Salam, uşaq! - Kuklalar...

 

Canlıların cansız prototipləri  

 

Salam, uşaq! Səninlə uşaq əsərlərinin oyuncaq qəhrəmanlarından danışacağam. V.Katayevin "Yeddirəngli çiçək" hekayəsindəki qız kimi çoxlu oyuncaq arzulamanı da istəmirəm. (Həmyaşıdları arasında özünü təsdiq etmək istəyən Jenya "Dünyanın bütün oyuncaqlarını istəyirəm", - deməsiylə yerdən-göydən oyuncaq ələnməyə başlayır. Şəhər oyuncaq selinin altında qalır. Gəlinciklər, təyyarələr, atlar, ayılar, toplar, şarlar, ipatdılar, hacıyatmazlar, daha bilim nələr, nələr... Həyəcanlı Jenya milyonlarla oyuncaqdan canını qutarmaq istəyərkən, sehrli yeddirəngli çiçəyinin bir ləçəyini salıb itirir). Hətta uşağın çox sayda oyuncağı olmasının da tərəfdarı deyiləm. Çoxluq arasında dostluq itir, doğmalıq yoxa çıxır. Sadəcə, dünya uşaq ədəbiyyatı (Azərbaycan uşaq ədəbiyyatı da dünya uşaq ədəbiyyatının tərkib hissəsi olduğu üçün ayrıca vurğulamıram) uzun əsrlər boyu oyuncaq (ələlxüsus da, kukla) qəhrəman yaradılmasında maraqlı olub. Bu əsərlərdə oyuncaq öz sahibinin psixoloji portretini tamamlayır. Onun sevgisinə sığınır. Onun nifrətini əritməyə çalışır. Onun əvəzindən təhlükəyə atılır, bəzən xilaskar, bəzən yolgöstərən, bəzən xarakterlərin açılmasına bilavasitə təsir edən biri olur. V.Korolenkonun "Pis cəmiyyətdə" adlı əsərində varlı ailənin uşaqları yeni tanış olduqları xəstə qızı sağaltmaq üçün vəfat etmiş analarının hədiyyəsini - buruq saçları  çiyinlərinə tökülən kuklanı bir neçə günlüyə ona bağışlayırlar. "Bu bərbəzəkli saxsı kuklanın bizim xəstə dostumuza göstərdiyi təsir mənim düşündüyümdən güclü oldu. Solan payız çiçəyinə bənzəyən qızcığaz özünə gəldi. O, yeni, əsrarəngiz rəfiqəsini bağrına basıb, çiyinlərinə tökülən buruq saçlarını sığalladı, heyranlıqla onun bəzəkli paltarına baxdı, cingiltili səslə güldü... Bapbalaca kukla möcüzə yaratdı: artıq günlərdir yorğan-döşəkdən qalxmayan xəstə qız gəzməyə başladı, hətta zaman-zaman zəif ayaqlarını döşəməyə ehmalca basa-basa qaçdı, hoppandı...".

Amerika yazıçısı Keyt Di Kamillo isə "Dovşan Edvardın qeyrı-adı səyahəti" kimi məşhur bir əsərində farfordan hazırlanmış oyuncaq dovşan Edvardın sevgiyə gedən yolunu canlandırıb. Əsərdə özündən başqa ətrafda hər şeyə və hər kəsə - hətta sevimli sahibi Abelinə belə, sevgi bəsləməyən, bahalı ipək kostyumları və qızıl saatı ilə öyünən Edvard vərəmli qızcığaz Sara-Rutun zəif, gücsüz qolları arasında sevginin nə olduğunu anlayır. Sara-Rutun yaşadığı kiçik daxma ona saray kimi gəlir, o, var gücü ilə çalışır ki, saçları günəş rəngli bu qızcığazı ölümün pəncəsindən qurtarsın. O, yalnız indi başa düşür ki, insanlar çox xoşbəxtdir. Sevgi kimi müqəddəs bir hissə sahib olduqları üçün. Sevə bildikləri üçün...

"Melissa" (müəllif - Sevinc Nuruqızı) adlı nağıl-povestin də baş qəhrəmanı parçadan hazırlanmış gəlincikdir. Amma Edvarddan fərqli olaraq, onun qəlbində böyük bir sevgi var: "Onun başqa gəlinciklərdən fərqi onda idi ki, Melissa sevə bilirdi. Hərdən ona elə gəlirdi ki, bu yerlərdən çox-çox uzaqlarda, içi cürbəcür kukla, parça kəsikləri, rəngbərəng saplar və sancaqlarla dolu olan bir emalatxanada nəğmə deyə-deyə onu hazırlayan qoca kuklaçı-qadın imkan tapıb onun pambıqla dolu bədəninə döyünən, nəfəs alıb-verən, balaca, lap balaca, tutaq ki, sərçə ürəyi boyda bir ürək yerləşdirə bilmişdi. Yoxsa Melissa onu qolları arasında sinəsinə sıxan qaragözlü qızı, yaşadığı mənzili, o mənzildəki geniş, yumşaq döşəkli çarpayını bu qədər ürəkdən sevə bilməzdi... Hərdən Melissanın yadına dünyaya gəldiyi günün kəsik-kəsik hissələri, kino dili ilə desək, fraqmentləri düşürdü. O fraqmentlərin birində Melissanı düzəldən qoca kuklaçı-qadının oxuduğu nəğmə gizlənmişdi. Nəğmə hərflərə, hecalara, sözlərə bölünüb Melissanın zərif yaddaşının müxtəlif künclərinə səpələnmişdi:

 

Bu dünyada xoşbəxt olan

Çəhrayısaç gəlincik var.

Qəlbi sevgi ilə dolan

Çəhrayısaç gəlincik var.

 

Bəlkə , Melissanın sevgisi elə bu sözlərdən yaranmışdı. Yəni ilk gündən, hələ saçları, başı, bədəni, qolları və ayaqları bir-birinə birləşməmişdən öncə eşitdiyi söz SEVGİ olmuşdu...".

Nümunələr saysız-hesabsızdır. Bəlkə də, dünyaşöhrətli Astrid Lindqren "Mirabel"i yazmaqla hər bir uşağın körpə qəlbində doğula biləcək arzunu qələmə alıb. Hansı arzunu? Bunu bilmək üçün "Mirabel"i mütləq oxu!

 

Sevinc Nuruqızı

 

Ədəbiyyat qəzeti.- 2019.- 13 aprel.- S.26.