Yusif Həsənbəyin bir şeiri
haqqında
Bizim nəslin
doğum payına düşür, hansı ki, "Vətən
müharibəsi" illərində K.Simonovun "Gözlə
məni" şeiri yazıldı. Həqiqətən,
bomba kimi partladı. Nəydi bu "bomba"nın gücü? Nə bir əsgərin
taleyindən, nə bir zabitin qəhrəmanlığından,
nə də bir generalın uzaqgörənliyindən
danışırdı. Bu
"üçlük" sosial-siyasi məsələ idi və
qələbə üçün gərəkli amildi. Vətən
xilas edilməlidir: əsgər, zabit və generalın
şücaətilə. Amma bu övladlar o zaman, o anda qələbə
çalar, düşməni məhv edər - arxada qoyduğu
həyat yoldaşları - övladlarının anaları ərlərinin
namusunun keşiyini çəkməyi bacarsın və buna
iradələri çatsın! Ona görə ki, bu
qadınların vücudunda: hisslərində və qəlblərində
məhəbbət vardı. Bu munis anlamda, məfhumda
qeyri-adi güc-qüvvət yoxsa… o ərin, o əsgərin,
zabitin və generalın atdığı güllə boşa
gedəcək, hədəfdən yayınacaqdır. Belə bir psixoloji-fəlsəfi dəyəri otuz
yaşı belə olmamış rus şairi, milli
poeziyamızı dərindən sevən Konstantin Simonov
"Gözlə məni" şeirində əbədiləşdirdi.
Bu
ekskursiyanı əbəs xatırlatmadım: Kim və
hansı imicin sahibi olursan - yalnız ülvi məhəbbətin-namuslu
qadının önündə diz çökərsən!
Mühacirət
həyatını yaşamış azəri-türk
yazıçısı Baninin sözlərini xatırlatmaq
kifayət edər: "Məhəbbət - qızmış
filin gecə vaxtı uşaq beşiyi başında çəkdiyi
nərə kimi dəhşətli və əzəmətlidir".
Üç nöqtə. Və təxminən
70 ildən sonra məhəbbətin nəyə qadir
olduğunu: kişi idrakında necə
şırımlar açdığını, bütün
qadın nailolmalara baxmayaraq gözü qaldığını
və son anlarında - həyatla vidalaşanda belə
xatırlandığına heyrətlənməyə bilmirsən.
Bu hissləri gözəl şairimiz Yusif Həsənbəyin
yazdığı "Qayıda bilmərəm, gözləmə
məni" ("Ədalət" qəzeti, 14.11.2014)
şedevr şeirində yaşadıq. Oxucu
düşünə bilər ki, bu mövzuda bu gün də
yazılır, tamamilə doğrudur. Lakin
məhəbbətdən yazılan poetik nümunəyə bəzi
rakurslardan yanaşmaq lazımdır. Bəs məhəbbətdə
hansı mübhəmmi, açarmı (?) qüdrət
var ki, şairi bu şeiri qələmə almağa vadar edib -
ixiyar yaşında Yusif Həsənbəyin bu şeirinin təkrarsızlığına
bir səbəbini burada axtarmalıyıq. Bəlkə,
erosdur - qədim yununların ifadəsidir. Bəlkə,
iztirabdır? Bəlkə, erotomiyadır -
ağılsız məhəbbətdir?
Hər
üçü! Məhəbbətin ölməzliyi onun
sosiallaşmasında deyil, mənəvi
iztirablığındadır, bir şərtlə, fiziki tamlıq
potensialını qorusun. Bir də sakit
"filia" anlaması var ki, söz fel şəklində
"fileo", yəni "mən sevirəm" ifadə edir.
Belə məhəbbətin əsas spektri mənadır,
nəinki eros. Demək, məhəbbətin
mütləq anlaması alınmır. Filosof
R.Dekart etiraf etmiş ki, birinci, məhəbbət istəklə
bağlıdır, sevimli qadına münasibətdir
(K.Simonovda olduğu kimi), digəri məhəbbət yox,
iztirabdan adamın yanmasıdır, əlbəttə, sevgiylə
bağlı. Müdrik filosof Platon
(Sokratın şagirdi) məhəbbəti İlahi qüvvə
sanmış və göstərmişdir ki, qeyri-adi hissdir ki,
insanı ömrü boyu əxlaqa və gözəlliyə
çağırmışdır. Və
bu məhəbbəti anlamaqla, düşünməklə
insan həyatını fizioloji instinktdən fərqləndirmişdir.
Qayıdırıq iztirab, əzab,
özünüfəda hisslərinin mövcudluğuna -
şair bəlkə də, məhəbbətini nikbin əhvalla,
görüş ümidilə xatırlamış, yaxud
haradasa sevdiyi o qadını görmüş, üzbəüz
tənha oturmaq ürəyindən keçmişdir. Amma
şair məhəbbətinə xəyanət etmək istəməmişdir:
Bahar da
qayıdar, qış da qayıdar,
Qayıda bilmərəm, gözləmə məni.
Uçqun
yuvasına quş da qayıdar,
Qayıda bilmərəm, gözləmə məni.
Proqnozumda zərif bir ümid işığı sezilməyə
bilməz, söhbət aşiqlə məşuqun o günlərə
qayıtmasından gedir. Ehtimalmı?
"Bilmərəm", "gözləmə" demək
asandır.
Dil söylər, nə var ki, dil pəhləvandır.
Ancaq, ay əzizim,
Ay iki
gözüm!
Qayıda
bilməyən, dözə bilməyən
Kamansız bir oxdur, simsiz kamandır.
Qayıda bilmərəm, nəfəssiz candır.
Səsləmə,
çağırma məni, amandır,
Qayıtmaq
yollarım çəndir, dumandır,
Qayıda
bilmərəm, gözləmə məni...
Şair niyə imtina edir? İllərin həsrətindən
sonra məhəbbətinə qovuşmaq səadət deyilmi?
Yox, şair məhəbbət simvolunun qədimliyinə,
keçmişinə və indisinə xəyanət etmiş
olardı. Ona görə ki, bu məfhum təkcə
sözdə ifadəsini tapmır, onda iztirab, həvəs,
instinkt və nəhayət, düşünülmüş
hiss mövcuddur.
Bəs qayıdaq necə?
Yusifə
Züleyxa qoynu zindandır,
Kərəm
Əslisinin eşqiylə yandı,
- deməklə çox incə mətləbləri:
göz yaşını, solan gülləri, parçalanan
daşları və sairi
xatırladır; bunları o özü
yaşamışdır. Belə
çıxır o, yenidən əzabları yaşasın?
Yox, Yusif Həsənbəy məhəbbətinin bakirəliyini
qoruyur:
Axan
göz yaşımdan yollar islanar,
Sənə
qucaq açan qollar islanar!
Saçına düzdüyüm güllər islanar.
Daşlar
parçalanar, qumlar tozlanar,
Sənsiz
bir köləyəm, şahımdan kənar,
Quru bir tənəyəm salxımdan kənar.
Bir dəli
Məcnunam ağlımdan kənar,
Bülbüləm
gülümdən, bağımdan kənar!
Yer
Göyə qarışar, fəryad çəkərsəm,
Sönmüş ulduzalr da ahımdan yanar.
Qayıda bilmərəm, necə qayıdım?
Qayıtsam
ürəyim sevincdən sınar,
Qayıda bilmərəm, gözləmə məni.
Yusif Həsənbəy sədaqətini, ülviliyini
qorumaq naminə, poeziyanın ən kövrək və kontrast
imkanlarını gerçəkləşdirmişdir. Epitetlər,
poetik assosiasiyalar, zərif nüanslar məhəbbətin bakirəliyini
işıqlandırır. Nüanslara da işarələr
yox deyil: Məcnunam ağıldan kənar (təhtəlşüur),
sönmüş ulduzların ahdan yanması (libido-enerji),
daşların parçalanması (Fərhad gücü) və
sonuncu münasibət: ürəyin sevincdən sınması
- qayıdarsa - mümkünsüz etiraf. Bir də… Mütəfəkkir Avreli Avqustin məhəbbətin
formasından yazarkən müəyyənləşdirmişdir
ki, birincisi və mühümü Allaha məhəbbətdir;
yəni insanın məlum yolla Allaha can atmasıdır, ona
düşünmək, qərara gəlmək imkanı
vermişdir. O, Allaha istək yolundan başlayır, hərçənd,
məhəbbətin predmeti haqqında aydınlıq yoxdur. Ona görə də ilkini məhəbbətin həqiqi
predmetini və ona yolu tapmaqdır. Hansı
ki, ürəyə həm dinclik, həm də sakitlik vermir.
Və sual qoyur: İnsan axtarışında, onun mənəvi
ruhunda düzgün yolu tapılmalıdır, Allahaməhəbbət
çağırışını, çün məhəbbətin
özü Allahı sevir. Yusif Həsənbəy başına
gələ bilən hadisələri keçici hesab etmir,
"andını" pozarsa, hər şeyə nöqtə
qoymuş olar; bu etirafı söyləməyə haqqı
çatdığını deyir:
Sevgilim,
üzməsin kədər,
Sənsiz günəşə də baxmaz bu gözlər.
Səhraya
çevrilən laləli düzlər
Quruyar könlümdə daşan dənizlər.
Sənsiz
vətənsizəm -
Ruhum da, qəlbim
də hey səni səslər...
Bu misralarla şair sevgilisini reallaşdırdı
oxuculara. Artıq məhəbbətin ikinci mərhələsi
sevgidir ki, şair varlığını, mənəvi
mövqeyini onda tapmışdır. Sevgisi
onun (şairin) instinktiv davranışı olaraq, onda
özünü reallaşdırmaq istəyir. Nə üçün Yusif Həsənbəy bu qədər
etiraf edir, inandırmağa çalışır? Məhəbbət
- sevgi zirvəsinə
qalxmayanda fikir ayrılığı yarana bilər, şairsə
müxtəlif nəzərlərin xarakterini, cinsi meyildən
asılılığını sadalamır - lüzum
görmür.
Eşitsən
kiməsə bəndəm, inanma!
Kiməsə
şəkərəm, qəndəm - inanma!
Məni hərcayilər
həmdəmi sanma!
Səndən
özgə heç kəs yatmaz canıma,
Nazı sığal çəkməz həyəcanıma.
Qarışmaz, uyuşmaz qanı qanıma.
Bu misralar - şairin söyləmələri hələ
təsəllivericidir, aşiq adətən, bütün ifadələrə
əl atır, səsləndirir, oxucu şairin sevgisinə ləyaqətlə
yanaşmasına inanır. Amerikan pasixoloqu Martin Breqman da bu
yanaşmanı bəyənmişdir: Bir incəlik də var
ki, məşuqun "barışmaq" istəyinə gəlirsən
- doğru qənaətdirmi?
Çəpərlər
ardından baxıb boylanma,
Səni
and verirəm ata-anama,
Yolunda
sadağa gedərəm, amma
Qayıda bilmərəm, gözləmə məni.
Deməli,
şair ləyaqətini - həm sevgilisinin, həm
özünün, həm də məhəbbətin ləyaqətini
gözləmişdir
və bu səsi ömrü boyu eşidəcəkdir.
Yusif Həsənbəy
məhəbbətin fəlsəfəsini yalnız
özünün fərdi yaşantıları ilə
reallaşdırmaqla unikal şeirini təqdim etmişdir və
nəyi xatırlatmışdır qeyri-maddi baxımdan nəticə
çıxarırsan: Məhəbbətdirsə - sevirsən;
Məhəbbətdirsə - ayrıcadır; Məhəbbətdirsə
- sevgiyə özünü fəda verirsən. Məhəbbət
ehtiras, coşqunluq, həvəs, kövrəklik kimi çəkisi
maddiyyatla ölçülməyən hisslərsiz real deyil, -
desək yanılmarıq. Onda bakirəlik
müqəddəsliyi var ki, nə görür, nə eşidir,
nə də başqasının nəsihətini qəbul edir.
Onun üçün yeganə varlıqdır ki, fərdiliyi
yaşayır: O və mən!
Şeirin
təəssüratında, qəlbin gizlinlərində nəyi
yozuruq, iki nəsnəni: "İstəyirəm mənə
yaxşı olsun", "İstəyirəm sənə
yaxşı olsun". Məhz buradan münasibətlərin
harmoniyası doğur. Yusif Həsənbəyin
hünəri ondadır. Məhəbbətinə, sevgisinə
qayıda bilməməsi sual oyadır oxucuda: - "Bizə
yaxşı olsun". Səmimidir və müəllifin fəlsəfəsinə
italyan şairi F.Petrarkanın ağrıyla
yazdığını xatırladım: "Əgər bu, məhəbbət
deyilsə, bəs hansı xəstəlikdir məni narahat
buraxmır? Əgər məhəbbətdirsə,
bəs məhəbbət nədir? Xeyr?
Lakin bu işgəncələr, ilahi, qəzəbli
alovdurmu? Bu işgəncələrin
şirinliyi isə!" Nə yaxşı
ki, Petrarka son nöqtəni qoymamışdır. Yoxsa məhəbbətin bakirəliyi itərdi.
Nöqtəni şair Yusif Həsənbəy də
yazmağa cəsarət göstərmir. Çünki
dediyini misralarda obrazlaşdırmışdı və son
pıçıltısını gizlətmədi,
yaşının tərsinə getmədi. Məhəbbətin
yaşının olmadığını necə də təkrarsız
demişdir:
Ah, necə
təşnəyəm çılğın busəyə,
Könlümə
od salan çılğın busəyə.
Həsrətəm
busəmlə könlümə axıb
Yanğıma su verən o buz kuzəyə.
Qayıda
bilmərəm, dönə bilmərəm!
İnanma,
bu söhbət şərdi, yalandır!
Sevdanın
hər anı bir imtahandır!..
Eşqimiz
əbədi yaşasın deyə -
Qayıda
bilmərəm, gözləmə məni!
Y.Həsənbəy
poetik məharətiylə "üç nöqtə"nin yerini saxlayır və riskə yol vermir,
çün, özü təmənnasız bu məhəbbəti
elektrik cərəyanı kimi içərisində
saxlamışdır - yalnız möcüzə!
Y.Həsənbəy bu günün mürəkkəb
psixoloji-sosial tarazlığın pozulduğu şəraitdə
məhəbbətin ölmədiyi həqiqətini birincisi
özündə - varlığında tapmışdır. Sonra proseslərin
gələcək daşıyıcıları olan gənc nəslin
stereotipsiz böyüməsini istəmişdir. İstəməmişdir ki, məhəbbətə
ötüb-keçən, unudulması mümkün,
küsüb-barışmağı olan bir hiss kimi
yanaşılmasın. Məhəbbətin
müqəddəsliyi ondadır, sirrini özü də bilmir,
suallar ortaya atır, cavabında acizləşir.
Böyük alman filosofu Hegel necə də səmimi
yazmışdır: "Məhəbbətin həqiqi mahiyyəti
ondadır ki, özün-özündən imtina edə biləsən,
özünü başqasının "mənliyində"
unudasan. Lakin nəsə bu yoxluqda və unutmada
yenidən özünü tapasan, özünə yiyələnəsən".
Bu iqtibasın sonuna "üç nöqtə"
qoymaqda haqlı olarıqmı?!
Mən məşhur
"Gözlə məni" şeiri barədə təəssüratımla
başlamışdım, o illərin ruhunu yaşamaq istədimsə,
mümkünsüz cəhd oldu və başqa cür ola da bilməzdi. Döyüş -
ölüm-dirim günlərində əsgər, zabit və
general üçün topdan, avtomatdan və tankdan da
güclü qüvvə arxada ərsiz qalmış
qadınlara ölməz ruh bağışlamaq, namusla oturub ərlərini
gözləmək idi və bunu böyük rus şairi
bacardı, dahiyanə şeiri qələmə aldı,
döyüş səngərlərində papiros
kağızı qurtaranda, ümid qəzet parçasına
yazılmış o şeirə qalanda belə - papiros
bükülməmiş qaldı!..
Müqayisə aparmaq fikrində deyiləm. XXI əsrdə azərbaycanlı
şair Yusif Həsənbəy "Qayıda bilmərəm,
gözləmə məni" fenomen şeiriylə məhəbbətin
ölməzliyini sevənin cismində isti qəlpə kimi
közərdiyini, yandırdığını poetik hünərlə
sübuta yetirdi!
Mən
sonuncu cümləni əllərimin titrəyişində
yazdım: ...Qayıda bilərəmmi o günlərə mən?
Allahverdi
EMİNOV
Ədəbiyyat qəzeti.- 2019.- 13
aprel.- S.29.