yazıçıya
ehtiyacı yoxdur. Ancaq yaradıcılıq
məsələsində bu, əsas deyil, əsas odur ki, fərd
özü yazıçılığa ehtiyac duyur və
yazı vasitəsilə dünyanı, insanları,
özünü dərk etməyə, kəşf etməyə
başlayır. Bu, insanın kamilləşmək
yoludur, qalan bütün nə varsa, bununla müqayisədə
kiçikdir. Çünki Allaha, haqqa, ədalətə
və bəşəriyyətə kamil insanın xidməti
başqalarınınkından daha üstün və daha
faydalıdır. İnsanlar mənəvi təkamül
prosesində yazıçının kəşf etdiyi zirvə
və incəliklərə varisliklə bu mükəmməllik
yolunu daha asan gedə bilərlər. Yəni az səhvlər
eləyərlər, məşhur kəlamda deyildiyi kimi,
Allahını tanıyar, yuxarıda göydəkinin,
aşağıda yerdəkinin, yerdən aşağıda
sudakının təsvirindən özünə büt
yaratmaz, Allahın adını yalanla dilinə gətirməz,
çünki Allah onun adını yalanla dilə gətirənləri
cəzasız qoymaz, öz ata-anasına hörmət edər
ki, yer üzündə ömrü uzun olsun, öldürməz,
zina etməz, oğurlamaz, öz qohumuna böhtan atmaz, öz
qohumunun evində, öz qohumunun arvadında, qulunda, kənizində,
kəlində, eşşəyində - heç nəyində
gözü olmaz. Deməli, müasir cəmiyyətin
və insanların yazıçıya ehtiyacının
olmaması həqiqətdən çox uzaq, yanlış bir
müddəadır və bunu təşviq edənlər
yalnız öz maddi maraqlarından çıxış edərək
toplumu mənəvi cəhətdən pozmağa
çalışanlardır.
Söhbətləşdi: Nuranə
Nur
Ədəbiyyat qəzeti.- 2019.- 13 aprel.- S.16-17.