Ekranlaşdırılmış ədəbi əsərlər

 

Layihədə ingilis yazıçısı, Nobel mükafatı laureatı Uilyam Qoldinqin "Milçəklər tanrısı" romanı əsasında çəkilmiş iki filmi təqdim edirik.

 

Romanın süjeti: İngiltərədən olan bir qrup uşaq təyyarə qəzası nəticəsində kimsəsiz adaya düşür. Dəniz kənarında birinci Ralf və Donuzcuq ləqəbli eynəkli oğlan rastlaşır. Burada iri balıqqulağı tapan uşaqlar, ondan digər uşaqları bir araya gətirmək üçün şeypur kimi istifadə edirlər. Uşaqlar bir yerə toplaşır. Onların arasında kilsə xorunda oxuyanlar da var. Bu dəstəyə Cek başçılıq edir. Ralf başçı seçməyi təklif eləyir. Cek rəhbər olmağa iddialıdır. Amma səs çoxluğunu Ralf qazanır. O, Cekə təklif edir ki, onları qidayla təmin etmək üçün ovçu dəstəsi düzəltsin.

Bir neçə uşaq adaya düşüb-düşmədiyini təyin etmək üçün kəşfiyyata gedir. Geri qayıdanda meşədə qaban görürlər, Cek onu vurmaq üçün bıçağını hazırlasa da, qətiyyətsizlik göstərir, öldürməyə hazır olmadığını anlayır. O, zəifliyinə görə utanır. Və özünə söz verir ki, növbəti dəfə onu öldürəcək.

Uşaqlar düşərgəyə qayıdır və Ralf iclas keçirir. Çünki onlar artıq həyatlarının bundan sonra necə olacağına qərar verməli və qaydalar tətbiq etməlidirlər. Qaydalardan biri odur ki, hamı növbəylə danışmalı və kim əlində balıqqulağı tutursa, söz ona verilməlidir.

Ralf vahimələnən kiçik yaşlı uşaqları inandırmağa çalışır ki, onları xilas edəcəklər. Ancaq bunun üçün onlar daha çox ocaq qalamalıdırlar ki, yaxınlıqdan keçəcək təyyarə və ya gəmi onları görə bilsin. Onlar ocağı Donuzcuqun eynəyinin köməyilə alışdırır.

Tezliklə aydın olur ki, Saymon və Ralfdan başqa kimsə işləmək istəmir. Cekin başçılıq etdiyi ovçular dəstəsi isə ova aludə olduğundan ocaq qalamağı unudurlar. Buna görə də yaxınlıqdan keçən gəmini qaçırırlar. Bu, Ralf və Cek arasında ilk mübahisəyə səbəb olur.  İlk ovunu əldə edən, qabanı öldürən Cek onun zəhmətini qiymətləndirilməməsindən narazılıq edir və Donuzcuqun eynəyinin bir şüşəsini sındırır. Ralf qayda yaratmaq üçün növbəti iclas keçirir.

Buna baxmayaraq, tezliklə Ceklə Ralf arasında uçurum yaranır. Cek qaydalara tabe olmaq istəmir və uşaqlar iki dəstəyə ayrılır: bir tərəfdə qaydalara riayət edənlər, digər tərəfdə isə dağıdıcı qüvvələr.

Tədricən Ralfın dəstəsindən ayrılaraq Cekə qoşulanlar çoxalır.

Cekin vəhşiləşən dəstəsi qaranlıqda Saymonu heyvan bilərək qətlə yetirir. Daha sonra onların qurbanı Donuzcuq olur. Onun başına iri daş salaraq öldürürlər. Ralf isə qaça bilir. O, təqib olunanda, dəniz kənarında bir zabitlə toqquşur. Beləcə o və digər uşaqlar xilas olur...

Uilyam  Qoldinqin 1954-cü ildə yayımlanan "Milçəklər tanrısı" debüt alleqorik romanı ona dünya şöhrəti gətirdi.

Roman şotland yazıçısı Robert Maykl Ballantaynanın robinzonada janrında qələmə alınan "Mərcan adası" (1857) əsərinə ironik şərh kimi düşünülüb. Tərbiyəvi romanda kimsəsiz adaya düşən üç yeniyetmənin başına gələn əhvalatlar qələmə alınıb.

Yayımlandığı ilk illərdə roman diqqətdən kənarda qalır. Bir neçə il sonra bestsellerə çevrilir, məktəb və kolleclərin dərs proqramına salınır.  "Milçəklər tanrısı" XX əsr Qərb ədəbiyyatının əhəmiyyətli əsərlərindən biri sayılır.

Bu roman insanın vəhşi heyvana çevrilməsi prosesini göstərir. Sivil, qanunların tənzimlədiyi cəmiyyətdə fərdlərə instinktləri diktə eləmir, onlar qəbul olunmuş normalara, qaydalara, dəyərlərə əsasən yaşayır. Əsər onu göstərir ki, çətin şərtlərdə, yaşamaq uğrunda mübarizədə insanın əsl üzü görünür, o,  iradə tapıb instinktlərinə, qaranlıq tərəflərinə, zorakılığına ya qalib gəlir, ya da ona məğlub olur. Amma Qoldinqin toxunduğu məsələ, sadəcə, fiziki yaşam uğrunda fərdin davranışının təsviri, analizi deyil. O, çağdaş dünyanın modelini çizir, müxtəlif sferalarda ambisiyaları, şöhrət, karyera, pul qazanmaq uğrunda cinayətə, qanunsuzluğa belə əl atan fərdlərin mənəvi deqradasiyasını göstərir. 

"Milçəklər tanrısı" dini nöqteyi-nəzərdən isə bir Qabil və Habil hekayətidir. Heç vaxt qan tökməyən uşaqların öz həmyaşıdlarını öldürməsi bunu simvollaşdırır.

Romanın adı qədim ivritcə olan Velzevul sözündəndir, "milçəklərin tanrısı" deməkdir. Velzevul xristian dinində şər qüvvədir.

Romanda balaca ovçular ovladıqları qabanın başını payaya sancır və başa saysız milçəklər qonur. Bunu görən Saymon dəhşətə gəlir. Guya qabanın başı, psixi xəstəliyi olan Saymonla danışır və ona deyir ki, uşaqların qorxduğu heyvan, əslində, onların içindədir.

... "Milçəklər tanrısı" romanı əsasında çəkilmiş iki filmdən danışacağıq. Bunlardan biri romanın ilk ekranlaşdırılmasıdır. Söhbət  ingilis rejissoru Piter Brukun 1963-cü ildə çəkdiyi eyniadlı filmdən gedir.

Böyük Britaniya istehsalı olan bu versiya əsərə çox yaxın sayılır. Qoldinq də filmi bəyənərək dəstəkləyib.

Rejissor filmdə romanın mahiyyətini dəqiq əks etdirib. O, kimsəsiz adaya düşən, köməksiz qalan uşaqların sağ qalmaq uğrunda mubarizəsindən çox, bu mübarizə prosesində necə davrandığına vurğular eləyir. Yəni müəllif əhvalatı, sadəcə, sağ qalmaq uğrunda mücadilə kimi yozumlamır. O, insan təbiətinə xas olan cəhətləri - şöhrətpərəstliyi, qorxunu, lider olmaq iddiasını, mərhəməti və s. önə gətirir.  Kütlə və hakimiyyət, kütlə və fərd, demokratiya, əks fikirlərə sayğı və dözümlülük kimi  mühüm məsələləri qabardır. Onların çoxu mübarizəyə insani tərəfləri ilə yox, zorakı tərəfləri ilə qatılır. Cek (Tom Çapin) şəri, diktaturanı, Ralf (Ceyms Obri) humanizmi, demokratiyanı təmsil edir. Ralf seçkidə demokratik yolla seçildiyi halda, Cek fiziki güc, zorakılıqla onu məğlub edir. Onlar Ralfı da özləri kimi vəhşiyə çevirmək istəyirlər. Rejissor hekayənin dramatizmini artırmaq, xarakterləri açmaq üçün iri planlara üstünlük verir. Yaxın planlarda tamaşaçı onların həyəcanını, qorxusunu, tərəddüdünü, içində gizlənən fikirləri görə bilir.

Qeyd edim ki, Bruk 3000 uşağı sınaqdan keçirib və seçilən uşaqların hər birinin valideyninə, bəzi epizodlar çıxmaqla romanın surətlərini yollayıb.  Donuzcuq rolunun ifaçısı, 11 yaşlı Hyu Edvards  Kemberlidə (İngiltərədə şəhər) oxuduğu məktəbdən danışır. Bu hissə romanda yoxdur, improvizədir.

Çəkilişin ilk mərhələsində Bruk ssenarisiz keçinib. Məqsəd uşaqların imrprovizasiya bacarığını genişləndirmək olub.

Filmlərin klassifikasiyası üzrə Britaniya Şurası "Milçəklər tanrısı"  "X" reytinqinə salıb. Yəni yaşı 17-ni keçməyənlər bu reytinqə daxil olan filmlərə baxa bilməz. Ona görə filmin qəhrəmanları premyerada iştirak etməyib. Hərçənd, onların hər biri müxtəlif səviyyələrdə ssenari ilə tanış olublar.

Filmdə Saymonun (Tom Qaman) qaban başı ilə ünsiyyəti səssizdir. Onun milçəklər tanrısı olmasına eyhamı başın ətrafında milçəklərin uçuşması edir.

Saymon filmdə solğun üzlü, sarışın kimi təsvir olunub, kitabda isə o, qarayanız, qara saçlıdır. Belə bir təsvirlə yazıçı onu İsa Məsihin obrazıyla eyniləşdirir. Amma filmdə Saymonun sarışın, solğun üzlü olması, müasir Qərbin İsa Məsih haqda təsəvvürləri ilə üst-üstə düşür.

Filmin final hissəsində Ralfın zabitlə görüşü səssizdir. Kitabda isə Ralf başına gələnləri, iki uşağın qətlini ona danışır. Zabit isə onları məzəmmətləyir ki, belə bir şeyi ingilisdən gözləməzdi.  Bu fikir kitabda da, filmdə də yer alan o epizoda işarədir ki, uşaqlardan biri ingilis olması ilə öyünür. Və deyir ki, məhz buna görə də adada sivil qaydalar yarada biləcəklər.

Çəkilişlər Puerto Rikoda və Kubada aparılıb.

Çəkiliş materialı altmış saat olub. Montaj nəticəsində ondan dörd saat qalıb. Kann festivalı üçün filmin xronometrajı yüz dəqiqəyə endirilib. "Milçəklər tanrısı" Kannda Qızıl Palma budağı nominasiyasına irəli sürülüb.

Filmin müəllifi Piter Bruk teatr rejissoru kimi də tanınıb. O, kinoda əsasən məşhur romanları ekranlaşdırmağa üstünlük verib.

Amerika istehsalı olan, ingilis rejissoru Harri Hukun 1990-cı ildə ekranlaşdırdığı versiya isə əsərin əsl mahiyyətindən uzaqdır. Əvvəla rejissor burda daha çox sağ qalmaq, bu vəziyyətdə uşaqların onlara yad olan dadlara, havaya, şəraitə uyğunlaşıb-uyğunlaşmamasına fokuslanıb. Filmə horror, mistik, macəra elementləri də əlavə edərək, onu bir növ "popkorn" filminə  cevirib. Uşaqların cəngəlliklərdə yaşayan tayfalara xas ayini isə lazımsız dərəcədə uzadılıb. Bundan başqa, qəhrəmanlar britaniyalılar yox, amerikalılardır. Hadisələr isə XX əsrin sonunda baş verir.

Film Havay adalarında və Yamaykada çəkilib.

 

Sevda Sultanova

 

Ədəbiyyat qəzeti.- 2019.- 20 aprel.- S.31.