Sən məni sağ qalan şəkillərdə sev...
Şəkillər sağ qalır
Sən məni yaşayan xatirələrdə,
Sən məni sağ qalan şəkillərdə
sev...
Boylan ürəyimin pəncərəsindən,
Ömrü küçə-küçə çək illərdən...sev!
Saxla qar içində şəkillərimi,
Adını "darıxmaq" sərgisi elə.
Adımı dilinin ucunda unut,
Qəfil
unudulan cərgəsi ilə...
Hardasan,
gecikdin, ömür tələsir,
Axşamdan sabaha ümid bir udum.
Səni
doya-doya içimə
çəkdim,
Səni şəkillərlə necə
unudum?!!
Elə dəlisiyəm
Bütün payızların gözü
xəzəldi,
Sevgilər gün görür baxışlarında.
Bütün fəsillərdən payız gözəldi!
Bir ayrı ətri var yağışların
da...
Saçları öyrənib sığallarıma,
Adı dilə
düşüb, ağızdan
keçir.
Sığınıb yamyaşıl xəyallarıma
Bu qız çətiriylə
payızdan keçir.
Bəxtəvər başına builki
qışın,
Dünya nə vecinə belə payızın.
Elə dəlisiyəm, gözləri
yaşıl -
Ürəyi ağappaq, sarışın
qızın!..
Özünü buluddan atıb,
düşdü pəncərəmə
bugünkü yağış.
Əllərim üzümə qısıldı...
...Yudu arxanca yol
çəkən gözlərimin
izini.
Bu qədər yaxından görməmişdim payızı,
necə də sənə oxşayır,
ey könlümün
yaşılgözlü,
sarısaçlı qızı...
...Darıxdı otağımda
adın boyda sükunət,
sıxıldı içim,
elə bil başıma daraldı məmləkət.
...Aynamda şəkil çəkdirib
yarpaqları köç
etmiş tut ağacı.
Əl şəkilli çinar yarpağı
qucaqlayıb torpağı,
sızıldayır acı-acı...
...Ətrin burnuma gəldi
çölə şıdırğı
yağan yağışla.
İçimdə yelləncək qurub
qısqanclığım,
çətrini unutma evdə,
mən ki, qaldım payızda.
...bağışla,
məni bağışla!
Axşamtərəfi
Sevməyin bir adı sirli dan üzü...
Bir adı gün dönən axşamtərəfi.
Sənin
çiçək üzün,
qumral tellərin
Mənim əllərimin oxşam tərəfi.
Boyumdan aşağı sevmədim
qəti
Bu könlün yolunda
bitməz taqəti.
Gəlişin ömrümün yol
səadəti,
Gözlərin gecəmin ağ şam tərəfi.
Bir az üzün
dönür sol yanım
sancır,
Həsrətin çəkməkdən ürəyim
qançır.
Çəkirəm içimə, içim
gül açır,
Vücudun burnumun yovşan tərəfi.
Heç elədiyin
Hər gecə yuxunu poza bir durna,
Düşə yaddaşına köç
elədiyin.
Bu ömrün başına dönüb durasan
Yadına düşməyə suç
elədiyin.
Payızdı buludlar gör nə haydadı,
Gələnlər gedərmiş, qərib qaydadı.
Göylərin üzündə ulduz
boydadı
Ömürdü beşini üç elədiyin.
Qarışdı havalar, təngidi
ürək,
Özüm öz havamda qalaydım gərək.
Dediyin taledi, gülümsəyərək,
Özün öz əlinlə heç elədiyin.
Heç
səni vicdanın qınamadımı,
Yaddaşın ağrıyıb qanamadımı?
Nə oldu, səsimdən tanımadınmı?! -
O mənəm - ömrünü
puç elədiyin.
Bilirəm
Bilirəm, sənin də
günün gün deyil,
Yalquzaq dərd didib yeyir içini...
Bayrağı yellənir ağrılarının,
Sıxır ürəyini, əyir
içini...
Bilirəm, dodağın səyriyir
yenə,
Gözlərin dalğadan sonrakı
dəniz...
Yaxşı tanıyıram baxışlarını,
Belə
uzaqlarda...
...darıxmaq qəliz...
Yollar ürəyimdən çəkir
köçünü,
Bilsən haralardan yol çəkir gözüm.
Tutub ürəyimin yenə tutması,
Özümün əlimdə qalmışam
özüm.
Bilirəm, sənin də
halın hal deyil,
Göz yaşın
yanaqda, alların üstə.
Sevib oxşayıram xatirələri,
Laylay da çalıram qollarım üstə...
Elməddin NİCAT
Ədəbiyyat qəzeti.- 2019.-
27 aprel.- S.7.