Klaus Pateranın Yuxu Ölkəsi

və ya digər tərəfdə nələr vardı...

 

Alfred Kubin (1877-1959), təəssüf ki, elə də məşhur olmayan Avstriya ekspressionist rəssam və yazıçısıdır.

Kubin 10 yaşında anasını itirir, tezliklə ögey anası da ölür, 11 yaşında hamilə bir qadının cinsi təcavüzünə məruz qalır və yəqin ki, məhz bu bədbəxtliklər də onun gələcək yaradıcılığının psixoloji xətlərini müəyyənləşdirir. 19 yaşında özünü öldürməyə çəhd edir, lakin təsadüfdən sağ qalır.

Yeganə romanı - "Digər tərəf" 1908-ci ildə yazılmaqla, 8 həftəyə tamamlanıb, kitabın illüstrasiyaları da elə 8 həftəyə çəkilib.

Uzatmadan, kitabın məzmununa gəlim. Çiskinli bir noyabr günündə qulluqçusu rəssam qəhrəmanımıza xəbər verir ki, Frans Qoş adlı biri onunla yarım saatlığa görüşmək istəyir. Adı əsərdə heç çəkilməyən qəhrəmanımız (adsızlığı onun müəlliflə eyniləşdirilməsindən qaynaqlanır, buna ekspressionizmdə çox tez-tez rast gəlinir, odur ki, adsız qəhrəmanımızı X. adlandıraq ki, işimiz asan olsun) Qoşu qəbul edib, səyyahın əvvəlcə lazımi diqqət yetirmədiyi söhbətinə az sonra çaşqınlıqla qulaq kəsilir. Qonağı X.-ə danışır ki, bura rəssamın keçmiş sinif yoldaşı Klaus Pateranın tapşırığıyla gəlib. Belə ki, Patera taleyin qəribə şıltaqlığı nəticəsində qəflətən hədsiz varlanır. Bu sərvət sayəsində Patera bir xəyal aləmi, yuxu ölkəsi qurmağa girişib, bu məqsədlə üçdə-biri dağlıq, qalanı düzənlik və təpəliklərdən ibarət 31.000 kvadratkilometrlik, münasib bir ərazi satın alır. Həmin torpaqlara rəngarənglik qatıb mənzərəni daha da gözəlləşdirən bir göl, bir çay və geniş meşələr vardır. İbtidaidə əhali on iki min nəfərdi, hazırdasa sayları altmış beş minə çatıb. Pateranın yeni ölkə quruculuğunun bünövrəsində onun elmi tərəqqinun bütün növlərinə hədsiz nifrəti durur.

Ölkə ətraf aləmdən hündür divarlarla ayrılır, möhkəm istehkamlar xaricdən gələ biləcək hücumlardan qoruyur. İçəri yalnız bir qapıdan giriş-çıxış mümkündür. Bura müasir sivilizasiyadan qaçan hər kəs üçün günlük (!-bu ifadəni unutmayaq, lazım olacaq) ehtiyacı qarşılayan sığınacaqdır. Pateranın niyyəti ideal dövlət, utopiya yaratmaqdan uzaqdır, maddi sıxıntıları önləyən gərəkli tədbirlər görülsə də, bu ölkənin hədəfi əsla daha çox mülkə, xalqa sahiblənməyə yönəlməyib. Pateranın Yuxu Ölkəsi vasitəsilə qazanmaq istədiklərini sadə sözlərlə anlatmaq çox çətin, hətta imkansızdır.

Qoş vurğulayır ki, Yuxu Ölkəsinə yaşamağa çağırılan şəxslər, anadangəlmə və ya yaşadıqları təcrübələr sayəsində qazandıqları xüsusiyyətlərə borcludur. Yəni bilirik ki, güclü hissetmə qabiliyyətinə malik adamlar yer üzündə baş verən qeyri-real hadisələri görə bilir və bu "qeyri-maddi" şeylər bizim təcrübələrimizin kökündə dayanır. Adi həyat və Yuxu Dünyası tamamilə bir-birlərinə ziddir, Yuxu xalqının dəyərləri o qədər fərqlidir ki, adi insanların sevinc və üzüntüləri onlara tamamən yaddır, bu hər zaman da belə qalacaqdır. Bu xalq müxtəlif ruh hallarını sınaqdan keçirir, daha doğrusu, onlar ancaq ruh hallarıyla mövcuddur. Bu mənada, xarici aləm Yuxu xalqından ötrü xammaldır, onların inandığı yeganə şey öz yuxularıdır. Bu yuxular yetişdirilir və inkişaf etdirilir, onları pozmaq ciddi bir günah, hətta xəyanətdir.

İndi bir az keçmişə qayıdaq. Patera Yuxu Ölkəsini inşa etməzdən daha öncə dünya səyahətinə çıxmış, bu sırada Çinə gəlmiş, burada suda boğulan əsilzadə bir Çin xanımını xilas etmişdi, əgər o bunu etməsəydi, qadın mütləq boğulacaqdı. O qadın və əri Pateranı övladlığa götürmüş, ata-analığının üç il sonra eyni gündə ölməsinin ardından bütün əmlakları Pateraya miras qalmışdı. Sözügedən vaxtlarda Patera Asiyanın ucqar, naməlum daxili bölgələrinə yollanmışdı, fikri də nadir heyvanlar ovlamaqdı. Bu tarix on iki il əvvələ təsadüf edir, o zaman Patera, Tyan-Şan dağlarındaydı, orada canavarların hücumu nəticəsində yaralanır və yerli bir qəbilənin başçısı tərəfindən müalicə edilir. Bu qəbilə təxminən, mavi gözlü 100 adamdan ibarətmiş, onların yad dünyayla heç bir əlaqəsi yoxmuş, qəribə, sirli adət-ənənələri olan mavigözlülər Pateranı öz aralarına almış və o, yola düşərkən bu sevimli insanlara qayıdacağına vəd vermişdir. Doqquz ay sonra Patera geri dönmüş və yanındakı çoxsaylı mühəndislərlə Yuxu Ölkəsinin bünövrəsini qoymuşdu. Pateranın bu ərazidə yenidən varid olmasından təxminən iki ay sonra, Avropada 1860-cı ildən əvvəl tikilmiş köhnə, baxımsız binalar sökülərək, Yuxu Ölkəsinə çatdırılıb təyinat məntəqəsində təzədən qurulmuş və bir il keçməmiş ölkənin paytaxtı Pearl (Mirvari) indiki görkəminə qovuşmuşdu. Yuxu Ölkəsinə göndərilən sənət əsərləri, rəsmlər və əşyaların da hamısı məhz 1860-cı ildən əvvəllərə aiddir. Patera X.-in çəkdiyi şəkilləri görüb bəyənmiş və məhz bu səbəbdən də onu Yuxu Ölkəsində görməkdə qərarlıdır. Qoşun bu nağılı qəhrəmanımızı yoldan çıxarır, X. boynuna alır ki, əgər gələcəkdə yaşayacağı fəlakətlərdən az da olsa duyuq düşsəydi, bu çağırışı qəbul etməz və indi sözsüz ki, fərqli bir adam olardı. Beləliklə, çoxdandır ki, Misir və Hindistana getməyi arzulayan X., elçinin təklifindən şirniklənir, bunda Qoşun imzaladığı, Reyxsbankın yüz min markalıq çeki də mühüm rol oynayır. Rəssamımız onsuz da xəstə olan arvadıyla qatarla Yuxu Ölkəsinə yola düşür, arada dənizlərdən də keçir (Qara dəniz, Xəzər dənizi), maraqlıdır ki, marşrut məntəqələri arasında Bakının da adı çəkilir.

Nəhayət, rəssamımız və arvadı Yuxu Ölkəsinə çatıb məskunlaşır, X., "Yuxu aynası" adlı qəzetdə işə başlayır. X., burada olduğu müddətdə bir dəfə də olsun, Günəşi, ayı və ulduzları görmədi, göyün üzü həmişə qatı bulud təbəqəsilə örtülüydü. Bu səbəbdən, otlar, ağaclar, bitkilər də yaşıl-boz rəngdəydi. İnsanlara gəldikdə, hamı bir az narahatdı. Nevrotikdilər və nevrozları yuxularının zənginləşməsindən ötrü vacibdi. Ölkə, sanki yuxu fabriki, hədsiz uğurla yaradılmış süni bir dünyaydı, yuxular bu süni aləmdə bir növ, reallaşırdılar. Burada xəyallar maddiləşir, insanlar xəyallarına inanır və heyrətləndirici də bu idi ki, eyni xəyal eyni anda bir çoxlarının zehnində meydana çıxırdı. İnsanlar arasında fərq, ayrı-seçkilik yoxdu. Çünki insanları ayıracaq bir şüur da yoxdu, bütün şəhər elə bil, bir cadunun təsirindəydi. Məsələn, Pearlda bir saat qülləsi vardı, xalq ora girib-çıxınca özünü təmizlənmiş sayırdı. Din, fəlsəfə, ictimai həyat, hər şey yalnız zahirdə, ölü şəkildə vardı. X., bunu hər tərəfdə kəskin qoxuyan, Ölkənin ruhu da adlandıra biləcəyimiz naməlum maddəylə bağlayır, Pateranın görünməməsini də bununla əsaslandırırdı. Əslində, o, iki-üç dəfə peyda olur, onda da sifətindən dalğa-dalğa, saysız-hesabsız, müxtəlif üzlər keçir. Sanki Patera özü də bir yuxuydu.

Yuxu Ölkəsində əhalinin sayı doğuşlarla, demək olar ki, heç artmırdı, çünki burada uşaq böyütmək ağır yük sayılırdı. Kiçik ayaqların səsi iri dərdlərin yaxınlaşması deməkdi. İnsana əzab gətirən, xərcə salan uşaqlardan ötrü deyil, bu gün üçün yaşamaq lazımdı. (Yuxarıda da demişdik ki, bura müasir sivilizasiyadan qaçanların hər cür günlük ehtiyacını ödəyən sığınacaqdı.) Yuxu xalqının geyimi də 1860-cı ildən öncənin modasındaydı.

X. Yuxu Ölkəsində dəfələrlə Paterayla görüşməyə can atır, çox çətinliklə buna nail olduqda isə Pateranın, ümumiyyətlə, realda mövcudluğundan şübhəyə düşür, çünki keçmiş sinif yoldaşının varlığı ona bir kabusu xatırladır. Ölkə hökuməti də zahirən mövcuddu, olmasaydı da heç nə dəyişməzdi, əsl güc, hakimiyyət nə isə ayrı yerdəydi.

Əhvalatlar dərinləşdikcə, qəhrəmanımızın səhhəti gün-gündən pisləşən və gözünə saysız qarabasmalar görünən arvadı ölür. Arvadı basdırılan gün X. xeyirxahı, həkim Lampenbogenin arvadıyla yatır, ardınca ölkə də yeni fəlakətlərə sürüklənir, heyvan, həşərat sürüləri hər yeri basır, epidemiya tüğyan edir, hamı ağlını itirib vəhşiləşir. İnsanlar yarıyuxulu vəziyyətdəydi, aydındı ki, robot kimi iradəsizdilər. Onlar anbaan quduzlaşıb bir-birini öldürür, kişilər qadınları zorlayır, qadınlar aramsız pozğunluq edir, intiharlar artırdı. Bütün bu faciələr təkcə mavigözlü qəbiləyə təsirsiz ötüşmüşdü, çayın o biri tərəfindən bu tayını dinməzcə izləyirdilər. Beləliklə, Yuxu Ölkəsi yıxılır, indiyədək varlığı-yoxluğu bilinməyən Patera, nəhayət, səhnəyə çıxıb canını tapşırır və sirrini də özüylə aparır. Bəlkə də, işin əsl sahibləri mavigözlü qəbiləydi və cansız bir kuklanı (Pateranı) ortalıqda oynadaraq sirli güclərindən yararlanıb, Yuxu Ölkəsini planladıqları kimi qurub məhv etmişdilər.

Müəllif "Digər Tərəf"in son vərəqlərində alman filosofu Yulius Banzendən misal gətirir: "İnsan özünün fərqində olmadıqca bir heçdir".

Bəlkə, kitabın əsl məqsədini bu söz açır elə?

Olar...

Və mənim də fikrimcə, bu kitab insanın altşüurunun dərin qatlarında (insanın şüurunun bəzən onun özünün də xəbərinin olmadığı alt qatlarında) bir gəzintidir...

Necə ki, Yuxu Ölkəsi həmin alt qatlardakı hisslərin inikası üçün yaradılmışdı.

...Hə, müəllif yekunda bunu da yazır ki, qəhrəmanımız Avropaya döndükdən sonra, artıq real həyatı Yuxu Ölkəsinin ədəbsiz bir karikaturası kimi görürdü, Onu nəşələndirən yeganə duyğu isə ölüm barədə fasiləsiz fikirləşməkdi...

 

Mətləb Ağa

 

Ədəbiyyat qəzeti.- 2019.- 20 aprel.- S.27.