Nəsimi
Beşpərdəli dramın
dördüncü pərdəsi
Şah və Nəsiminin münazirəsi
Şahın
sarayı:
Nəsimi şahın sarayındadır. Şah, zahid və
zahidin bir neçə məsləkdaşı da
oradadırlar. Zahid Nəsimini görən kimi
deyir:
- Bax,
budur ol kafiri-bidin, şahım!
Sonra da əllərini
göyə qaldırıb:
- Azad eylə
xəlqi bundan, Allahım! - deyir.
Şah əli ilə işarə edir ki, zahid və
mollalar sussunlar. Sonra da Nəsiminin nimdaş geyiminə və kəmərindəki
taxta qılınca baxıb deyir:
- Ey
qılıncı taxta, ey miskin adam,
Ey gəda,
bu dünyada, bidin adam,
Sənmisən dəviyi-Allahlıq edən?
Xəlqimin ruhuna padşahlıq edən?
Nəsimi
bir addım irəli gedib deyir:
- Mən ənəlhəqq
söylədim, çünki həqqəm,
Nə şaham, nə Allaham, mən mütləqəm.
Mütləq
ol kəsdir ki, o, pərvanədir,
Qudrətə, qəhharlığa biganədir.
Mütləq
ol kəsdir ki, o, Allah deyil,
Bəndəvü, mollavü, nə padşah deyil.
Mütləq
ol kəsdir ki, dünya ondadır,
Təkdir, amma mində, o, milyondadır.
Mütləq
ol kəsdir ki, hakimdir "mən"ə,
"Mən"di məndən yol açır, ey
şah, sənə.
Hər
"mən" oxşar bir suyun damlasına,
Birləşərsə qovuşar dəryasına.
Mən
varam ki, vardır O bu dünyada,
Olmasam olmaz nə O, nə dünya da.
"Və
nəfəxtü fihi min ruhi" mənəm,
İnsanın həm cismü, həm ruhu mənəm.
Olmasa, gər,
dünyada insan, şahım,
Nə din olmaz, nə də ki, iman, şahım.
Torpağın,
ya dağların Allahı yox,
Tülkünün nə ölkəsi, nə şahı
yox.
Biz
yaratdıq, biz yaratdıq həqqi, biz,
Biz yaratdıq, həm də qırdıq xəlqi, biz.
Şah:
- Ey Nəsimi,
biz yaratdıq dünyanı,
Bəli, amma biz də qatdıq dünyanı.
Doğru
bildi hər kəs öz əfkarını,
Öz qılıncın, öz mənin, öz
yarını.
Parçalandı
dünya, paylandı cahan,
Hər kəs öz səhmin götürdü
dünyadan.
Qurdu hər
kəs öz evin, öz dövlətin,
Olmasaydı
din, yeyərdik dost ətin.
Zahid davam
edir:
-
Doymadı kimsə özünün payına,
Özgəni qoydu özünün yayına.
Nəsimi:
- Kimsə
tapsa gər özündə həqqini,
Gər, yaratsa öz içində xəlqini.
Dikməz
o göz kimsənin də həqqinə,
Allah olar öz ruhunun xəlqinə.
Məndəki
həqq, ya da ki, mollada həqq,
Eynidir, amma misali həqlü xəlq.
Biri
nayü ney kimi həqdən deyər,
Vəhdətü, insani mütləqdən deyər.
Digəri
xəlqdən deyər xaliq kimi,
Xəlqin üstündə qılınc eylər dini.
Din nədir
ki, mehribanlıq, mərifət,
Şahıdır dünyanın eşqü mərhəmət.
Dəxli
yoxdur dövlətə dinin, vəli,
Aşiqi molla edir şah düşməni.
Şah əlilə
dininə dövlət qurur,
Xəlqi həm Allahdan, həm şahdan yorur.
Allahı
molladan almaqdır işim,
Xəlqimi Allahla qurmaqdır işim.
Xəlqin
Allahı onun əndişəsi,
Mollanın, amma riyadır pişəsi.
Şah:
- Ey Nəsimi,
haqlısan, hər kəs bilir,
Amma həqqin bir ucu nahəqdədir.
Həqqə
xaliq, həqqə xəlq lazimdi, bil,
Amma xəlqə sirri-həqq
lazım deyil.
Mən
çörək verdim bu xəlqə, həqq mənəm,
Mən qılıncı icad etmiş həqdənəm.
Xəlq
içində fəhlə çoxdur, alim az,
Öz
ruhuna özgə çoxdur, hakim az.
Sirri
açma, sən "ənəlhəqq" söyləmə,
Cahilə sən həqqü nahəqdən demə.
Cəhldir
insan içinin Allahı,
Mən şaham, amma ki, cahillər şahı.
Olmasa gər
məndəki qamçı, qılınc,
Ləşgəri cəhlə gələnməz kimsə
güc.
Ta əzəldən
şah yaratdı mollanı,
Necə ki, Allah yaratdı dünyanı.
Mən
yaratdım, mollanı çaşdırmağa,
Din ilə
şaha cığır açdırmağa.
Mollanın
Allahı şahın surəti,
Şahdan alır mollalar bu cürəti.
Nəsimi:
- Səndəki
həqq yox, qılıncın həqqidir,
Xəlqi də qamçı, qılıncın xəlqidir.
Səndəki
həqq qətlə fərman söyləyər,
Məndəki həqq, külli-insan söyləyər.
O can almaz, can verər insanlara,
Öz içində çevrilər insan yara.
Kütləni
cahil edən də dindi, din,
Aqil olmaz dinlə əsla insü-cin.
Aqil insan
güzgüdən şah axtarar,
Kamil insan kamil Allah axtarar.
Sirrimi mən
açmadım cahillərə,
Söylədim mən sirrimi aqillərə.
Eşq ilə
aqil olanlar mənlədir,
Din ilə
cahil olanlar sənlədir.
Saxladın
sən xəlqi qorxaq, xəlqi kor,
At
qılıncı, get həqiqi xəlqi gör.
Qorxmasa xəlq, şahı eylərmi qəbul?
Qorxmasa, Allahı eylərmi qəbul?
Mən
qılıncım taxtadır, amma şaham,
Mollasız, əmmaməsiz bir Allaham.
Mən həqiqətçün
açılan pəncərə,
Xəlqə "həqsən" - söyləyən
bir həncərə.
Kimsə,
gər ki, təlim etsə xəlq üçün,
Hər bir insan bir məsciddir həqq üçün.
Şah:
-
Cahilindir, ey Nəsimi, din əgər,
Bəs nədəndir din də həqdən söyləyər?
Olmasa, gər,
dini qanunlar axı,
Kimsə saymaz nə şahı, nə Allahı.
Üsyan
eylər xəlq xəlqə, həqq həqqə,
Kimsə çatmaz sən dediyin mütləqə.
Nəsimi:
-
Küfrü də insan yaratdı, dini də,
Cəbraili, Əzraili, cinni də.
İnsanın
zəfi yaratdı Allahı,
İnsanın ruhundadır insan şahı.
"Quran"
Allahın kəlamı olsa da,
İnsan ilə həm var oldu dünyada.
Hər
bir insan bir məsciddir, pirdir,
Aşiq insan Allaha təfsirdir.
Quran
insanın sözüdür insana,
Bu
baxışdan beyət et sən
"Quran"a.
Gördüyün
o dağ, o daş, ey şah, bil,
Allaha, peyğəmbərə möhtac deyil.
Sağlam
olsa - danəni əksən, bitər,
Fasid olsa - bağbanın həqqi itər.
Danə dərman
eyləyə bilməz özün,
Oxusan da danəyə "Quran" sözün.
Ya ki,
Allahdan danışsan danəyə,
Çevrilərmi zairi-meyxanəyə?
Hansı ağac Məkkənin fərqindədir?
Hansı heyvan hacılıq dərdindədir?
Hansı daşın möhrü var, təsbehi var?
Gündə
beş yol hansı quş namaz qılar?
Məqsədi
həm Allahın, həm "Quran"ın,
İnsanındır, insanındır, insanın.
Allahı
məhbus ediblər Məkkədə,
Məscid insanın içində, Məkkə də.
Hər kəsin
məbudu öz qəlbindədir,
Aşiq insanlar bunun fərqindədir.
Eşq zəfi
məhv edir insanda, şah,
Yazılıb bu dediyim "Quran"da, şah.
Zahid
söhbətə müdaxilə edir:
- Vay-aman,
ey şah, susubsan nədən?
Getdi dinü, getdi iman ölkədən.
Allahı
insan yaratdı - söyləyir,
"Quran" insanın sözüdür, o deyir.
Bunu xəlqə
təlim etsə, əlhəzər!
Minbərü əmmamələr əldən gedər.
Allahın
ordusuyuq biz mollalar,
Dünyanın hər bir yerində molla var.
Həm
müsəlman, həm məsihi, həm cuhud
Arxasında mollanın eylər sücud.
Mollasız
xalq yolun azar dünyada,
O,
çobansız bir sürüdür səhrada.
Olmasa
dinin ağacı, gər, şahım,
Saxlamaq olmaz toxu, acı, şahım.
Həqqi
versək gər çörək tək məllətə,
Həqq əlilə məhkum olluq zillətə.
Şah:
- Ey Nəsimi,
sən də həqsən, mən də həqq,
Səndə həqdir, onda həqdir, məndə həqq.
Hamı həqdir,
yaxşı, bildik, amma ki,
Bu qədər bəs xəlqdə fəhşa nədi?
Bəs bu qatillər, bu canilər necə?
Həqdilərmi? Yox, deyillər sadəcə.
Şah həqdir,
xəlq həqqin pərvanəsi,
Şah bütdür, ölkə də bütxanəsi.
Necə
ki, şəm bir olar, pərvanə çox,
Həqq də birdir, ol həqqə divanə çox.
Hər kəs
həqqin aşiqidir dünyada,
Həm müridi, həm piridir dünyada.
Amma həqqə
çatmaq olmaz, mütləqən,
Yağı suya qatmaq olmaz, mütləqən.
Qan axar
çaydan, cahan batar yasa,
Şah qılıncı, din ağacı olmasa.
Nəsimi:
- Eşq
ilə gər təlim etsək xəlqi biz,
Eşq ilə
gər təbliğ etsək həqqi biz,
Qalmaz əsla
dünyada cəngü cədəl,
Eşq olar bu dünyada dinə bədəl.
Nə
cinayət, nə yalan, nə kin qalar,
Kafirü, dindarü, nə bidin qalar.
Aşiqanə,
gər, baxarsan insana,
Çöhrəsində bəslənərsən irfana.
Sözləri
zər, gözləri dərya bizik,
Həm bu dünya, həm də mafiha bizik.
İnsana, gər, aşiq olsan, şahsan.
"Quran"ı təlim edən Allahsan.
Həm nəbin
var, həm imanın, həm pərin,
Sirri saxlar, sirri söylər ləblərin.
İnsanı
kafir görən, nahəqq görən,
Dərki olmaz qilü-qali xəlqdən.
İnsanın
Allahlığı eşq ilədir,
Yoxsa fərqi bir himar ilə nədir?
Hər
ikisi boy atar, hündürlənər,
Yükü eşşək, eşqi də insan çəkər.
Ay gecəni
eşq ilə nurlandırır,
Dünyanı eşq ilə şəms
canlandırır.
Eşq olsa xəlq içində, xəlq var.
Olmasa gər xəlq olar ibni-himar.
Şahü
molla xəlqi cahil istəyər,
Eşqü irfan xəlqi aqil istəyər.
Mənsə
xəlqə söylərəm bi kafü nun
Öz
itin ol, öz çobanın, ey qoyun!
Aşiq
ol ki, mənadır eşqin sənə,
Məşuq ol ki, dünya dönsün eşqinə.
Aşiqü,
məşuqə, ey Allah adam!
Ey əmirü,
bəndəvü, padşah adam.
Gündə
min yol merac eylə eşq ilə,
Ki, gətirsin dünyanı eşqin dilə.
Tap bu
dünyanın dilin, Allahı ol,
Şahı ol öz təqdirinin, şahı ol.
Şah:
- Ey Nəsimi,
bir sualım var: de ki,
Xəlq əgər
aşiq olarsa sən təki,
Sayları
hər gün çoxalsa durmadan,
İstəsə,
gər, karvana bir sariban,
Kim olar ol karvanın baş rəhbəri?
Kim
şahı, kim Allahı, ya kim piri?
Nəsimi
ləhnini dəyişərək deyir:
- Eşq
rəhbər, eşq mövla, eşq pir,
Karvanın baş saribanı eşqdir.
Şah:
- Mənadır
eşq, adəm oğluysa məcaz,
Bu məcazçün bir məcaz vardır niyaz.
Sən ənəlhəqq
söyləyən bir şahsan,
Həm müridü, mürşidü Allahsan.
İşdi,
birdən istəsə xəlqin səni,
Səndə
qurmaq istəsə həqq ölkəni,
Səndəki
taxta qılınc olsa dəmir,
Bəndə
olsan ol dəmirə, o əmir,
Şah olarsan xəlqinə?
Nəsimi:
- Yox,
olmaram.
Mən nəsiməm, hirsü aza dolmaram.
Olmaram
piri təriqət, sonra da,
Bir yeni din tüğyan etsin, dünyada.
Mən nəsiməm,
sözü deyib, köçərəm,
Düzü söylər, düzü deyib, keçərəm.
Mən
ağacdan ağacan çatan səsəm,
Eşqim ümumi, özümsə bikəsaəm.
Ol səbəbdən
taxtadır şəmşirim, ey,
Kibrü kini laxladır təfsirim, ey.
Mən nəsiməm,
təxtım eşqdır, tacım eşq,
Məsti
eşqəm, dərdim
eşq, əlacım eşq.
Varsa gər
eşq, mən varam, bu dünya da,
Mən varamsa, eşq də vardır dünyada.
Şah:
- Ey Nəsimi,
iki yol var, seç birin,
Özün eylə öz yuxunun təbirin.
Tövbə
et, ya at bu eşq əfkarını,
Xəlqə birləş, xəlqə bağla
varını.
Çək
bu irfanü bu cadudan ayaq,
Get
yaşa, fəhlə sayaq, molla sayaq.
Ya da ki,
dara çəkil Mənsurtək,
Gura ovlan sən də Bəhram Gurtək.
İndi kəsməzsəm
əgər başın sənin,
Başıma fitva verər başın sənin.
Sən də
bir gün bir təriqət şahıtək,
Arifü
aşiqlərin Allahıtək,
Ölkə
qurmaq istəyərsən xəlqinə,
Nöqtə qoymaq istəyərsən həlqinə.
Vay o
gündən, ey Nəsimi, əlhəzər,
Bir yeni din doğula, bir yeni şər.
Mən
qılıncla eylədim ol işi kim,
Etmədi heç bir nəbi, heç bir həkim.
Min rəsulun
dini bir qamçı qədər,
Hökmü yox, eylə sözü müxtəsər.
Nəsimi:
- Eşqdən
heç eylərəmmi tövbə mən?
Tövbə etdim bir kərə mən tövbədən.
İnsan özünü necə inkar edər?
İsa iblisi necə iqrar edər?
Ol oxam ki,
çıxmışam yaydan yoxa,
Hara dəysəm də hədəfdir mən oxa.
Nə nəbiyəm,
nə imamam, nə rəsul,
Aşiqəm
mən, et bunu məndən qəbul.
Birləşə,
gər, min qılınc, min bir əmir,
Məğlub olmaz eşq həmişə yüksəlir.
Ol şəməm
ki, əriyib bitsəm belə,
Kəpənəklər yaşadar dildən-dilə.
Ol
dağam ki, ərimir başında qar,
Ol bağam ki, bülbülün könlündə var.
Ol
Süleymanam ki, dilim can dili,
Gül həqiqətdir mən onun bülbülü.
Ol suyam
ki, abi heyvandır təbim,
Xızr tək dünyayla vardır ülfətim.
Çarmıxa İsa ilə qalxan mənəm.
Nahəqqin şəmşirinə qalxan mənəm.
Məni
görmək istəyərsən Qafa gəl,
Bisutunu Fərhadın şövqilə dəl.
Leyla ol,
divanə et məcnunları.
Nöqtədir həqq, mən də onun pərgarı.
Ölməzəm
mən, cavidanam, cavidan,
Ölsə də cism, ruh getməz dünyadan.
Gər,
sınarsam daş əlilə güzgü var,
Hər tikəmdən bir yeni güzgü doğar.
Zahid:
-
Dünyada bircə odur ki, ölməyir,
Ağlamayır, sızlamayır, gülməyir.
Doğmayıb
o, doğmayır heç kimsəni,
Həqq
deyilsən,
çün doğur güzgü səni.
Şah:
- Bir
zamanda, bir qazanda, ey naşı,
Qaynamaz biz tək iki qoçun başı.
Tövbə
et, ya öl ki, bitsin bu əzab,
Olginan rəflərdə bir qəmli kitab.
Nəsimi:
- Həqq
doğuldu bu cahanda eşq ilən,
Tövbə etməm, tövbə etməm eşqdən.
Onsuz hər
kəs öləcək bu dünyada,
İndi, ya da bir neçə ildən sora.
Azad
ölmək, aşiq ölməkdir deyə,
Layiq olmur hər kəs azad ölməyə.
Cəllada
de, parçalasın cismimi,
Doğrasın cismimdəki ol tilsimi.
Hissə-hissə,
damla-damla, çox, ya az,
Pay
aparsın məndən hər aşiq bir az.
Surəti
cananda "la"yam, "illa"yam,
Mən cəhalət zülmətində bir Ayam.
Dərimi
soy, üstünə çəksin cahan,
Qolumu kəs, əlin üzsün dünyadan.
Canımım əli canın əlindədir.
Cismim, amma dünyanın əlindədir.
Kəs
qıçımı, bilsin aşiqlər bunu,
Qalmaq ilə olmaz eşqin oyunu.
Məqsədin
yoldur, ey aşiq, durma get,
Məscidü
meyxanələr uydurma, get.
Sonra
yandır ver nəsimə külümü,
Torpağa tapşırmaginan ölümü.
Çünki mən canam, məzarı neylərəm?
Mən özüm yaram, nigarı neylərəm?
Qoy Nəsimi
eşqini yaysın nəsim,
Bikəsəm, qoy hər nə var olsun kəsim.
Buğda əksən
torpağa buğda verər,
Nəsimə əksən, sənə dünya verər.
Şah Nəsimiyə
deyir:
- Son vəsiyyət,
son sözünü dinlədim,
Amma, ancaq məqsədini bilmədim.
Kim verər
öz qətlinə fərman, axı,
Eyləməz öz dərdinə dərman, axı?
Sonra da
mirzəyə deyir:
- Hökm
verdim, yazgınan, bi-bişü kəm,
Ki, Nəsimi
edam olsun sübhdən.
Zahid
şaha deyir:
- Bəs
müridlər?
Şah:
- Onların
da növbəsi əlbət gələr,
Danə
meyvə olmayınca kim dərər?
Zahid:
- Damdan
ataq, yoxsa ki, dara çəkək?
Söylə,
şahım, de, necə edam edək?
Şah
deyir:
- Çəksin
üç gün edamı, birinci gün,
Dərisin soysun de ki, cəllad onun.
Zahid
başı ilə mirzəyə işarə edir ki, yazsın:
- Dərisin
soysun de, cəllad...
Sonra da
şaha deyir:
- Bəs
ikinci?
Şah:
- Kafirin
bir-bir çəkilsin dırnağı,
Sonra da kəsilsin əli-ayağı.
Zahid mirzəyə:
- Sonra da
kəsilsin əli, ayağı
Sonra da
şaha deyir:
- Bəs
üçüncü?
Şah:
-
Yandırın bu kafiri,
üçüncü gün,
Sonra da tüm ölkəyə səpin külün.
Zahid mirzəyə:
-
Yandırın bu kafiri...
Şah:
- Qoy
şaha qarşı çıxan,
Zahid mirzəyə:
- Allaha
qarşı çıxan,
Şah:
- Varsa əgər,
Dərs alsın, varsa əqli müxtəsər.
Sayman Aruz
Ədəbiyyat qəzeti.- 2019.- 20
aprel.- S.12-13.