Türkanə Məram
Gülnar Səmanın "Sözümüz sözdür"
kitabı haqqında qeydlər
Qaçılmaz həqiqətdir ki, bəzən iyirmi-otuz il bir adamla tanışlığın olar, amma yenə də onu yaxşı tanımazsan...
Bəzən də əksinə...
Əvvəllər mətbuatda imzasına ara-sıra rast gəlsəm də, Gülnar Səmanın özü ilə həyatda rastlaşmamışdım. İki ildir ki, onu şəxsən tanıyıram. "Tanıyıram" sözünü elə-belə demədim. Həm də sözün əsl mənasında tanıyıram; Sözübütöv, iradəli, zəhmətkeş, həqiqət vurğunu, nəcib və səmimi...
O, mənim "Çanaqqala - Türkə qala" poemam haqqında bir məqalə yazıb çap etdirmişdi. Yazısını oxudum və onun fikrində, ruhunda, cümlələrinin məna yüklü axarında bir türkanəlik gördüm...
Türkanəlik isə, məlum olduğu kimi, əməksevərlik, humanizm, vətənpərvərlik torpaq təəssübü və qeyrəti, millilik zəminində bəşəri düşüncə tərzi və düzgün elmi idrakın ekvivalentidir.
Sonralar "Şər şənbə" və digər əsərlərim haqqında da sanballı məqalələr yazdı... İndi onun təzəcə çapdan çıxmış "Sözümüz sözdür" adlı üç yüz qırx altı səhifəlik kitabı qarşımdadır. Publisistik məqalələr toplusu olan bu kitab AMEA-nın Ədəbiyyat İnstitutunda keçirilmiş Elmi Şuranın qərarı ilə "Elm və təhsil" nəşriyyatında çap olunub.
Ancaq mən bu yazını sadə informasiya ötürücüsü kimi deyil, mahiyyətə varmaq nöqteyi-nəzərindən yığcam şəkildə qələmə almağı qərarlaşdırdım. Mahiyyət isə məlumdur: ədəbiyyatşünaslığa aid bir sıra mühüm ədəbi materialları imkan daxilində, araşdırmaq və yeri gəldikcə nəticə etibarilə mahiyyətin də aktuallığını, dəyərini açıqlamaq.
Kitabı vərəqlədikcə "Sözümüz əməldir" qənaətinə gəlməyim gizli qalmasın... Heç sirr deyil ki, sözün gücü və çəkisi, şəxsiyyəti (təbir caizsə) o vaxt öz təsdiqini tapır ki, o, nəticədə əmələ çevrilsin. Bu əməl isə uzaqda, mücərrəd bir müstəvidə, absurd məkanda yox, Gülnar Səmanın Türkanə məramındadır; O əməl ki, məramdan nəşət tapır.
Bu kitabın özəlliyi, fərqli xüsusiyyətləri nədən ibarətdir?
Əvvəla, kitabda toplanmış publisistik yazılar hələlik hansısa bir elmlər doktorunun yox, uğurlu gələcəyindən xəbər verən istedadlı gənc bir doktorantın qələm məhsuludur.
Bunu ona görə xüsusi vurğulayıram ki, istedadlılıq, səriştəlilik heç də həmişə elmi dərəcələrlə ölçülmür...
İkincisi, gənc olduğuna baxmayaraq, yetkin, mükəmməl bir təfəkkür sahibinin dərin zəkası, bədii yazılara özünəməxsus fikir prizmasından yanaşa bilmək qabiliyyətinə malik olması, ayrı-ayrı dövrlərin və həmin dövrlərdə yazılmış müxtəlif mövzulu əsərlərin uğurlu, dəqiq elmi, tarixi, bədii təhlilinə nail olmaq bacarığı.
Kitabdakı müxtəlif səpkili yazıları oxuduqca müəllifin, birinci növbədə, məhsuldarlığı, özünəməxsus yazı tərzi (üslubu) diqqətimi cəlb etdi.
Xalq yazıçısı Elçinin bir məqaləsindən gətirilən sitatın kitabda "Ön söz" yerində bərqərarlığı Gülnar Səma yaradıcılığına mükəmməl etimadqarışıq aydınlıq gətirir, onun əhəmiyyətini, dəyərini mizanlayır: "...Mən Gülnar Səmanın "Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış" ("525-ci qəzet", 4 iyun 2016) xülasə tipli məqaləsini maraqla oxudum və bu məqalənin yaxşı cəhəti ondadır ki, oxuyursan və aşkar hiss edirsən; haqqında bəhs olunan bax, bu gəncləri oxumaq lazımdır, onların yaradıcılığından daha ətraflı, daha artıq bir təfərrüatla, daha mütəmadi yazmaq lazımdır".
(Elçin Əfəndiyev: "Söz azadlığı tənqidimizə nə verib?" III məqalə, "Ədəbiyyat qəzeti", 4 noyabr 2017. ¹-39 (5110) səh. 8-9.).
Kitab "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" və "İlham Əliyev və Azərbaycan ədəbiyyatı" məqalələri ilə açılır.
Bu məqalələrdə ölkə başçılarının ədəbiyyata, AYB-nin ədəbi orqanlarına və Yazıçılar Birliyinin üzvü olan istedadlı qələm adamlarına göstərdikləri qayğılardan faktların dili ilə ətraflı bəhs olunur.
Müəllifin ardıcıl tədqiqatlarının məhsulu olan "Cümhuriyyət dövrü ədəbiyyatına bir baxış" adlı məqaləsi də kitabın ilk səhifələrində yer almaqla öz dolğun məzmunu və əhatəliliyi ilə diqqət çəkir.
XXI əsrin insanı olmaqla yüz il öncəyə dönüb baxanda cümhuriyyətli keçmişimizlə qürur duyan müəllif o dövrün ədəbi-bədii mənzərəsini, doğru-düzgün ədəbi salnaməsini tutarlı dəlillərlə əks etdirmişdir.
Bu cəhətdən onun ""Füyuzat"ın iki yazarına bir baxış", "Molla Nəsrəddin" ensiklopediyası: böyük salnamənin işıqlı səhifələri", "Cavidanə uçurum" və digər yeni baxışlı yazıları maraq doğurur.
Müəllif, "Elçinin "Kölgə" hekayəsində kölgələrin ardındakı işıqlı mətləblər", "Nəriman Həsənzadənin "Nuru Paşa" poeması", "Fikrət Qocanın çağdaş dövrdə yazdığı poemaları", "Məmməd İsmayılın lirikası", "Zəlimxan Yaqubun "Yunus Əmrə" dastanı", "Aqil Abbasın yağdırdığı "Dolu", "Məmməd Aslanın "Ağlayan qərənfil", "Vaqif Yusifli -70", "Alın yazısına yazı (Arif Əmrahoğlu)", "Tahir Talıblının "Vaxt vaxtında gəlir" kitabı" və sair bu kimi başqa yazıları kitabda yer almışdır.
Zaman israfçılığını qəbahət sanan G.Səma qələmilə baş-başa qalıb, öz daxili aləmilə həmsöhbət olanda belə, vaxta qənaət etməyi bacarır. O, haqqında söhbət açdığı bir yazara, yaxud onun yazdığı əsərə münasibət bildirərkən uzun-uzadı ritorik hökm və şərhlərdən qaçaraq fikrini dəqiq, yığcam deməyə üstünlük verir. Lakonik şərhlə mövzunun alt qatlarındakı dolğun, mübhəm mətləbləri, incə məna çalarlarını ustalıq və daha çox müqayisəli təhlil yolu ilə şərh edir. "Cavidanə Uçurum" məqaləsindən gətirdiyimiz bəzi seçmə nümunələr dediklərimizə əyani sübut ola bilər:
"Şeyx Sənan"dakı qafqazlı əxlaqına sahib olan Xumar obrazı anasının;
"Bana söyləyərdi daima: Yavrum!
Ərə getmək həyat üçün uçurum...
Yokdur erkəklerin vəfası, Xumar!
Yerin olsun fəqət monastrlar"
- nəsihətlərini ciddiyə alır. Həyat üçün əslində nəyin uçurum olduğu aşkarca göstərilmişdir. Bu əsərdə ailə qurmağa can atanlar, digər əsərdə isə artıq qurulmuş ailəyə sahib olanlar müqayisə edilə bilər. Amma Xumar ucalığıyla Anjel çökəkliyinə eyni gözlə baxmaq olmaz. Buna görə də yazar Uluq bəyin timsalında əsl məqsədini ortaya qoyub:
O gün ki, İstanbulda gənclik Fransızlaşdı,
Getdikcə türk evladı uçuruma yaklaşdı.
Yurdumuzu
sardıqca düşük
Paris modası,
Hər kəsə örnək oldu sərsəm Firəng ədası!
Tədqiqatçı, publisist və həm də istedadlı xanım şairə
kimi tanınan G.Səma ürəyinə
yatan poeziya nümunələrini axtarıb
tapır, onları dönə-dönə oxuyub
mütaliə və təhlil edərək müəyyən təəssüratlarını
tələbkar oxucularla
bölüşür. O, həmçinin
təhlil və təqdir etdiyi yazılardakı bəzi əyər-əskikləri də
göstərir, bununla
yanaşı, mövcud
qüsurların aradan
qaldırılması üçün
gənc qələm dostlarından münasib tövsiyələrini əsirgəmir.
Bu da daha çox ilk qələm təcrübələrini sınayan,
həmçinin imzaları
belə ədəbi ictimaiyyətə tanış olan gənc yazarların mövzu və bədii cəhətdən
daha dolğun əsərlər yazmalarına
stimul verir. Bütövlükdə Gülnar xanımın,
nəticə etibarilə
öz üzərinə
götürdüyü məqsəd-məna
yükü maarifləndirmə
və ən başlıcası, xeyirxahlıq
missiyasıdır.
Kitabda orta və yaşlı nəslin bəzi nümayəndələrinin əsərləri
də geniş təhlilə cəlb olunur (onların adlarını sadalasaq, uzun bir siyahı
alınar).
Bütün bunlar onu deməyə əsas verir ki, Gülnar
Səma klassik yazıçı və şairlərimizlə yanaşı,
həm ədəbi gəncliyin, həm də bütün ədəbi nəsli təmsil edənlərin irili-xırdalı
hər bir yeni yazısını dərhal oxuyub, hazırlıqlı bir oxucu, həm də bir ədəbiyyatşünas
kimi bu əsərləri
obyektiv, həm də təəssübkeşlik
duyğusu ilə təhlil etmək və qiymətləndirmək
yönündə ədəbi
xeyirxahlıq, qayğıkeşlik
nümunəsi göstərir.
Özu də yaxşı bilir ki, bu
yol öz yolçusundan ədəbi
məlumatlılıq, zəngin
təcrübə və
dünyagörüşü, çox böyük həssaslıq, səbr, təmkin, hərtərəfli
diqqət və məsuliyyət tələb
edir. Bu yolun
uğurluğu da elə doğruluğu qədərdir.
Mən tənqidçi,
ədəbiyyatşünas və ya tədqiqatçı
olmadığım üçün
Gülnar Səmanın
"Sözümüz sözdür"
kitabı haqqında yalnız öz qısa təəssüratlarımı,
oxuyub, öyrənib, bildiklərimi bildirdim.
Onu da bildim ki,
bu dəyərli kitabın müəllifi sadəcə Gülnar Səma yox, nəşrin üz qabığında ismi göstəriləndən
başqa, həm də bütün yazılarında ruhən,
mənən və məramı etibarilə Türkanədir. Yəni onun tutduğu bu məsuliyyətli, uğurlu və axarlı, enişli-yoxuşlu
yaradıcılıq yolu
təbii olaraq sənət camiəsinə
haqlı, uyarlı təqdimatla belə tərəddüt etmədən
yeni bir mübarək imzanı günümüzün yaddaş
səhifəsinə yazır:
GÜLNAR SƏMA TÜRKANƏ.
Əminliklə deyə bilərik ki, rəğbət, maraq və etimaddan
doğulacaq sonralarda həssas və hazırlıqlı oxucular
səmimi istəklə
həmişə bu imzanın sorağında olacaqlar.
Yusif NƏĞMƏKAR
Ədəbiyyat qəzeti.- 2019.-
20 aprel.- S.23.