Vətənpərvərliyin poetik dərki

 

Firuzə Məmmədlinin yaradıcılığı əsasında

 

Müstəqillik illərindən üzü bəri Azərbaycan  poeziyasında  vətəndaşlıq mövzusunda şeirlərin çoxluq təşkil  etməsi təbiidir. Belə ki, vətəndaşlıq mövzusu Vətən mövzusunda yazılan  şeirlərdən qat-qat fərqlidir. Vətəndaşlıq mövzusu sinxrondiaxron istiqamətə malik mövzulardandır. Bu ifadəni hər vətənpərvərlik mövzulu poeziya  nümunəsinə şamil  etmək olmaz. Firuzə Məmmədli demişkən, "Vətəndaşlıq  şairin  yalnız  şeirlərində olmur. Şairin gecəsi-gündüzü, insanlara münasibəti, həyata baxışı, ədəbiyyata, sözə-sənətə baxışı da vətəndaşlıqdan xəbər  verməlidir".

Firuzə Məmmədli poeziyası (elə nəsri də) başdan-ayağa vətəndaşlıq mövzusunun bədii-estetik planda ifadəsidir. Nədən yazırsa-yazsın, onun mövzuları sonucda gəlib bir məqama dayanır: doğulub boya-başa çatdığı vətən, onun ağrı-acıları, qanına bələnmiş ana-bacılar, şəhid vətən övladları, yağmalanmış yurd-yuva, talan olunmuş, külü göyə sovrulmuş el-obabütün bunların fonunda vəhşiləşmiş, qana susamış azğın düşmən - erməni obrazı. Bütün bu hadisələrin qanlı gedişatı şairin intiqam alovu ilə pörşələnən qəlbindən və dilindən qələminə görün necə süzülür:

 

Gəlir, Xocalının - ayağı yalın,

Qar üzü göynədir yer damarını.

Qızların soyulmuş abır-həyası

Qanına bələnmiş yol kənarıdır.

 

Şairin üsyana qalxan vətəndaş şərəfi, vətəndaş heysiyyəti elə bu bircə bəndlə bu qeyri-bərabər müharibənin bütöv bir görüntüsünü əyaniləşdirir.

Firuzə xanım çatdırmaq istədiyi fikri, səri və cəsarətlə, eyni zamanda konkret məqamında oxucusuna təqdim edir. O hələ 1988-ci ildə Topxana hadisələri zamanı "Mənimlə" adlı şeirində yaşanan hadisəyə münasibətini bildirmişdi:

 

Bu mənəm, bu kəndir, bu da boğazım,

Bunlar da həmin daş - göydən yağası.

Ay Allah, gör harda, kimin dığası

Qaşıq döyüşünə çıxıb mənimlə?!

 

Firuzə xanım istər itirdiyimiz  torpaq üçün, istər humanistlik edib, gizli düşmənləri hər  zaman  evimizin  yuxarı başına keçirdiyimiz üçün, istərsə ağrıdığımız, yanıb-yaxıldığımız yurd-yuvamız üçün özümüzü bir vətəndaş yanğısı ilə qınayır. Elə "Fövqəladə vəziyyət" şeirindən başlamaq  istəyirəm. Müəllif 20 Yanvar  hadisələrində yaşanan  ağrının,  acının insanların "gözündən  daşmasını" bu şeirində özünəməxsus poetik ifadə tərzi ilə təqdim edir.

 

Çəkib taleyini başına damlar,

Sökür varaq-varaq  qərinələri.

Ağrısı gözündən daşan adamlar

Ağrıdan-acıdan cərimə verir...

 

Bu misralar 1988-ci ildən başlanan Qarabağ hadisələri zamanı gənclərin kitabxanalarda Azərbaycan tarixini, Qarabağnamələri oxumağa, tariximizi öyrənməyə göstərdikləri səyləri yada salır. Amma o vaxt hələ yara isti idi. Ağrının şiddəti hələ arxada idi, - yaxın gələcəkdə.

Şair bu şeirində 20 Yanvar hadisələrində Azərbaycan xalqının təklənməsini "Bağlı pəncərədən boylananı yox" deyərək,  səsimizin içimizdə boğulduğunu, bir kimsənin  hadisəyə münasibət  bildirmədiyini ürək ağrısı ilə ifadə edir.

O gecənin "qan içində yatmasını" dişi qana batmış qurda bənzədir.

 

Bağlı pəncərədən boylananı yox,

Şəhər qan içində yatdı o gecə.

Xəbərdən-xəbərə paylayanı yox,

Dişi qana batmış qurtdu o gecə.

 

20 Yanvar hadisələrini "O gecə" başlığı ilə təqdim edən şeirlər poetik düşüncələr arenasında tez-tez görünsə , məhz Firuzə xanımın qələmində  poeziyanın hərb ritminə köklənərək tarixləşib. Sonralar "Qanlı şənbə" yükü Firuzə Məmmədli şeirinin ən ağrılı yeri olub. Məlum şənbə gecəsindən sonra yaşanan torpaq, yurd təəssübkeşlərimiz olan qeyrətli oğullarımızın bir-birinin ardınca düşmən gülləsinə tuş gəlməsi onu bir azərbaycanlı xanımı kimi daim  təsirləndirmişdir:

 

Qara şənbə, qamətimdə bükülmə,

Dözümlüyük "Qanlı şənbə" yükünə.

illərdir, o şənbədən bu günə

Bu millətin şəhid doğur anası.

 

Şəhidlik mövzusu şairin digər şeirlərində yer alır. "20 Yanvar günü" şeirində "dərd əlindən hara qaçım" deyən şair "haqsızları, qansızları, qan tökənləri qınayır". "Can alanları" sözlə məşhərə çəkir.

 

Geyib getdim dar günümü,

Söyüb getdim var günümü.

Cansız gördüm hər günümü,

Can alandan hara qaçım?!

 

Bu qanlı-qadalı günlərdə, ruhunun ağladığı bu ağır günlərdə şair bütün varlığı ilə hadisələrə münasibət bildirir, torpaq itkisini, müharibə harayını pafosla  deyil, özünəməxsus üslubda şeirə gətirir. Firuzə xanımın 90-cı illərdə qələmə aldığı bu ağrılı yazılar tənqidçi ədəbiyyatşünasların da diqqətindən kənarda  qalmır. Tənqidçi Vaqif Yusifli Firuzə Məmmədlinin "Açılmır bu sabah" şeiri haqqında yazdığı bir məqalədə deyir: "Açılmır bu sabah" şeirini şair dünyadan xəbərsiz müasirinə  xitabən yazıb. Adətən bu  qəbildən olan şeirlərdə təzə söz demək çox çətindir. Nəsihət, ritorika, didaktik çağırış həmin tipli şeirlərin ənənəvi cizgiləridir. Firuzə isə mümkün qədər bu ənənələrdən qaçır, müasirinə nəyisə başa salmağa, anlatmağa yox, çevrəmizi bürüyən hadisələrdən, qara-qorxulardan onu huşyar olmağa səsləyir. Çünki bu gün bütün bəlalarımızın mənbəyi məhz unutqanlığımızdan, biganəliyimizdən gəlir:

 

Görürsən biçir oraqlar daha!

Çoxalır boğaza ortaqlar daha.

Qaranlığı qovmur çıraqlar daha,

Ovma gözlərini, atam balası".

 

Firuzə xanımın şeirlərinin dəyəri həm onun ritorikadan, pafosdan qaçaraq, demək istədiyini sakit, amma cəsarətlə deməsindədir.

"Qanlı şənbə" şeiri 20 Yanvar  hadisələrinin yaşatdığı faciələrdən xəbər verir. Faciədə əli olan qatillər - xarici, mərkəzi "düyünlər" şair deyimində poetikləşir. Müəllif dünyanın ən qatil ili - 1990-cı il 20 Yanvar gününün olduğunu dünyaya hayqırır. Şəhidlərə üz tutan şair gənclərimizi ayaqlayan "o yolları"da qatil adlandırır.

 

Sizi ayaqlayan o yollar - qatil,

Tırtıllı, zirehli "oyunlar" - qatil,

Xarici, Mərkəzi "düyünlər" - qatil,

Dünyanın ən qatil ili bizimdir.

 

- deyə 1990-cı ili  qatil il adlandırmaqda haqlı olduğunu isbata yetirir yazır:

 

Biz belə yaxından tank görməmişdik,

Biz belə yaxından qan görməmişdik.

Biz belə ürəkdən and görməmişdik,

Tutduq üzümüzü şəhid andlara.

 

Ümumiyyətlə, Firuzə xanımın 90-cı illərdən üzü bəri yaratdığı şeirlərin demək olar ki, hər biri ağrıdan, acıdan doğur.

Firuzə xanımın yaradıcılığı haqqında prof. Akif Hüseynlinin fikirləri maraq doğurur. "Burada ("Məni mənlə bölən dünya" kitabında) 20 Yanvar haqqında şeir yoxdur. Amma bir xalqın ah-naləsi, itirilmiş torpaqlarımızın insan qəlbinə taleyinə vurduğu yaralar var. Burada  qeyri-adi obrazlar var. Obrazlılıq özü adi deyil. Hadisələr elə qurulur ki, qeyri-adi görünür. Məncə, Firuzə xanım necə yazdığını özü hiss eləmir. Çünki şeir onun içərisindən bütövlükdə, hazır halda keçir. Yaşanmış hadisələr istedad sayəsində sözə çevrilir dərhal ifadə olunur. Bu mənada mən Firuzə xanımı ədəbiyyatımızda özünü təsdiq  edən bir şairə hesab eləyirəm".

Firuzə xanım hansı məsələyə toxunursa, o məsələdə hökmən Vətəndaşlıq var. Məsələn, o güllərdən, təbiətdən danışanda vətəndaş gözü ilə görüb müşahidə etdiklərini dəyərləndirir.

Professor Buludxan Xəlilovun "Şairə alim taleyi yaşayan insan" başlıqlı məqaləsində çox haqlı  olaraq Vətən mövzusunu şairənin şeirlərində bir neçə istiqamətdə  aydınlaşdırdığı vurğulanır.

Firuzə xanımın Vətən şeirlərində bir həsrət, yanğı, olduğu qədər , bu bəladan qurtulmaq inamı da var.

"İntiqamı sərt olacaq o günün" bu qəbildən olan şeirlərindəndir.

 

Arıdacaq günahları haqq özü,

Öz rənginə boyanacaq , qara.

Tükənəcək siyasətin saqqızı,

Boylanacaq kaspilərə, saqlara.

 

Firuzə xanım "Vətəni qoruyun", - deyə, "mübariz olun", - deyə pafosla  hay-küy salmır. Firuzə xanım Vətənin gözəlliklərindən danışır. "Vətən" adlı şeirində vətənin gözəlliklərindən bəhs edərək" bu gözəlliklərə düşmənlərin hər zaman tamah  saldığını vurğulayır. Dağlarımızın bizə səngər, düşmənə  göz dağı olduğunu poetik ifadə tərzi ilə dəyərləndirir.

 

Dağı dağ eyləyən qayalar, daşlar

Bizə səngər olub, yada - göz dağı.

Çiyindən üzülən düşmən başları

Burdan diyirlənib üstən aşağı.

 

Şeirin sonunda bir neçə misrayla Azərbaycana olan vurğunluğunu göstərməklə yanaşı, gənclərimizi Vətəni qorumağa səsləyir.

 

Bağrında tükənməz atəş qaynağı,

Adında "can" kimi şirin sözü var.

Bahar gəlişində - ana qucağı,

Qısa baxışında günəş gözü var.

 

"Hirslən, Allah  eşqinə" şeiri   döyüşçülərimiz üçün yazılmış marş tipli şeirdir. Gözəl olardı ki, bu şeir hərbi hissələrdə əsgər döyüşçülərimizin ruh yüksəkliyini qaldıran bir marş tipli nəğmə kimi əzbərlənsin, yayılıb oxunsun.

 

Qisasçı ol, dönməz ol,

Vermə aman düşmənə.

Qeyrətindən sınmaz ol,

Kükrə, Allah eşqinə!

 

Hirslən, Allah eşqinə,

İçimizdə kütlüyə,

"Qorxaq" adlı itkiyə,

"Qaçqın" adlı kütləyə.

 

Bu misralar başdan-başa bir mübarizlik, qəhrəmanlıq ruhlu marş tipli şeirin əvəzsiz nümunəsidir.

 

İsməti tapdalanan,

Qisməti tapdalanan,

İzzəti tapdalanan,

Gəlininə, qızına

Hirslən, Allah eşqinə.

 

Firuzə Məmmədlinin poetik nəfəsinin orijinallığı bədii-estetik dəyəri, mövzu rəngarəngliyi haqqında ədəbiyyatşünaslar tədqiqatçılar da zamanında fikir söyləmişlər. Firuzə xanımın yaradıcılığı haqqında fikir mülahizələr "Sənətin Firuzəsi" adlı kitabda Azərbaycanın onlarca dəyərli qəzet jurnallarında dərc olunmuşdur.

 

Mərziyyə Nəcəfova

 

Ədəbiyyat qəzeti.- 2019.- 13 aprel.- S.27.