Bədii mətnin janr
ölçüsü
"...Söz
olmaq istərdim, Təkcə və tənha, Tərki-dünya
söz"
Janr nədir? Mətn bu və ya digər janrın
hüdudlarına necə dolur, necə daxil olur? Hər bir janrın necə yarandığını
təsvir etmək, hansı komponent və havalardan düzəldiyini
demək də olar, bəlkə. Ehtimal kimi bunu da irəli
sürmək olar: hər hansı janr, deyək ki, gəraylı
insanın daim içində oxuduğu, zümzümə
etdiyi, özünə sonadək açılmayan, bəlli
olmayan (insan ona tam aydın olan bir şeyi niyə oxusun?) havadan,
melodik ünsürdən boy ataraq formalaşıb, bu halda belə
deyək, hər bir janrda, Yaradan çox sevdiyi, ancaq hansı əsas
məqamdasa mübhəm qalan bir şeyi şeir şəklində
təqlid edir, onun cazibəsindən qurtulmaq üçün. Bunun üçün yeni cazibə sahəsi
yaranmalıdır, sən içindəki mübhəm sahəni
mətnə köçürməlisən. Elə mübhəm, sirli olduğuna görə təsəvvürdə
nələrsə kənarda qalır, sonradan mətnə
dolduqda, bədii mətnin sərhədləri virtual şəkildə
açıq qalır, oxucunu ora, o cazibə sahəsinə
salmaq üçün. Qəzəldə, yuxarıdakı
fikri əsas götürsək, təqlid havası ən
müxtəlif rəmzlər altında gizlənir (yəni bu rəmz
və simvollara ifrat diqqət ayırmağın bir mənası
varmı, əsas olan tutulan anın, o mistik havanın
duyulmasıdır, başqa heç nə...), həmin hava
poetik sistemi məcazlar reyestrinə salır, rəmzlərin
semantikası bölünür, sənin təsəvvüründə
yaşayan qalaktika və kosmik fəzanın ayrı-ayrı
hissələrinə paylanır, bir layın daxilində
yarım strukturlar, yaruslar meydana gəlir, xəyalın
gerçəkləşdiyi müstəvi səthində
sözlərin bir-birini doğuraraq zəncirlənməsi həmin
yarım struktur və yarusların tam müstəqilləşməsinin
qarşısını alır, nəticədə
bütün diqqət səthdə həmin rəmzlərin
görünüb yox olması prosesinə verilir, Füzuli deyəndə
ki, "aldanma ki, şair sözü əlbəttə
yalandır" həmin bu janrdaxili prosesi nəzərdə
tuturdu. Qəzəldə insan öz içində dolaşan,
mənasını tam dərk etmədiyi bir ilahi havanın təqlidini
yapır, içində dolaşan, yeri, göyü
ölçmək həvəsiylə alovlanan havacat sona qədər
anlaqlı, fikir kimi aydın olmadığına görə
şərhindən vaz keçilir, şeirdə bu
anlaşılmayan kosmik təəssüratlar rəmzlər və
simvollarla əvəzlənir, yəni məhz buna görə qəzəl,
eyni zamanda həm yeri, həm də kosmosu ifadə edir, bu janrda
gerçək insan hissləri şərhedilməz məna
vahidlərilə bir sıradadır, bütün bu
strukturların cəmi eşq məvhumu ilə işarələnir.
Sırf dini, yaxud təriqət, ideoloji məzmunlu
şeirlərdə bu düzüm və sistem pozulur, hər
iki hala eyni şairin yaradıcılığında da
rastlanır.
Orta əsrlər poeziyasında kitab-divan, hətta onun səhifələnmə
prinsipi belə, fərqli məna daşıyırdı. Qədim əlyazmalarda səhifə
ayağındakı son söz, son rəqəm yeni səhifənin
başında təkrar edilirdi, qəzəldə sözlərin
bu şəkildə bir-birini aparması axın, harasa
çatma, qovuşma şövqünü ifadə edir, bu
axında fanilik hissi - hər şeyin axıb beləcə toz
zərrələrinə dönməsi mahiyyətcə
keçmiş, indi və gələcəyi yatağından
qoparıb zamansız bir nəhrin içinə salır. Ancaq
bu, təkcə fanilik hissini ifadə etmir, şeirdə onun əksi,
onunla daban-dabana zidd olan bir struktur, yaxud duyğu qəlibi də
olmalıdır: gerçək həyat, onun bədii mətnlə
münasibətdə hərəkətə gəlmək istəyən
halı, çünki bu ikinci fon olmadan
faniliyi də "yaşamaq" olmaz. İnsan bu proses vasitəsilə
özünün dünyaya, gerçəkliyə münasibətini
bildirir, burada, bu göy qübbəsinin altında niyə
"yad adam" olduğunu ifadə edir. Yəni "...Dəniz sahilində durub, dəniz həsrətilə
ölmək" (V.Səmədoğlu). Şeirin,
bədii mətnin mayasında məhz mübhəmlik olduğu
üçün bu hal ən müxtəlif fərziyyələrə
meydan açır, fərziyyələr, mübhəmliyin
yaratdığı fantasmaqoriya karusel kimi fırlanıb əvvəlki
vəziyyətinə qayıdır. Belə
bir qənaət hasil olur ki, insan nədən yaranıbsa, daim
onun həsrətilə yaşayır, bu isə həmişə
təzələnmək, səhifəni çevirmək,
dünyanı başqa donda, libasda görmək təşnəliyi
yaradır. Duman gəl, get bu dağlardan // Dağlar təzə
bar eyləsin// Nə gözlərim səni görsün// Nə
könlüm qubar eyləsin... Həmin təşnəlik,
həm də "köhnədən" bezib təzələnmə
eşqilə alışıb-yanma şeirin olsun ki, əvvəlcədən
düşünülmüş, yaxud təhtəlşüurda
qurulmuş bütün eskizlərini pozur, onun üstüylə
gedib bir-birinə keçən və bir-birini kəsən
çevrələr cızır. Qəzəl
insanın (aşiqin...) ruhi halındakı keçid məqamını
mükəmməl ifadə edir, belə olduğuna görə
mətndə söz də sərhəd situasiyasında qərar
tutur. Eyni zamanda dinamikanı və
süstlüyü, hərəkəti və sükunəti,
real və irreal olanı bir güzgünün çöhrəsində
göstərir. Baxın:
Eşq
camından içən kimsənə huşyar olmaz,
Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
Qorxu bilməz,
eləməz şahü gədadən pərva,
Məst-məstanə gəzər, kağəzü tumar
olmaz.
Buteyi-hicrdə
bülbül kimi əfğanə gəlir,
Qeysi-biçarə kimi vəslə xəridar olmaz.
Tərk
edər ləzzəti-dünyanı, keçər canından,
Sikkəni dağ qılar, talibi-dinar olmaz.
Göstərər
mehrü vəfa yarinə, gördükcə cəfa,
Zilləti fəxr bilər, zərrəcə bizar olmaz.
Alışı
şəm kimi, odlaşı pərvanə kimi,
Can verər
yarə, Nəbati kimi biar olmaz.
Şeirin doğulmasına səbəb olan xəyal nə
olur-olsun, özünün bənzərini yarada bilmir. Demək,
doğulan şeir mətni xəyalda dolaşan təəssüratların
yalnız bir qismidir, həm də ürəyin, ruhun diktəsilə
tutulan parçası. Zaman şeirə
sığmır, hər şeyi o, bircə an, tutulan məqamın
üstünə yükləyir, ona tapşırır, bu məntiqlə
zamanın özü özü ilə üst-üstə
düşmür, şeirdə zamana sığmazlıq belə
meydana gəlir, həm də onu təqlidən, bu isə
öz növbəsində sözə sığmazlıq,
sözün dairəsindən "daşmaq", qurtulmaq
ehtirasına təkan verir, demək, belədə, mətnin
özü də özünə bərabər olmur, məhz
bu ölçü bədii mətnin gerçəkliyi
içinə sığdırıb onu inkar etmək ovqatı
yaradır, Musa Yaqubun şeirlərindən parçalara, yaxud
onun özünün də istinad etdiyi örnəklərə
baxmaq olar.
Adi bir
şeir, çox adi bir yaşantı:
Ovcuma da
baxdım,
bir xəzələ
də,
Damarlar, cizgilər nə qədər oxşar.
Bizdən
ayrı deyil bircə gilə də,
Ovcumun içində bir payız yaşar.
Həm də:
"... Bədii mətn bütün
dünyanı, kürreyi-ərzi dolaşıb onu izah etdikdən
sonra özü-özünü qapayan tapmacaya
çevrilir" (Haydegger).
Gələn
birdir, gedən birdir, qalan bir,
Gedən gəlməz, gələn qalmaz, əcəb
sirr.
Bir əvvəl
var, bir axır var deyiblər,
Yalan
sözdü, nə əvvəl var, nə axır...
Şeirdə
zamanın tutularaq dəf edilməsi... Məhz hər
şey o anın içindədir, mətndə bütün
prosesin mənası o tutulan anı deşifrə etməkdədir.
Bu məna, yaxud məna layları misralar
arasından görünüb yoxa çıxır, ifadəyə,
sözə, şərhə gəlmir. Məhz
bu səbəbdən orada hərəkət bilinməzlikdən
bilinməzliyə doğrudur. Şairi anlamaq istəyirsənsə,
onun şeirinin ömrü qədər susa
bilməlisən, sən danışanda o sehr qopub
düşür... Musa Yaqub qədim tariximizdə,
şübhəsiz ki, ədəbiyyat tarixində bizim gələcəyimiz
olan nəsnələrdən çıxış edir, - istər
sevgi, istər digər mövzulu mətnlərində bu var, həmin
tarixdən bir detal onun şərhində elə çalarlar
qazanır ki, bir anlıq kainat - bütün fəza və yer
üzü dəyişir, daha doğrusu, o detalla tamamlanır.
Orta əsrlər poeziyasında, deyək ki, Nəbati
poeziyasında, yaxud Saibdə təsvir ötəri məqamdır,
rəsm çəkərkən fırçanın kənarıyla
edilən çox incə bir hərəkət kimidir, əsas
olan həyatın faciəsini, bunun doğurduğu
ağrını ifadə etməkdir, buna görə həmin
ifadə tərzində çoxplanlılıq, çoxmərtəbəlilik
mətnin əsas xassəsinə çevrilir, mərtəbədən
mərtəbəyə keçdikcə mənzərə -
hiss etdiyin gözəllik bir az da tamamlanır, yüksəklərə
qalxdıqca özünü "itirirsən", çəkisizliyə
düşürsən, həmin o aləm, tam ruh aləmiylə
dolmuş dünya sənə yiyələnir və bu
"göydələndə" əsas olan mərtəbələr
deyil, zirzəmidir, yaddaş zirzəmisi - hər şey ora
yığılır, orda baş verir, sənsə
qalxdıqca qalxırsan, sənə elə gəlir, hər
şey sənin özünə, gücünə
bağlıdı, yaddaşsa qanı kəsməyən,
bitişməyən yara kimi qövr edir, öldüyündən
belə xəbərin olmur.
Şeirsə davam edir. Ömrə də
sığmır. Leo Butnarunun dilimizə
çevirdiyimiz mətnində olduğu kimi.
Ürəyimi
çıxarıb gözlərim önündə tuturam
Və
oxuyuram
Oxuyuram
ki, vətənlə ayrılığı görməyim
Yenidən
dodaqda söz puçurlayır
Və
oxuyuram
Yalanın səsini batırmaq üçün.
Bu ortamda
sözə, bədii sözə bəsit münasibətə
yer qalmır, məsələn, bizdə deyəndə ki,
"sözün köynəyindən keçmək...", indi, yuxarıda yaradılan təsəvvür
dağılır, hər şey aurasını, ətrini,
rahiyəsini itirir. Məsələn:
Söz
olmaq istərdim
Yaşam uğrunda çarpışmalardan kənar.
Qriqore
Vieru demişkən
Sözlərin
məftunedici bərabərliyi də olmamış deyil:
Gözləri
var - görür,
Hüşyardır
- anlayır;
Məsələn,
"yoxsul, dilənçi" sözü,
"bankir" sözündən heç də
kasıb deyil,
"filosof" sözü "cahil"
sözündən
müdrik deyil
heç də,
"Serjant"
sözü
"general" sözünün əmrlərinə
tabe deyil
"qara" sözü
"ağ"ın qulu deyil ki
Və sair və ilaxır.
Sözlər
Öz mənalarını
anlamadan da xoşbəxtdirlər,
Yaşayırlar...
Vasili
Romançuk
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti- 2019.- 13 aprel.- S.28.