Nəsimi və aşıq
yaradıcılığı
Anadilli
poeziyamızda fəlsəfi qəzəlin və qəsidənin,
aşıq yaradıcılığında qıfılbənd
deyişmələrin, "Əlif-lam" və "Tərs əlifba"nın
banisi, qoşma və divani kimi janrların təkamülünə
təkan verən, Azərbaycan ədəbiyyatı tarixində
müstəzad, mürəbbe və tərcibəndlərin
yaradıcısı Nəsimi klassik poeziyamızı və
aşıq yaradıcılığını məzmun və
ideya baxımından zənginləşdirən, məktəb
yaradan nəhəng şairimizdir.
Ədəbi-bədii fikir tariximizdə müstəsna missiyası olan Nəsimi bədii
ideyalarını, humanist görüşlərini bu gün də
anlaşıqlı olan bir dildə ehtiva etmiş,
özünün genetik yaddaşına həkk olunmuş xalq,
el-oba düşüncəsinin daşıyıcısı
olan poetik sistem yaratmışdır. Başqa sözlə desək,
yüzlərlə ibrətamiz xalq ifadələrinə, kəlamlara,
atalar sözlərinə füsunkar poeziyasında həyat
vermişdir:
Çün
hər nə kim əkərsən,
axır biçərsən
anı.
Söz bilənə
yetər, bir söz, özgə sualə düşməsin.
Ey Nəsimi, aqibət verər yelə,
Bivəfa ilə yeyən nanu nəmək.
Şair
yeri gəldikcə məharətlə sinonimlərdən, antonimlərdən
və s. bol-bol istifadə edir:
Çün
bəqasızdır cahanın mülkü malü dövləti,
Tükəndi əqlimin səbri, qərarı qalmadı canın.
və
s.
Şairin
indiyə qədər
yalnız AMEA-nın Əlyazmalar
İnstitutunda bir cüngdə təsadüf edilən, İraq
Divan nüsxəsində yer alan "Olmaz"
rədifli şeiri də deyilənləri təsdiqləyir:
Kişi kim mərifətdə kamil olmaz,
Ona nuri inayət hasil olmaz.
Şəriətdə mükəmməl
olan adəm,
Təriqət aləmində qafil olmaz.
Xüdayə, verməgil cahilə
dövlət
Cahilə dövlət billahi layiq olmaz.
Xəlayiq qüssə ilən
oldu ağü ah
Qəmü qüssədən nəsnə
hasil olmaz.
Hünər babında laf etmə, Nəsimi!
Özün öyən kişilər aqil olmaz.
Nəsimi yaradıcılığı şifahi xalq ədəbiyyatı
və aşıq poeziyası ilə qoşa inkişaf
etmiş, aşıq yaradıcılığına yeni janrlar
gətirmiş, formaca onun inkişafına təkan
vermişdir.
Bu təsiri şairin qıfılbənd bağlamalarında
bariz şəkildə görmək olur:
Niyə dörd oldu suyu irmağın?
Səkkiz oldu qapısı uçmağın?
Tuba ağacının nədir yemişi?
Həq onu ər yaratdı, yoxsa
dişi?
Şairin "Divani" üstündə
yazılmış bağlamaları da çoxdur. Çox böyük və
maraqlı "Nədir" bağlamasından verdiyimiz misralar
şairin bağlamaları haqqında dolğun təsəvvür
yaradır:
Doqquz ata,
yedi ana, dörd dayədən ver xəbər,
Du çəharü pəncü
şeşin saqi, binasi nədir?
Yedi yer gög, yedi
dərya, yedi ayət, yedi xət,
Yedi müshəf,
Musaya, çün
yedi bəyzası nədir?
Ordubadlı Aşıq Kərim (XVII əsr) və
göyçəli Aşıq Ələsgərin
"Yeddidi" qıfılbəndləri Nəsiminin
bağlamalarına çox bənzəyir, Nəsimi
şeirinin poetik intonasiyası, "janr yaddaşı" dərhal
duyulur.
Ordubadlı Kərimin qıfılbəndindən:
Məndən salam olsun Məlik paşaya,
Nə şəcərdi,
onun budağı
yeddi?
Yüz iyirmi dörd min
şahın içində
Yanıb şölə çəkər
çırağı yeddi?
Nə
güldü ki, aləm doymaz iyindən,
Necə
doymaz Leyli Məcnun xoyundan,
Nə çeşmədi içmək
olmaz suyundan,
Başı birdi, başdan ayağa yeddi?
Aşıq Ələsgərin qıfılbəndindən:
Məğrurluq eyləyib ustadam
deyən,
O hansı ağacdı, tağı yeddidi?
O ağacda bir quş yuva salıbdı,
Çarpaz sinəsinin dağı yeddidi?
Nəsiminin
"bağlamalar"ına rübailərində
daha çox təsadüf edilir:
Əlləm əl-əsma ibarətdir nədən?
Sureyi-taha işarətdir nədən?
Adəmi-xaki kinayətdir nədən?
Lovhi-məhfuzi bəşarətdir nədən?
***
Ol nədir ki, hayu-huyi altıdur?
Kim görübdür bir sədəfdə
altı dür?
Bistü
həştdən dişxarı
heç nəsnə yox,
Fövq başı, təht ayağı altıdur?
***
Həq
dedi kim, yer yedivü göy yedi,
Laməkan taxtında gizlidir yedi.
Gizlü
aləmdə əyan oldu yedi.
Dörd yedi bir kəz
nədən oldu yedi?
və
s.
(Bax: Həmid
Araslı. Azərbaycan ədəbiyyatı: Tarixi və problemləri.
Bakı, "Gənclik", 1998, səh.283;
İmadəddin Nəsimi. Seçilmiş əsərləri.
Bakı, "Azərnəşr", 1973, səh.583, 605, 609).
Nəsiminin qıfılbənd bağlamaları
demək olar ki, bütün görkəmli
aşıqlara təsir edibdir. Biz görkəmli aşıqlar deyəndə
bütün aşıq şeirinin ecazkar nümunələrini
yaradan, ağır məclisləri yola verən, dastan
qoşan, "bağlama-deyişmə"lərdə cəsarətlə
iştirak edən, bədahətən şeir demək qabiliyyətini
nümayiş etdirən, aşıq şeir şəkillərindən
yerli-yerində istifadə edə bilən, bütün
aşıq havalarından xəbərdar olan, özü
aşıq havaları yaradan "Dədə"
aşıqları nəzərdə tuturuq. Hər
aşıq "qıfılbənd bağlama" yarada bilməz.
Bağlamaları yaratmaq və dərk etmək
üçün gərəkdir ki, "Şəriət"
və "Təriqət" elmindən xəbərdar olasan. Ordubadlı Kərim (XVII əsr), Xəstə
Qasım (XVIII əsr), Ləzgi Əhməd (XVIII əsr),
Meşkinli Məhəmməd (XIX əsr), Şəmkirli
Hüseyn (XIX əsr), Aşıq Ələsgər və
Bozalqanlı Hüseyn hər iki elm sahəsini mükəmməl
bilən qıfılbənd ustaları kimi məşhur olmuşlar.
Ləzgi
Əhmədlə Xəstə
Qasımın "Bağlama deyişmə"si
deyilənlərə əyani sübutdur:
Ləzgi
Əhməd:
O nədir
ki, dayanıbdır dayaqsız?
O nədir ki, boyanıbdır boyaqsız?
O nədir ki, doğar əlsiz-ayaqsız?
Üç ay keçər ayağı
var, əli var?
Xəstə
Qasım:
Göy bir
çadır, dayanıbdır dayaqsız.
Ayla-Gündü, boyanıbdır boyaqsız.
Qurbağadır, doğar əlsiz-ayaqsız.
Üç ay keçər, ayağı
var, əli var.
"Qıfılbənd
bağlama"lar çağdaş aşıq-şairlərimizin
yaradıcılığında da geniş
yayılmışdır. Aşıq Şəmşir,
Mikayıl Azaflı, Aşıq Ədalət, Aşıq
Qurban, Narınc Xatun və başqaları bu janrda qələm
çalmış və uğur qazanmışlar.
Hətta Aşıq Şəmşir
aşıq
yaradıcılığının zirvəsi olan təcnislə
5 bəndlik qıfılbənd yaratmışdır. Aşıq-şairin təcnis-qıfılbəndindən
bir bəndi təqdim edirik:
Doxsan
dörd min səcdə qılır birinə,
Otuz mini ikram
edir pirinə.
On ikisi tac
qoyubdu sərinə
Altısı gəşt edir qaş arasında.
Azaflı
Mikayılın da qıfılbəndləri,
"bağlama-deyişmə"ləri çoxdur. XX əsrin
2-ci yarısında yazıb-yaradan bu aşığın da
qıfılbəndləri, "bağlama-deyişmə"ləri
dinlə, təbiətlə, dünyanın gedişatı ilə
bağlıdır.
Aşıq-şair Salyan aşıqları Ədalət, Qurban və Neftçaladan
Narınc Xatunun qıfılbəndlərini
açmışdır. Qıfılbəndlər aşıq
yaradıcılığında sınaq meydanıdır.
Burada nümunə üçün Aşıq Ədalətin
beşbəndlik qıfılbəndinin 2 bəndini və
Mikayıl Azaflının açmasını verməyi
münasib bildik:
Aşıq Ədalət:
Bir
ağacdı, iki budaq, dörd də nar,
Dörd bağçadı, dörd
bağbandı, dörd də nar.
Dörd almadı, dörd heyvadı, dörd də nar.
O nardan bir dəstə
üz mənə göndər.
Mikayıl
Azaflı:
Bir ay iki
yarım, ay həftəsi dörd,
Adınası dörd, çərşənbə
dörd, xası dörd.
Şənbəsi dörd, bazarı
dörd, dəsi dörd,
Bir ildə
dörd fəsil,
döz, göndərirəm.
Aşıq
Ədalət:
Ədalət
sirrini eyləməz aşkar,
O nədir könüldə
tutmayır qərar?
O nədir hər şeydən çox tələb sorar,
Bilməsən sözümü saz mənə göndər.
Mikayıl
Azaflı:
Azaflı
Mikayıl eyləsin aşkar,
Fikirdir, tutmayır
könüldə qərar.
Tamahdı, hər şeydən
çox tələb sorar,
Sözlərin üstündən söz göndərirəm.
Bu
qıfılbəndin üstündə çox dayanmağımın
səbəbi var. Nəsiminin ilk nümunələrini
yaratdığı "bağlamalar", "qıfılbəndlər"
inkişaf etdirilərək o səviyyəyə
çatmışdır ki, aşıqlar zəmanəmizdə
bir-birini qıfılbəndlə imtahana çəkir.
Yaxın vaxtlara qədər qıfılbəndi aça bilməyən
aşıqlar məğlub hesab edilir və sazı əlindən
alınırmış. Aşıq Ədalətin qıfılbəndinin sonuncu
misrası deyilənlərə sübutdur: "Bilməsən
sözümü saz mənə göndər", yəni məğlub
olduğuna görə sazını göndər.
Akademik Həmid Araslı "qıfılbənd-bağlamalar"dan
danışarkən yazır: "Nəsimi əsərlərində
aşıq şeirimizdə deyişmələrdə çox
istifadə olunan tapmacavari şeir növünə də təsadüf
edilir" (Azərbaycan Ədəbiyyatı: Tarixi və
problemləri, səh.282).
Əslində, qıfılbəndlərdə hər
sətir ayrıca cavab tələb etdiyinə
görə tapmaca ilə heç bir əlaqəsi yoxdur. Tapmacavari şeir forması
isə bizim 1992-ci ildə bir janr kimi üzə
çıxardığımız
"bayatı-tapmacalar"dır. Bayatı-tapmacaları fərqləndirən
cəhət ondan ibarətdir ki, bayatı formasında olan bu
janr bir cavab tələb edir.
Məsələn:
Ya
qanı;
Ver muradım, ya qanı,
Dəryadan bir quş uçdu
Nə əti var, nə qanı.
(Gəmi)
Buz
bağlar;
Qışda çaylar buz bağlar.
Aşıq bir hikmət görüb
Od içində buz bağlar.
(Bişmiş
südün qaymağı)
"Bayatı-tapmacalar"a,
hətta çağdaş aşıqlarımızda da təsadüf
edilir. Aşıq Şəmşirdən verdiyimiz iki nümunə
deyilənləri təsdiqləyir:
Ayağı-əli
qandı,
Dodağı-dili qandı.
Möcüzə dərya gördüm
Suyu duz, gülü qandı.
İki at
var uzaqda,
Bərqərardı hər vaxtda.
Qarası
adam yıxar,
Ağı gəzər qucaqda.
(Aşıq
Şəmşir. Şeirlər. "Yazıçı",
1980, səh.240-241).
Aşıq
Hüseyn Şəmkirlinin (XIX əsr) heç bir
aşıqda təsadüf etmədiyimiz, "Divani"
aşıq havası üstündə yazılmış,
qıfılbənd adı ilə təqdim edilən
üç bənddən ibarət "Verir" adlı
maraqlı şeiri vardır. Şeiri burada verməyi
münasib bildik:
Bu gün bir heyvanat
gördüm,
zənbur kimi şan verir,
Xörəyi yük ilə gəlir, nəfəsi duman verir.
Dindirirsən danışmağa, nalə
verir asmana,
Nə yerdədi,
nə göydədi,
sədri üstə yan verir.
Bir
başı var, bir ayağı, gör neçə
damağı var,
İki qolu, bir boğazı, tək
bircə dodağı var.
Əyləşibdi bir məqamda, neçə min oylağı var,
Qoy eşitsin, hamı bilsin, hər gələnə nan
verir.
Gəl biçarə Aşıq
Hüseyn, qıl sözünü müxtəsər,
Abı onun bol olanda olur dəli, dəngəsər.
Eşidənlər, fikir verin bu sözümə sərbəsər,
Əgər ki, ağam olmasa,
sidqinə güman verir.
(Bax:
Aşıq ədəbiyyatı antologiyası. Bakı, 2017, səh.202).
Məlumdur ki, qıfılbənd qoşma üstə yazılır və hər
sətri cavab tələb edir. Lakin üç bənddən ibarət
"Verir" şeirinin yalnız bir cavabı var: - "Dəyirman".
Göründüyü kimi, ustad aşıq
yaradıcılıq axtarışında olmuş,
aşıq yaradıcılığını zənginləşdirmişdir.
Nəsiminin aşıq yaradıcılığına
gətirdiyi yeniliklərdən biri də
"Əlif-lam" və "Tərs əlifba"dır. Akademik Həmid Araslı
şairin üç "Əlif-lam" və iki "Tərs
əlifba"sını vermişdir (Bax: Nəsimi.
Seçilmiş əsərləri. Bakı, "Azərnəşr",
1973, səh.527-538).
"Əlif-lam"da hər misranın ilk kəlməsinin
ilk hərfi ərəb əlifbasının sıra ilə
düzülüşü əsasında verilir. Məsələn:
Əlif -
Əla qamətin hər kim görər bican olur,
Bey - Bəşarət buldu hər
kim dilbəri sultan olur,
Tey - Təmənna vəslini
etdim, niyazım bax budur,
Sey - Səna
etməklik üçün uş
canım qurban olur.
Cim - Cümlə xubların
sultanı sənsən, ey pəri,
Hey - Hüsn içrə
nigarım Yusifi-Kənan olur.
və s.
"Tərs əlifba"da
isə şeir əlifbanın
son hərfi ilə başlayır və ilk hərfə
doğru gedir və "Tərs əlifba" şeir şəkli
yaranır.
Klassik ədəbiyyatımızın və "İlahiyyat"
elminin bilicisi, tanınmış alim Hacı Firudin Qurbansoy
"Əlif-lam" və "Tərs əlifba" üzərində
tədqiqat aparmış, Nəsimi şeirlərinin poetik
açmasını hürufilik nöqteyi-nəzərindən
araşdırmışdır (Bax: Hacı Firudin Qurbansoy.
İmadəddin Nəsimi. Bakı, "Elm", 2019).
Nəsiminin "Əlif-lam" və
"Tərs əlifba"sı sayəsində
Hürufizm ideyaları təkcə divan ədəbiyyatında
deyil, aşıq poeziyasında da öz əksini
tapmışdır.
Maraqlıdır ki, "Əlif-lam" aşıqlar arasında daha çox
"Əlif-bey" kimi tanınır.
XX əsrin 2-ci yarısında
Azaflı Mikayılla Molla Əhməd arasında baş tutan,
aşıq sənətində hələlik sonuncu olan
"Bağlama-deyişmə"də bu ifadəyə təsadüf
edilir: "Azaflı narazılığını bildirdi:
- A Molla Əhməd, məclisin
qaydası var, divanidən sonra təcnisə keçərlər.
Sən isə birbaşa qıfılbənd bağlamaya
keçdin.
Molla Əhməd başladı
əsib-coşmağa:
- Bura bax, mənə
"Əlif-bey" öyrətmə. Bağlamanın cavabını
ver, bilmirsənsə, sazını qoy get (Bax: Mikayıl
Azaflı. Qoca Azaflıyam. "Nurlan", 2008, s.580).
"Əlif-lam"ın diqqətəlayiq nümunələrini
Aşıq Ələsgər və el
şairi Musa yaratmışlar. Sayat Nova da bu janrda qələmini
sınamışdır.
Təsəvvür yaransın deyə,
el şairi Musanın "Qoşma" üstündə
yazılmış "Əlif-lam"ının 1-ci və
sonuncu misralarını təqdim edirik:
"Əlif"
- Allah ismin əzbər eylədim,
"Bey" - buyurdu
lütf ehsan çağıdır.
"Yey"ə
yalvar, Musa, səni qul eylər,
Nazlı yarə yalvarmağın çağıdır.
(Salman
Mümtaz. "Azərbaycan ədəbiyyatı (El şairləri).
Bakı, "Nurlan", 2005, səh. 233-234).
Həyatı boyu yaradıcılıq
axtarışlarında olan, aşıq
poeziyasının bütün şəkillərində qələmini
uğurla sınayan, "Şəriət" və "Təriqət"
elmini mükəmməl bilən, qoşma, divani üstündə
"Əlif-lam"ı ilə bərabər, Dədə
Ələsgər gəraylı üstündə 36
misralıq şeirində "Əlif-lam"ın ən
gözəl nümunəsini yaratmışdır:
İbtidakı
"əlif" - Allah,
"Bey" - birliyə
dəlalətdi.
"Tey" - təkdi, vahidi-yekta,
Arif bu elmə bələddi...
***
Ələsgər,
tutduğun günah,
Bağışlansa, çox hörmətdi.
(Aşıq
Ələsgər, I cild, Bakı, "Elm", 1973, səh.73-74).
Söhbət açdığımız bu iki aşıq şeir
şəklindən - "Bağlama" və
"Əlif-lam"dan, eləcə də şairin
çoxsaylı divani və qoşmalarından görmək
olur ki, dahi Nəsimi aşıq yaradıcılığına
necə qüvvətli təsir etmişdir.
Nəsimi əsərlərinin təsir
gücü hər şeydən əvvəl
onun canlı xalq dilindən bəhrələnərək xalq
ruhunda yazması ilə bağlı olmuşdur.
Nəsiminin zamanından altı əsrdən artıq vaxt keçməsinə
baxmayaraq, əsərlərini asanlıqla oxuyur, dilinin
şirinliyinə valeh olur və sevirik.
On ildən artıq Nəsimi haqqında ikicildlik poema üzərində
işləyən xalq şairi Qabil şairin dilinin
saflığına, sadəliyinə,
axıcılığına həsəd apararaq
yazmışdır:
O uzaq, o qədim
lisana bir bax,
Büllur bulaq kimi süzülər,
çağlar.
Əsər var yazılıb
otuz il qabaq,
Otuz cür lüğətə ehtiyacı
var.
Heyrətamiz
poeziyası ilə dövründən çox yüksəkdə
duran Nəsimi qüdrətli şair idi. Akademik Möhsün
Nağısoyun doğru olaraq qeyd etdiyi kimi, Nəsiminin
böyüklüyü ondadır ki, o dövrdə ana dili olan
türk dilini ərəb və fars dilləri səviyyəsinə
qaldıra bilmişdi. Bu, böyük
hünər idi.
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti.- 2019.-
20 aprel.- S.24-25.