Pələng
hekayə
Ustadım Ramiz Fətəliyevə
Onlar xaltamın ipini çəkib məni küçəyə
atdılar. Yemək qabımı da arxamca
vızıldatdılar. Dəmir qab diyirlənib
qonşu darvazanın yanındakı dibçəyə dəydi.
Küçədə heç kim yox idi. Maşınlar da gözə dəymirdi. Qaba sarı yüyürdüm, pəncəmlə
özümə sarı çəkib yalamağa başladım.
O, həmişə cürbəcür sümüklərlə
dolu olardı. İlk dəfə idi ki,
çil-çilli qabın öz dadına baxdım. Soyuq dəmir dilimi dondursa da, məhəl qoymadım.
Onu daha bərk-bərk yalamağa
başladım. Dilimə bir tam gəldi.
Dad o qədər şirin idi, heç
sümükləri gəmirəndə o ləzzəti
almamışdım. Amma bu dadı
heç cür xatırlaya bilmədim.
Qabı ağzımdan buraxıb yanımda saxladım. Sağa-sola
baxdım. Neçə vaxtdı
küçəyə tək çıxmamışdım.
Canımdan ani titrətmə keçdi. İlk təsəlli quyruğumdan gəldi. Özünü həmişəki kimi üzümə
sürtdü. O, bu dəfə tam fərqli idi. Məni sığallamaq əvəzinə
qıdıqladı. Elə bildi ona baş əyəcəm,
dilimi çıxardıb təşəkkür edəcəm.
Əlacım olsaydı onu dibindən qopardar,
hirsimi üstünə tökərdim. Hətta
ona tərəf qanrılıb cəhd də elədim. Alınmadı. Yumyumşaq quyruğum
o dəqiqə belimə qısıldı. Nədənsə, ona yazığım gəldi.
Darvazaya boylandım. Daş hasarın
suvağı qurumaq üzrə idi. Əvvəl
də burada hasar vardı. Amma bir az
köhnə, həm də qısa idi. O, gələn kimi
hasarı sökdürüb yenidən ucaltdı. Xanım dedi
ki, "Bu ki xalis Çin səddidir. Burdan
quş da uça bilməz". Quş
adını eşidən kimi səmaya boylandım. Bir dəstə quşun göy üzündə rəqs
etdiyini gördüm. Quşlar elə bil
buludlarla oynaşırdı.
Bu dəfə də başımı yuxarı
qaldırdım. Hava tutqun idi. Göy
üzü dolub dayanmışdı. Elə
bil ağlamaq istəyirdi, lap gözlərim kimi. Göz yaşlarım hirsimə məhəl
qoymadı. Damcılarım
ağzımın suyuna qarışdı. Çaqqal
kimi ulamaq istədim. Amma qorxdum. Onun kimi ulasaydım, tək məni qovanları deyil,
qonşuları da hürküdə bilərdim. İçimdə zingildədim. Deyəsən,
səsimi yalnız ürəyim eşitdi.
Dəmir boşqabımı ağzıma alıb yola
baxdım. Hara gedəcəyimi bilmədim. Heç
kimin diqqətini çəkməmək üçün
başımı aşağı salıb özümü
ayaqlarımın ixtiyarına verdim. Yol boyu
onu düşündüm. Xanımın əri
məni qovulduğum evə gətirəndə körpə
idim. Qıvırcıq tüklərim
vardı. O məni çirkli qutunun içindən
ehtiyatla çıxarıb xanıma uzatdı. Qadının
iri gözləri heyrətdən bərəldi.
- Ay, bu nə
şirindir! - dedi.
- Buna nə
ad qoyaq? Bir az ehtiyatlı ol! Səni
dişləyər.
- Səndən
bərk dişləməz, yəqin?!
Təəccübləndim. İnsan insanı niyə
dişləsin? Xırda dişlərimi
xanıma göstərməyə utandım.
- Gəl,
adını "Pələng" qoyaq, - deyəndə
xanımın əri məni əlindən buraxdı.
Xanım "Pələng" adını eşidən
kimi ürəkdən güldü. O qədər güldü ki,
gözlərindən səpələnən damcılar
üzümə töküldü. Çıxdığım
qutuya baxdım. Çox çirkli idi.
Özümə söz verdim ki, bir daha ora
qayıtmayacam.
Qadın məni yenidən qucağına alıb
başqa otağa apardı. Orada mənim üçün
xüsusi hazırlanmış "kiçik ev"in
içinə qoydu. Burada nələr yox idi?
Cürbəcür oyuncaqlar, toplar, kəndirlər,
halqalar. Qabımı da ilk dəfə orda
gördüm. Xanım hər səhər
həvəslə ora yeməkləri, sümükləri
qoyardı. Yeməkləri iştahla yeyərdim.
Bir az böyüyəndən sonra mənə
halqaların içində o tərəf-bu tərəfə
tullanmağı öyrətdilər. Hər axşam
halqalarımla onları əyləndirəndə özüm də
sevinirdim. O qədər xoşbəxt idim. Nə
yuva qayğısı çəkirdim, nə də
sümük. Məni narahat edən bircə
adım idi. Kim adımı eşidirdi,
"bunun nəyi pələngə oxşayır?" deyərək
ağız büzürdü. Bilmədim,
bu pələng nə olan şeydi.
Bir dəfə özümü xanımın
otağında gördüm. Yanılmıramsa, mən
idim. Başımı sağa əydim, o da
sağa əydi. Pəncəmi
qaldırdım, o da ayağını qaldırdı. Quyruğumu buladım, o da buladı. Yaxına gəlib pəncəmlə oynamaq istəyəndə
gördüm ki, nəyəsə dəyirəm. Qorxudan geri çəkildim, qaçıb
xanımın qucağına qısıldım.
Böyümüşdüm
deyə, daha o mənimlə az
maraqlanırdı. Elə özüm də ondan
çəkinirdim. Daha çox dişilərə
meyil edirdim. İstəyirdim
görüşdüyüm birisi olsun. Amma
xanımın əri məni görüşə
aparmırdı. Cəmi bircə dəfə
küçədə dişi gördüm. Onda da xaltamın ipi xanımın əlində idi.
Elə hürə-hürə qaldım. Pəncələrimi qaldırıb özümü
sağa-sola vursam da, xanım məni yaxına buraxmadı.
O dişi isə özünü naza qoymuşdu. Yəqin, görüşdüyü köpəklərin
sayı-hesabı yox idi.
- Pələng,
sus! Sus, pələng!
Dişinin xaltasını tutan qadın adımı
eşidən kimi gülməkdən ürəyi getdi.
Xanım xaltamı güclə dartıb məni həyətə
gətirdi. Həyətdə dişləməyə, tutmağa
nəsə axtarsam da, tapa bilmədim. Necə
oldusa dişlərimi xanımın qolunda gördüm. Onun bağırtısı aləmi bürüdü.
Məni həyətə buraxdı. Xanımın əri üstümə cumdu, məni təpiklədi.
Zarıltım həyəti bürüdü.
O, üstünü çırpıb xanımı səslədi.
- Rahat ol!
Onu it gününə qoydum,- dedi.
"İt günü" sözünü eşidəndə
hürməyimi saxladım. Necə yəni it
günü? Günlərimi yadıma
saldım. Heç də pis
yaşamırdım. Nə olub mənə?
Bircə dişiylə dostluq etməyə icazəm
yox idi. Nədənsə, o söz məni
yaman tutdu. Düşündüm ki, əgər it
günü varsa, demək, adam günü
də var. Bəs, o zaman adam günü necə olur?
Özümü adam yerinə qoymaq istədiyim
an xanımın əri mənə həyətin
küncündə yuva verdi. Qabımı da
yanıma atdı. Böyümüşdüm
deyə, oyuncaqlarımı zirzəmidə gizlətmişdilər.
Məni gündüzlər çəpərə
bağlayır, gecələr isə həyətə
buraxırdılar. Həyəti
dolaşanda hasarın o üzünü görmək, insan
gününü yaşamaq istəyirdim. Darvaza
gündə iki dəfə açılsa da, ordan
çıxmağa ixtiyarım yox idi.
Xanımın əri bir dəfə məni bir kişiyə
göstərdi.
- Bu da
bizim pələng! - dedi.
- Nə,
pələng? Bu ki aslan parçasıdır?!
Ondan elə bir gülmək çıxdı, səsinə
xanım da eyvanda göründü. Kişi başını
yelləyib xanımla salamlaşdı. Xanım
da iri gözlərini süzdürdü. Xanımın
əri başımı sığallayıb məni yuvama
göndərdi. Elə o gündən kişi
tez-tez həyətə gəlməyə başladı. Hətta bir dəfə xanımın əri ilə
ova çıxanda məni də özləri ilə
götürdülər. Gözümü
açandan maşına minməmişdim, bu qədər yol
getməmişdim. Burnuma qəribə,
xoş qoxular gəldi. Nə vaxt idi belə
sevinmirdim. Çoxlu ağaclar olan yerə
çatanda xanımın əri maşını saxladı.
Uzaqdan çaqqal ulayırdı. Kişinin əti ürpəşdi. Çaqqalın ulamağını ilk dəfə
orda eşitdim.
-
İnanmıram, burda nəsə olsun!
- Bəlkə,
göl tərəfə gedək? Orda quşlar
çox olur.
Onlar maşınla xeyli yol gedəndən sonra gölə
çatdılar. Maşının arxasından tüfənglərini
götürəndə mənim də ipimi xaltamdan
çıxartdılar. Amma qorxumdan
xanımın ərinin yanından ayrılmadım. O,
başımı sığalladı. Bir az
rahatlandım. Hətta yaxınlıqdakı
ağacın dibində sağ ayağımı
qaldırdım. Xanımın əri mənə
baxıb gülümsədi. Tüfəngi ilə havaya
atəş açanda az qala ürəyim
ağzımdan çıxsın. Qorxudan
qaça-qaça gəlib xanımın ərinin ayaqlarına
qısıldım. O məni sakitləşdirdi. Sonra kişi iki dəfə atəş açanda
gedib maşının içində gizləndim. Onlar mənə o qədər güldülər ki.
- Bu nə
pələngdir? Heç it də deyil.
Çəpişdi, çəpiş!
Xanımın əri başını aşağı əydi. Hiss etdim ki, utandı. Can
şirin şeydi deyə, daha maşından düşmədim.
Gözlədim ki, onlar vurduqları
quşları gətirsinlər. Axşam evə
gələndə xanım həyətdə süfrə
açmışdı. Masada nələr
yox idi. Gözümə cürbəcür
içki şüşələri dəydi. Xanımdan
çıxmayan iş, süfrədən ət
götürüb qabağıma atdı. Ət
o qədər dadlı idi, sümükləri ağzımda əridi.
Yuvama keçib insan gününə tamaşa
etdim.
O kişi bu həyətə o qədər gəlib
getdi. Hətta xanımın əri evdə
olmayanda belə gəldi. Gecələri həyətdə
gəzdiyimə görə bir dəfə xanımın
otağından onun səsini eşitdim.
- Az
qalıb, lap az. Axırına çıxacam.
- Elə
hər gün söz verib gedirsən. Daha sənə
inanmıram.
- Görəcəksən,
bu gün, ya sabah! Qulağın
xoş xəbər eşidəcək.
Kişi pəncərəyə yaxınlaşanda məni
gördü.
Əhəmiyyət vermədi. Dilinin ucunda
"poşol" dedi. Yuvama qaçdım.
Kişi iti addımlarla həyətdən
çıxanda xanım ona əl elədi, sonra nazik
barmaqlarını dodaqlarına yapışdırıb ona
öpüş yolladı. Həmin
günü özümü insan yerinə, daha doğrusu,
xanımın ərinin yerinə qoydum. Sıxıldım.
Yuvamda özümə yer tapa bilmədim.
Xanımın əri gəldi. Əlidolu idi. Hətta
birinci mənim yeməyimi verdi,
başımı tumarladı. Sonra zənbilləri
götürüb pilləkənlə qalxanda ayağı
burxuldu. Zənbilləri əlindən
buraxıb ürəyini tutdu. Nəfəsi
daraldı. Ona yaxınlaşdım. Xanım eşitsin deyə, var gücümlə
hürməyə başladım. Xanımsa
evin içində yüksək səsdə musiqi dinləyirdi.
Xanımın əri yerə yıxıldı.
Pilləkənlərlə yuxarı qalxdım,
burnumla qapını itələyib içəri girdim. Xanımın üstünə yüyürəndə
o qışqırdı. Stul
götürüb məni qovmaq istədi. Qəfildən
çaqqal kimi uladım. Özüm də
bilmədim bu haray, bu güc haradan gəldi. Qadın məni qapıya kimi qovanda ərini
gördü. Qışqırdı.
Telefonla o kişiyə zəng elədi. Bir az keçəndən sonra kişi xalatlı
adamlarla gəldi. Həyət insanlarla dolmağa
başladı.
İlk dəfə idi ki, həyətdə bu qədər
insan görürdüm. Kişilər bir tərəfdə
dayanıb papiros çəkirdilər, qadınlar stullarda
oturub ağlaşırdılar. Mən də
bir küncdə dayanıb uladım. İnsan
olmaq istədim. İstəyirdim mənim də
bu qədər dostum olsun. Heç olmasa bir
gün gözlərimi yumanda başımın üstündə
dayanan bir xanım ağlasın. Hərçənd
evin xanımı heç ağlamırdı. Dəsmalının arasında gizlətdiyi gözlərinə
diqqətlə baxdım. Hətta onun
ürəyini belə gördüm. Sevinirdi.
Canı qurtarırdı ərindən. Amma başa düşə bilmədim ki, niyə ərini
sevmirdi. O ki xanımı sevirdi, hətta onun
könlünü xoş eləmək üçün məni
hədiyyə etmişdi. Bunu anlamaqdan
ötrü, yəqin ki, insan olmalıydım. Mənsə, pələng adlı məzlum idim.
Vida mərasimində gözüm xanımın
"kişi"sinə sataşdı. Ortalıqda
canfəşanlıq edirdi. Cənazəni
sol çiyninə alanda, hətta hönkürdü. O
ağlayanda xanım da ona qoşuldu. Həmin an
hər ikisinin üstünə cummaq, gəmirmək istədim.
Amma bacarmadım. Qorxdum ki, məni
ömürlük zəncirləyə bilərlər. Küçələrdə səhərə kimi
hürüşən itlərin gününə düşmək
istəmirdim.
Qəribədir ki, adamların içində
xanımın ərini gördüm. O mənə yaxınlaşanda geriyə
çəkildim. Əlləriylə mənə
"qorxma-qorxma" - dedi. Dayandım. O,
yanımda çömbəlib düz gözlərimin
içinə baxdı. Sonra başını səmaya
qaldırıb ağzını açdı. İçimdən qəfil haray çıxdı.
Bu, nə hürmək idi, nə də ulamaq.
Bu, başqa səs idi. Deyəsən,
elə xanımın ərinin səsi idi.
Hamı ağlamağını saxlayıb mənə
baxdı. Hətta xanım da. Elə bildim
məni yuvama dartıb zəncirləyəcəklər. Düşündüyümün əksinə oldu.
Məni əzizlədilər. Dedilər "rəhmətliyin sevimli iti də dərdimizə
şərikdi". Hətta məni
maşına mindirib dəfnə də apardılar.
Dəfndə özümə söz verdim ki, sahibimin
qisasını xanımdan, onun "kişi"sindən alacam. Bilmədim bu
hünəri hardan tapdım. Bəlkə,
pələng adım mənə kömək olmuşdu?!
Dəfndən xeyli sonra xanımın "kişi"si
gecələr evdə qalmağa başladı. Onların
otaqda gülüşlərini eşidəndə özümə
yer tapa bilmədim. Həmin gecə səhərə
kimi hürdüm. Elə hürdüm ki, səsimdən
öz qulaqlarım batdı. Səhəri
günü xanımın kişisi şalvarının
qayışını elə yanımdaca çıxarıb məni
çırpdı. Ona müqavimət
göstərdim. Daha heç kimdən
qorxmurdum. Əgər öləcəkdimsə, qoy köpək
kimi ölüm. Kişiyə hücum etdim.
Hətta qolundan dişlədim. O, çənəmi
sıxıb dişlərimi qolundan ayırdı. Gözlərim elə qızmışdı. Kişidən qurtulub xanıma hücum etdim. Amma onu dişləyə bilmədim. Kişi üstümə tor atıb əl-qolumu
bağladı.
- Onu
öldürmə, amma iti qovan kimi qov!
Xanımın mənə rəhmi gəldi. Niyə ürəyiyumşaqlıq
elədi, bilmədim. Bəlkə,
gözünün qabağında böyümüşdüm
deyə, ürəyi dözmədi. Bəlkə,
ikinci dəfə əlini ölümə batırmaq istəmədi.
Xanımın kişisi məni sürüyə-sürüyə
darvazanın yanına gətirdi. Sonra ayaq saxladı.
Nə düşündüsə yuvama getdi.
Çil-çilli qabımı
götürüb yanıma gəldi. Darvazanı
açıb məni küçəyə itələdi,
qabımı da arxamca vızıldatdı...
Ayaqlarım məni qəbiristanlığa gətirdi. Xanımın
ərinin yanına. Kimsə onun qəbrinə
qızılgüllər qoymuşdu. Qabımı
güllərin yanına qoydum. Heç nə
tapmadığımdan onu bir daha yaladım. Dadı xatırladım. Bu,
anamdan əmdiyim südün dadı idi.
31 oktyabr
- 2 noyabr, 2018 - Bakı
Ülviyyə
Heydərova
Ədəbiyyat qəzeti.- 2019.- 27 aprel.- S.5.