Sirrin axtarışında
və ya sənətin cəzbində
O,
tanıdığım köhnə kişilərdəndir. Qloballaşma çağının xaosunda itirdiyimiz
dəyərlərin keşiyini çəkən, sənətin
ecazkar möcüzələri haqda danışmaqdan, yazmaqdan
yorulmayan, usanmayan əməkdar incəsənət xadimi
Ziyadxan Əliyevi qosqoca zaman zərrə qədər də dəyişməyib.
Nə az, nə çox, 40 ildən artıqdır ki, təsviri
sənətin müxtəlif sahələrini, inkişaf təmayüllərini,
müxtəlif sənət adamlarının, heykəltəraşların,
rəssamların yaradıcılığını tədqiq
etməklə məşğuldur. Onun Azərbaycan
televiziyasında veriliş apardığı
çağları xatırlayıram, onda yeniyetmə idim və
bu kişinin danışığı, mütəvazi görkəmi,
ziyalıya xas təmkini və ağayanalığı diqqətimi
çəkmişdi. Ekran
qarşısında oturub diqqətlə onu dinləyirdim;
müridi öz mürşidinə diqqət kəsildiyi kimi.
O, sanki tamaşaçı ilə söhbət edirdi və bu
söhbət ekran qarşısında əyləşən
adamlara bol informasiya ötürürdü. Ziyadxan
müəllim, hətta ekrandan belə tamaşaçı ilə
səmimi ünsiyyət qurmağı bacarırdı. Əlbəttə, bu, daxili zənginlikdən,
yüksək mədəniyyətdən irəli gələn
bir xüsusiyyətdir ki, onun sənətşünaslıqla
bağlı yazılarına da sirayət edib.
Çox
sonralar bildim ki, Ziyadxan müəllimin qayınatası İsgəndər
kişi mənim atamla uzun illər Neft
Daşlarında birlikdə çalışıb və həm
də bizimlə qonşu idi. Qayınanası
Gülsəfa xanım orta məktəbdə mənə dərs
deyib. Ziyadxan müəllimlə təsadüfi
hallarda rastlaşırıq və o mənə qədim yunan
filosoflarını xatırladır. Görünüşcə
sadə, içi olduqca dərin, bu qədər zəngin biliyə
rəğmən təkəbbürdən uzaq - qədim
müdriklərin hamısı bu cür olublar. Sanki onun başı üstündəki göy
üzü ayağı altındakı yer üzündən
qat-qat genişdir. Bu genişlik sırf sənətlə
bağlı deyil, daha çox əxlaq və mənəviyyatdakı
genişlikdir. Əxlaq və mənəviyyatca
qısır insan üçün göy üzü heç
vaxt öz qapılarını açmır. Sənətin sirlərinə aşina olmaq
üçün insan həm də öz içinin təmizliyini
qorumağı bacarmalıdır. Ziyadxan
müəllim məhz bu xarakterə malik insanlardandır.
O mənə sənətin sonuncu yorğun əsgərini
xatırladır.
Ziyadxan
Əliyev 1974-cü ildə Ə.Əzimzadə adına
Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə
diplomu ilə bitirib. 1976-1982-ci illərdə İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq
və Memarlıq İnstitutunun sənətşünaslıq
fakültəsində təhsil alıb. 1984-cü
ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci
ildən isə bu təşkilatın Rəyasət Heyətinin
üzvüdür.
Sənətşünaslıq fəaliyyətinə
1980-ci ildə Azərbaycan Dövlət İncəsənət
Muzeyində başlayan Z.Əliyev, əvvəlcə elmi
işçi, sonra isə "Qərbi Avropa və rus incəsənəti"
elmi şöbəsinin müdiri vəzifəsində
çalışıb. Orda çalışdığı
müddətdə dünya və milli təsviri sənətimizin
öyrənilməsi, təbliği sahəsində səmərəli
fəaliyyət göstərib. Həmin illərdə
onun tədqiqatları sayəsində indiyə kimi elmə naməlum
qalmış fransız barbizonçusu Jül Düprenin, rus
impressionisti Konstantin Korovinin, holland rəssamı Frans
Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan
rəssamı usta Qənbər Qarabağinin və görkəmli
memar Zivərbəy Əhmədbəyovun rəngkarlıq və
qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində
müəllifliyi müəyyən olunub. Etiraf
edilib ki, bu cür uğurlu elmi atribusiyalar milli sənətşünaslığımızda
və muzeyşünaslığımızda rast gəlinən
nadir hadisələrdəndir.
Ziyadxan müəllim həm də təsviri sənətimizin
müxtəlif sahələrinə aid çoxsaylı elmi və
publisistik məqalələrin müəllifidir. O, hələ təhsil illərində
"Qobustan" jurnalında "Şamaxının qədim
abidələri" adlı ilk məqaləsini çap etdirməklə
sənətşünaslıq elminə qədəm qoyub. O
vaxtdan bəri onun yüzdən çox elmi məqaləsi həm
Azərbaycanda, həm də xarici dövlətlərin
nüfuzlu jurnallarında dərc olunub.
O, təsviri
sənət sahəsində həm də bir çox elmi
tapıntılara nail olmuş mütəxəssis kimi
tanınır. Onun 1989-cu ildə nəşr
olunmuş "Azərbaycan ekslibrisi" kitabı
apardığı tədqiqatın nəticəsində
işıq üzü görüb. Bu nəşrdə
o, ilk ekslibrisin - kitab nişanının Avropadan da çox
qabaq Şərqdə - Azərbaycanda
yaradıldığını sübut edib. Bu yaddaqalan işdən sonra Ziyadxan Əliyev XIX əsr
Azərbaycan təsviri incəsənətində öz
möhtəşəm yaradıcılıq irsini qoymuş Mir
Möhsün Nəvvabın yaradıcılığı
haqqında kitab yazıb. "M.M.Nəvvabın
rənglər aləmi" kitabında rəssamın təsviri
sənət sahəsindəki bütün irsi ətraflı təhlil
edilib.
Sənətşünasın
təşəbbüsü və axtarışları nəticəsində
hələ sovet dönəmində - 1989-cu ildə Azərbaycan
Dövlət İncəsənət Muzeyində respublikada ilk
dəfə olaraq xarici ölkələrdə yaşayan azərbaycanlı
rəssamların əsərlərindən ibarət
"Əzizim Vətən yaxşı..." adlı tarixi sərgi
təşkil olunub. Bir alim ömründə bu qədər
ilklərə imza atmaq böyük xoşbəxtlikdir.
Xoşbəxtliyi də qazanmaq lazımdır! O bunu
bacarmış müstəsna insanlardandır.
Ziyadxan müəllim çoxsaylı kitabların və
kataloq mətnlərinin müəllifidir. Səttar Bəhlulzadə
yaradıcılığının öyrənilməsinə
ömrünün 30 ilini həsr edən sənətşünasın
yazdığı "Sənətin Məcnunu" kitabı
fundamental tədqiqat əsəridir. Bu kitab
Azərbaycan təbiətinin əvəzolunmaz rəngkarına
sözdən ucaldılmış bir abidədir. Bir dəfə demişdi ki, sənəti dərk etməyimdə
Səttar Bəhlulzadənin həlledici rolu olub. Onu özünün mənəvi ulduzu
adlandırmışdı. Bu, onun tərcümeyi-halıdır.
Hər sənət adamına nəsib olmayan zəngin
bioqrafiya. Sənət eşqi, tükənməz
zəhmət, inadkar axtarışlar olmasaydı, Ziyadxan müəllim
bu yollardan keçə bilməzdi. Bütün
bu sadaladıqlarım fədakar alim ömrünün pillələridir.
Ziyadxan Əliyevin bir alim, pedaqoq kimi gənc sənətşünasların
yetişməsində müstəsna xidmətləri var. O, bu
gün də elmi-pedaqoji fəaliyyətini davam etdirir. Uzun müddət
Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində İncəsənət tarixi fənnindən dərs
deyən Ziyadxan Əliyev hazırda Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında çalışır. O, müxtəlif
elmi-nəzəri konfransların iştirakçısı və
məruzəçisi olub, ölkə xaricində təşkil
olunan rəssamlıq sərgilərinin təşkilində
yaxından iştirak edib. O, Azərbaycan Rəssamlar
İttifaqının nəzdindəki "Tənqid və sənətşünaslıq"
bölməsinin sədri kimi milli incəsənətimizi fəal
şəkildə nəinki respublikamızda, onun sərhədlərindən
çox-çox uzaqlarda da təbliğ etməkdədir. Ziyadxan müəllim rəssamlıq sənətinə
yeni baxış ortaya qoyub, onun elmi-nəzəri məqalələrində
dünya rəssamlığı ilə Azərbaycan rəssamlığının
müqayisəli təhlili öz əksini tapır ki, bu əsərlərdəki
mülahizələr sənətin inkişafı
üçün konkret oriyentrlər müəyyən edir.
Adətən, islamda rəsm çəkməyin
qadağan olunduğunu deyirlər. Amma Ziyadxan müəllimin
bu ehkamçı fikrə münasibəti fərqlidir. Müsahibələrindən birində jurnalistin
"Siz bilirsiniz, xristian ənənəsində İsa
peyğəmbərin, yaxud yəhudi ənənəsində
Musa peyğəmbərin portretini yaradıblar. Amma İslam ənənəsində bu
qadağandır. Məhəmməd
peyğəmbərin portreti çəkilsə necə olacaq?
Peyğəmbərin portretinin yaradılmasında qeyri-adi nə
ola bilər?" sualına belə cavab
verir: "Bizim dinimiz təsviri qadağan etmir. Bir
hədisdə var, o da peyğəmbərin dilindən deyilib.
Deyir ki, qiyamət günü büt xarakterli heykəl düzəldənlərin
imtahanı digərlərindən ağır olacaq, onlardan
düzəltdikləri heykəllərə can vermələri
tələb ediləcək. Bunu edə bilməyəcəklərsə,
cəzaları ağır olacaq. Nə demək
istəyir burda? Bu o vaxt səsləndirilib
ki, Ərəbistanda 360 qəbilə Allahı var idi. Peyğəmbər onların hamısını bir
yerə gətirdiyi üçün qəhrəmandır.
Demək istədiyim odur ki, bunun mahiyyəti
hamını bir araya gətirmək idi. Bundan
ötrü büt xarakterli şeylərin olması istənilmirdi.
Yoxsa hansısa İslam ölkəsinə getsən,
miniatürlərin necə inkişaf etdiyini görəcəksiniz.
Əslində, çox vaxt pis müqayisə
aparırlar. Deyirlər ki, xristianlıq sənətə
xeyir-dua verir, amma İslam qoymur. Bu,
düzgün deyil. Düzdür, xristian
dini olmasaydı, İntibah dövrü olmazdı. Nə
Rafael, nə Leonardo, nə də başqası olardı. Onların yaratdıqlarının hamısı dinin,
kilsənin sifarişidir. Görürsünüz,
nə qədər xeyir veriblər. Ancaq
onlarda müəyyən şeylər təqib edilirdi,
inkvizisiya var idi.
Dediyimiz hədisdən də çox zaman
dırnaqarası dinpərəstlər istifadə edib camaata
şəkil çəkməyin qadağan olduğunu deyirlər. İndiyə
qədər mətbuatda da dinimizin şəkli qadağan etdiyi
yazılır. Ayıbdır, vallah".
Bu
sözləri sıradan bir adam demir,
ömrünün 40 ildən çoxunu sənətşünaslığa
həsr etmiş, onlarla monoqrafiya, kitablar yazmış bir alim-sənətşünas
deyir. Onun fikirləri məntiqə, fakta söykənməklə
yanaşı, həm də bir sənət adamı olaraq
assosiativ düşüncədən qidalanır. Assosiativ düşüncə təfəkkürün
mayasıdır və bu assosiativ, həm də impulsiv
düşüncə axınları zəngin bilikdən su
içib təfəkkür hadisəsi kimi üzə
çıxır.
Sənət Tanrının sirridir və insan
Tanrının sirlərinə vaqif olmaq üçün
ömrünü xərcləyib sənət adamı olur. Amma o sirr hələ
də nihan qalır. Ziyadxan müəllim
Tanrıyla rənglərin dilində danışır. Dünyanı sözlər və rənglər vasitəsilə
maddiləşdirmək istəyi Allahın xassəsidir və
Uca Yaradan bu qüdrəti seçilmiş bəndələrinə
bəxş edir. Ziyadxan Əliyev
seçilmişlərdəndir.
Yazının əvvəlində yazmışdım ki,
onunla ara-sıra görüşür, ayaqüstü söhbətləşirik. Bu çaparaq
görüşlərdə hal-əhvaldan sonra Ziyadxan müəllim
mütləq hansısa bir sənət faktına, hansısa
bir yazıya öz fərqli münasibətini bildirir və bu
qısa söhbətlər mənim yaddaşıma həkk
olunur. Onun sənət və ədəbiyyatla
bağlı hər hansı bir məsələyə qısa
və lakonik, eyni zamanda dəqiq, doğru münasibəti məni
həmişə heyrətləndirib. Sənətin
meyarı dəyişməzdir və o da gördüklərinə,
oxuduqlarına bu meyarlarla yanaşır. Həmişə
ürəyimdən keçib ki, asudə bir zaman ola, Ziyadxan müəllimlə bir könül
söhbəti edək. Ondan öyrənəcəyimiz
şeylər çoxdur. Tanrı bizə bu fürsəti
versin!
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2019.- 20 aprel.- S.14.