Sirlərin sərgüzəşti
Romandan parçalar
əvvəli ötən sayımızda
"Payız" fəsli
Biriminci sirr
Uzaq məmləkətin
bir kəndində Əhməd adlı bir kişi
yaşayırdı və o öz ailəsini dolandırmaq
üçün hər gün yaxınlıqdakı Ala
dağın ətəyinə gələn meşəyə
gedər, orada odun qırar, şəhərə aparıb
bazarda satardı. Sonra da ayın-oyundan alıb
evinə qayıdardı. Günü-güzəranı
bu minvalla ötüb-keçərdi. Arvadı
kənd əhlinin xəstəsinə baxar, dava-dərmanını
verər (hətta qonşu kəndlərdən əlac
üçün onun yanına gələnlər var idi), iyirmi
yaşına çatmış oğlu Məhəmməd
onun-bunun qoyun-quzusunu otarmaqla məşğul olardı.
Günlərin
bir günü Əhməd kişi yenə
sübh tezdən evdən çıxıb meşəyə getdi.
Amma bu dəfə getməyilə evə
qayıtmağı bir oldu. Arvadı evdə
tək idi. Əlindəki işini buraxıb gəldi ərinin
yanında oturdu və nəvazişlə sual sual dalınca
ondan soruşdu:
- Noldu, evə
tez qayıtdın, həyatım?! Niyə qəmlisən?!
Nə üçün kədərlisən?
Gözlərin niyə nəmdi? Başına bir işmi gəldi? Nə dərdin var, aç ürəyini, mənə
söylə, mənə söyləməsən, kimə
söyləyəcəksən?
Əhməd
kişi arvadına tanımadığı
bir adama baxan kimi baxıb ürəyində "eh" elədi,
istədi ki, əhvalının əsl səbəbini ondan gizlətsin:
- Bir
şeyim yoxdu. Yorğunam. Bir az dincəlim, sonra təzədən oduna gedəcəyəm.
Əhmədin bundan xəbəri yox, arvadı cadugər
idi. Onu aldatmaq mümkün deyildi. Zənni
həmişə ona doğru olanı deyirdi. Bu dəfə
də arvad baxıb gördü ki, kişisi ondan nə isə
gizlədir, o dəqiqə duyuq düşdü ki, ərinin
başına meşədə nə isə bir iş gəlibdi,
ona kimsə cadu edibdi. Bu səbəbdən
Əhmədin halı belə pərişandı. Arvad bu sirri öyrənmək istədi. Amma orası vardı ki, arvad Əhmədin
özündən bəzi şeyləri eşidib biləndən
ancaq sonra cadunu kimin etdiyini öyrənə bilərdi.
Ona görə də səsinin qılıq yerinə salıb
dübarə Əhməddən soruşdu:
- Əhməd, gözümün işığı,
başımın taxtı. Meşədə bu
gün kimi görmüsən, kiminlə danışmısan?
Əhməd
tərsliyinə salıb düz-əməlli bir cavab vermədi:
-
Heç kimi görməmişəm, bir kimsənə ilə
də danışmamışam.
- Mənə
yalan deyirsən?..
- Mən
yalan demirəm. Yox, mən yalan deyirəm...
Arvad artıq cadusunu işə salmışdı. Cadunun
gücü belə idi ki, Əhməd nə bilirdisə,
olduğu kimi ona danışacaqdı. Ancaq
həqiqəti öyrənəndən sonra (özü də
Əhmədin dilindən) Əhmədə kömək eləmək,
onu meşədəki cadudan təmizləmək mümkün
olardı.
Arvadının
təsiri ilə Əhməd tutuquşu kimi dil-dil ötməyə
başladı, hər nə vardısa, olduğu kimi
arvadına danışdı:
- Meşəyə
çatdığım idi ki, bir cökə
ağacını gözaltı eləyib baltanı torbadan
çıxardım və ucunu başladım itiləməyə.
Elə itiləyib qurtarmışdım ki,
"ya Allah" deyib ağacın kökünə baltanı
saplamaq üçün başımın üstünə
qaldırmağımı gördüm. Bu zaman həmən
cökə ağacı dərindən, bütün
qol-budağı ilə silkələnib canlandı və insan
kimi dil açıb mənə yalvarmağa başladı:
- Əhməd,
Əhməd, - dedi. - Gəl sən bu daşı ətəyindən
yerə tök, gəl sən mənə qıyma. Mən bir gənc, gözəl qızam, mənə
cadu edib bu hala salıblar. Gəl sən mənə
rəhm elə. Əvəzində mən də sənə
tükənməz sevgi, bir dünyalıq məhəbbət
verərəm. Dünya malından səni qane edərəm.
Canımda qanım dondu. Ayağımın
altından yer qaçdı. Az qala səndələyib
düz ağacım altına yıxılacaqdım. Balta əlimdən yerə düşdü.
Ağac yenə insan kimi danışmağa başladı:
-
Görürəm, mənə inanmırsan... İstirsən,
bir anlıq sənin gözünə əsl qiyafətimdə
görünüm ki, mənə inanasan. İstirsən?
Sən Allahın, "yox" demə.
Handan-hana
özümdə güc tapıb "istirəm" - dedim.
Cökə ağacı bir daha dərindən silkələnib
yarpaqları, budaqları bir-birinə qarışdı və
o, gözümün önündəcə qəfildən insan
cildini aldı, gözəl bir qıza çevrildi. Mən heyrətdən
durduğum yerdəcə donub qalmışdım. Qızın gözəlliyi məni həqqən
valeh eləmişdi. Bir xeylaq beləcə
sükut içində qız mənə, mən ona
baxdım. Əlbəttə ki, daha nəinki
onu, heç bir başqa ağacı da kəsə bilmədim
və kor-peşman evə qayıtdım. Qız
yenidən çevrilib cökə ağacına döndü və
mən o yerdən uzaqlaşdıqca yarpaqlarının
xışıltısı ilə arxamca mənə dualar
oxudu. Səsi özündən gözəl
idi, özü-səsindən. Başıma
gələnlər bunlardır.
Arvadı Əhmədi dinlədikdən sonra daha şəkk-şübhəsi
qalmadı ki, meşədə ona cadu ediblər. Əri bir
könüldən min könülə qız bildiyi həmən
cökə ağacına aşiq olub. Cadu
edən də həmən ağacın elə
özüdü ki var. Ərini bu cadudan qurtarmağın yeganə
yolu gedib o ağacı kəsməsi idi, özü də
Əhməd gərək ağacı öz istəyilə kəsəydi.
Amma arvad bunu ona necə deyəcəyini bilmirdi.
Ərinin bu işi görməsi
üçün gərək idi ki, ona öz sirrini
açıb özünün cadugər olduğunu deyəydi.
Bunu isə arvad istəmirdi. Ərindən
çox oğlundan qorxurdu. Qorxurdu ki, bu
ikisi birləşib onu evdən qovarlar. Arvadın
cadusu oğluna təsir etmək gücündə deyildi.
Bunun üçün də o, xüsusilə,
oğlu Məhəmməddən ehtiyat edirdi. Çünki onu çox istirdi. Hətta
nə zamansa cadugərliyini ona buraxmağı
düşünürdü. "Adamlara
xeyri dəyər, dərdi olanı, xəstəliyi olanı
sağaldar" düşünürdü. Arvadı
Əhmədə dedi:
- Dur,
yerini salım, yat, daha bu gün heç hara getmə. Mən axşama yemək hazırlığı
görərəm.
Əhməd könlü istəməyə-istəməyə
durub içəri otağa keçdi, alabəzək
yorğan-döşəyə girib gözlərini yumdu. Elə o dəqiqə
meşədə cökə ağacına çevrilmiş
gözəl qız gözləri önündə yenidən
canlandı. Əhməd bu qıza
baxdıqca onun hüsnü-camalından doymurdu, qızın
şabalıd rəngli saçı, qıpqırmızı
yanaqları, qapqara gözləri elə bil, ona "hardasan, gəl,
gəl yanıma, mən ki səni sevdim, məni buraxma, məni
burda tək-tənha qoyma, gəl, gəl..." deyirdi.
Əhməd ha istəyirdi yataqdan qalxa, durub gedə meşədə
o ağacı tapa, onun sıx budaqları arasında itə, elə
itə ki, heç kim gəlib daha onu tapa
bilməyə, amma bacarmırdı, çünki yerindən
qalxmaq istədikcə Əhmədin anlamadığı bir
qüvvə onu təzədən döşəyə pərçim
edirdi. Bu qüvvə Əhmədin
arvadının cadusu idi.
Hacı Mir Həsən ağa Səyyah bura qədər
dayanmadan yazdıqdan sonra nəfəsini dərdi. Əhmədin
hekayəsi bir qəmli və sirli hekayə idi. Bu hekayənin sirri onda idi ki, sənin sirr kimi bildiyin
bir şey, əslində, sirrilikdən
çıxmışdı. Artıq bunu
onun arvadı bilirdi. Əvvəlcə
Əhməd başına gələnləri arvadına
danışmağı ağlına belə gətirmirdi.
Onu danışdıran arvadının cadusu
olmuşdu. Və Əhməd elə
güman edirdi ki, onun sirrini, yəni meşədə bir
qollu-budaqlı cökə ağacına vurulmağını
ondan başqa bir kimsənə bilmir.
Amma bir
sirr ki, üçümüncü adam onu
bildi, deməli, faş olma ehtimalı hər an artır. Deməli, sirr heç əvvəldən sirr kimi
yaranmayıb. O, sirr deyil, o, bir müəmmadır. Sirlə müəmma arasında fərqi isə
Əhməd ha fikirləşdi, öz isti və qalın
yorğan-döşəyində o tərəf, bu tərəfə
çevrilə-çevrilə ha götür-qoy elədi, tapa
bilmədi. Fərqin olduğunu isə Əhməd
bütün qəlbi ilə hiss edirdi.
Beləliklə, günlər keçir, Əhməd hər
gün, hər saat, hər dəqiqə meşədəki
qızın (cökə ağacının) həsrətilə
yanıb-qovrulur, yataqdan qalxmır (qalxa bilmir) və gündən-günə
rəngi-rufu solur, bayırda tüğyan edən payız
küləkləri kimi get-gedə daha bədbin və kədərli
olurdu. Hər
səhər Əhmədin bu halını qəmli-qəmli
seyr edən oğlu Məhəmmədin bir gün ürəyi
daha dözmədi və o, atasına belə dedi:
- Ey mənim
mehriban və əziz atam, gözümün
işığı. Bir müddətdir ki, sən
gözümüzün önündə damla-damla əriyib
gedirsən. Dərdin nədir? Əlacın nədir? Bəlkə
sənin dərmanın uzaq-uzaq ölkələrdədi,
söylə mənə, ayağıma dəmirdən
çarıq geyərəm, əlimə dəmirdən
çomaq alaram, mən sənin dərmanını gedib yerin
deşiyindən olsa da tapıb gətirrəm.
Əhməd uzandığı yerdə susqun halda
gözlərini tavana dikib qalmışdı. Bu sözləri
eşidib onun gözləri yaşlandı.
Məhəmmədin
cadugər anasının ürəyi dözmədi,
üzünü oğluna tutub o da belə dedi:
- Ey əziz
oğlumuz Məhəmməd. Atanın dərdi varsa, dərmanı
da var. Bu dərman uzaqda deyil. Dərman Ala
Dağın ətəyindəki meşədədi. Atanı meşədə bitən bir cökə
ağacı bu hala salıbdı. Dərd də
odu, dərman da odu.
- Bu necə
ola bilər? - Məhəmməd
soruşdu.
- O
meşədə bitən cökə ağacı atana sehr
edib, gözünə qız cildində görüküb və
özünü ona sevdirib. Sənin atan o
ağaca bir könüldən min könülə aşiq
olub.
Məhəmməd təəccüb dolu baxışla
atasına baxır, atası məlul-məlul Məhəmmədə
baxır. Məhəmməd
anasından soruşur:
- Bə sən
bunu hardan və necə bilibsən?
Anası anlayır ki, daha sirri açıb söyləmək
zamanı gəlibdi. Odur ki, ürəyində qan
ağlaya-ağlaya oğluna belə deyir. Amma elə deyir
ki, Əhməd onları eşitsə də başa
düşməsin:
-
Oğul, Məhəmməd. Mən özüm də bir cadugərəm
və bu sənət mənə anamdan yadigar qalıbdı. Odur ki, atanın başına nə gəldiyini, necə
gəldiyini gözəl bilirəm.
Təəccübdən Məhəmmədin gözləri
dörd olur. Nitqi quruyur. Anası davam edir:
- Bəli,
oğul, heç təəccüb etmə. Mən,
həqiqətən, bir cadugərəm. Atanı
mən də vaxtilə caduya salıb özümü ona
sevdirmişəm. Başqa əlacı qalmamışdı mənə
aşiq olmaqdan qeyri. Amma mən bir göyərçin
idim, bir bəni-adəm məni sevib halallığa qəbul edəndən
yalnız sonra mən birdəfəlik insana çevrilə bilərdim.
O bəni-adəm də bura qədər olanları unutmalı
idi. Amma əgər günlərin bir
günü halalımı itirsəm, o məndən üz
döndərsə, mən yenə də qayıdıb göyərçin
olacam. İndi ki, sən mənim sirrimi
bildin, qərar sənin qərarındı. Necə desən elə də qoy olsun.
Məhəmməd bir xeyli fikirləşdi. Nəhayət, qərarını
belə verdi. Anasına dedı:
- Mən
atamı sən deyən kimi o meşəyə aparacağam. Qoy həmən ağacı tapıb baltalasın.
Mənim yanımda ağac ehtiyat edib adam
cildinə girməz. Əgər girərsə, mən varam, o
var!
Elə haman gün vaxt itirmədən ata və bala
meşəyə yola düşdülər.
Həsən müəllim gözlərini açıb
bir müddət evdəki qulaqdeşən sükutu dinlədi. Nə onun
kabinetindən, nə də yan otaqlardan səs-küy gəlirdi.
Durub Nuh əyyamından qalma xətli
pijamasını geyindi, ürəyinə nə damdısa, əvvəlcə
arvadının yataq otağına keçdi. Burada gördü ki, bir cavan qadın arvadı Bəyimin
yerində uzanıb, özü də şirin yuxuya gedib.
Bu qadını o tanımadı. Amma axır vaxtlar hər gün gördüyü həmin
qadın olduğunun fərqinə vardı. O isə Həsən
müəllimin qızı Həlimə idi. Həsən
müəllim başını təəccüblə
bulayıb ("Bu qadının bu otaqda nə işi
var?!") kabinetə keçdi. Otaq onun
alışmadığı tör-töküntü (əsl
dağıntı) içərisində idi. Hansısa müharibə sonucunda məğlub
olmuş Tutuquşunun müqəvvası elə yazı
masasının üstündəcə böyrü üstə
yıxılıb qalmışdı, stulların yeri dəyişmişdi.
Yazı masasındakı dəftər,
kağız bir-birinə qarışmışdı. Dəcəl uşaqlar tərəfindən həyata
keçirilən "istilanın" bu otaq üçün
ağır nəticələri Həsən müəllimin
qanını əməlli-başlı qaraltdı.
O, ilk əvvəl
Tutuquşunun alabəzək müqəvvasını
götürüb yenə də öz yerinə - divardakı
kitab dolablarının arasına yerləşdirdi. Sonra otağı diqqətlə gözdən
keçirdi, yerdən yaşıl cildli sevimli kitabını
("Əsrlərin müqaviməti" adlı bu kitab, əslində,
bir nüsxədən ibarət əlyazma idi) əyilib
qaldırdı, təkrar yazı masasının üstünə
qoydu. Ən xoşagəlməz hal isə yazı
masasının üstündəki kağızlarla
bağlı idi - onlar bir-birinə qarışmışdı,
bəzisi yerdə idi, bəzilərindən isə dəcəl
uşaqlar uçan quş düzəltmişdilər, elə
bil, bu uçan quşlar (əslində, kağızlar)
hansısa uzaq-uzaq yerlərdən uçub gəlib bu otağa
düşmüşdülər. Hərəsi
bir tərəfə atılıb qalmışdı. Həsən müəllim dərindən bir
"ah" çəkdi, ürəyində otağı bu
günə qoyanların dalınca xeyli deyindi. "İndi mən
buraları necə səliqəyə salacağam? Aləm qarışıb bir-birinə. Bəyimin (arvadının) yatağında
yatmış qadından xahiş eləsəm, görəsən,
pis çıxmaz?! Belə də iş olar, mən
düşdüm?!".
Həsən müəllim bu fikirləri beynindən
keçirə-keçirə getdi durdu Tutuquşunun müqəvvasının
önündə və diqqətlə ona tamaşa eləməyə
başladı.
Elə bil, o, Tutuquşunun lal baxan gözlərinin
dibində nə isə axtarır, axtarır, (bəlkə
suallarına cavab axtarırdı?), tapa bilmirdi. Elə bil, gözlərilə onu yemək istəyirdi.
Baxıb-baxıb birdən Həsən müəllim
Tutuquşuna belə bir sual verdi:
- Bu
işin axırı necə oldu? Odunçu
tilsimdən çıxa bildi?
Müqəvva da, öz növbəsində, diqqətlə
Həsən müəllimə baxırdı. Müqəvva
susurdu. Həsən müəllim sualını təkrar
elədi:
- Bu
işin axırı oldu? Odunçu tilsimdən
çıxa bildi??
Həsən müəllim artıq cavab gözləmədiyindən
keçib öz yerinə getmək istədi. Qəflətən
müqəvva, elə bil, canlandı, tərpəndi, gözləri
parıldadı və o, Həsən müəllimin sözlərini
əsl Tutuquşu kimi yorulmadan təkrar eləməyə
başladı. Amma Həsən müəllim dediyi
cümlədəki intonasiyanı dəyişdi:
- Bu
işin axırı oldu... Oduncu
tilsimdən çıxa bildi... Bu işin axırı oldu...
Həsən müəllim rahatlıqla köksünü
ötürdü və ağır addımlarla kabinetdən
çıxıb (daha burda qalmağı lazım bilmədi)
öz yataq otağına geri döndü.
Tutuquşu susdu, amma gözlərindəki parıltı
hələ uzun müddət sönmədi.
***
Ata və bala meşəyə yaxınlaşdıqda
artıq qaranlıq ətrafı bürüməyə
başlamışdı.
- Ata, sən
o ağacı görsən, tanıyarsan, ya necə? - Məhəmməd
atasından soruşdu.
-
Tanıyacam, oğul, tanıyacam. - Əhməd
kişinin səsi, elə bil, quyunun dibindən gəldi.
Meşənin
içinə doğru bir-iki addım atmışdılar ki,
Əhməd kişi həmin cökə
ağacını gördü. Görən kimi
də tanıdı. Ağac bütün
budaqlarıyla, artıq saralmaqda olan yarpaqları ilə
(meşənin içində də çölündəki
kimi payız fəsli idi) qədd-qamətini dik tutub
durmuşdu. Cökə ağacı bildi ki, Əhməd kişi və oğlu onu kəsməyə gəliblər.
Sıx yarpaqları xışıltı saldı, şah
budaqları tərpəşdi və bu qədd-qamətli ağac
yenə də adam kimi danışmağa
başladı. Onun nə dediyini ancaq Əhməd kişi anladı, oğlu Məhəmməd
ağacın məşum xışıltısından
başqa bir şey eşitmədi. Ağac deyirdi:
- Axır
ki, gəldin, Əhməd. Bə niyə belə gec gəldin? Yolunu gözləməkdən yarpaqlarım
saraldı (əslində, yarpaqlar meşədəki başqa
ağaclardakı kimi payız gəldiyi üçün
saralmışdı). Gəldin ki, məni
kəsəsən, bilirəm. Nə
üçün gəldinsə, ləngimə, çıxar
baltanı. Mən bezdim ağac ömrü
yaşamaqdan. İşini gör, qurtar.
Mən bezdim səni gözləməkdən, səni
uzaqdan-uzağa seyr eləməkdən. Mən bezdim səni
sevməkdən (Əhmədin ürəyi şiddətlə
vurdu: sən demə, ağac da onu sevirmiş...). Amma sən bezməyəcəksən. Ömrün boyu əzabla, məşəqqətlə
məni anacaqsan. Mən sənin
zülmün olacağam. İki yolun var,
biləsən. Biriminci yol məni baltalayıb
sevgimizi məhv eləməyin yoludu. İkiminci yol isə...
Bu bir vüsal yoludur. Mənim
qollarımın (budaqlarımın) arasına girsən, biz əbədiyyən
səninlə bir yerdə olacağıq. Sevgi,
hüzn, rahatlıq dolu bir aləmdə ömrümüzü
başa vuracağıq. Mən sənə
ağac ömrü bəxş edəcəyəm. Sən də mənim qədər yaşayacaqsan.
Seç. Seçim sənindir.
Mən sənin üçün ölməyə
hazıram. Sən mənim
üçün yaşamağa hazırmısan?
Xışıltı səsi kəsildi. Əhməd kişi
artıq qarşısında bir ağac deyil, yenə öz
sevgilisi olan o gözəl qızı görməyə
başlamışdı. Qəflətən
Əhməd kişiyə bir həqiqət əyan oldu. Ona əyan oldu
ki, bütün ömrü boyu (əslində, əqli kəsəndən,
evlənəndən bu yana) o, bir cadu içində olub.
Əhməd kişi gözlərini bərk-bərk
yumdu, damarında qanı dondu. O, həyatında ilk dəfə
uzaq zamanda baş vermiş bir görüşü
xatırladı. Əhmədin
xatırladığı o görüş gözəl bir
göyərçinlə idi. O zaman hardansa uçub gəlmiş
o göyərçin də eynən bu ağac kimi sehrdən
çıxıb bir qıza dönmüşdü və ona nələr
vəd etməmişdi. Amma onunla evləndikdən sonra Əhməd
kişi hər şeyi unutmuşdu. Ailəsini
dolandırmaq, gününü, güzəranını
keçirmək üçün hər sabah
axşamadək çalışmalı olmasından (və
çalışmasından) başqa hər şeyi
unutmuşdu. İndi isə bu cökə
ağacı onu öz içinə səsləyir. Ona ölümsüzlük vəd edir. Əhməd
kişinin beynindən bu sözlər (əslində, arzu)
keçdi: "Bu ağacın içində məni gizlədəydilər,
gəlib axtarsa da heç kim daha tapa bilməyəydi...".
Məhəmməd göz yumub açmağa macal belə
tapmadı.
Bir də gördü ki, ağacın içindən gələn
işığın altında budaqlar aralanıb atasına yol
verdi və atası gedib girdi ağacın işıldaşan
budaqlarının arasına. Budaqlar yenidən birləşib
Əhməd kişini qucaqladılar və Əhməd kişi budaqların arxasında gözdən
itib yox oldu. Meşədəki digər
ağacların da heyrətli və məşum
xışıltısı ətrafı bürüdü.
Məhəmməd cökə
ağacının ətrafına dolana-dolana nə qədər
"Ata, ata! Sən axı hara qeyb oldun?
Xəbər versənə!"
qışqırdısa da, bir faydası olmadı.
Əhməd kişi həqqən qeyb
olmuşdu. Əslində, Əhməd kişi
qeyb olsa da, həm vardı, həm də yoxdu. Onun
üçün də ağaca balta vurmağa Məhəmməd
ürək eləmədi. Düşündü
ki, balta təkcə ağaca yox, atasına da zərər gətirər.
Atasını bu sayaq işıldayan cökə
ağacının içində itirəndən sonra
kor-peşman evə dönən Məhəmməd istədi
ki, bu sirri açmasını cadugər anasından rica etsin. Ancaq nə qədər
axtardısa anasını heç yerdə görmədi.
Hardansa evlərində peyda olub sağa-sola səkə-səkə
yeriyən bir göyərçindən başqa, evdə daha
heç bir canlı yox idi.
Bu sirli vaqeə buradaca bitir.
Risalə beləliklə, bu cür başladı və Səyyahın
yazdığı kimi, davamı bizi hələ
çox-çox daha qədim dövrlərə aparıb
çıxaracaqdı.
Davamı
gələn sayımızda
Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2019.- 27 aprel.-
S.16-17.