Təsvirin təkamül prosesi və ya
boğazdan yuxarı yazılan Vətən
şeirləri
Leonardo
da Vinçi "Mono Liza"nı kətan üzərində
rəsm edəndə çoxları portret çəkimi ilə
məşğul olurdu. Burada qeyri-adi heç nə yoxdur. Yəni
rəssam üçün bir qadının portretini yaratmaq iki
vur iki kimi bir şeydir. Elə təbiəti rəsm etmək də.
İstənilən əşyanın, şəxsin,
canlının rəsmini...
Bəs nədən cənab da Vinçi bu qədər
populyarlıq qazandı? Başqaları unuduldu. Və yaxud Rafaellərin, Mikelanceloların, Velaskeslərin
yaratdıqları sənət nümunələri nədən
indiyənə qədər müzakirə mövzusudur ki?
Niyə görə "Mona Liza" mistikası
ətrafında düşüncələr, araşdırmalar
səngimək bilmir? Cavab sadədir. Rəsm edilən obyekt yalnız formadan ibarət
deyil. Rəssamın oraya əlavə etdiyi
fəlsəfə, tablonu düşüncə labirintinə
çevirir. Necə ki, Nizami Gəncəvi
yaradıcılığında "Xəmsə"yə
daxil olan istənilən əsərə müxtəlif
rakurslardan baxa bilərik. Çünki o,
almazdır. Hər tildə işıq
özünü göstərəcək. Yəni
biz həm astronomik, həm fəlsəfi, dini, mifik, həm də
adi düşüncə qatında Nizami əsərlərinin ətrafında
istədiyimiz kimi dartışa bilərik.
Nizami Gəncəvi asanlıqla Kərpickəsən
qocası vasitəsilə didaktik dillə
çılğın gənci tərbiyə edə bilir. Hətta təsvir
olunan fəhləbaba filosof kimi danışır. Bir sözlə, Nizami, sadəcə, qocanın qiyafəsinə
bürünərək, müasir dillə söyləsək,
gəncə ağıl verməyə, öyüd verməyə
çalışır. Onun əsərlərində
dəyişən yalnız obrazlardır. İstər
Bayquş olsun, istərsə qarı - onlar hamısı cənab
Gəncəvinin səsiylə danışır, ağlı
ilə idarə olunurlar. Bu nüanslar indi
üçün keçərli olmasa da, fəlsəfi qat həmişə
aktualdır. Elə bu səbəbdən
"Xəmsə" ehram sirrini bətnində qoruyub saxlaya
bilir.
Bu yaxınlarda TV kanalların birinə dəvət
olundum. Mövzu baharın ədəbiyyatda tərənnümü
idi. Doğrusu, fikirlərimi dilimdən
uçurunca çox əcaib şeylər ağlıma gəldi.
Şah İsmayıl Xətainin "Dəhnamə"sində
Bahariyyəni dilə gətirincə fotoqrafik təsviri (belə
anlayış yoxdur. Hər şeyi
olduğu kimi əks etdirmək nöqteyi-nəzərindən
belə demək olar, məncə. - G.)
müşahidə etdim. "Qış
getdi, yenə bahar gəldi... Gül bitdi laləzar
gəldi". Bəli, bu, hamımıza məlum
bir şeydir. Məntiqlə və təbiət
hadisəsinə uyğun olaraq qışdan sonra bahar gəlir,
gülün bitməsi isə baharın gəlişindən xəbər
verir. Bunu oxucu təbiətdə
müşahidə edirsə, nədən əsərdə də
oxuyub kef alsın ki? Yəni müasir
texnoavadanlıq vasitəsilə təbiət hadisəsini
kameranın yaddaşına köçürə bilərik.
Sonra eyni təəssüratı təkrarən
yaşamaq üçün dəfələrlə videoya
baxıb kef ala bilərik. Əslində, o
dövrlərin insanı da baharı hiss edirdi,
görürdü. Onun başı müasir
insan kimi sosial şəbəkələrə
qarışmamışdı. Bəs nədən
bildiyinin obrazlı, qafiyəli təkrarı ona ləzzət
verirdi? Maraqlıdır. Çünki o dövrün öz estetikası var
idi. Ədəbiyyat
gördüyümüz hadisələri eynilə nəzmə
çəkməklə əlavə ritm verirdi mətnə,
dinləyən isə feyziyab olurdu.
Bir sözlə, Azərbaycandilli poeziya nümunəsi
olaraq "Dəhnamə" fundamentaldır. Amma təsvir
nöqteyi-nəzərindən, dinamika qıtlığı nəzərindən
olduqca qocadır.
İndi həm ədəbiyyat, həm də digər sənət
nümayəndələri üçün XXI əsrin
insanını təəccübləndirmək çətindir. Biz
qeyri-adiliyin yox, primitivliyin içindəyik və bu adiliyə
rəng qatmaq olduqca böyük məharət tələb
edir. Çünki istənilən
xanımın fotosunu çəkməklə elə "Mono
Liza" kimi, otağımızın ən gözəl
guşəsindən asa bilərik. Madam ki,
belədir, daha rəssamlıq nəyə lazımdır ki?
Elə bu
texnoinkişaflar rəssamları mat qoyduğundan janrlar meydana
gəlməyə başlamışdı. Absurdizm,
sürrealizm, kubizm, fovizm və s. kimi janrlar, mürəkkəb
manevrlər fotoaparatın kəşfindən sonra rəssamlığa
qədəm qoydu. İndi adi "Qara
kvadrat"la da nə isə demək, sürreal təsvirlərlə
beyinlərə yol tapmaq mümkün idi. Cəmiyyət
öncə bizim cəmiyyət kimi bu estetikanı bəyənməyib
qışqır-bağır salsa da, sonra qordi
düyünündən baş çıxarmaq, tabloları
özlərinəməxsus şəkildə yozmaq onlara ləzzət
verməyə başladı. Və bu ləzzət
fərqli düşüncə tərzini insanlarda
formalaşdıra bilirdi.
İnsanlar anladılar ki, fovizmin qışqıran rənglərilə
də dünyaya baxmaq mümkündür. Və yaxud
çıxılmaz hadisələr bizi "Qara
kvadrat"ın içinə sala bilər. Sufizmin "gözlərini yum ki, görəsən"
fəlsəfi estetikası özünü büruzə verməyə
başlayırdı. İndi sənət
insanın düşüncələrində, fantaziyasında
olanları kətana köçürürdü.
Müasir dünyanın rəssamı adi qəhvə rəngiylə
seyircini təəccübləndirə bilir. Hamımız
bilirik ağac baharda yaşıl yarpaqlara bürünür.
Sən bu qədər rəngi təsəvvüründə
də canlandıra bilərsən. Peyzaj rəsmi
bir rəngdən ibarət olsa belə, sadəcə, təsəvvür
elə. Demək ki, fotoqrafik təsvir indi
keçərli deyil. Hadisəyə
başqa baxış sərgiləmək lazımdır.
Dünya memarları tərsinə evlər modeli qurub
hazırlayırlar. Kim deyir ki, ev konstruksiyası məhz
biz alışdığımız şəkildə
olmalıdır. Sən onun doğru
variantını bilirsən. İndi tərs
variantını gör, avandını təsəvvür elə.
Fərqli fikir rakurslarından hadisələrə
bax.
Təsviretmə təkamül nəticəsində
çox dəyişilib. İndi Homer kimi bir-bir qəhrəmanların
nəsil xəttini sadalamağa, qəhrəmanlığını
öyməyə ehtiyac yoxdur. Fəlsəfi,
dərinlik qatından primitivliyin astanasına qədər gəlib
çıxmışıq. Bəs nədən
bizdə Azərbaycanda əldən gedən, bizə "sağ
ol" deyən ənənəçilikdən qopa bilmirik?
Niyə hadisələrə
baxışımızı dəyişmək istəmirik?
Niyə şeirlərimiz "Təki vətənimiz
düşməsin dara... Baxmayıb soyuğa, borana, qara...
Cavab vermək üçün o azğınlara... (burada
"yara", "dara", "hara", "qara" və
s. əlavə etmək olar. Qafiyə
yığını) Hər bir çətinliyə
dözdü Şəhidlər" (paradoks) primitivliyindən
niyə çıxa bilmirik? "Qarabağtək gözəlin
aqibəti bu imiş... Qədrini bilməz isən, alçalar
qızıl, gümüş... (imiş,
ümüş...) O nisgilli sinənə
çalın-çarpaz çəkilmiş... Sağalmaz yara
vuran közü, dağı unutma... Sən, ey vətən
övladı, Qarabağı unutma!".
Belə şeirlərin və tirajlanan belə şairlərin
utancından şəxsən mən xəcalət çəkirəm. Hətta
şairəm deməyə də utanıram. Hal-hazırda nəsr daha aristokratik
görünür. Əlçatan şeir
isə qafiyəbazların əlində məhv olmaqdadır.
Niyə bu primitivlikdən qopa bilmirik?
Nəzərə
alsaq ki, cəmiyyətimizin çox az hissəsi
kitab oxusuna maraqlıdır. Çoxunun da bilgisi
orta məktəbdə oxuduqları ilə çərçivələnir.
Və o adamların dünyaya baxışı və
şeir anlayışı yalnız öyrəndiklərindən
ibarətdir. Və bu kəsim insanlar həmin
çərçivədən başqa bir bilgiyə malik
olmadıqlarından daha artığını da istəmirlər.
Gördüyünü eynilə qafiyəyə
düzüb özünə qaytarırsan, pəh-pəhlə
nuş edirlər.
Primitiv vətən şeirləri insanı haldan çıxarır. İtirilmiş
torpaqların adını sadalamaq, gözəlliyindən
ağızdolusu danışmaq paradoksal durum yaradır. Vətəni var-dövləti, yerinin
altının-üstünün zənginliyi ilə öyməzlər.
Bol bəhrəli Muğan düzlərini tərənnüm
etməklə təmənnalı sevməzlər vətəni.
Bu, vətən anlayışı deyil. O
zaman, görəsən, bir bədəvi üçün
susuz, qısır səhra nədən belə doğmadır
ki?
Düşüncə yeniliyi istəmirik? Madam ki,
belədir o zaman nədən texnoyenilikləri evinizə
alırsınız? Paltarınızı
köhnə dədə-baba ütüsü ilə
ütüləyin. Alınmır? Düşüncə də həmin daş
ütü kimidir. Köhnəlib, sadəcə,
yenisini qəbullanmağa çoxluğun bilgi gücü
yoxdur. Ona görə də ən asanı
"Palaza bürün, el ilə sürün"
misalıdır.
Dərd orasındadır ki, düşünürsən,
ənənəçi yaşlı təbəqə qələmini
yerə qoyub bir gün "yazmıram" deyəcək və
bu sicilləmələrin sonu yetişəcək, nəhayət
ki. Amma, yox. Köhnə
düşüncə çərçivəsində, əski
estetikalarla tərbiyələnən sicilləmə şairlər
çoxalmağa başlayır. Bizim onlara
"Yazma" demək hüququmuz yoxdur, bəli. Amma dışlamaq, çap etməmək
hüququmuz mövcuddur. Tənbəlliyindən kitab
üzü açmayan, vəhy anlayışına kilidlənənlər
Hz.İsmayıl kimi dabanlarını torpağa sürtsələr
də, istedadları "Zəm-zəm" kimi fontan vurmayacaq. Çünki
bilgisi olmayan başda eşələnmək primitiv mətnlər
ortaya qoyacaq. Biz isə ömrümüz
boyu onlara dərs keçmək zorunda qalacayıq. Özümüzü tükədəcəyik.
Uzun
dövrlər ərzində Azərbaycanın zinət xurcunu
olan əsl ziyalılar - Əli bəy Hüseynzadələr,
Hüseyn Cavidlər, Hadilər, Əhməd Cavadlar və
başqaları "qəlizdir" damğasıyla
dışlandığından tamamən ayrı cəbhənin
poetik nümayəndələri təbliğ olunmağa
başlayıb. Çarx üzərində fırlanan
siçovul misalı kimi situasiyadan qurtula
bilmirik. Əksinə, istedadsıza yol verməməklə,
çap etməməklə ədəbiyyatımızı
xilas edə bilərik.
Hal-hazırda yaxşı poetik mətnlər yoxdursa, ən
yaxşılarını klassikaya, zinətə
çevrilmiş ədəbi nümunələri gündəmə
gətirərək ustad dərsi verə bilərik.
Şeir yazmaq yalnız forma deyil. Sənin vətən şeirin
gülünc təkrirlərdən, epitetlərdən ibarət
olacaqsa, ürəyindən gəlməyəcəksə,
"vətən" mövzusu naminə yazılacaqsa, adlar
sadalanacaqsa, heç bir dərinliyi olmayan "Üçrəngli
bayrağım", "Azərbaycan bayrağı"
adlı şeirləriniz günü-gündən
çoxalacaqsa - yazmayın.
"Salam, Xocalıda əsir ağacım! Ey qazi qardaşım, ey
şəhid bacım! Gözü yolda qalan dağım,
yamacım! Allaha əmanət, əmanət qalın! Salamat
qalın!". Vəssalam,
şair artıq bizi gözləmək ümidindən də kəsir.
Geriyə yol yoxdur, deyir. Taleyilə
barışır. Bəlkə də, məqsədi
bu deyil idi. Sadəcə, kontekst unudulub,
mahiyyət anlayışı itib. Şair
burada "ağacım", "bacım", "yamacım"
qafiyələrini muncuq kimi düzməyə fokuslanıb.
Formanı mahircəsinə işləyib, qafiyələrin
biri digərindən uzun, qısa deyil. Tam
düzgün işlənib. Sadəcə,
mahiyyət unudulub. Mənim şairin şəxsiyyəti
ilə heç bir işim yoxdur. Günah
ondadır ki, çoxu mahiyyət anlayışına
fokuslanmaq istəmir. Forma, zahir o qədər
önə çıxır ki, batini məna qatı
unudulmağa başlayır. Boş qafiyə
yığını isə boşluqdan cingildəyir. Belə şeirlər saxsı qab effektinə malik
olur. Bir toxunuşla sına bilir.
Bəli, fotoqrafik təsvir indi əsl düşüncə
sahibləri üçün cazibədar deyil. Digər cəbhədə
yetişən şairlər ordusu anlayışlara fərqli
rakurslardan baxa bilir. Onlar fikir dərinliyinə
üstünlük verdikləri üçün tez və
çox sayda şeir, mətn yaza bilmirlər. Yəni yuxarıdakı "şeirlərdən"
günə yüzünü yazmaq mümkündür. Əgər Vətən dediyimiz anlayışda həqiqi
ağrı yatmırsa, təsvirimiz bayağıdırsa, bu,
timsahın göz yaşını xatırladacaq. Anlayışlara baxış
bucağımızı dəyişməliyik. İlə bir kitab buraxıb, şeirlərimizi balaca
fidanlara əzbərlətməməliyik. Elə
özümüz də mahiyyətin nə olduğunu əvvəl-axır
dərk etməliyik. İstedad yoxdursa, qələmi
kənara qoyub çəkilmək ən böyük alicənablıqdır.
Günel EYVAZLI
Ədəbiyyat qəzeti.- 2019.- 20
aprel.- S.29.