Çəhrayıya boyanır Notr-Damın kölgəsi...

 

Çəhrayıya boyanır Notr-Damın kölgəsi...

 Hər il apreldə, Parisdə...

  Kvazimodo kilsənin qulaqbatırıcı zəng səsi

   Oyanır 850 illik yuxusundan Notr-Dam...

    Cızır Kvazimodonun barmaqları sinəsini...

     Parçalayır bütün qadınlığını...

      Utanır çılpaqlığından Notr-Dam...

       Hamı görmüşdü vücudunu,

        Bel qəmzələrini, onurğasındakı döymələrini...

         Qızıl gülləri...

          Hamı görmüşdü ruhundakı çılpaqlığı,

           Hamı toxunmuşdu dodaqlarına.

            Gilənar çiçəkləri Notr-Damın bozumtul tənhalığı ...

             Esmeraldanın dodaq boyasına boyanmışdı hər şey,

              bu il apreldə, Parisdə...

               Gəmilərindən bezmişdi,

                Dalğalanmırdı, qürurla susurdu Sena,

                 bu il apreldə, Parisdə...

                  Nimdaş barların küncündə itmişdi bütün öpüşlər.

                   Rəssamların fırçalarında donmuşdu Notr-Dam...

                    Merilin Monronun portretlərində səmimi görünmürdü gülüşlər,

                     bu il apreldə, Parisdə...

                      Lusifer, lütfən burax məni,

                       Tanrının eşqinin ötəsinə keçim

                         barmaqlarımı onun saçlarında gəzdirim,

                         Esmeraldanı 850 ildir dəli kimi arzulayırdı keşiş...

                          Tanrı lənətlədimi Notr-Damı, bu il apreldə, Parisdə?

                           Günaha çağrı var idi onun bədənində.

                            Onun üçün ruhumu satardımmı mən?..

                             Tanrım bir dəfə icazə versəydi əgər

                              Pozardımmı bütün qanunlarını?

                               Gilənar çiçəkləri Notr-Damın bozumtul tənhalığı...

                                Esmeraldanın dodaq boyasına boyanmışdı hər şey,

                                 bu il apreldə, Parisdə...

 

Nargis

 

Ədəbiyyat qəzeti.- 2019.- 20 aprel.- S.1.