Anima
(XIX əsr Azərbaycan ədəbiyyatında
qadın ruhu )
XIX əsr Azərbaycan ədəbiyyatında qadın
ekspansiyasının səbəbini necə izah etmək olar? Bu dövrdə
cəmiyyətdə qadın-kişi bərabərliyindən
söhbət gedə bilməzdi. Bəs bu
"feminit" üstünlük hardandır? Sadəcə,
adlarının sadalanması (XIX əsr ingilis kişi klubunun
siyahısını xatırladır) kifayətdir ki, bu
qeyri-adi hadisəni təsəvvür edəsən: Xan
qızı Xurşidbanu Natəvan, Aşıq Pəri, Fatma
xanım Kəminə, Heyran xanım, Gövhər xanım, Məşədi
xanım Leyli, Qönçəbəyim, Ağabəyim
Ağa...
Hələ nə qədər qadın adlarını
cünglərin, təzkirələrin səhifəsində toz
basıb, neçəsini etibarsız yaddaşımız tamam
unudub. XIX əsr
Azərbaycan ədəbiyyatında qadın müəlliflərin
zəngin tərkibi gender araşdırmaçıları
üçün, psixoanalitiklər üçün də
geniş material verir.
Cəsarətlə deyərdim ki, qadın şairlərin
yaradıcılığı Mirzə Fətəlidən və
H.B.Zərdabidən sonra XIX əsr Azərbaycan ədəbiyyatına
şöhrət gətirən ikinci böyük ədəbi
mədəni hadisədir.
Əlbəttə, XIX əsrdə Azərbaycan mədəni-iqtisadi
baxımdan Fransadan, hətta Rusiyadan geri qalırdı. "Qafqaz qitəsinin
Şirazi mənziləsində" (F.Köçərli) olan
Şuşada xanım Rambuye zövqündə XVIII əsrin fransız ədəbi
salonları yox idi. Azərbaycanın qadın şairləri
Jerminal de Stal, Avrora Düpen (kişi təxəllüsü
- Jorj Sand) qədər hüquqlara, söz-davranış
azadlığına malik deyildi.
XIX əsrdə "Azərbaycan qadını heç
yerdə çoxəsrlik dini ehkamlar və xurafat üzərində
Şuşadakı kimi parlaq qələbə
qazanmamışdı, onun səsi heç yerdə
Şuşadakı kimi gur və əzəmətli səslənməmişdi"
(V.Quliyev).
Xan qızı Natəvan bu şərəfli siyahıda
öndə gəlir.
Bu
qeyri-adi istedadlı qadının acı taleyi, sevgisi,
poeziyası maraqlı tarixi romanın süjeti ola
bilər,
Tiflisdə keçirilən kənd təsərrüfatı
sərgisində əl işləri münsiflər heyətinin
tərifnaməsini alıb. Tiflisdə Düma ilə
görüşüb. Şuşaya su
çəkdirib.
Bir səhifəsində miniatür şəkil çəkilmiş,
o biri səhifəsində rəsmin mövzusuna uyğun
şeir yazılmış "Gül dəftəri"
adlı albomu Əlyazmalar İnstitutunda saxlanılır.
Firidun bəy Köçərli Fatma xanım Kəminəni
Aşıq Pəri və Natəvandan sonra
"Qarabağın üçüncü şaireyi-möhtərəməsi"
adlandırırdı.
İskəndər bəy Rüstəmbəyov
"Piyazüla-aşıqın" adlı təzkirəsində
onu "Bir vaxt Kəminə təxəllüsü ilə məşhur
alicənab ay niqablı Mirzə Fatimə" - deyə şərəfləndirir. Savadına, istedadına
görə kişilərdən qətiyyən geri qalmayan
şairəni Şuşada "Mirzə Fatimə",
"Şahin" təxəllüsü ilə şeirlər
yazan oğlu Mirzə Əbdülü isə "Fatı
oğlu Şahin" kimi çağırırlar.
Naxçıvanda "Qönçeyi-ülfət" məclisinin
üzvü olan Qönçəbəyim Ehsan xan Kəngərlinin
qızı idi. Ş.Nəzirli yazır ki, o zaman Naxçıvanda
"mahal rəisi yanında məmur" işləyən
gürcü şairi Nikoloz Barataşvili dayısı
qızına yazdığı bir məktubda Qönçəbəyimdən
bəhs edib: "İndi Naxçıvanda yeni bir şeir var.
Bu, 18 yaşlı Qönçəbəyimin şeirləridir.
Xan qızıdır. Olduqca
gözəl və vüqarlı görkəmi var. Təsəvvür
edin, gözəllikdə lap Orlovun arvadına oxşayır.
Ərindən çox yanıqlıdır.
İndi ərindən ayrılıb,
çalışır ki, boşansın. Yazıq
qızın 12 yaşı olanda zorla ərə veriblər.
Bunların əhvalatı bir romandır".
(Ş.Nəzirli. "General Kalbalı xan
Naxçıvanski". "Azərbaycan" qəz., 1999, 24 mart).
İbrahim Xəlil xanın qızı Gövhər
xanım da şairə idi, səxavəti,
xeyirxahlığı ilə mahalda şöhrət
qazanmışdı. Qasım bəy Zakir, Əsəd bəy
Cavanşir Vafi, Mirzə Haqverdi Səfa onu şeirlərində
tərif edib. Qasım bəy Zakir bir
müstəzadında Gövhər xanımın nəcib əməllərini
vəsf edir.
Ey
Gövhər - pakizeyi-dəryayi-lətafət,
Vey kani-həqayiq,
Övsatü
sifatin məni-məddaliə nə hacət,
Aləm sənə aşiq.
A.Bakıxanovun
qızının da şair olduğu bildirilir: "Bilmək gərəkdir,
mərhum Abbasqulu ağanın qızı Tuğra xanım dəxi
şairə imiş" (Firidun bəy Köçərli. "Azərbaycan ədəbiyyatı", I c.).
Hər
halda M.F.Axundzadə, A.A.Bakıxanov, İ.Qutqaşınlı,
Q.Zakir, S.Ə.Şirvani kimi şairlərin yer aldığı
məkanda Heyran xanımı, Aşıq Pərini, Fatimə Kəminəni,
Xurşidbanu Natəvanı eyni statusda və situasiyada təsəvvür etməliyik. Qadın şairlər kişilərin tamam məskən
saldığı və ya çoxdan zəbt etdiyi məkana gəlir.
Kişi
zövqünün və kişi
şovinizminin, kişi davranışının total hökm
sürdüyü ədəbi məkana onların cəsarətlə
daxil olmaları, kişi poetik texnologiyalarını mükəmməl
mənimsəmələri, doğrudan da, heyrət və
qürur doğurur.
Qadın şairlərin sosial, poetik fəallığı
kommunikativ - epistolyar münasibətlərə fərqli məzmun
gətirir.
XVIII əsrdə kişi şairlərin
adresatı qadındırsa, XIX əsrdə qadın şairlərin
ünvanı kişilərdir. Şeirləşmələr,
nəzirələr, bənzətmələr bu kommunikativ
modelin mahiyyətidir.
Qadın şairlərin eşq məzmunlu şeirlərinə
kişilərin xüsusi canfəşanlıqla nəzirə və
bənzətmələr yazırdılar. İnsafən
onlar da cavabsız qoymurdular, cəsarətlə şeirləşirdilər.
"Bəzən bu cür şeirləşmələr
şairə qadınlara aşiq olan bir sıra şairlərin
qarşılıqlı münaşiqəsinin nəticəsi
kimi yaranır və dildən-dilə
düşürdü". (Ə.Qədimov.
"XIX əsr Ordubad ədəbi mühiti").
Hər münaqişənin nəticəsi intim
duyğuların bəyan edilməsinə, şayiələrin
yayılmasına rəvac verirdi.
"Məclisi-üns"ün
üzvlərindən Mirzə Rəhim Fəna Xan qızına
sevgisini "Ağlaram" rədifli şeirində bildirən
kimi, Natəvan "Ağlasın" rədifli şeiri ilə
həmən cavab verir:
Ey əhli-dil,
Fənanı qoyun barı ağlasın.
Əğyarə çünki yar olub yarı,
ağlasın.
Məhəmməd bəy Aşiq Cavanşirin
Aşıq Pəri ilə aşiqanə ruhlu şeirləşmələri
də Qarabağda söz-söhbətə səbəb olurdu. "Məclisi-üns"ün
üzvü Məmo bəy Məmainin "Məclisi-fəramuşan"ın
üzvü Fatma xanım Kəminənin
Saqiya, mey
ver ki,
mən
meyxanədə küllənmişəm,
Qəm
hücumundan qaçıb,
bir
guşədə gizlənmişəm
- beyti ilə bağlayan qəzəlinə iqtibas
olaraq yazdığı nəzirəni göndərir.
Aşıq
Pərinin şeirləri ilə tanış
olan şərqşünas N.İ.Qulak (prof. V.Quliyevə
istinad edirəm) onun Mirzəcan Mədətovla şeirləşməsi
ilə bağlı heyrətini gizlətmir: "biz
avropalılar üçün məsum, xəyalpərvər
Aşıq Pəri kobud, hissiyyatlı erməni Mirzəcandan
müqayisəyəgəlməz dərəcədə
yüksəkdə dayanır. Həqiqətən
də, Zaqafqaziya müsəlmanları Aşıq Pəri kimi
şair qadınla fəxr edə bilərlər. Həm də Aşıq Pəri Zaqafqaziyanın
türk qadınları arasında yeganə təskil etmir"
(V.Quliyev. "Tarixdə iz qoyan şəxsiyyətlər").
Qadın
şairlər kişi müasirləri
söz duelində uduzmasalar da, məişət
situasiyasında da məğlub olurdular. Xurafatın,
cahilliyin hökm sürdüyü ekstremal şəraitə
onlar çətin dözürdülər. Despot ərlərin zülmünə, tənəsinə,
kobudluğuna qarşı onların zərif dünyası tab
gətirmirdi.
Natəvan
da kişi aqressivliyinin qurbanı olur. Seyid Hüseynə ərə getməsi ilə
bağlı yayılan dedi-qoduları demirik. Natəvan qızı Xanbikəni polkovnik Aman xan Kəngərliyə
verir - Şuşada narazılıq başlayır. Abdulla
bəy Asi (Q.Zakirin nəvəsi) tərbiyəsiz
həcv yazır. General-mayor Fərəc bəy
Ağayev ona ünvanladığı məktubunda Tiflisdə
onun əleyhinə dedi-qodular gəzdiyini bildirir və
qızı Bəhmən Mirzəyə verməsini məsləhət
görür (B.Məmmədov. "Xurşidbanu Natəvan").
Mehdiqulu xanın anasından üz döndərməsi,
17 yaşlı Mir Abbasın ölümü bu incə ruhlu
qadın və şair üçün taleyin dəhşətli
zərbələri idi.
XIX əsr rus şairi N.M.Karamzin
"Müəllifə nə lazımdır" adlı
kiçik yazısında sənətlə
bağlı əsas mənəvi pirinsipini belə bəyan
edir: "Sən qələmə sarılıb müəllif
olmaq istəyirsən: təklikdə, şahidsiz-filansız
özündən səmimi soruş: kiməm mən? Sən
öz ruhunun və ürəyinin portretini çəkmək
istəyirsən..." (N.M.Karamzin. "Çto
nujno avtoru?").
Yəni ədəbiyyat müəllif ruhunun
proeksiyasıdır.
Bu, bəlkə
də, klassik divan şeiri ilə rus (Avropa) ədəbiyyatı
arasında axtaran
yerini müəyyənləşdirməyə
çalışan XIX əsr Azərbaycan ədəbiyyatının
ilk psixoloji paradokslarından biridir.
XIX əsrdə qadın şairlər məhz
"oturuşmuş", kişilərin məskunlaşdığı
məkana gəlirdilər. Natəvan, Aşıq
Pəri, Kəminə... fenomeni Vaqif-Vidadi, Füzuli
dövründə təsəvvür etmək olmazdı.
Azərbaycan
ədəbiyyatında elə kritik kütlə yığılmalı elə "yaşayış
yeri" yaranmalıydı ki, söz sənətində
qadınlar "təsərrüfat işləri" ilə
rahat məşğul ola bilsinlər. Yalnız bu halda
"anima"nın (Yunq psixologiyasında
arxetiplərdən biri, qadın başlanğıcını
bildirir) kişilərin poetik ruh məkanında bərqərar
olması mümkün idi.
İndi niyə bunları xatırladım?
XIX əsrdə də oxşar hadisə müşahidə
olunur. Bu gün sosial şəbəkələrdə, ədəbi
məclislərdə və mətbu orqanlarda qadın yazarların
xüsusi fəallığı bir faktdır.
Bəlkə, Azərbaycan ədəbiyyatı yenidən
qadın ruhuna malik olur?
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2019.- 20
aprel.- S.10.