Kainat - İnsan vətənidir
İnsanlıq
Birlik idealında
I məqalə
Ulduzlar aləmində sorsalar məndən,
Bütün insanlıq adından,
İftixarla mən Yer oğluyam - deyərəm.
Yerdə
bir yerlər yeri var,
ordanam, səhər oğluyam - deyərəm.
Rəsul Rza
Bu gün böyük maraq doğuran qloballaşma və
sivilizasiya proseslərinin qarşılıqlı əlaqəsinə
İnsanlığın Birlik idealı baxımından,
dünyanın qlobal vəhdətinin tarixi konsepsiyasından
yanaşdıqda həmin proseslərin mahiyyətini daha mükəmməl
şəkildə dərk etmək, aydınlaşdırmaq,
müvafiq nəticələrə gələrək sonrakı
prosesləri proqnozlaşdırmaq mümkün olur.
Problemə ümumbəşəri vəhdətin təsdiqi
konsepsiyası ilə yanaşmada, ilk növbədə,
dünyanın sistem təzahüründə və
sistemtörədiciliyi mahiyyətində dərkinin üsulu
açılır, dünya sisteminin tarixi təkamül
qanunauyğunluqlarının genezisinə varılır. Müəyyən
etmək olur ki, dünya sisteminin təkamülü onu
qloballaşma prosesləri ilə universal sivilizasiyaya doğru hərəkət
etdirir; çağdaş dünyanın qlobal (universal)
sivilizasiyaya doğru intensiv inkişafda olması - onun
dinamikasını xarakterizə edən ən mühüm cəhətlərin
kompleksi kimi meydana çıxır. Müasir
humanitar-sosial elmlər leksikonunda, demək olar ki, çox
yaxın və hətta eyni anlamlarda işlədilən
"qlobal sivilizasiya", "universal sivilizasiya",
"planetar sivilizasiya", "vahid sivilizasiya",
"dünya (ümumdünya) sivilizasiyası",
"metasivilizasiya" bu hadisənin əsaslı motivləşməsi
prosesində, təbii ki, daha dəqiq terminologiyada öz mahiyyət
ifadəsini tapmış və qərarlaşmış
olacaqdır.
Qlobal (universal, planetar, vahid, ümumdünya, meta-)
sivilizasiya - bəşəriyyətin tarixi
inkişafının yeni mərhələsinin
başlanğıcı kimi bu inkişaf prosesinin məntiqi nəticəsi
olaraq meydana çıxmaqdadır. Qloballaşma prosesləri
mövcud sivilizasiyaların bir çox paramertləri üzrə
universallaşmasını reallaşdıran və intensivləşdirən
əsas amillər toplusunu özündə cəmləyir.
Buna görə də qloballaşmanı tarixin ən
yeni mərhələsinə - qlobal sivilizasiyaya keçid
dövrü kimi müəyyənləşdirmək - onun əsas
tarixi-ümumbəşəri əhəmiyyətini üzə
çıxarmaq deməkdir. Biosfer (təbiət
sferası)
içrə antroposfer (insan, cəmiyyət, ruh
sferası) məkanın maddi və mənəvi cəhətdən
aramsız genişlənməsi və dərinləşməsi
homosivilizasiyanın (bəşəriyyətin ən qədim
dövrdən bu günə qədərki sivilləşmə
prosesinin) özünütəkamülünü daha geniş
miqyasda - qloballaşmanın yetirdiyi qlobal sivilizasiya məkanında
mürəkkəb quruluşlanmalarda davam etdirir.
Qlobal sivilizasiyaya doğru dünya inkişafının
ideya-fəlsəfi əsaslarını bəşər mədəniyyətinin
bütün tarixi təkamülü
hazırlamışdır. Ümumdünya
tarixinin bütövlüyü, bəşəriyyətin
birliyi, dünyanın qlobal vəhdəti ideyası ən
müxtəlif səviyyə və təzahür
formalarında bütün klassik mədəniyyətlərin və
onların yaradıcılarının düşüncəsində
aparıcı yer tutmuşdur. Bəşəriyyətin
dini-fəlsəfi təkamülü qlobal sivilizasiya
düşüncəsinin təşəkkülündə
mühüm rol oynamışdır. Planet
həyatına universal baxış və münasibətlər
sisteminin formalaşmasında harmoniya fəlsəfəsi və
onun bu prosesə təsiri çox böyük əhəmiyyət
daşımışdır. Fəlsəfi
düşüncə mədəniyyəti harmonik vəhdət
əsasında qlobal sivilizasiya ideyasını tarix boyu daim təkamül
etdirərək irəlilətmiş və onun
reallaşmasına mənəvi situasiya və praktiki şəraiti
mərhələ-mərhələ yetişdirməyə
çalışmışdır. Qədim hind,
Çin, yunan, Renessans filosofları, Orta, Yeni və Ən Yeni
Çağ Şərq və Qərb mütəfəkkirləri
planetdə qlobal sivilizasiya məkanının
yaradılması zərurətinə toxunmuş,
dünyanın qlobal vəhdəti ideyasını bu və ya digər
formada irəli sürmüş və bu ideyanın gerçəkləşmə
motivləri və modelləri üzərində
düşünmüşlər.
Dünyanın - Kosmopolis kimi modelləşdirilməsi ənənəsi
də klassik fəlsəfənin univesalist ruhunun davamlı ifadəsi
olmuşdur. Ümumiyyətlə, dünyanın harmonik şəkildə
özünüsistemləşdirməsi utopiyasından
realizminə qədər bütün tarix boyu aktual olmuş və
gerçəkləşmə zərurətini
doğurmuşdur. Qlobal sivilizasiyaya doğru dünya
inkişafı özünün ideya-fəlsəfi
qaynaqlarını yaratmış və bu proses tarixən təkmilləşmə,
fundamentallaşma xarakteri daşımışdır. Bəşəriyyətin tarixi həyatında vəhdətəgətirici
rol oynayan bu prosesdə ideya və hadisə (nəzəri-fəlsəfi
əsaslandırma və praktika) bir-birini izləmiş,
interaksiyasında müxtəlif səmtlərə meyillənsə
də, başlıca istiqamətində tərəqqi və
genişlənmə, dərinləşmə və miqyaslanma
mahiyyətini saxlamışdır.
Renessans
epoxasının filosofu Mişel Monten "Kainat - insan Vətənidir"
ideyasının Antik dövrdən İntibahaqədərki
varisliyinə sədaqət hissi ilə yazırdı:
"Sokratdan soruşmuşdular ki, o, - hardandır. Cavab verməmişdi:
"Afinadanam". Söyləmişdi: "Kainatdanam". Fikrinin genişliyi və zənginliyi ilə
seçilən bu müdrik biliyini, məhəbbətini,
özünü bəşəriyyətə həsr edərək,
Kainata - öz doğma şəhəri kimi
baxmışdı".
İmmanuil
Kant "ümumdünya vətəndaşı idealı əsasında
ən ümumi tarix ideyasını" irəli sürür,
"yüksək sivilizasiya pilləsinə" yüksəlməyin
vasitələrini müəyyən edir və belə hesab
edirdi ki, bütün dünyada "kamil vətəndaş
quruluşunun yaradılması problemi dövlətlər
arasında qanunamüvafiq xarici münasibətlərin təşəkkülü
problemindən asılıdır", "Kainatın sistemli
quruluşuna" uyğun təbiət planını
"ümumdünya - vətəndaş cəmiyyətinə"
doğru getməkdə olan bəşəriyyətin həyatına
da tətbiq etmək mümkündür.
Vilhelm fon Humboldt "ümumdünya tarixinin hərəkətverici
qüvvələrindən" bəhs edərkən, bəşər
nəslinin taleyini müəyyənləşdirən və
bütövlüyündə nəzərdən keçirilə
bilən qüvvələrə önəm verir,
sivilizasiyanın tərəqqisində o amillərə diqqəti
yönəldirdi ki, həmin "nəzərəçarpmaz,
lakin çox əhəmiyyətli hüceyrədən
keçmişdə olduğutək böyüklük
yarandığı kimi, yenə də böyüklük
yaranmalıdır".
Dünya
imperializminin zirvə çağında Şərq
sivilizasiyalarının universal dəyərlərindən
çıxış edən Şri Ramakrişna, Svami
Vivekananda, Cəmaləddin Əfqani, Cibran Xəlil Cibran həmin
dəyərlər əsasında öz milli mədəniyyətləri
üzərində yüksələn xalqların "ümumbəşəri
vəhdəti" ideyasını reformator olaraq həm dini, fəlsəfi,
siyasi müstəvidə, həm də praktiki səviyyədə
müdafiə edir və həyata keçirməyə
çalışırdılar.
Şri Ramakrişnanın missiyası - müxtəlif
dini inancların və sektaların təlimləri arasında
harmoniya yaratmaqdan ibarət idi. O, vahid, ümumbəşəri dini
təbliğ edərək göstərirdi ki, bütün dinlər
həqiqətdir, birinin digərindən
üstünlüyü yoxdur və onlar "vahid Allaha
doğru gedən ayrı-ayrı yollardan" ibarətdir. Cəvahirləl
Nehrunun qeyd etdiyi kimi, "dünya tarixində ilk dəfə
olaraq Ramakrişna tərəfindən sübut olunmuşdur ki,
bütün dinlər bir məqsədə doğru aparan yollar
kimidir və eyni bir qüdrətli Varlığın dərk
olunması, xristianlıq, islam, iudaizm, induizm, Zərdüşt
dininin və eyni zamanda, Yer kürəsinin bütün digər
az yayılmış dinlərinin ali idealıdır".
Əsas mahiyyətində və ali məqsədində
(ilahi qatda) bir olan bəşəriyyəti
sosial-siyasi-sivilizasion müstəvidə də bir araya gətirmək,
tolerantlıq mədəniyyətində qərarlaşmaq
mümkündür.
Şri
Ramakrişnanın dünya dinlərini vəhdətləndirmə
məramlı universal təlimini daha dərin mənəviyyat
meyarları ilə davam etdirən Svami Vivekanandanın
ABŞ-da etdiyi "Ölməzlik" adlı
çıxışında söylədiyi bu fikirlər onun
Şərq mədəniyyətinin panteist qaynaqlarından gələn
fəlsəfəsinin mahiyyətini və məqsədini
aydın şəkildə göstərir: "Biz (insanlar) -
Kainatın hər yerə yönəli, hər yerdə var olan
qəlbiyik... Bütün Kainat - sizsiniz (insanlar)".
Qlobal sivilizasiya və onun təşəkkül problemləri
Qərb fəlsəfi mədəniyyətində daha konseptual
tutarda rasional-praqmatist səpkidə
qaldırılmışdır. Fenomenologiya fəlsəfəsinin
patriarxı Edmund Husserlin təhlilinə görə, dünya
cəmiyyətləri birliyinin ən başlıca ideya əsasını
- "bütün idealları birgə və ən ümumi
ideal şəklində, bütün normaların universumu kimi əhatə
edən, azad və universal düşünmə
funksiyasını özündə saxlayan fəlsəfə"
təşkil edir: "Fəlsəfə - Avropa insanı vasitəsilə -
bütün bəşəriyyətə münasibətinə
görə öz aparıcılıq rolunu daim həyata
keçirməlidir". Edmund Husserlin
mövqeyincə, bəşəriyyətin birliyi
ideyasını mənəvi inkişafında universal dəyərləri
bütün fərqlilikləri, özəllikləri ilə
özündə birləşdirməyə, yaşatmağa və
tərəqqi etdirməyə qadir olan, lakin mövcud zaman kəsiyində
(XX əsrin I yarısında) dərin sosial-mənəvi
böhranla çulğaşan və bu böhrandan
qurtulmağa borclu olan bəşəriyyətin Avropa hissəsi
həyata keçirə bilər.
XX əsrin
II yarısından Avropa Birliyinin təməllənmə
prosesi, təşəkkülü, inkişafı və
hazırda strateji prinsiplərinə uyğun olaraq mərhələ-mərhələ
Şərqə doğru genişlənməsi Qərb (Avropa)
siyasi mədəniyyətinin irəlicədən düzgün
planetar yön götürməsini
təsdiq edir. Qərb sivilizasiyasının
universal modeldə təşəkkül
tapdığını və bu istiqamətdə
inkişafın onun ən mütərəqqi yolu, perspektivi
olduğunu göstərən Edmund Husserl "Avropanın (mənəvi
Avropanın) immanent tarixinin - fəlsəfi ideya
olmasını" da qeyd edirdi. Bu fəlsəfi ideya -
"ümumən bəşəriyyətin universal
nöqteyi-nəzərindən çat kimi və yeni insan
erasının, bəşəriyyət epoxasının
inkişafının başlanğıcı kimi dərk
olunur". Alman filosofunun baxışınca,
"uinversal tarixi məkanda və ya davamlanma və birgəyaşayışa
görə tarixi zamanın xüsusi vəhdətində"
hər iki istiqamətdə (məkan və zaman) millətlərin
bir-birilə qarşılıqlı əlaqəsinin sistemi
formalaşır: "Bu prosesdə bəşəriyyət -
daim bir-birinə axmaqda olan insan və mədəniyyət
dürlərinin çoxluğu ilə insanların və
xalqların yalnız mənəvi bağları vasitəsilə
bir olmuş və birləşmiş həyatı kimi
açılır".
İnsanlığın Birlik idealı dünyanın,
demək olar ki, bütün mədəni xalqları tərəfindən
inkişaf etdirilərək zənginləşmişdir. Bu gün isə
həmin ideal bəşəriyyətin siyasi birliyinin
sarsılmaz mənəviyyat qatını yaradacaq qədər əhəmiyyət
kəsb etməkdədir.
Rahid Ulusel
Ədəbiyyat qəzeti.- 2019.- 13
aprel.- S.25.