Çəki
daşı
Hekayə
O,
atamın anası idi. Onu hamımız "nənə"
deyə çağırırdıq. Ağlımız kəsənə
qədər onun adının nə olduğunu bilməmişdik.
Elə zənn edirdik ki, onun adı elə əzəl-binədən
Nənədir. Evdə təkcə atam ona "bacı"
deyirdı. Atamızın ona nəyə görə bacı dediyini
hələ indinin özündə də anlaya bilməmişəm.
Ona nənə
dediyimizə görə öz anamızı adıyla
çağırırdıq. Anamız isə bundan bərk
hirslənər: - Heç olmasa, həyət-bacaya adam gələndə
məni adımla çağırmayın, ay sizin boynunuz
sınmasın! - deyə bizi danlayardı.
Lap
böyük olana qədər biz uşaqlar elə bilirdik ki,
bizi dünyaya qoca nənəmiz gətiribdir. Öz anamıza
o qədər də qanımız qaynamazdı. Çünki
o, həm bizi danlayardı, həm də çox vaxt
iş-güc görəndə deyinərdi. Ona görə də
bir dərd-sərimiz olanda sözümüzü nənəmizə
deyərdik. Anamızı da istəyirdik, amma nənəmiz qədər
yox, nənəmiz bizim üçün çox şirin idi.
Çox
sonralar öyrəndik ki, nənəmizin adı Ağca
imiş. Qonum-qonşu, qohum-əqrəba ona "Ağca nənə"
deyərdilər. Kənddə hamıdan yaşlı idi.
Çox göyçək arvad idi, üz-gözündən
nur tökülürdü. Elə bil, Allah onu xoş gündə,
xoş saatda yaratmışdı. Ağ, bir azca uzunsov sifəti,
nazik qaşları onu elə gözəl göstərirdi ki...
Geyim-kecimi nimdaş olsa da, həmişə səliqəli
olardı. Paltarının cırıq-sökük yerini elə
səliqə ilə tikib, yamayardı ki, vurulmuş yamaq həmin
paltara, sanki bir az da yaraşıq verirdi. Üst-başından
həmişə gülab iysi gəlırdi.
Başımızı onun dizinin üstə qoyub mürgüləyəndə,
hardasa güllü-çiçəkli sehrli bir aləmə
düşmüş kimi özümüzü hiss edirdik.
Üstü
xırda güllü köynəyinin yaxası boğazına
qədər düyməli olardı. Yayın, lap
cırramasında belə, yaxasının düyməsinin
heç bircəciyini də açmazdı. Adam ona baxanda
darıxardı, elə bilərdi ki, o, güclə nəfəs
alır. Uzun taxtalı tumanı ayağının altında
yerlə sürünərdi. İş görən zaman isə
tumanının ətəyini dürmələyib
qurşağına elə keçirərdi ki, elə bilərdin
əyninə enlibalaq şalvar geyinibdir. Yaşı səksəni
haqlasa da, çox gözəl qədd-qaməti vardı. Ayda
bir dəfə saçlarına xına qoyduğundan, çox
da uzun olmayan seyrək saçları qıp-qırmızı
rəngdə olardı. Saçlarının
qırmızılığı ağ, nazik sifətinə elə
yaraşıq verirdi ki...
Həmişə
qəmli görünərdi, onun gülməsini heç
xatırlamıram. Həyət-bacada dolananda, iş-güc
görəndə də fikirli olardı. Elə bil,
dünyanın bütün dərd-sərini nənəmiz
çəkirdi.
Ayda,
nüdrətdə bir dəfə hirslənərdi. Onda da ev
adamlarından hansısa qəbahətli bir iş tutanda.
Yazıq arvad hirsini həmin adama deyil, özünə tökərdi.
Görərdin, həmin günü çörək yeməzdi.
O, çörək yeməyəndə, elə bilərdik ki,
bu dəqiqə dünya tar-mar olub dağılacaqdır. Biz
uşaqlar hərəmiz evin bir küncünə çəkilib
xısın-xısın ağlayardıq. Bu halımıza
dözməyib süfrəni salar, bizim yeməyimizi qablara
çəkib: - siz yeyin, mən də yeyəcəyəm, -
deyərdi.
Onun bu
sözlərindən sonra başımızı aşağa
salıb, xımır-xımır yeməyimizi yeyərdik. Amma
sonradan baxıb görərdik ki, özünə çəkdiyi
yemək süfrənin bir qırağında qalıb,
soyuyaraq buza dönübdür.
Gözütox
arvad idi nənəmiz. Heç bircə dəfə də
görmədik ki, özü üçün ürəyi istəyən
bir yeməyi bişirib yesin. Özünə hamıdan az yemək
çəkərdi, amma elə şirin-şirin yeyərdi ki,
adam ona baxanda yenidən acardı. Yemək üstünə gələn
qonum-qonşuya, uşaq-muşağa həmişə öz
yeməyindən pay verərdi və məcbur edərdi ki, o yeməyi
mütləq yesin. Aclıq illərini gördüyünə
görə çörəyin necə böyük nemət
olduğunu bilirdi. Həmişə də deyərdi: -
"Allah sizə o günləri göstərməsin". Biz
uşaq idik, aclıq illərini də görməmişdik.
Ona görə də, onun nə dediyini qədərincə
anlaya bilməzdik.
Sakitliyi
çox sevirdi. Qonum-qonşu bir dəfə də olsun onun
ucadan danışdığını eşitməmişdi. O,
çox az danışardı. Bir söz deyəndə də,
adamı yanına çağırar, əlini ehmalca onun
çiyninə qoyaraq az qala qulağına
pıçıldayırmış kimi sözü deyərdi.
Onun sözləri o qədər sehrliydi ki, elə bil adamın
qulağına dua oxuyurdu.
Anam bizi
danlayıb dansayanda nənəmiz harayımıza yetər və
əlini ağzının üstə qoyub: - Ay bala, səsin
özüvə xoş gəlir, deyəsən? Bir az yavaş
danış, yoldan ötən olar, - deyərdi. Onun bu sözlərindən
sonra evdə sakitlik yaranardı.
Çox
təmizkar arvad idi, stəkan-nəlbəkini, qab-qacağı
ocaqdan götürdüyü küllə o qədər
sürtüb təmizləyərdi ki, qab-qacaq onun əlində
par-par parıldayardı. İllah ki, stəkanları yuyanda. Qəribə
stəkan yumağı vardı onun. Barmaqlarını
qoşalaşdırıb stəkanın içinə salar və
onu sağa-sola fırladardı. Tərtəmiz yuyulmuş stəkan
onun əlində elə xartıltıyla səs
çıxarardı ki, elə bil kim isə rəndə ilə
taxta yonurdu. O səs hələ indinin özündə də
qulaqlarımdan getməyibdir. Səliqə-sahmana o qədər
fikir verən idi ki, hətta həyətdəki itin
yalağını da sürtüb təmizləməmiş
ora yeməkdən, yaldan tökməzdi.
İkiotaqlı,
bir də uzun, dar dəhlizi olan birmərtəbəli evimiz həmişə
səliqəli olardı. Ayda bir dəfə evi, eyvanı
sarışirə deyilən və kəndin kənarındakı
qayalıqdan daşıyıb gətirdiyi sarı rəngdə
olan torpaqla şirələyərdi. Göy ot, xırda saman
qarışığıyla hazırladığı və
bir neçə gün qıcqırtdıqdan sonra ərsəyə
gələn palçığın iyi adama elə xoş gəlirdi
ki.
Novruz
bayramında isə ağşirə deyilən
palçığa bir az da gil qatıb ev-eşiyin
divarlarını suvayardı. Ağ şirəylə
suvanmış ev elə gözəl görünərdi ki...
İllah ki, yay vaxtları pəncərədən
süzülüb evə düşən gün
işığının qızılı şüaları
divarıın ağ rəngini bir az da ecazkar göstərərdi.
Ayağımızın altındakı həsirdən, palazdan
qalxan narın toz dənəcikləri pəncərədən
düşən günəş şüasının
altında, sanki xırda kəpənəklər kimi
uçuşardı. Biz uşaqlar sıraya düzülərək
ağzımızı geniş açıb o
qızılı şüanı, guya uda-uda pəncərəyə
qədər bir-birimizi itələyərək basırıq
salardıq. O vaxta qədər ki, hansımızın
başısa, dəyib pəncərənin şüşəsini
sındırana kimi. Ondan sonra xurd düşüb kirimişcə
evin künc-bucağında oturub, səbirsizliklə cəzamızın
veriləcəyini gözləyərdik.
Bəxtimiz
onda çəkirdi ki, bu cəzanı bizə nənəmiz
verirdi. Ya odun daşıtdıracaqdı, ya tövlənin
arxasındakı mal peyinini bostan yerinə yaydıracaqdı,
ya da evin banına çıxardıb illərlə
qalaqlanmış göyərçin, sərçə
zıllarını süpürtdürəcəkdi.
Nənəm
üçün fərqi yox idi, pəncərənin
şüşəsini kim sındırıbdır. Cəzanı
hamımız çəkməli idik. Onun bu cəza üsulunu
illər sonra hərbi xidmətdə olarkən anladım.
Kazarmanın şüşəsini kimsə
sındırmışdı. Şüşəni
sındıran əsgər əməlini boynuna almaq istəmirdi.
Onun qəbahətini görənlər isə əsgər
yoldaşlarını satmaq istəmirdilər. Ona görə də
bütöv bir polk səhərə qədər yatmayıb
ayaqüstə yuxusuz qaldıq. Mən onda anladım ki, mənim
savadsız nənəm dünyaya meydan oxuyan sovet
generallarından da çox bilirmiş...
Ağca nənəmizin
gecə nə vaxt yatıb, səhər nə vaxt
oyandığını heç birimiz görməmişdik.
Heç bircə dəfə də onun yatıb yuxuya
qaldığının şahidi də olmamışdıq.
Yuxudan ayılanda onu həyət-bacada ora-bura vurnuxan görərdik.
Adəti idi, sübh tezdən hamıdan qabaq yerindən qalxar,
dəstəmazını alıb, namazını
qılardı. Onun pıçıltıyla dediyi sözlər,
etdiyi dualar elə bil qeybdən gələn sirli-sehrli sözlər
idi. Hər kəlməsi adamı ovsunlayırdı. Dua edən
zaman həmişə ağlayırdı. Yanağından
süzülən göz yaşları çənəsində
gilələnər, sonra da damcı-damcı dizlərinin
üstə tökülərdi. Tək-tək hamımıza
dua edərdi. Bizlərin dərd-bəladan uzaq
olmağımız üçün Allaha yalvarardı.
Dualarının sonunda isə özünə dua edərdi.
Özünə etdiyi dua çox qəribəydi. Deyərdi: -
"İlahi, səndən çox ömür istəmirəm,
verdiyin bu ömrə də şükür. Amma mənim
axırımı xeyirli et, məni dilsiz, ağızsız, əlsiz-ayaqsız
edib kimsəyə möhtac etmə. Məni ayaqüstə
öldür, yorğan-döşək möhtacı etmə".
Çox
imanlı arvad idi bizim Ağca nənəmiz. Əl-ayağı
bərəkətliydi. Əlini nəyə vursaydı o şeyə
Allah o qədər bərəkət verərdi ki.
Qapıda
mal-qaramız çox idi. Mal-qaranın sağılması,
yerbəyer edilməsi onun əlindən gəlib-gedərdi. Həftədə
iki dəfə nehrə çalxayardı. Nehrənin suyunu da
sübh tezdən gedib kəndin yuxarı başındakı
"Alçalı" bulaqdan gətirərdi. Bulağa camaat
yuxudan oyanmamış, səhərin gözü
çırtlayanda gedərdi. Deyərdi ki, nehrənin suyu gərək
bulağın əl dəyməyən ilk suyu olsun ki,
yağı bol düşsün. Nehrəni də özü
çalxayardı. Xırda qoyun dərisindən olan bir
parça yunlu dərini nehrənin altına atardı ki, nehrəyə
daşdan-zaddan bir xətər toxunmasın. Heyva
budağından bir çubuğu da vardı, həmişə
əldəyməz bir yerdə, təmiz parçanın
arasında saxlardı. Nehrə çalxayarkən arada o
çubuğu nehrənin "gülfə" yerindən
içinə salar və yağa düşüb-düşməməsini
yoxlayardı. Necə ki, çubuğun hər tərəfinə
yağ yapışdı, onda bilərdi ki, nehrə
hazırdır. Qabaqcadan yuyub hazırladığı vedrə,
ləyənə boşaldardı nehrənin ayranını.
Ayranın üzərində topa-topa üzən yağı
yığıb, ovuclayar ayrıca qaba qoyardı. Gözləyərdik,
nehrənin yağı hazır olan kimi biz uşaqlar da hərəmiz
əlimizə bir parça çörək alıb nehrənin
yanında boy sırasıyla düzülərdik.
Əlimizdəki
çörəyin üstünə yağı elə səliqə
ilə yaxardı ki, elə bil adamın ürəyini
qıdıqlayardı. O yağ-yaxmacı dünyanın ən
şirin matahı idi bizim üçün.
Heç
yadımdan çıxmaz. Bir dəfə nənəmin yuyub təmizləyərək
qurumaq üçün çəpərin yanına, xəlvət
bir yerə qoyduğu nehrəni daşla vurub
sındırdım. Elə bil nehrəni yox, arvadın ürəyini
çilik-çilik etdim. Nehrənin paralanıb iki yerə
bölündüyünü görəndə arvad dizə
çöküb hönkürdü və bircə bu sözləri
dedi: - İgid öləsən səni, bala.
Nənəmin
etdiyi qarğış kefimə dəymişdi. Günahım
böyük olsa da, qəlbimdə ondan
küsmüşdüm. Atam səhəri gün təzə
nehrə alıb gətirəndən sonra nənəmin
üzünün qırışığı
açıldı və günorta vaxtı yemək zamanı
başımı aşağı salıb, dodaqlarımı
sallayaraq, altdan-altdan ona baxdığımı görüb
yaxın gəldi və boynumu qucaqlayıb üzümdən
öpdü. Kövrəlib ağladım. Tumanının ətəyi
ilə göz yaşımı silə-silə: - Ağlama, səni
çox istəyirəm! - dedi.
Mızıldanaraq:
- Məni çox istəmirsən. Bir nehrədən sarı mənə
igid öləsən, - dedin.
Arvad
gülümsədi, təkrar məni öpərək: -
"İgid ölmək hər kişiyə qismət olmur,
bala. - Dedim ki, o nağıllardakı igidlər var ha, onlar kimi
olasan da, yəni".
Çox-çox
sonralar, başımız müsibətlər çəkəndə,
torpaqlarımız işğal olunub, el-obamıza şəhid
tabutları gələndə başa düşdüm ki, nənəm
mənə qarğış yox, alqış edibdir. Sən demə,
igid ölmək hər kəsə nəsib olmurmuş... Mənim
yazıq nənəm, ağıllı nənəm...
Nənəm
ölən gününə kimi oruc-namazından əl çəkmədi.
Xəstə olan vaxtlarında da namaz qılar, oruc tutardı.
Heç
yadımdan çıxmaz, yayın qorabişən ayı idi.
Havalar çox isti keçirdi. Orucluq ayı həmin yaya
düşmüşdü. Nənəm oruc idi. Amma
iş-gücündən də əl çəkmirdi. Noxud, mərcinin
yolunan vaxtı idi. Dünəndən evin böyüründəki
bir parça yeri təmizləyib, ora noxud yolub
tökmüşdü. Günün altında quruyub
qabığından çırtlayan noxudu döyüb, sovurub
yığışdırmalıydi.
Dərz-dərz
tökülmüş noxud yığını kiçik bir
təpəni xatırladırdı. Nənəmin iri bir
toxmağı da var idi. Biz uşaqların o toxmağa
gücümüz güclə çatardı. Nənəm isə
onu başının üstünə qaldırar və
qalaq-qalaq qalaqlanmış noxud dərzlərinə endirərdi.
Hər zərbə endiriləndə, noxudlar qınalanıb ətrafa
səpələnərdi. Nənəmizlə biz
uşaqların bir şərti də vardı, xırman deyilən,
şirələnmiş sahədən noxud kənara
düşsəydi o bizim idi. Biz uşaqlar həmin noxudları
qablara yığıb günün sonunda nənəmizə
verərdik. O da bizə pensiyasından beş-on qəpik pul verərdi.
Həmin
gün çox möhkəm isti vardı. Günəşin
yandırıcı şüası adamın sir-sifətini
qarsıtmışdı. Belə istidə oruc tutmuş nənəmizin
birdən-birə ürəyi dayandı və o,
üzüqoylu noxud dənələrinin üstə
yıxıldı. Biz qışqırdıq. Səsimizə
qonum-qonşular tökülüşüb gəldilər. Nənəmizin
üz-gözünə, sinəsinə su töküb
ayıltdılar. Nənəm gözlərini açıb
özünə gələndə qonum-qonşudan bircə bunu
soruşdu: - Siz Allah, mənə su içirdib, orucumu batil etmədiniz
ki?!. Məni günaha batırmadınız ki?!.
Qonşular
and-aman etdilər ki, belə iş olmadı. Ondan sonra nənəm
arxayınlaşib, - Şükür sənə, İlahi, -
dedi.
Anam ildə
dünyaya bir uşaq gətirdiyinə görə daima əliuşaqlı
olardı. Doğduğu uşaq ayaq açıb yeriməmiş,
yenə də anamın qarnı burnuna dəyərdi. Anam doqquz
uşaq dünyaya gətirmişdi. Uşaqların çoxu da
qız idi. Atalar sözüdür, deyir, kasıbın
arvadı dişi, inəyi erkək doğar, varlının isə
arvadı erkək, inəyi dişi doğar.
Anam hər
qız dünyaya gətirəndə atam deyinərdi. Atamın
deyinməyi nənəmin xoşuna gəlməzdi. -
Naşükür olma, bala. Adam var o qızın çölə
atılan dırnağını gəzir. Allaha acıq gedər,
belə nasaza sözlər danışma, - deyə atamı məzəmmət
edərdi.
Atam da nənəmin
bu sözlərindən sonra bir daha bu barədə söhbət
açmazdı.
Qış
vaxtları evimizin içindən həmişə nəm əsgi
iyi gələrdi. Çöl-bayır şaxta-sazaq
olduğuna görə, yeni doğulan uşağın əsgi-üsgüsünü
evin içində, sobanın yaxınlığındakı
divara bərkidilmiş ipdən asardılar. Sobanın istisi dəyib,
qurutduğu nəm əsgilərin çox qəribə iyi gəlirdi
evdən. Bu iyi o vaxt çox xoşlayırdım. Bu iy
körpə uşağın bələyinin iyinə
oxşayırdı...
Uşaqların
bütün götür-qoyu nənəmizin əlindən gəlib
gedərdi. Anam dünyaya uşaq gətirəndə onun
doğduğu uşaqları da nənəm özü
tutardı. Onun bu işdə çox böyük səriştəsi
vardı. Uşaqların əksəriyyəti qış
vaxtı, özü də gecəyarsı doğulardılar.
Kasıb yaşayan adamlar üçün bu, əlavə
çətiliklər yaradardı. Anamın doğacağı
ayı, bəzən günü də, beş-üç
gün fərqiylə də olsa nənəm bilərdi. - Gəlin,
bu ay ayındır ha, sənin...
Yır-yığışını et,
hazırlığını gör! - deyərdi.
Bəzən
anam nənəmim təkrar-təkrar dediyi bu sözlərdən
inciyən kimi olardı. Açıq deməsə də,
dilinin ucunda deyinib deyərdi: - Evin tikilsin, bu arvad, elə bil
doğan mən yox, budur. Bilirəm də,
hazırlığımı görmüşəm...
Anamın
sancıdan divara söykənib, qıvrıla-qıvrıla
necə ağladığını indinin özündə də
unuda bilmirəm. Nənəm isə bir söz belə demədən,
sakitcə əlləşərdi. Belə vaxtlarda o ikiqat zirək
olurdu. Yaşına uyğun olmayan bir zirəklik vardı onda.
İşi cəld və səliqəli görərdi.
Biz
uşaqlar yan otaqdan kirimişcə gözləyərdik.
Uşağın qız və ya oğlan olduğunu yenə də
nənəmizin sözlərindən anlayardıq. Qız olanda
nənəm bir az uca səslə: - Canın yansın sənin,
bunun boyuna bax, hayçı-qarayçılığına
bir bax, - deyərdi.
Uşaq
anadan olandan sonra nənəm həmişə anama
xaşıl çalardı. O xaşılın
artıq-urtuğundan biz böyük uşaqlar da yeyərdik.
İçinə kərə yağı və çoxlu ədəvalar
qatılmış xaşılı yeməklə doymazdıq.
Elə bil doğan yazıq anamız yox, biz idik.
Doqquz
uşağın heç birinin ağ mələfəyə
büküldüyünü görmədim. Onların əsgi-üsgüsü
atamızın köhnə şalvar, köynəyi, bir də
nənəmlə, anamın cırıq-sökük, daha kara
gəlməyən nimdaş pal-paltarları olardı. Nənəm
həmin köhnə şalvar-köynəyi, paltarları səliqə
ilə qayçılayıb kəsər, uşaqlar
üçün əsgi düzəldərdi.
Nənəm
həm də çox savadlı türkəçarə
qadın idi. O bizim həkimimiz idi. Yeni doğulan
uşağın ongünlüyündən sonra onu yuyundurar,
sonra da burnunun ucundan, yanaqlarından, dabanından, yanından
iti lezvayla qan alardı. Hələ indiyə kimi də bilmirəm
bunlar nəyə görəymiş?
Uşaq
vaxtı mən göy öskürək deyilən bir
öskürək tutmuşdum. Bu elə bir axmaq öskürək
idi ki, adamı yaxalayanda az qalırdı nəfəsini kəssin.
Elə bərkdən öskürürdüm ki, az
qalırdı ciyərlərim ovulub ağzından
tökülsün. Öskürək tutanda adam göyərib
keçirdi.
Mən
öskürək tutan günün səhəri nənəm
böyük bacımı bayıra səsləyib onu harasa
göndərdi. Bir azdan bacım kasada süd gətirdi. Nənəm
onu stəkana töküb mənə içirtdi. Südün
dadı başqa idi. Ömrümdə belə qəribə
tamı olan süd içməmişdim. Süd həm
qatı, həm də bir az turşməzə idi.
O
südü içən günün səhəri mənim
öskürəyim xırp kəsildi. Günortaya yaxın
bacımı yanlayıb dünən mənə nənəmin
içirtdiyi o südün nə südü olduğunu
soruşdum. Axı, südü o tapıb gətirmişdi. Həm
də, bacımın arada mənə baxıb bic-bic
gülümsəməsi məni şübhələndirmişdi.
Bacım
isə nənəmin bu barədə ona bərk-bərk
tapşırdığını bəhanə gətirib susdu.
Axırda çarəsiz qalıb, nənəmin
balıncımın altına qoyduğu konfeti ona verəndən
sonra sirri açacağına söz verdi. Konfeti ona verdim.
Bacım əyilib qulağıma dedi ki, sənin içdiyin
süd qonşumuzun eşşəyinin südüdür.
Bu
sözləri bacımdan eşidəndə əhvalım
döndü. O dəqiqə ürəyim bulandı. Mənim
öyüməyimlə bacımın həyətə
qaçmağı bir oldu.
Anam həftədə
bir dəfə böyük bacımın uzun, kilkəli
saçını mis kasaya tökülmüş ayranla
yuyardı. Hər yuyanda da deyinərdi ki, bu boyda yekə
qızsan, amma saçını özün yuya bilmirsən.
Belə vaxtda nənəm əyilib az qala güclə
eşidiləcək səslə anamın qulağına deyərdi:
- "Gəlin, başuva dönüm, sən bu evə gələndə
saçını mən yumurdummu?! Nə tez yadından
çıxdı o günlər? Uşaqdır da, öyrət
yusun". Sonra o, dizə çöküb anamı ehmalca dirsəyi
ilə kənara itələyər və bacımın uzun
saçlarını toparlayıb mis kasadakı ayrana salıb
isladar, sonra isə islanmış tükləri qolunun
üstünə sərərək darağın iri dişlərilə
yavaş-yavaş kilkəsini alardı. Saçın ki, kilkəsi
açıldı, daraq saçda elə axardı ki, baxanda
adamın ürəyinin qıdığı gələrdi. Nənəm
arada darağa diqqətlə baxardı, gözünə bir
şey sataşanda ayağa durub bir az nöyüt gətirər
və təmiz ilıq suyla qarışdırıb, lap
axırda bacımın saçını nöyütlü
suyla yuyardı. Bunun səbəbini nənəmizdən
soruşanda isə bir söz deməzdi... Amma bunun səbəbini
bilirdik. Qonşu arvadı da qızının
saçlarını nöyütləyəndə deyinə-deyinə
deyərdi: - "Ay səni görüm, əlin heç yar əlinə
dəyməsin, bu bit-sirkəni hardan doldurmusan e,
başına?".
Çox
kasıb yaşayırdıq, külfət böyük idi.
Amma mehriban idik. Evdə dava-dalaşın
qarşısını ancaq nənəmiz alardı. İstər,
biz uşaqların, istərsə də ata-anamın
davasının. Bəzən atam bir şeyi bəhanə edib
anama əl qaldırmaq istəyəndə nənəm sakitcə
deyərdi: - "Uşaqların zəhrin-bağrın
yarmayın, oturun yerinizdə!". O dəqiqə atam sakitləşərdi.
Nənəm
məni çox istəyirdi. - Sən babana oxşamısan, -
deyərdi. - Babam necə adam olub? - soruşardım. - O,
çox yaxşı adam idi, - deyərdi. - Atam da babama
oxşayıb? - soruşardım. - Yox, atan zəhəndə
tuluğudur!- deyərdi.
Kasıb
olduğumuza görə yatacaq az olardı. Qış
ayları od-ocaqdan yaman korluq çəkərdik. Nənəm
belə vaxtlarda təndirdə çörəkləri
bişirdikdən sonra, təndirin közünü saca
yığar və biz yatdığımız otağa
qoyardı. Köz də bir az istilik verəndən sonra
yanıb külə dönərdi. Uzun qış gecəsində
tir-tir titrəyərdik. Uşaqlar "baş-ayaq"
yatardılar ki, qızınsınlar. Mən isə,
döşək olmadığına görə,
yorğanı ikiqat edib arasına girərdim.
İkiqatlanmış yorğan arasında yatanlar olubsa, yəqin,
anlayarlar ki, belə yatmaq çox əzablıdır. Səhərə
qədər dizlərini qucaqlayaraq bir böyrün üstə
yatmalısan.
Soyuqdan
titrədiyimi hiss edən nənəm mənə
yaxınlaşıb ağzını qulağıma tutar və
gülə-gülə deyərdi: - Döz, çətini
böyüyənəcəndir. İnşallah,
böyüyüb arvad alarsan, ondan sonra üşüməzsən.
Nənəmin
o sözlərindən sonra içimdə, elə bil ümid
işığı yanardı, bədənim
qızınardı... Mən neçə qışı həmin
ümid işığının hesabına yola verirdim..
Nənəm
imanlı və halal adam idi. Mən heç vaxt onun kiminsə
dalınca danışdığının, qeybət etdiyinin
şahidi olmamışdım. Bir sözü vardı, həmişə
işlədərdi; - Adam gərək özünü qədrdən-qrübdən
salmasın.
Çox
qənaətcil arvad idi, həyət-bacamızda çoxlu
toyuq-cücə, evimizdə yavanlıq olsa da, o bizə hər
şeyi cirə ilə verərdi. Qarnımız doyardı,
amma gözümüz həmişə yeməyin dalınca
qalardı. Əlinin duzu vardı. İstər plov bişirsin,
istərsə də adicə soğansu o qədər ləzzətli
olardı ki... Yemək bölməkdə də səriştəsi
böyük idi. Kimə hansı ət tikəsini
atacağını yaxşı bilirdi və həmişə
də eyni qaydayla yeməyi çəkirdi. Zarafat deyil, on iki nəfər
ailə üzvünə bir toyuğu və yaxud da cücəni
bölmək asan iş deyildi.
Uşaq
vaxtı bir az qarınqulu olmuşam. Gözüm həmişə
nənəmin çömçəsində olardı.
Qabıma atılan əlavə xırdaca ət
parçası da məni sevindirərdi. Böyük
bacımla qazan dibi qaşımaq üstündə həmişə
mübahisə edərdik. Bu mübahisəni yenə də onun
sözləri kəsərdi. Belə vaxtda deyərdi ki, qazan
dibi yeyən adamın toyunda yağış yağar.
Kənd
uşağı olduğumuza görə
yağışın, palçığın nə
olduğunu yaxşı bilirdik. Ona görə də tezcəli
qazanı bir-birimizə tərəf uzadıb: - al sən ye, -
deyərdik.
Təsərrüfatımız
böyük idi, mal-qaramız, qoyun-quzumuz, həyət-bacada
toyuq-cücəmiz vardı. Əkin sahəmiz də
böyük idi, yay vaxtı bostanımız bol olardı. Həm
kasıbçılıqdan, həm də yemədiyimiz məhsulları
qonum-qonşuya satardıq.
Nənəmin
bir tərəzisi vardı. Tərəzinin gözləri həsir
pisələrindən hörülmüşdü.
Süzülüb getməsin deyə, qıraqlarına bərk
parçadan yamaq salınmışdı. Tərəzinin
içində bir kiloluq çəki daşı da var idi. Bu cəki
daşı qoşa yumruq boyda idi. Qapqara çaylaq daşı
idi.
Nənəm
o tərəziylə bir şey çəkəndə, elə
bil o tərəzidə imanını çəkirdi. Tərəzinin
o həsir gözləri ki bərabərləşdi, hə,
onda arvad bir az da artıq atıb deyərdi ki, bu da halallıq
olsun.
Kəndimizdə
Qaraqız deyilən lal bir arvad var idi. Həmişə
yağı, şoru və bostan məhsullarını gəlib
nənəmdən alardı. Biz uşaqlar ondan çox çəkinərdik.
O, həyətə girəndə küyüyüb həyətdən
çıxardıq. Qəribə gülüşü
vardı. "pə-pəhhh" deyib elə qəh-qəhə
çəkərdi ki, adamın başında tükləri
biz-biz durardı.
Qaraqız
nənəmə çox inanırdı. Nənəm də
onun dilini elə bilirdi ki... Bəzən saatlarla onların
bir-birilə "söhbət" etdiklərinin şahidi
olmuşduq. Qaraqız çox diqqətcil və gözdən
tükqapan bir arvad idi. Hələm-hələm ona bir şeyi
bəyəndirmək olmazdı. Xiyarın əyri-üyrüsünü,
pomidorun kələ-kötürünü seçib atar, harda
malın fərlisi var onu tərəziyə qoyardı.
Gözünü də tərəzidən çəkməzdi.
Bir şey alanda dizə çökər və gözlərini
tərəzinin pərsənginə elə dikərdi ki, elə
bil aldığı pomidor, xiyar deyil, qızıldır. Nənəm
də altdan-altdan onun hərəkətlərinə baxıb
dodaqaltı qımışardı.
O çəki
daşı bizim evdə müqəddəs
sayılırdı. Nənəmin qorxusundan o daşa əl
vurmağa cürət etməzdik. Tərəzi ilə çəki
daşının evimizdə öz yeri vardı. Eyvanın
küncündə, divara çalınmış mıxdan
asılardı tərəzi. Çəki daşı da həmişə
tərəzinin bir gözündə olardı.
Bir dəfə
əriyin çəyirdəyini sındırmaq
üçün o daşı tərəzinin içindən
götürüb həyətə apardım və bir
neçə ərik dənəsinin qabığını
onunla əzdim. Birdən-birə necə oldusa, çəki
daşı ərik dənəsindən yayınıb
altdakı daşa dəydi və xırdaca, barmaq boyda bir hissə
qopub yerə düşdü. Diqqətlə baxmayınca
daşdan qopan yeri ayırd etmək olmazdı. Amma necə olsa,
çəki daşıydı, nə vaxtsa nənəm bunu
biləcəkdi.
Fəncən
daşı aparıb yerinə qoydum və bu barədə evdə
heç kəsə bir söz demədim. Üstündən
bir müddət keçdi, bir gün yenə də Qaraqız
arvad bizə gəlmişdi, deyəsən, bu dəfə
şor alırdı. Nənəm tərəzidə şoru
çəkib ona verdi. Arvad çıxıb getdi. Bir azdan
qonşuluğumuzda yaşayan hesab müəllimi Şaban
müəllim də gəlib şordan, noxuddan nə isə
alıb getdi. Sonra bir neçə qonşu da gəlib nənəmlə
alver etdilər. Bu zaman qəribə bir hadisə baş verdi.
Bir də gördük ki, Qaraqız arvad hay-küylə bizim
evə tərəf gəlir. O, çatar-çatmaz həyətdə
bir həngamə qopartdı ki, gəl görəsən. Nənəm
tez həyətə düşüb baş verənlərlə
maraqlandı. Qaraqız arvad əlindəki şoru nənəmə
göstərərək qiyamət qoparırdı. Nənəm
isə onu sakitləşdirməyə çalışaraq, nə
baş verdiyini öyrənmək istəyirdi.
Qaraqız
isə əlindəki şoru nənəmə göstərərək
nə isə başa salmağa çalışırdı.
Deyəsən, nənəm onu anlamışdı. Qaraqız
budəfəki aldığı şorun kilodan az olmasından narazılıq
edirdi.
Nənəm
şoru onun əlindən alıb tərəziyə qoydu və
çəkdi. Hər ikisi gözlərini tərəzinin pərsənginə
dikmişdilər. Tərəzinin hər iki gözü bərabər
dayanmışdı.
Nənəm
özü də fikirliydi. O, çəki daşını əlinə
alıb, o tərəf-bu tərəfinə baxdı.. Birdən
o daşın qırağından bir çimdik yerin qopub
düşdüyünü gördü. İlk dəfə idi
ki, nənəmin utandığından sifətinin
qızardığını gördük. O, evə
dönüb yağdan, şordan əlinə nə keçdisə
gətirib Qaraqızın torbasına qoyub onu yola saldı,
heç pul da almadı.
Sonra arvad
çəki daşını bizə göstərib: - Bu kimin
işidir?- soruşdu. Qorxumuzdan heç kəs
cınqırını belə çıxarmadı.
Arvad dərindən
köks ötürüb: - Siz məni günaha
batırdınız! - dedi və ağladı.
Üstündən
çox illərin keçməsinə baxmayaraq, hələ də
məni düşündürən bir məsələnin
narahatlığını keçirirəm. Necə oldu ki,
ömründə bircə gün də dərs oxumayan,
savadsız, lal-kar olan bir qadın çəki daşından
qopmuş dırnaq boyda bir tilişkəyə görə tərəzinin
səhv çəkdiyini hiss edə bildi, amma ali təhsili olan
və uzun müddət riyaziyyatdan dərs deyən bir müəllim
bunu hiss edə bilmədi.
...Nənəmiz
yüz yaşında dünyasını dəyişdi. Allahdan
dilədiyi kimi, bir gün də olsun yorğan-döşəkdə
xəstə yatmadı. Elə sağ-sağlam, axşam
yatağına girib yatdı və bir də səhər
oyanmadı...
Birinci dəfəydi
ki, həmin səhər ev adamları ondan qabaq yerlərindən
durmuşdular. O isə həyət-bacada gözə dəymirdi.
- Yəqin, naxoşlayıbdır! - deyə heç kəs
qıyıb onu oyatmadı. Amma narahat idik.
Ev
adamlarından kimsə nənəmizin yatdığı
otağa yaxınlaşdı. Yaxınlaşmağıyla
ağlaya-ağlaya geri dönməsi bir an oldu...
Mən
onun ölümünü öz gözlərimlə
gördüm. Arxası üstə dümdüz
uzanmışdı. Gözləri yumuluydu. Mənə elə
gəldi ki, nənəm ölən zaman öz gözlərini
də özü öz əlilə qapamışdı.
Çünki onun bir əli sinəsində, o biri əli isə
gözlərinin üstə quruyub qalmışdı. Sifəti
ağappaq, nurlu idi. Bir azca gülümsər çöhrəsindən,
sanki bəxtəvərlik yağırdı. Onu
ağrısız-əzabsız öz dərgahına
apardığına görə, yəqin, Allahına
şükranlığıydı onun bu gülümsər
çöhrəsi.
Nənəm
günortaya yaxın dəfn olundu. Qəbiristanlığa aparılarkən
mən də onun cənazəsi qoyulmuş mafaya çiyinlərimi
söykədim. Qu quşunun tükü kimi yüngül idi nənəmin
cansız bədəni. Yazıq arvad, heç kəs inciməsin
deyə, elə bil, öz cənazəsini də məzara
özü aparırdı.
Nənəm
böyük bacıma bir vəsiyyət etmişdi.
Tapşırmışdı ki, Qaraqızın bundan sonra
aldığı nə olacaqdısa, onu tərəzidə
artıq çəksin. Nənəmiz son günlərində,
yəqin ki, bunun xiffətini edirmiş.
Onun vəsiyyətini
böyük bacım yerinə yetirirdi. Qaraqız arvad hər dəfə
bir şey almağa gələndə bacım çəkidən
əlavə onun qabını doldurmamış yola salmazdı.
O da iki əlini qoşalaşdırıb üzünə qoyar
və boynunu əyərək gözlərini yumub
ölmüş nənəmizi belə yad edirdi.
Nənəmin
qırx mərasimini yola verəndən sonra birdən-birə o
çəki daşı da yoxa çıxdı. Hara getdi, kim
apardı bilən olmadı. Hamımız çox qəmləndik.
Axı, nənəmizi bizlərə ən çox
xatırladan o çəki daşı idi. O çəki
daşı, elə bil, nənəmin ruhu idi. Birdən-birə
o ruh da bizi tərk edib getmişdi...
Çəki
daşından sonra Qaraqızın da ayağı bizim həyətdən
kəsildi. O, bir daha bizim evə gəlmədi. Get-gedə
evimizin səliqə-sahmanı da pozuldu. Atamla, anam hər
gün bir-biriylə deyinirdilər, günlərlə
küsülü qalırdılar, onları
barışdıran da olmurdu. Uşaqların birinin
sözü o birinin boğazından keçmirdi, tez-tez
dava-dalaş edirdilər.
Həyətimizin
mer-meyvəsi, bostan-tərəvəzi yavaş-yavaş
solub-solxurdu, alan olmurdu. Mal-qaranın yağ, pendiri də
azalmışdı. Həyətdə, güllüyaylıq
kimi rəngbərəng olan toyuq-cücələr də
qırılıb azalmışdılar. Evimizin urvatı,
xeyir-bərəkəti də çəkilmişdi, ziyan ziyan
üstündə dəyirdi həyət-bacamıza.
...İllər
ötdükcə dünyanın nizam-tərəzisi də
yavaş-yavaş dəyişib pozulmağa
başlayırdı... Elə bil, bizim evi də, el-obanı da,
hətta kainatı da sahmana salan nənəm və bir də
onun çəki daşı imiş...
Meyxoş Abdullah
Ədəbiyyat qəzeti.- 2019.- 27
aprel.- S.22-23.