Hər şey kasıb olduğumuza görədir
Hekayə
Çox
pis yaşayırıq, bundan betəri ola
bilməz. Keçən həftə Xasinta xala
öldü, şənbə günü isə - onu dəfn edəndən
sonra hələ özümüzə gələ bilməmişdik
- yağış başladı. Leysan
yağış. Atam saçını
yolurdu, çünki bütün arpamızı dal həyətdə
qurumağa sərmişdik. Leysan qəfil
başladı, arpanı yığışdıra bilmədik,
bircə dən də götürə bilmədik. Gücümüz ancaq talvarın altına girib,
göydən tökülən soyuq suyun bütün arpanı
necə məhv elədiyinə baxmağa çatdı.
Üstəlik, dünən bacım Taçanın on iki
yaşı tamam oldu, atam ona inək bağışladı,
sonra bizə dedilər ki, atamın bacıma
bağışladığı inəyi sel aparıb.
Çayın suyu üç gün bundan qabaq,
alatoranlıqdan artmağa başlamışdı. Mən evdə
yatmışdım, birdən uğultuya oyandım, əvvəl-əvvəl
elə bildim dam üstümə uçur, adyalımı da
qucaqlayıb bayıra qaçdım. Sonra
başa düşdüm ki, bu, çayın səsiymiş, təzədən
uzanıb yatdım.
Səhər duranda qara buludlar göy üzünü
tutmuşdu, deyəsən, bütün gecəni
yağmışdı. Çay isə dünənkindən də
bərk uğuldayırdı. Səs elə bil evin
içindən gəlirdi, suyun çürük ot iyinə oxşayan iyi də ətrafa
yayılmışdı.
Küçəyə çıxanda, çayın məcrasından
çıxdığını, əsas küçəni
basdığını gördüm. Su artıq Çəllək
xalanın - ləqəbi belə idi, ona Çəllək
deyirdilər - qapısına çatmışdı,
yavaş-yavaş həyətə dolurdu. Çəllək
xala isə suyu şappıldada-şappıldada həyətdə
vurnuxurdu. Toyuqları hindən
çıxarırdı ki, qaçıb hardasa gizlənə
bilsinlər, suda boğulmasınlar.
Xasinta xalanın evinə tərəf baxdım, onun həyətində
böyük tamarind ağacı vardı, amma ağacı
görmədim. Çox güman sel ağacı
kökündən çıxarıb aparmışdı.
O, bütün kənddəki yeganə tamarind ağacı idi.
Adamlar deyirdilər ki, əgər suyun o ağaca
gücü çatıbsa, demək, çoxdandır bu tərəflərdə
belə sel olmamışdı.
Gündüz bacımla yenə selə baxmağa getdik. Hər yer su idi! Quru yer görünmürdü. Su
qara rəngə çalırdı. Əvvəllər
körpü olan yerdə indi sel ləpələnirdi, heç
körpünün yerini də tapmaq mümkün deyildi. Dayanıb baxırdıq. Bilmirəm bir saat
baxdıq, yoxsa beş saat. Belə
şeyə bütün günü dayanıb baxmaq olar. Sonra aşağı düşdük görək
ki, nə danışırlar. Yoxsa
yuxarıdan başa düşmək olmurdu,
ağızların necə açılıb yumulduğunu
görürdük, amma suyun səsindən nə dediklərini
başa düşmürdük. Bura adamla
dolu idi. Dayanıb çaya
baxırdılar, dəyən ziyanı hesablayırdılar.
İnəyimizi sel apardığını da
burda öyrəndik. Atamın doğum
günündə bacıma verdiyi inəyi. Qəşəng
inək idi, bir qulağı ağ idi, bir
qulağı sarı, gözləri də çox gözəldi.
Görəsən, inək nə üçün
çayı keçmək istəmişdi? Bəyəm
görmürdü ki, çay əvvəlki çay deyil, suyu
çoxalıb, o biri sahilə keçmək olmaz? Axı inəyimiz ağıllı inək idi, yəqin,
yatan yerdə suya tuş gəlib, yoxsa batmazdı. Yatmağı xoşlayırdı. Çox olmuşdu ki, səhərlər onu
oyatmalı olmuşdum, haçan baxırdın gözlərini
bağlayıb yatırdı, oyatmasaydın axşamacan
durmazdı, canı çıxanacan yatardı. Axı inəklər çox vaxt yatanda ölür.
Çox güman elə dediyim kimi olub, yatıb. Yəqin, su
yanına çatanda oyanıb. Yəqin,
qorxub, evə qaçmaq istəyib, amma çayı keçə
bilməzdi ki. Suyu çoxalıb, həm də
soyuq su ayaqları qıc edir. Sel dəhşətlidir,
ramedilməzdir. Yəqin, movuldayıb
köməyə də çağırıb. İlahi, yazıq görəsən, necə
movuldayıb?!
İnəyin suda batmağını öz gözləriylə
görən əmidən soruşdum ki, inəyin yanında
buzov var idi, ya yox? Dedi ki, bəlkə də, vardı, amma fikir verməyib.
Deyir inək lap yanından keçib, əvvəl dalı üstə imiş, ayaqları
yuxarıda, sonra suda fırlanıb yoxa çıxıb, nə
ayaqları görünüb, nə də buynuzları, elə
bil heç burda yerli-dibli inək olmayıb. Çayda
selin kökündən çıxardığı ağaclar
üzürmüş, o əminin də başı onları
çıxarmağa qarışıbmış, deyir,
baxmağa vaxtım yox idi, nə bilim orda üzən buzov idi,
yoxsa ağac?
Buzovun necə
olduğunu öyrənə bilmədik, bəlkə də,
sağ qalıb, bəlkə də, inəklə bir yerdə
sel aparıb. Bəlkə, ikisi də sağ
çıxa bilib? İlahi, onlara yazığın gəlsin,
ikisini də xilas elə!
Ailəmizi dərd götürmüşdü, görəsən,
bundan sonra necə olacaq? Axı bacım Taçanın daha
heç nəyi qalmamışdı. Atam
inək pulunu yığana qədər çox işləmişdi,
özünü oda-közə vurmuşdu. İnəyi də
bacımın adına alıb
böyütmüşdü. İstəmirdi
Taça da böyük bacılarımız kimi pis yola
düşsün.
Atam deyirdi ki, böyük iki bacım kasıb
olduğumuza görə pis yola düşüb. Ata-anamıza
qulaq asmayıblar. Həmişə
sızıldayıb gəziblər, kasıb yaşamaq istəməyiblər.
Böyüyən kimi də ən tərbiyəsiz
oğlanlara qoşulmağa başlayıblar. Bacılarıma pis şeyləri o oğlanlar öyrədib.
Sonra fit səsi eşidən kimi bayıra qaçmağa
başlayıb bacılarım, əvvəl-əvvəl gecələr
gediblər, sonra gündüzlər də getməyə
başlayıblar. Guya çaydan su gətirməyə
gedirdilər. Bir dəfə də tövlədə
lüt görüblər onları, hərəsinin də
üstündə bir oğlan. Atam
onları evdən qovub. İkisini də.
Birdən yox. Əvvəlcə
bacardığı qədər səbr edib. Axırda səbr kasası daşıb, ikisini də
qovub evdən. Onlar Ayutluya gediblər, ya da
başqa harasa. Gəzəyən olub ikisi də.
Atam buna görə yanır - Taçaya görə
qorxur, istəmir o da bacılarımız kimi olsun. Amma onun inəyini də sel apardı. Bəs indi necə olacaq? Axı
Taça tezliklə lap böyüyəcək. Heç nəyi olmasa çətin ki, onun
üçün yaxşı ər tapılsın. İnəyi sağ qalsaydı - bu başqa məsələ.
Onda elçi əlindən tərpənmək
olmazdı. Elə qəşəng inək idi ki! Hansı axmaq o inəkdən keçər?
Tək ümidimiz buzova idi, kaş o sağ qalaydı. Birdən o da
inəyin dalınca suya giribsə? Tanrı özü
qorusun! Əgər buzov da batıbsa, onda
heç nə - Taça da gəzəyən olacaqdı.
Anam isə bunu heç istəmirdi.
Anam deyirdi ki, bilmir hansı günahlarına görə
Tanrı onu belə cəzalandırıb, qızları pis
yola düşüb. Axı onların nəslində, ulu nənəsindən
üzü bu yana bütün qadınlar
düzgün adam olub. Hamısı Tanrı
xofuyla böyüyüb, sözəbaxan,
ağırbaşlı olub, ağızlarından bircə dənə
pis söz eşidən olmayıb. Hamısı
bir nəfər kimi. Amma bunlar... Necə
oldu onlar pis yola düşdü? Anam doğulandan bu yana elədiyi hər şeyi yadına
salırdı, amma bircə dənə pis hərəkətini
də xatırlaya bilmirdi. İşə bax, dalbadal iki
qızın olsun, ikisi də belə... Yox, anam
heç bir pis hərəkət etməyib.
Amma anam,
hər dəfə bacılarım yadına düşəndə
ağlayıb deyirdi: "İlahi! Balalarımı islah elə!".
Atamsa deyirdi ki, daha heç nə onları xilas edə
bilməz. Taçanı xilas etmək lazımdır. Taça günbəgün yox, saatbasaat
böyüyür, döşləri də böyüməyə
başlayıb, gözünü yumub açacaqsan, görəcəksən
artıq gözəgəlimli qızdır. O da
bacıları kimi gözəl olacaq, indidən bilinir,
oğlanlar gözlərini ondan çəkməyəcək.
- Hə,
- atam deyirdi, - kim görsə
gözünü ondan çəkə bilmir. O da
bacıları kimi pis yola düşəcək. İndidən bilirəm.
Buna görə də atam özünə yer tapa bilmirdi.
Taça səhərdən ağlayıb gəzirdi. İnəyinin
öldüyünü dəqiq bilirdi, sel inəyimizi
aparmışdı. Taça çəhrayı
paltarda yanımda dayanmışdı, çaya baxıb
ağlayırdı. Göz yaşları
aşağı axdıqca yanaqlarındakı toz içində
şırımlar açırdı, elə bil
Taçanın içindən bulaq qaynayır, gözlərindən
çay kimi süzülürdü.
Onu sakitləşdirmək istədim, qucaqlayıb
öpdüm, o isə daha da bərk ağladı. İçindəki
bulaq isə dayanmadan qaynayırdı, Taça ağladıqca
bədəni titrəyirdi, balaca döşləri
paltarının altında atılıb-düşürdü.
Onlara baxdıqca artıq böyüdüklərini,
Taçanın fəlakətinin başladığını
təsəvvür edirdim.
Xuan Rulfo
Tərcümə etdi: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti.- 2019.- 20
aprel.- S.6.