Mirabel

 

Mən indi sizə başıma gələn ən qeyri-adi hadisə haqqında danışacağam.

Bu, mənim altı yaşım olanda baş verib. Adım Britta-Kaysadır. Balaca bağçası olan bir evdə yaşayırıq. Heç bir qonşumuz yoxdur. Çünki yaşadığımız balaca ev sonunda şəhər olan uzun bir şose yolunun kənarında yerləşən yeganə yaşayış məskənidir.

Atam bağbandır. O, bazarda tərəvəz və çiçək satır. Amma az pul qazanır. Həmişə nəyi isə almağa pulumuz çatmır. O zaman isə, yəni altı yaşım olanda, çox istəyirdim ki, mənə gəlincik  alsınlar.

İndi isə mən həyatımda baş verən sirli hadisəni danışa bilərəm.

Bir dəfə baharda atamla anam bazara çiçək aparmışdılar. Mən evdə tək qalmışdım. Şər vaxtı idi. Bağa getdim. Qəribə gecə idi. Birdən yolda at arabası göründü. Arabada qəribə balaca bir qoca var idi. Qaçıb həyət qapısını açdım.

Araba həyətə girdi. Qoca mənə baxıb gülümsədi:

- Qapını açdığın üçün sənə pul verməliyəm. Amma pulum yoxdur. Əvəzində başqa şey verəcəyəm. Əlini uzat.

Qəribə balaca qoca ovcuma sarı dən qoydu. Dən qızıl kimi işıq saçırdı.

- Dəni bağınızda ək. Hər gün suyunu ver. Əyləncəli cücərti çıxacaq! - qoca dedi. O, qamçısını qaldırıb-endirdi. Bir saniyə sonra araba elə gözdən itdi ki, izi-tozu da qalmadı.

Mən o saat dirriyə getdim və dəni əkdim. Hər gün dəni sulayıb həyəcanla onun cücərməsini gözləyirdim. Bir səhər yenə də susəpəni götürüb bağa qaçdım. Nə görsəm yaxşıdır? Dəni əkdiyim yerdə qıpqırmızı nə isə qabarmışdı. Günü-gündən bu qırmızı böyüyürdü. Və günlərin bir günü mən onun nə olduğunu başa düşdüm. Bu, qırmızı şlyapa idi. Şlyapa gəlinciyin başında idi. Bu gəlincik bizim dirrikdə bitmişdi!

İşə bax... Səhərlərin birində mənim dirriyimdə bütöv bir gəlincik başı bitmişdi. Gəlincik gün-gündən böyüyürdü. Artıq onun qırmızı paltarı da aydın nəzərə çarpırdı. Gəlincik dizlərinə qədər böyüyəndə mən atamla anamı dirriyə gətirdim ki, ona baxsınlar.

Onlar uzun müddət susdular. Nəhayət, atam dilləndi:

- Mən ömrümdə belə bir şey görməmişəm.

Bir bazar günü dirriyə gələndə gördüm ki, gəlincik daha çox böyüyüb. O, gözlərini açdı və düz üzümə baxdı. Mən onu astaca sığalladım. Birdən gəlincik kökündən qopub yerə düşdü. Başa düşdüm ki, gəlincik artıq yetişib. Mən onu qucağıma alıb evə qaçdım. Çox xoşbəxt idim. Gecə mən gəlinciyimə tikiş maşınının qapağında yer saldım və dedim:

- Gecən xeyrə qalsın, Marqareta!

Bilirsiniz, baş verdi? O, ağzını açdı və dedi:

- Adım Marqareta deyil. Haradan çıxdı Marqareta?! Adım Mirabeldir.

İşə bir bax! Gəlinciyim dayanmadan danışırdı. Deyirdi ki, ona əsl çarpayı və gecəköynəyi lazımdır, guya mən onun çox xoşuna gəlirəm, istəyir ki, anası olum.

- Anam ol, amma mənə sıyıq yedirtmə, - o, xəbərdarlıq etdi, - çünki sıyıq yeməkdən zəhləm gedir.

, Mirabel belə Mirabeldi. Çox şən və qayğısız. Atamla anam otağa girəndə o, hərəkətsiz dayanır, onlar gedəndən sonra isə dəcəllik etməyə, cingiltili səslə danışıb-gülməyə başlayır. Artıq iki ildir Mirabel mənimlədir. Dünyada heç bir balaca qızın belə gəlinciyi yoxdur.  O, blini sevir. Mən balaca oyuncaq tavada hər gün ona blini bişirib yedirdirəm. Hətta bir dəfə barmağımı da dişləyib. Atam ona çarpayı düzəldib. Anam döşəkağı və gecəköynəyi tikib. Mən isə ona çoxlu önlük və paltar tikmişəm.

İstəyirsiniz, mənim ağıllı gözəl gəlinciyim Mirabeli görəsiz? Onda uzun şose yolu ilə gəlin. Yolun kənarındakı yeganə ev bizimdir. Söz verirəm, Mirabeli qucağıma alıb sizi həyət qapısının önündə qarşılayacağam.

 

Astrid Lindqren

 

Ədəbiyyat qəzeti.- 2019.-13 aprel.- S.26.