Mətnlərin çoxalması
Mətnlərin çoxalması. Əslində, çox ciddi filoloji məsələdir, baxmayaraq ki, bu, tənqiddə hiss edilmir. Tənqid daha çox şairin, yazıçının obrazıyla uğraşır, bunu yaratmağa can atır, hesab edir ki, hiss və duyğuların hopduğu qəlbin içində bu mətnin köklərini tapa bilsə, hər şey yüzdəyüz alınacaq. Və bir qayda olaraq, mətnlər zəif və ordakı obrazlar tutacaqsız olduqda, haqqında danışılan şey, məhz müəllifdir. Bəzən çox istedadlı adamlarda da bu hala rastlanır, söz sərhədyanı vəziyyətdən sürüşür, mənanın itməsi anlamında işıqlar yanıb-sönür. Bədii obraz gerçəklikdəki mənzərələri göstərmək gücünü itirir, "neqativ" aşkarlanmır, mətn bir-birilə əlaqəsi olmayan söz, mənzərə... yığınına çevrilir, oxuduqca xəyalına gələn şey obrazın o mövqeyindəki qaranlığa bələnir, yox olub gedir. Tənqidçi belədə müəllifdən yapışır, uzaqda olan (baş tutmayan) şeylə oxunmayan mətn arasında əlaqə qurmağa can atır. Bu iş qeyri-real olduğundan nə müəllifə, nə də mətnə aid olmayan yazılar cərgəsi çoxalıb artır....
Ancaq unudur ki, axtardığın şey mətnin özündədir və o, yazardan fərqlənməyə, onu arxada buraxıb bütün gerçəkliyi ötmək işinə başlayıb. Demək, tənqid və xüsusən ədəbiyyatşünaslıqda metodologiya tamamilə səhvdir. Mətnləri diqqətlə və həm də dəfələrlə oxusanız orda zaman keçdikcə müəlliflə başlayan "nifaqın" izlərini də görə bilərsiniz. Zamanla hər şey dəyişir, yeyilir, aşınır, əlavə informasiya toplanır, mətn başqalaşır, gerçəkliyə qarşı durduğu kimi müəllifi də arxada buraxır, "müəllif" sözü şərtiləşir, sıradan çıxır, tarixə çevrilir, bədii mətn, belə deyək, müəllifdən aldığını o qədər və dəfə-dəfə dəyişdirir, elə şəkildə və şiddətlə emal edir ki, təhlillərdə müəllifin obrazını yaratmağa bircə detal da qalmır. Bizim təhlillərdə yaratdığımız müəllif, əslində, mətndən qaçmaq, onu nəzərə almamaq anlamına gəlir.
Bədii mətnlər çoxalır, təkcə bir kitabın, bir müəllifin imzası çəmbərində deyil, həm də digər, tamam başqa kitabların vərəqlərində. Ancaq susaraq. Bu susma, bu sükut ontoloji statusa malikdir. Deyək ki, ədəbiyyatımızın klassik dövrünə aid bir mətn illəri, əsrləri ötürdükcə, onları susaraq adlayıb keçdikcə qocalmır (irəli gedir-!), təcrübə yığdıqca yaddaşında keçmiş mədəni dövrlərə aid verilənlərlə bu təcrübə arasında sədd yaradır, bədii mətnin sınırları içində onların bir-birilə müqayisəsi gerçəkliyin, varlığın əsaslarının qavranılmasına gətirib çıxarır, bu səbəbdən qədim mətn oxucunun hiss və duyğuları vasitəsilə dünyanı hər iki modusda - həm qədim, həm də müasir kontekstlərdə araşdırır, eyni vahid, eyni sıra, deyək ki, müasir mədəni dövrün hansısa hadisəsi çox uzaq zamanlarda baş vermiş kimi qavranıla bilər, yaxud əksinə. Bütün bu proseslər mətnin yaradıcısı olan müəlliflə əlaqəsiz şəkildə baş verir. Bədii mətnin yaddaşının iki "yarusunda" bədii mətn oxucu və ətraf mühitlə sükut vasitəsilə əlaqə qurur. Müəllif bu sükutun içindədir. Çox kritik dövrlərdə bu proses janr strukturuna da güclü təsir göstərir, janr qəlibi ilə diskurs arasındakı ziddiyyət (deyək ki, M.Ə.Sabirdə modern şeir düşüncəsinin, estetikasının taziyanə və sair bu kimi dini janrların qəlibində verilməsi...) mətnin daxilindəki enerji və informasiyanın həndəsi silsilə ilə çoxalmasına şərait yaradır. Demək, bu mətnin içindəki digər mətnlərin müəllifləri, onların təcrübəsi susularaq paylanır. Çoxalır və "yeni" müəllif təcrübəsi ilə ən müxtəlif kombinasiyalarda kəsişir və dilləşir. Mətnin içindəki sükut səsdən, küy və küy tezliklərindən daha önəmlidir; hər hansı şeir mətnini oxuyanda onu o zaman sözün həqiqi mənasında anlayır və bütünlüklə qavrayırıq ki, mətnin alt qatındakı sükut özünü göstərir, bütün enerji o sükut laylarından alınır və sair.
Mikayıl Müşfiqin bu mətnlərində olduğu kimi:
Sən onun eşqilə, məhəbbətilə,
Vurmadın ömrünü başa ürəyim,
Sevgi hədəfini nişan alanda
Dəydimi oxların daşa ürəyim!?
Yaxud:
Bir od
düşdü buluduna,
Yandı
könül eşq oduna,
Qaldın
hicran umuduna,
Ey
qırılan şişə könül!
Tərlansan,
göydən enməzsən,
Bu torpaqda
sevinməzsən,
Mən
dönərəm, sən dönməzsən,
Yaşa,
könül, yaşa, könül!
Bu
şeirlərdə qəribədir, səs ucalardan gəlsə
də, həm də yerin təkindən, yəni, sükutun qəlbindən
axıb gəlir və belə olduğu üçün həmin
sükut səsdən çox "davam edir",
çünki bu tipli mərhəm şeylər, əhd-peyman
bildirən nəsnələr haqqında danışmaq yox,
susmaq çox önəmlidir, yəni, bir anlığa hamı, hər
şey susur, işıqlar sönür, bu zil
qaranlığın içində hamı təkcə
özünü görür, məhz bu, yəni,
özünü görmə bucağı məhz sükut səltənətində
yarana bilir.
Bu məqamda
adı keçən nifaqı yaradan müəlliflə forma
arasındakı münasibətlərə istinad etmək zəruridir.
Burada
maraqlı cəhətlərdən biri müəlliflə həyat
hadisəsi arasındakı münasibətlərin forma vasitəsilə
əşyalaşması, forma ilə müəllif arasında
əbədi, dönməyən, dayanmayan bəhsləşmənin
və qovğanın getməsidir. Adətən bu
"qansız müharibə" kadrdan kənarda qalır. Kadrın
içində olanlar başımızı o qədər
qatır ki, məlum formanın müəllifə necə
müqavimət göstərməsinin fərqində olmuruq. Bu
qovğanın forması və reallaşma modusu hər bir
böyük sənətkarda özünəməxsus rəng
və çalar qazanır, onların bədii təfəkkürlərinin
ən fərqləndirici və özümlü xüsusiyyətləri
də məhz bu məqamda meydana çıxır. Məhəmməd
Füzulinin qəzəllərində
"zorakılığın növ müxtəlifliyi" bir
əldə cəmləşib, Füzulidə sevdiyi forma ilə
(...qəzəl de ki, məşhuri-cahan ola, oxumaq da, yazmaq da
asan ola...) "düşmənçiliyin"
mayasındakı sevgi məlumdur, məhz bu
sevgiqarışıq düşmənçilik mətndə
azadlığın, eyni zamanda həm maksimum masştabda ifadəsinə,
həm də bu azadlığın son nöqtəsinə qədər
boğulmasına şərait yaradırdı və məhz
buna görə də şeir mətni bir-birinin içindən
çıxan və sonu görünməyən min bir gecə
nağıllarına çevrilirdi. Qırxıncı qapı
açılmırdı, hər bir yeni qəzəldə təzə
qapı, bundan sonra yenə təzə qapılar gəlirdi...
Füzuli
köhnə formanın, bu mürəkkəb kanonlar sisteminin
daxilində o qədər mürəkkəb oyunlar oynayır
ki, nəfəs dərməyə yer qalmır, onun formanın
daxilindəki azadlıq həsrəti məhbəs nisgilinə,
cəhənnəm həyatına dönür. Füzulinin
qeyri-adi, kosmik obrazları, çoxmərtəbəli
metaforaları, sözdən ucaltdığı qüllələr,
tikililər vəsl ümidini bir az da qəlizləşdirir və
nəticə etibarilə mümkünsüz edir. Yeganə
çıxış yolu ölümdür
(...azadlığın ən mötəbər təzahürü
kimi. - Kojev).
Formanın
müəllifi öz içində əritmək, həll etmək
ehtirası heç bir şeirdə bitmir, bütün
yaradıcılığı boyu davam edir, hər bir yeni
şeir bu qovğanın daha ağır formasına
çevrilir. Qarşısıalınmaz həyat axını
içindən hadisənin seçilərək
götürülməsi dünyanın milyon-milyon təsadüflərindən
biridir. Bu hadisənin, ürəkdə qəfil doğulan
duyğunun, necə deyərlər, "obrazının
çıxarılması", sırf əşyalaşması
Füzulinin bədii təfəkküründə bir qəlibin
içində doğulur, bu qəlibin içindəki
"hakimiyyət ehtirası" dünyanın üstünə
yeriyir, var gücü ilə dünyanı öz rənginə
boyamaq istəyir. Füzulinin bədii təfəkkürü
dünyanı mürəkkəb, qırışlar altında
gizlənən sirlər kimi qavrayır və onunla qovğada
çox mürəkkəb, bəzən baş
açılmaz metaforalar işlədir. Füzulinin hadisəni
olub-bitmiş (hazır) bir nəsnə kimi götürüb təhlil
etməsi (daha doğrusu, sorğu-suala tutması), hər bir
şeirində getdikcə daha çox qəlibləşir, bir
məhbəsin qapısı o biri məhbəsə
açılır və beləcə sona qədər
formanın müəllifin iradəsini özünə tabeetmə
istəyi beləcə "yerində sayır", irəliləmir.
"Bütün
mövcud və tarixən olmuş bədii formalar bu
zorakılığın vasitə və üsulları ilə
bir-birlərindən fərqlənmişlər, madam ki, onların
özləri formanın içinə tökülmüş
hakimiyyət prinsipindən imtina edə bilməzlər və
istəməzlər. Məhz buna görə də həyatın
boynundakı boyunduruğu tullamağa cəhd göstərən
istənilən "özünüifadə" ustanovkası
forma ilə qaçılmaz konfliktə, daha sonra isə ona qarşı
romantik və postromantik paradiqma daxilində ən azı iki
istiqamətdə cərəyan edən üsyana gətirib
çıxarır. Əvvəla, bu, formanı bütün
birbaşalığı və qədimliyi ilə, heç bir
toposdan ehtiyatlanmadan subyektiv emosionallığın
güclü təzyiqi ilə sındırmaq cəhdidir. Bu,
"ilkin yaddaşa" (M.M.Baxtin), ilkin, Adəmin dilinə
(R.Bart) qayıtmaq arzusudur, hər dəfə öz təmizliyində
fərdin subyektivliyini şeylərin özlərinin
günahsız və ilkin mənaları ilə birləşdirən
mütləq audentik, vahid və təkrarsız
yaradıcılıq aktını arzulamaqdır, hələ
russoizmin ağuşunda doğulmuş, əvvəlcə
romantikləri bəsləyən, daha sonra isə Verleni,
Rembonu, bir çox simvolistləri və sürrealistləri
ilhamlandıran arzudur. Ancaq belə arzunun gerçəkləşməməsi
elə bir sadə faktla şərtlənir ki, istənilən,
söz içində ifadə edilmiş (yəni formaya daxil
olmuş) qoy lap ən unikal həyəcan getdikcə bərkiyən
və onu yaradan üzərində hakimiyyəti ələ
almaqla öz toposuna çevrilir". (Kosikov).
Bir
şeir, bir mətn... hardan gəlir, bunu bilmirik, daha
doğrusu, bunu bilmək bizim maraq dairəmizə heç
cürə daxil olmur.., bu mətn hara gedir, bunu da bilmirik,
çünki son nəticədə o bizimlə məşğul
olur. Sadəcə, küləyi dəyir bizə, nəyisə
xatırladır, olduğumuz dünyadan nəyisə bizim
üçün kəşf edir, vəssalam. Əsl mahiyyət
bu olmamalıdır, Orta əsrlərdə yaranmış,
hardansa sızıb gəlmiş mətnlərin külü hələ
də istidir, nələrsə bu közün, bu külün
içində xatırlanıb yada düşür, nələrsə
yenidən tutaşıb yanır, bu yer üzündə əbədi
köçəri şeylərin külü qalır ancaq... Nəsə
nəyisə xatırladır, hər bir mətn yalnız
köçüb gedəndən sonra işarəyə
dönür, bu işarə həmin mətni, yaxud mətnlər
sırasını əvəz edir. Bu dünyada ən
güclü şey elə o işarənin özüdü, həmin
mətnlər dövr edib geri qayıdanda işarələr də
başqalaşır, mətnlər haqda təsəvvürümüz
dəyişir, bir mətn artıb çoxalır,
budaqlanır, ta ölümə qədər...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 20
aprel.- S.19.