Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Cəfər
Cabbarlının "Almaz" pyesi əsasında çəkilmiş
eyniadlı filmi təqdim edirik
Əsərin
süjeti: Hadisələr ucqar kənddə baş verir. Gənc Almaz burada məktəbdə müəllimə
işləyir. İlk səhnədə kənd
sakini Yaxşı ona hamilə olduğunu deyir və bu sirri
saxlamağını xahiş eləyir. Çünki
Yaxşının əri qardaşı arvadının qətlində
günahkar bilinərək il yarımdır
ki, həbs olunub. Uşağın ərindən
olmadığını bilsə, o, qaynı tərəfindən
qətlə yetirilə bilər.
Qonşu kənddə müəllim işləyən
Camal Almazı burdan getmək üçün dilə tutur. O, həm də Almazın
nişanlısı Fuadın dostudur. Çünki
kənddə qalıb işləmək üçün heç
bir perspektiv görmür. Almaz isə vətəndaşlıq
borcunu əsas gətirərək, vəzifəsini sonadək
yerinə yetirməyə üstünlük verir.
Almaz təkcə şagirdlərə dərs
demir, eyni zamanda qadın haqlarının müdafiəçisi
rolunda çıxış edir, onların asılı
olmaması və müstəqil şəkildə qazanc əldə
etməsi üçün məscidin toxuculuq artelinə (adamların müştərək
iş fəaliyyəti) çevrilməsi təşəbbüsünü
irəli sürür. Onun təşəbbüsü ilə
qadınlar üçün yun birliyi təşkil olunur, iş yerləri açılır. Amma kəndin köhnəfikirli, mühafizəkar
adamları İbad, Hacı Əhməd və başqaları
buna qarşı gedərək Almazı gözdən
salmağa çalışır, onu qadınları,
uşaqları əxlaqsız yola çəkməkdə təqsirləndirirlər.
Məktəbin direktoru Mirzə Səməndər
də Almazı dəstəkləmir, vəzifəsini dərs
deməklə bitmiş sayır, digər problemlər isə
onu qayğılandırmır.
Almaza gözü düşən kənd
şurasının katibi Şərifin onu tovlamaq cəhdləri
uğursuz olur.
Bir müddət sonra Yaxşının
uşağı doğulur. O, körpəsini Almaza verməyə
məcbur olur. Kənd arasında
uşağın Almazla komsomolçu Baratın olması xəbəri
yayılır. Finalda kənd camaatı və
dövlətin göndərdiyi komissiyanın iştirakı ilə
geniş iclas keçirilir. Almaz guya
uşaqları əxlaqsızlığa çəkməsilə
bağlı sorğulanır, nəticədə onun
günahsızlığı üzə çıxır.
Belə olanda Hacı Əhmədin dəstəsi
"uşağın atası kimdir" sualını ortaya
atır. Cavab almayan kənd camaatı onun
güllələnməsini tələb edir. Hadisələrin
gərginləşdiyini görən Yaxşı, Molla
Sübhanın onu məsciddə zorladığını və
uşağın onun olduğunu deyir...
1920-30-cu illər Azərbaycan ədəbiyyatında Cəfər
Cabbarlı qədər müxtəlif qadın obrazları
yaradan, qadın talelərini, düşüncəsini əsərlərinin
mərkəzinə gətirən və ümumiyyətlə,
qadın mövzusunu aktuallaşdıran ikinci bir
yazıçı tapmaq çətindir. Azərbaycan
kinosunun ilk dövrü Cabbarlının adıyla sıx
bağlı olsa da, onun əsərləri
ekranlaşdırılsa da, kinomuzun sonrakı inkişaf dönəmində
dramaturqun yaradıcılığı arxa plana keçdi.
Halbuki, istər pyesləri, istər hekayələri
maraqlı interpretasiyalar üçün münbit
materialdır. İşin istehzalı tərəfi
odur ki, elə haqqında danışacağımız
"Almaz" və digər pyeslərində, hekayələrində
kişimərkəzçilyi tənqid edən dramaturqun öz
əsərləri zaman keçdikcə, kinoda qadın
diskursunu gözardı edən rejissorlar tərəfindən
önəmsənilmədi. Halbuki, "Almaz" pyesini
bir daha oxuyandan sonra əmin oldum ki, qadına münasibətdə
keçən əsrlə müqayisədə indi də
çox şey dəyişməyib...
Məlumat
üçün deyim ki, dövlət
başçısının
Cabbarlının anadan olmasının 120-ci
ildönümü ilə bağlı sərəncamından
sonra, İctimai Televiziya və Radio Yayımları Şirkəti
Mədəniyyət Nazirliyi ilə birgə ədibin
"Solğun çiçəklər" pyesinin serial
versiyasını çəkir...
Qayıdaq filmə. "Almaz" pyesini 1936-cı ildə Ağarza Quliyev Qriqori
Braginski ilə birgə ekranlaşdırıb. Əslində
isə filmə Cəfər Cabbarlı özü quruluş
verməliydi. O, özünün eyniadlı pyesi əsasında
ssenarini yazır, yaradıcı heyəti
formalaşdırır, aktyorları seçir, sınaq çəkilişləri
aparır, amma qəfil ölümü onun arzusunu yarıda
qoyur.
Ağarza
Quliyev xatirələrində deyir: "Yeni ilə bir gün qalmış
kinostudiyada Cəfər sonuncu dəfə aktyorların
sınaq çəkilişlərini apararkən ürəyində
bərk ağrılar başladı. Onu təcili
evə aparmalı olduq. 1934-cü il
dekabrın 31-də səhər saat altıda
qapımızın qəflətən
döyüldüyünü eşidib tələsik eşiyə
çıxdım. Qapının ağzında
Abbas Mirzə Şərifzadə dayanmışdı. O,
çox dalğın görünürdü. Abbas
Mirzə məni görən kimi kövrəlib ağladı və
çiynimə söykəndi.
- Sənə
nə olub, Abbas dadaş?
- Biz Cəfəri
itirdik...
Mən
özümü saxlaya bilməyib ağladım... Sonra
paltarımı geyinib Cəfərgilə yollandıq...
Cəfər Cabbarlının vəfatından sonra
"Almaz" filminin istehsalı yarımçıq
qalmadı. Mən, rejissor Braginski, operatorlardan Əjdər
İsmayılov və İvan Frolov böyük sənətkarımızın
başladığı işi davam etdirdik".
Titrlərdə filmin Cabbarlıya ithaf olunduğu
xüsusi qeyd edilir.
Film
yığcam işlənib, bir neçə
yardımçı süjet xətti, bəzi obrazlar ekran
versiyasında əks olunmayıb.
Misalçün,
Almazın anası Xanımnaz, daha sonra Camal,
Yaxşının qaynı İbad obrazları filmdə yoxdur.
Ekran versiyasında Yaxşı (Hökümə
Qurbanova) ərdə deyil, o, qardaşı Kərimlə (Xeyri
Əmirzadə) birlikdə yaşayır. Əgər
bədii mətndə onu Molla Sübhan zorlayırsa, filmdə
onu zorlayan kənd katibinin katibi Şərif (İsmayıl
Hidayətzadə) olur.
Pyesdə Almazın bir sıra məqamlarda tərəddüdləri,
məsələn, Yaxşının uşağını
öz himayəsinə götürməsi ilə bağlı
götür-qoy etməsi, çıxılmazlığı,
kənd sakinlərinin psixoloj hücumu
qarşısındakı müəyyən məqamlarda
çarəsizliyi təsvir olunub. Ekran versiyasında isə
əksinə, Almaz (İzzət Orucova) dediyimiz məqamlarda qətiyyətlidir,
heç bir tərəddüd hissi keçirmədən
uşağı himayəsinə alaraq hamının
qınağı qarşısında dayanmağı
bacarır.
"Almaz" vizual dərinliyi ilə diqqəti çəkir. Kənd məişəti,
onun gündəlik həyatının ritmi (xalça toxuyan,
yük daşıyan qadınlar, çöldə işləyən
kişilər), evlərdəki interyer detallı işlənib.
Kamera yalnız personajlara fokuslanmır, eyni
zamanda arxa fondakı təsvirlərə də aksent etməklə
kompozisiyanın bədii-estetik keyfiyyətini yüksəldir.
Bundan başqa, məscidin sex kimi işlədiləcəyi
xəbəri kəndə yayılanda, kənd əhlinin qəzəbli,
tərəddüdlü reaksiyaları qısa planlarda verilir və
nəticədə müxtəlif insan üzlərindən
maraqlı portret qalereyası yaranır. Müəlliflər
bu fənddən daha bir neçə epizodda istifadə ediblər.
Ən maraqlı epizodlardan biri məscidin
toxuculuq arteli kimi işlədilməsinə bir qrup
qadının etiraz etməsidir. Həmin
epizodda Almaza nifrətlə baxan qadın portretləri
situasiyanın gərginliyini ifadə etmək üçün
uğurlu vasitədr. Müəlliflər
bu dramatik hissəni, eyni zamanda yumorla işləyiblər.
Xüsusən, Fatmanisə rolunun
ifaçısı Panfiliya Tanailidinin koloritli oyunu öz
obrazını karikaturalaşdıraraq - məscidin
qapısında özünü sipər etməsi, Almaza
qarşı təxribatlarda təşəbbüskarlığı
filmin ən yaddaqalan epizodlarındandır.
Yaxud final səhnəsində, komissiyanın və kənd
əhlinin iştirakı ilə keçirilən iclasda Almaza
uşağın atasının kimliyi ilə bağlı
sualların ünvanlanması səhnəsi iti, qısa montajla
həll olunub və bu, nəqlin kulminasiyasının vizual ifadəsini
təmin edir.
Ara-sıra qaranlıq, dumanlı, dar küçələrin
ekspressiv təsviri ilə Azərbaycanın çətin,
ziddiyyətli, keçid dövrünü siyasi-ictimai
ovqatı ifadə olunur.
"Almaz", sadəcə, bir fərdin-qadının
dramı deyil təbii. O, özündə ümumən dövrü geniş əhatə
edərək sosial, ictimai, mental problemləri göstərir.
Filmdə sinfi mübarizə əsas motivlərdən biri olsa
da, "Almaz"
ümumilikdə ideoloji təbliğat təsiri
bağışlamır. Rejissorlar mümkün
qədər ideoloji pafosdan qaçmağa
çalışıblar, daha çox elə indi də
aktuallığını itirməyən qadın
haqlarını, düşüncələrdəki köhnəfikirliliyə
qarşı mübarizəni ön plana çəkiblər.
Aktyor ifalarının son dərəcə ifadəliyi nəticəsində
filmi titrlərsiz də anlamaq mümkündür.
Fatmanisə rolunun ifaçısı, ifası və
fakturası ilə seçilən Panfiliya Tanailidinin çox kədərli
taleyi olub. Milliyyətcə yunan
olan Tanailidi İrəvan xanlığında doğulub. Ailəsi bura Qarsdan gəlib və bir müddət
yaşayandan sonra Tiflisə köçüblər.
Tiflisdə teatrda
"Zəngəzurskaya" və "Sürəyya"
təxəllüsləri ilə çıxış edib. Ayrı-ayrı illərdə Bakıya gələrək
müxtəlif teatr tamaşalarında oynayıb. 1937-ci il
repressiyaları zamanı həbs olunub. Ona
işgəncələrin verildiyi istintaq uzun müddət davam
edib və aktrisanın güllələnməsi barədə
hökm çıxarılıb. Tanailidi
1938-ci ilin oktyabrında Bakıda güllələnib. Məzarı yoxdur.
Almaz rolunu "Sevil" filmində də çəkilmiş
İzzət Orucova ifa edib. 1934-cü ildə
İ.Orucova bu rola dəvət olunanda Elmi Tədqiqat
İnstitutunda yenicə fəaliyyətə
başlamışdı. İnstitutun
direktoru M.Kapelyuşnikov onun filmə çəkilməsinə
izn vermir. Moskvadan qayıdarkən qatarda təsadüfən
Cabbarlı Kapelyuşnikovla eyni kupeni bölüşürlər.
Cabbarlının söhbətləri Kapelyuşnikovu ram edir və
o, Orucovaya çəkilməyə icazə verir.
C.Cabbarlı Yaxşı roluna qardaşı qızı
Mələyi təsdiq eləmişdi. Əmisinin
ölümündən sonra o, roldan imtina edir. Nəticədə bu obrazı Hökümə
Qurbanova oynayır və Yaxşı onun kinoda ilk işi olur.
Natura çəkilişləri Şamaxının Dədəgünəş
kəndində baş tutub, məktəbin həyəti səhnəsi
kinostudiyanın həyətində, məscid səhnəsi isə
Maştağada çəkilib.
Cabbarlının vəfatından sonra onun ssenarisi ilə
bağlı kinostudiyada bəzi müzakirələr də
olur.
Rejissorlardan
biri Braginski "Almaz"ı səsli film kimi çəkməyin
tərəfdarı idi: "Biz əsl səsli ssenari
hazırlamalıyıq. Onu etmək asandır.
Ona görə ki, əlimizdə pyes və
ssenarinin səssiz variantı var. Quruluşun iki variantda - türk
və rus dillərində olması məni o qədər də
qorxutmur. Aktyorlarımız dili bilirlər.
İndiki halda aksentin qalmasında qorxulu heç
nə yoxdur. Danışıq isti və
inandırıcı alınır. Hər
halda "Almaz" səsli filmini bir ildən sonra ekrana
buraxacağıq".
Sonda elan edilir ki, "Almaz" filminin çəkilişləri
dayandırılsın və bütün işçiləri
ssenarinin səsli variantının hazırlanmasına yönəldilsin.
18 gün sonra yenidən iclas
çağırılır.
Braginski
işdən narazı olduğunu deyir: "Bəzi səhnələri
yenidən çəkmək istərdik. İşə başlamazdan
əvvəl hiss etmişdik ki, ssenari
ağırlaşdırılmışdır. Səhvimiz
ondadır ki, biz rejissorlar ssenariyə tənqidi
yanaşmadıq. Ssenaridə çoxlu mənfi, az müsbət obrazlar vardır. Heç
də bütün aktyorlardan razı deyiləm. Almazla işləmək çox çətindir,
lakin biz ondan razıyıq".
Studiyanın
əməkdaşlarından biri Dubrovski onunla
razılaşmır: "Qeyd etmək istəyirəm ki, film
çəkilən zaman ssenari haqqında belə
danışmaq yaxşı üsul deyil. Ssenari ikiqat qiymətlidir:
birincisi, ona görə ki, o, Cabbarlı tərəfindən
yazılmışdır. İkincisi, ona görə
ki, ssenari bizim tərəfimizdən lazımi qiymətini
almışdır. Bu ssenari filmin
uğuruna tamamilə təminat verir. Mənim
fikrimcə, ssenari uğurludur. O sizin işinizdə təməl
daşı olmalıdır. Ayrı-ayrı səhnələr
çox yaxşıdır.
Məsələ heç də onda deyil ki, ssenaridə dəyişikliklər
aparasınız, əsas məsələ odur ki, materialı
düzgün təqdim edəsiniz. Nəzərə almaq
lazımdır ki, yoldaş Braginski dramaturq kimi yoldaş
Cabbarlıdan zəifdir. Bu ssenari dramaturji cəhətdən
təməl daşıdır. Filmi də
məhz onun əsasında çəkmək lazımdır.
Bu ssenaridə əsas məsələ Almaz
obrazıdır. Heç bir şeylə əsaslanmayan
ssenarinin dəyişdirilməsi haqqında yox, obrazların
traktovkası, rejissor işi barədə danışmaq
lazımdır.
Almaz sovet həqiqətlərinin müsbət
başlanğıcının daşıyıcısıdır. Əgər o,
bütün film boyu həyatsevərliyini qoruyub saxlaya bilsə
- bu, ətək geymiş "Çapayev"dir. Ssenari
bütünlüklə Almazın mənfi qüvvələrə
qarşı mübarizəsi üzərində qurulmuşdur.
Əgər rejissorlar filmi çəkə bilmirlərsə,
bunu demək lazımdır. Ssenariyə münasibətinizə
yenidən baxmalısınız. Əgər rejissorlar
hiss edirlər ki, yaxşı film çəkə bilərlər,
qoy işləsinlər. Əgər bunu hiss etmirlər, qoy
desinlər. Ssenariyə xırda düzəlişlər
aparmaq lazımdır".
Nəticədə film səssiz çəkilir və
milli kinoda həm də son səssiz film kimi tarixə
düşür.
Yazıda kinoşünas Aydın Kazımzadənin
"Azərbaycan kinematoqrafçıları"
kitabındakı faktlardan istifadə edilib.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 27 aprel.- S.10-11.