Bir ocağın iki qatı -
üstü küldür, altı köz.
Bir xurcunun iki tayı -
bir gözündə buğda,
bir gözündə söz...
Hələb handa, Şirvan handa
Şamaxının yaxınlığında
"Şaxəndan" adlı bir məzarıstan
var.
Baş ucundan keçib-gedir
əsrlərin ilgəhindən
çıxan yollar...
Seyid Əli Nəsiminin qardaşı
uyuyur burada.
Hər dəfə ziyarətə
gələndə
elə bilirsən ki, qəbir
yola sarı yaxınlaşıb bir az.
Gözləri səyriyir -
narın-narın
misqal-misqal yola çıxan bu məzarın...
Bir qardaşının ruhu Hələbdə,
o biri qardaşının ruhu Şirvanda...
Hələb handa,
Şirvan
handa!..
Bu ruhların səslənti dolu sükutu
Göyərçin qiyafəsində
dolanır
rüzgarların ahəngində.
Hər səhər ala-toranda
yaddaşçiçəyi rəngində
Bir-birilə baxışan ruhların
bilincində boy göstərir
ata yurdu:
- Şamaxı...
"Dünya duracaq yer deyil, ey
dil,
səfər eylə"
-
deyərək şair
bu dünyadan
üzünü döndərirdi,
Uca göylər etgilənir
iki qardaşın ruhuna
öz dərgahından
urvalıq göndərirdi...
Bürkülü günlər gəlir...
Gölməçələrdə, nohurlarda
qalan
nəfəssiz, təpərsiz
sular,
üstünüzdə qanad çalan
sərçələr də bilir
getdikcə
huşunuz - yaddaşınız
itir...
Xəfə gecələrin hənirtisində
əsirsiniz tir-tir.
Yanınıza gəlməsə də
bir bəni-insan
ətrafınızda dingildəşən
düyələr, cöngələr
sizi
yerlə-yeksan edəcəklər.
Sonra da qoşulub gedəcəklər -
Yarpızlı dərələrin havasına!
Söz tutmayır diliniz,
Qırımınız kilidli...
sakit, səssiz susursunuz...
Uzaqlardakı dağ çayının
harayı
batırıb soraqlarınızı.
Həm də yetişdirdiyiniz
çömçəquyruqların hıçqırığı
tutub qulaqlarınızı.
Gəlir,
bürkülü günlər
gəlir -
Ofsanaya düşmədi
bir damcınız belə.
Ümid
olduğunuz buludlar da
Uzaqlardadır, uzaqlarda -
Qayıtmaq fikirləri yoxdur hələ.
Öz yerindən ayrılan
torpaq
Yerindən, yurdundan ayrılan
dibçəkli torpaq,
asılmısan bir evin yeddinci qatının
pəncərəsindən...
Guya azad olmusan yerdəkilərin
səs-küyündən, tələsindən.
Qoşulmusan bir dibçəyə,
O da sənə bənd olub.
Xoşbəxt sayırsınız özünüzü.
Yuxarıdan yerə baxmaq ləzzəti
tutub sizin gözünüzü!
Bilmirsən ancaq yetəcək
O gülün də öz xəzan çağı.
Elə qucağındaca
quruyacaq -
onun ardınca səni də
tullayacaqlar üzüaşağı.
Bu dünyanın
iki üzü
Bir xurcunun iki tayı
-
bir gözündə
buğda,
bir gözündə
söz...
Bir ocağın iki qatı -
üstü küldür,
altı köz.
Bir çayın iki sahili -
birinə yaxınıq,
birinə uzaq.
Evinə
qonaq gələn kasıbın
bir üzü qaradır,
bir üzü ağ.
Gerçəkliyin iki tərəfi
-
gah şövqi,
gah kölgəsi gəzir
insanların arasında
-
yarasında!
Atasız
uşağın toyunda
Anasının bir gözü ağlayar,
bir gözü gülər.
Şəhidlərin dul qarıyan
qadınlarının iki surəti -
bir üzü qızdır,
bir üzü gəlin.
Qanunların da iki qaydası varmış -
biri hakimiyyətin,
biri camaatın, elin.
Sacayağı
Uşaqlıq çağı,
Ana qucağı,
Ata ocağı…
Bu üçbucağın-sacayağının
içində əsl
yetkinlik bişir
ömür yetişir.
Qorxu
Dəmir
yollarının üstüylə
qatarlar keçir,
gecə-gündüz.
sürətlə, dümdüz.
Qoşa
relslərin arasında
qalan yerlərdə
Qışda belə güllər
açır, otlar böyüyür -
Çünki dəmir təkərlərlə
polad relslərin
sürtgüsündən yaranan istilik
daim yayılır
orada bitən otlara, çiçəklərə
çilik-çilik, tel-tel
-
Sanki Günəş qılığıdır,
ilıq yaz urvatıdır elə bil...
Qoşa
xətdən bir az kənarda isə
soyuqdur, qışdır.
əsər-əlamət belə
yoxdur yaşıllıqdan
-
qarın üstü
naxış-naxışdır.
Qatarların ətkəsən əyləc
səsi,
Dolu, ağır vaqonların vahiməsi
Diksindirməyir bu yaşıllığı,
qorxutmayır çiçəkləri!
Qatarların sürətindən
çıxan qığılcımlar
qamaşdırmayır güllərin
şehli gözlərini.
Əlçim, kövrək otlar
turşutmayır üzlərini
-
hisdən, pasdan, taqhataqdan...
Qığılcımların, səs-küyün
istisində,
böyüyür otlar, çöl çiçəkləri
qış aylarında
belə
uzun illərdən bəri -
Qorxusuz
- hürküsüz...
Sonra deməyin ki:
Qorxusuz isti yer varmı
təhlükəsiz bəlli
inkişaf hanı?!
Qorxu gözükölgəli edir
ancaq -
Düşüncəni,
İnsanı!!
Düyməli bıçaq
Onun xisləti, nəfsi
qatlama bıçaq kimidir.
Açılır, kəsir-tökür, qan axıdır.
Hələ qabağını alan yoxdur axı.
Sonra qatlanır,
girir, uzanır öz içinə.
Yatır
rahatca -
Heç nə deyil vecinə.
Gizlənir bir cibin isti yerində,
arın-arxayın...
Sanır
ki, bilən yoxdur
kimdir onun yiyəsi.
Düyməsi basılır -
Dik atılır, çıxır
iti tiyəsi
durur üzə.
Deyir:
"Mən, Mənəm!"
Hələ ki ona deyən yoxdur
"Sən", "Sən"
deyilsən!
Sən bir düymənin əlindəsən,
Böhtançının dilindəsən.
Xırda,
ofxarlı bir düymə
qaldırır, yatırır
onu,
sonra da gizlədir
batırır onu.
Deyən
olacaqmı görən
Bıçaqsan, dik dur həmişə -
üzündə düzlük,
vüqar!
Öz işini
gör açıq-aşkar.
Danışma ağzıyelli adamların
diliylə.
Bıçaq da qatlanarmı,
bir düymənin əliylə?!
Tamah ovçusu
Küləklər dənizlərdən
dərin-dərin nəhrlərdən
əl çəkmirlər
-
nə axşam, nə səhər.
Baş vurub sərasər
qarışdırırlar aranı.
Gah arana çatdırırlar
dağı,
gah dağa aparırlar aranı.
İçənəkləri də dəniz, nəhr suyu deyil ki
Deyəsən, yazıqlar susuzdur, təşnədir.
Yedikləri də heç nədir!..
Cidardan çıxmış köhlənlər
kimi
düşüblər dənizlərin,
nəhrlərin canına
-
ac, susuz.
Yaxşı körükçülərdi,
ara qarışdırmaq
çoxdan keçib
onların iliyinə, qanına.
Tamah ovçusu kimi
Balaca, günahsız balıqları
tullayırlar sahilə.
Yosunları sürüyüb atırlar
qumların üstünə.
Balıqlardan fərqli
sahildə çapalamayır
yosunlar -
kirimişcə uzanıb
yatırlar.
Nə düşüb bu küləklərə
görəsən, nə?!
Niyə
bu kövrək, sakit
suları bulandırırlar,
Balıqçıları iş-gücündən yayındırırlar?!
Sonra da deyirlər ki:
ağa qara qatmırıq -
gəzə-gəzə
əsə-əsə
biz hər şeyi görürük,
Ara qatmırıq,
balıqlar sularda boğulmasın deyə -
onlara təzə hava,
təzə nəfəs
veririk...
***
Dəvə kini
O kimdi -
ins-cins gözə dəyməyən
uzaqlardan gəlir...
Karvan içindədir amma...
yenə tənha, tək...
Qum fırtınasından keçərək
gədikləri aşa-aşa
səhra gəmisi
kimi
yolları gövşəyə-gövşəyə
gəlir...
ləngər vura-vura,
löhrəm yerişi
ilə
hürgüclərini yeyə-yeyə
gəlir...
Aclığı, susuzluğu almır
eyninə -
Üzünə, gözünə, ayaqlarına
deyil
Bir xal düşüb ürəyinə.
Yox, nə karvandaşları incidib,
nə sahibi döyüb onu.
Ürəyinə düşən o xal
nədən düşüb,
hansı dərddən?!
Dəvətikanlı, yovşanlı
Uzaq bir səhrada öz doğma balasını
qoyub gəlib -
elə bilir elə oradaca ölüb gəlib!..
O zamandan sərgərdandır,
dünyası başına
dardır!
Hayıfını çıxacaq o adamı
döş zindanı
ilə
Basıb
əzməyəcək -
Tüpürməyə gedir o kəsin gözlərinə.
Soruşma ki, niyə, nədən -
O adamın ki...
Köşəyindən ayırıb onu,
köşəyindən!..
Tahir Taisoğlu
Ədəbiyyat qəzeti.- 2019.-
20 aprel.- S.11.