Axşamüstü
Hekayə
Sağa
dönən kimi bazarın içində nəsə maraqlı bir hadisənin baş verdiyini hiss elədim. Çünki hamı başını
çevirib diqqətlə
eyni tərəfə baxırdı. Addımlarımı
yeyinlədib bir az qabağa
gəldim və həmişə filmlərdə
gördüyüm səhnə
bu dəfə gözlərimin önündəcə
canlanmağa başladı.
Bir tərəfi polisin biləyinə vurulmuş qandalın digər ucu, bazarda tez-tez
gördüyüm və
üzdən qiyabi tanıdığım bir
adamın biləyində
idi. Adam bütün baxışların
ona yönəldiyini bildiyi üçün özünü sındırmadan,
fəxarət hissi ilə, polislərin və taleyin onu apardığı tərəfə addımlayırdı.
Yan-yörədəki və arxadakı polislər də onları müşayiət
edirdi.
Hadisənin nədən ibarət
olduğunu kimdən soruşa bilərəm deyə, gözlərimi adamlara dikib diqqətlə baxanda bir nəfər ortayaşlı kişinin,
həbs olunan oğlanın arxasınca baxarkən dilinin ucunda nəsə dediyini və polislər getdikdən sonra üzünü çevirib yoluna davam etdiyini, bazarın içərilərinə
doğru irəlilədiyini
gördüm. Tez
özümü onun yanına verdim və addımlarımı
onun addımlarına uyğunlaşdıraraq yanınca
getməyə başladım:
- Bilmirsiz, nə məsələydi?
- Adə, heç nə, özünü bədbəxt elədü
də. Qızı bıçağliyib, indi, deyirlər, ağır veziyyətdədü.
- Niyə bıçaqlayıb?
Qızın nəyiydi
o adam?
- Qızın ikinci yoldaşıydu. Gözəl də gəliniydü
e. Orda, bazarın içündəki o maqazündə
işdiyürdü.
- Nə üstündə bıçaqlayıb? - deyə təkrar soruşdum.
- Nə bilüm, vallah. Deyir guya, ailə
cinayətüdü, namus
üstündə eliyüb.
Kişini
yola salıb ondan ayrılandan sonra artıq bazarın düz axırlarında idim və bıçaqlanan qızın kim
olduğunu bilməkdən
ötrü mağazalara
bir-bir baxmaq üçün iti addımlarla bazarın girişinə tərəf
gedirdim. Təxminimdə yanılmamışdım.
Bayaq yanından ötərkən
diqqətlə baxmadığım
mağazalardan yalnız
birinin qapısında
"bağlıdır" sözü görünürdü.
Bu, o qızın işlədiyi mağaza idi. "Gözəl
gəliniydi" sözlərini
eşitdiyim an təsəvvürümdə ilk olaraq canlanan o qızın... O, artıq neçə il
idi ki, burda
işləyirdi. Hər dəfə
bazara girəndə onu mağazanın içində sakit və fikirli halda oturan görürdüm.
Cəmi bir neçə gün öncə isə baha qiymətə
də olsa, bəzi yazı materiallarını çapdan
çıxarmaq üçün
bu mağazaya üz tutmuşdum. Printerdəki nasazlığı
birtəhər aradan qaldırandan sonra qız, nəhayət ki, yazılarımı çap edə bilmişdi, amma daha sonra pulumu
səhv hesablamış,
mən onun səhvini deyəndə çaşqın halda üzümə baxmış
və üzümə
baxa-baxa beynində yenə də hesablamağa çalışmış,
axırda isə bir az aralıdakı
digər printerin yanına gedərək kalkulyatoru gətirmişdi.
Onun qara və qısa
saçlarını, kağızlardakı
yazıya ötəri
nəzər salan gözəl gözlərini,
çox da hündür olmayan boyunu, A4 vərəqlərinin
kənarından yapışan
barmaqlarını və
boyası soluxmuş səliqəli dırnaqlarını
yadıma saldıqca bir tərəfdən də təsəvvürümdə
xəyanət səhnəsini
canlandırmağa çalışırdım.
"Bağlıdır"
yazılan qapının
arxasında isə uzun rəflərə düzülmüş kitablar
görünürdü və
mənə elə gəlirdi ki, qızın yoxluğundan istifadə edərək hardansa mağazanın içinə dolan külək həmin kitabların üzünü
açıb ilk səhifələrini
yelləməkdədir.
...Axşam düşürdü,
mən bazardan çıxıb, ağrıyan
ayaqlarımla yavaş-yavaş
evə doğru gedirdim.
Təvəkgül Boysunar
Ədəbiyyat qəzeti.- 2019.-
27 aprel.- S.4.