Arama

 

Ocaq çoxdan çönüb.

kül soyuyub.

Soyuq kül altında

gəl köz arama.

 

Məqsədi qəlb qırmaq

bu danışanın.

Könül ovudacaq

bir söz arama.

 

Ömrə çıraq olan

gözlər yox artıq.

Daha elə çıraq,

bir göz arama.

 

Əyrilər çəkibsə

o yol düz olmaz.

Əyri niyyətlərdə

sən düz arama.

 

rüzgarlar əsib

o yolun üstdən!

Bir nişanə qalmaz.

yol-iz arama.

 

Daha gedənlərin

geriyə dönməz...

Yollara göz dikmə,

dur, döz, arama!..

 

Ömrün çatısı

 

Ömrün çoxu arxada,

dönmək olmaz geriyə.

Qalan ömrün üfüqü

əl uzatsan çatası.

 

Oğul istəyirəm ki,

sona doğru yeriyə!

Şeh qonsa da axıdır,

tamam əyilib, çöküb

bu binanın çatısı.

 

Günəş qürub edir,

dəmədəmdir batası.

Hər gün düşəndə gecə

ahıl yaşlı bu adam

necə rahatlıq tapıb,

axı necə yatası?!

Ömrün ki, üfüqü

əl uzatsan çatası...

 

Salxım söyüdün payızı

 

Payız salxım söyüdün

torpağa qədər uzanan

saçlarını kəsdirdi.

Hər dinləyəndə qulağa

fərqli təranəsi gələn

nəğməsini susdurdu.

Sinəsinə eşq dolu

xatirələr yazılan

yazıları pozdurdu.

...Payız salxım söyüdü

saraltdı zəfəran kimi,

yaşamaqdan bezdirdi.

Sonra döydü onu

yağışıyla, qarıyla

əsim-əsim əsdirdi.

 

Sonuncu gəmi

 

Sonuncu gəmi

fit verib qalxdı.

Qarşı sahil tərəf

döndü, yön aldı.

 

Yetişə bilmədim

son gəmiyə ...

Ürəyim sıxıldı,

gözlərim doldu.

 

O biri sahili

görmək arzusu

acı bir niskiltək

qəlbimdə qaldı.

 

Yeni bir fürsət

çıxdı əlimdən.

Bir qönçə arzu da

saraldı, soldu.

 

Fərhad Əzizbəyli

 

Ədəbiyyat qəzeti.- 2019.- 20 aprel.- S.25.