Abdulla dayının Moskva
“ezamiyyət”ləri
dövrünün ”Qağayı” şeiri
1959-cu ilin sentyabrının
ilk günləri idi. Moskva M.Qorki adına
Ədəbiyyat İnstitutunda
dərslər yeni başlamışdı. İnstitut Tverskoy
bulvarda Gertsenin evində yerləşirdi.
Yataqxanamız yeni tikilmiş
Ostankino qülləsi
yaxınlığında, Lermontov 11-də
yeddimərtəbəli bir
bina idi. İkimizə bir otaq vermişdilər. Mən ağdaşlı
balası idim. Yaxşı yuyulmamış, yonulmamış
ağdaşlı balası,
Göyüş doktorun
ilk oğlu idim. Otaq yoldaşım, yonulmuş,
yuyulmuş, ütülənmiş
zövqlə geyinmiş
Rus Dili İnstitutunun dördüncü
kursundan gəlmiş,
Şəki mayası ilə Bakıda doğulmuş Azər Mustafazadə idi. Azər Azərbaycan ipəkçilik
təsərrüfatının rəhbəri Abdulla dayının
yeganə oğlu idi. Sonralar tanıdığım, anam kimi mehriban
Mahinur xanımın gözünün ağı-qarası
balası Azər idi. Azər məndən dörd
yaş kiçik idi. Amma məndən çox
şey bilirdi. Qalstuk bağlamaq mənim üçün ən çətin əməliyyat
idisə, Azərin əlinin iki hərəkətindən düyün
hazır olurdu.
Mütaliəsi də mənimlə müqayisəolunmaz dərəcə
yüksək idi. Sonrakı
beş il
ərzində Azərbaycanda
ipəkçilik naziri
sayılan Abdulla dayı
da Moskvanı Şəki yoluna döndərdi. Çünki Mahinur xala bilirdi Azər dolma xoşlayır. Azəri yuxuda görəndə, Azər könlünə düşəndə dolma
bişirib Abdulla dayını
Moskvaya "ezamiyyətə"
yollayırdı. Dolma qazanda
gəlirdi. Tərs kimi
Azər də çox vaxt yataqxanada olmurdu. Abdulla dayını sinif yoldaşım Eyvaz Borçalı ilə mən qarşılayırdıq. Bicliyimiz və hövsələmiz
çatmırdı, elə
kişinin yanındaca
qazanın ağzını
açıb acgözlüklə
yeməyə başlayırdıq.
Əslində, Mahinur xalanın
bişirdiyi yarpaq dolmasının ətri bizi yeyirdi. Abdulla dayı bizə
baxa-baxa qalırdı.
Bir dəfə necə oldusa diqqətlə kişinin üzünə
baxdım. Kişinin
üzündə, bizdən
o yana baxan
gözlərində göynəyən
bir ağrı vardı. Dolma boğazımda ilişdi.
Udquna-udquna qaldım. Kişi fikrindən
ayrıldı.
- Hə, yeyin bala, yeyin. Utanmayın.
Məni xəcalət təri basdı. Elə indi bu sözləri yazdığım
anda da alnıma,
boyun-boğazıma xəcalət
təri gəldi.
Sonra Azər boş qazana heyrətlə baxıb xeyli susandan sonra sakitcə:
- Dolma idi? - Soruşdu.
Mən susdum.
Eyvaz:
- Hə, - dedi.
Araya ağır bir
sükut çökdü. Ondansa Azər
qışqırsaydı, bağırsaydı
daha yaxşı olardı.
Azər, martın 30-da səksən
yaşın tamam oldu. Çox şükür, səliqə-sahmanın, yaradıcılıq
temnpin, ictimai həyatımızda fəaliyyətin
qocalmayıb.
Mən indi də səni hər görəndə içindəki o tələbə
dostum Azəri görürəm.
Moskvada ilk yazdığım
şeiri yazıb qurtaran kimi gecə
saat ikiyə işləmiş səni yuxudan oyatdım. Atom, nüvə silahlarının
okeanlarda sınaqlardan
çıxarılan vaxtlar
idi. "Qağayı" adlı şeir idi. Sənə oxudum. Xoşun gəldi, güldün, bəlkə də, məni başından eliyirdin:
- Yaxşıdı - dedin.
- Onda sətri tərcümə elə -
dedim.
- Yaxşı - dedin. - Amma indi yuxuluyam.
Sabah eliyərəm.
Elə ilk kitabım
da bu şeirin
adı ilə çapdan çıxıb. İndi baxıram
yeni əlifba ilə bu şeir
çap olunmayıb.
"Qağayı" şeirimin yeni əlifba ilə ilk çapını sənin
səksən illiyinə
ithaf edirəm. Dünyada gərginlik azalmayıb, artıb.
Vurulubdur
qağayı
Gülər, şən dalğalara;
Dəcəl uşaqlar kimi
Güləşən dalğalara,
Qaçışan dalğalara,
Qovuşan dalğalara,
Sayrışan dalğalara.
Süzür duman içində,
Dənizə baxır, baxır.
Dalğa endikcə enir.
Dalğa qalxdıqca qalxır.
Qağayı mavi gözlü,
Qağayı boz qanadlı
Qağayı qəlbi sözlü,
Həvəsi dəniz boyda,
Sərhəddi qanadları.
O yoruldu, qayıtdı
Yenə sahilə sarı.
O, bir qayaya qondu,
Üzü dənizə durdu.
Sevimli dalğalara
Baxıb boynunu burdu.
Ona tərəf qaçışır
Dalğalar qatar-qatar.
Elə bil gəlib, çatıb
İndicə onu tutar...
Gəlir
dəyir qayaya,
Geri dönür, deyinir.
Elə bil qağayıya
"Gəl, gəl
oynayaq" - deyir.
Qağayı yorulubdur,
Qağayı vaxt istəyir.
Uzaqdan uçdu, keçdi
Polad qanadlı
bir quş.
Okeanın qoynuna
Nədirsə atdı o quş.
Okean yaralandı;
Elə bir nərə çəkdi,
Sanki səsindən göylər
Uçub töküləcəkdir.
Okean yaralandı.
Köksü yandı odlara.
Qışqırıb bir əlini,
Atdı
boz buludlara
Körpə bir uşaq kimi
Nəhəng okean çaşdı.
Çiyni yanan dalğalar
Min nalə çəkə-çəkə
Sahil tərəfə qaçdı...
Qabarır, enir dəniz,
Həzin
pıçıltısıyla,
Kədərli dinir dəniz.
Sərilibdir qağayı,
Dalğaların əlində.
Ona ağı deyirlər
Ləpələr öz dilində.
Düşübdür hərəkətsiz
Qanadları sərilmiş.
Yəqin,
dəniz yananda
Söndürməyə gəlirmiş.
Çox təəssüf ki, bu şeirim də öz aktuallığını hələ
itirməyib.
Cavanlıq və tələbəlik başımızı qatdı. Nə Abdulla dayıdan,
nə də Mahinur xanımdan halallıq ala bilmədik.
Azər,
indi sənin səksən yaşın tamam olan vaxtda
bir anlıq o illərə qayıtdım.
Bu yaşa gəlib
çıxdığımıza şükürlər olsun
deyirəm. Atanın, ananın
adından mənə
halallıq ver. Sənin
halallığını sənin
doxsan yaşın olanda istəyəcəyəm.
Səni təbrik edirəm.
Bu üç misranı
da indi yazıram:
Heyif o cavanlıq, o illər heyif...
Bizi tanıyanlar, indi görənlər,
Qəmli
gülümsünüb, deyirlər:
heyif...
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2019.-
13 aprel.- S.18.